35
digər fədakar operatorlarımızın Qarabağda və Xocalıda
çəkdiyi kadrları beynində canlandırırdı.
Ən dözülməzi isə girovluqda olub qayıdanların söhbəti
idi. Xatirələri idi. Onlardan biri də Qüdrətovun ruhunu zəbt
etmiş Xədicənin xatirələri idi. Bir dəfə yazıçı Sabir Şahtaxtının
“Xəzəl oldu Xocalının Xəzəngülü” kitabını vərəqləyəndə
diqqətini cəlb etmiş, oxumuşdu. O gündən də hər il bu
hadisənin anım mərasimlərində Xədicənin dediklərini insan
beyninə yazılmış səs kimi yenidən eşidirdi. Hər dəfə də qulaq
asanda sonsuz bir hüznlə səsləndirilmiş bu səs onu məhv edir,
qanının axınını birə-beş sürətləndirirdi... Nə qədər əzab çəksə
də, qulaq asırdı bu səsə məxfi agent. Həm də məxfi şəkildə
qulaq asırdı. Qulaq asırdı, çünki bu onun ruhuna yazılmışdı.
Ata bilməzdi, atmazdı da. Daşımalı idi bu səsi. Hər dəfə qulaq
asıb əsəbiləşməli, xəcalət çəkməli, düşmənə nifrət etməli,
özündən utanmalı, özünü gücü çatdığı qədər qınamalı idi.
Çünki illər ötüşsə də, bir vətəndaş kimi təsəlliverici heç nə
etməmişdi. İndi də qeyri-ixtiyari olaraq Xədicənin səsinə
qulaq asırdı...
*** *** ***
Mən 1968-ci il dekabr ayının 2-də Xocalı şəhərində anadan
olmuşam. Xocalı şəhərini 23 yaşımda tərk etmişəm. Xocalı
şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 11:00-da
erməni quldurları tərəfindən mühasirəyə alındı. Yeddi-səkkiz
ay idi ki, Xocalıda işıqlar yanmırdı. İşıqları ermənilər
kəsmişdi. Düşmənlər tank və zirehli döyüş maşınlarından
şəhəri hər tərəfdən atəşə tuturdular. Şəhərdə hərə bir yana
qaçırdı. Arvad, uşaq, qoca – hamı çaşbaş qalmışdı. Canlarını
qurtarmaq üçün gizlənməyə yer axtarırdılar. Amma mümkün
deyildi, hər tərəfdən od yağırdı. Biz də evdən çıxıb qaçmağa
başladıq. Qonşumuzda bir oğlan vardı, Milli Ordunun
36
döyüşçüsü idi. O gəlib bizə xəbər verdi ki, ermənilər şəhərə
girib. Şəhərdə ağır döyüşlər gedir, gecikmədən meşəyə
qaçmalısınız. Həmin gecə o oğlan ermənilərə əsir düşdü.
Sonrakı taleyindən isə xəbərimiz olmadı. Bütün ailəmiz
birlikdə meşəyə tərəf qaçdıq. Xocalı şəhəri ilə meşə arasında
Qar-qar çayı vardı. Şaxtalı qış gecəsində çayı birtəhər keçib
meşəyə çatdıq. Ermənilər əvvəlcədən planlaşdırdıqları kimi
meşə yolunu da mühasirəyə almışdılar. Bu, biz çıxandan sonra
olmuşdu. Onlar şəhərdən çıxa bilməyənləri meşədə əsir
götürür, öldürürdülər. Biz meşədə üç gün, üç gecə yol getdik.
Ermənilər bizi meşədə əsir götürdülər. Bizi birinci dəfə girov
götürəndə anamın ürəyi elə yerindəcə partladı, orada öldü.
Ermənilər iki nəfər idi. Hərbi forma geyinmiş ermənilər
yekəqarın, saqqallı, dağ ayısını xatırladırdılar. Üst-
başlarından gələn içki və siqaretlə qarışmış tər iyi əsl üfunət
idi. Bizi təhqir etdikdən, üstümüzdəki qiymətli əşyaları
götürdükdən sonra: “Onsuz da meşədə donub öləcəksiniz”,-
deyib getdilər. Onlar gedəndən sonra biz anamın meyidi
başına yığışdıq. Sanki bayaqdan anamızın ölümü yaddan
çıxmışdı. Anamı qoyub gedə bilməzdik. Soyuqdan və
yorğunluqdan anamı özümüzlə apara da bilmirdik. Bir gecə
anamın yanında qaldıq. Soyuqdan bir-birimizə qısınmış,
nəfəslərimizlə əllərimizi qızışdırır, göz yaşlarının yanaqlarında
donmaması üçün uşaqların üzlərini ovuşdururduq. Səhərə
yaxın ocaq yandıra bildik. Amma, kaş, ki bu ocağı
yandırmaya idik. On altı yaşlı bacım Lətafət özünü oda atıb
öldürdü. Atam anam və bacımın dərdi ilə yaşaya bilmədi.
Digər tərəfdən də kişilik qüruru onu yeyib dağıdırdı. Çünki
atam daima bizim yanımızda olub, heç bir problemə
yenilməyimizə imkan verməmişdi. Həmişə qeyrətli türk kişisi
kimi şərəf və ləyaqətimizi qorumuşdu. İndi isə o, çarəsiz,
əliyalın, əlacsız idi. Bu vəziyyətdən çıxmağımız üçün heç bir
37
yol tapa bilmirdi. Bu səbəbdən onun da ürəyi partladı.
Gözlərini kimsəsiz meşədə əbədi olaraq yumdu. Üç bacı, üç
uşaqla meşədə tək-tənha qaldıq. Həm yuxusuzluq, həm soyuq,
həm olduğunu bilirdik. Amma uşaqlara görə harasa getməli
idik. Oturub erməniləri gözləyə bilməzdik. Gəlib bir kəndin
qırağına çıxdıq, buranı tanımırdıq. Bir az dincəlmək üçün
oturmaqla yuxunun bizi aparması bir olmuşdu. Səhər
ayılanda gördük ki, erməni qəbiristanlığının yanındayıq.
Böyük bacım dedi ki, tez olun oyanın, yolu səhv gəlmişik.
Buradan qaçmalıyıq. Bu dəm üç-dörd erməninin bizə tərəf
gəldiyini gördük. Qaçmaq istədiyimizi gördükdə atəş açdılar.
Onlar Azərbaycan dilində danışırdılar. Erməni olduqlarına
əvvəlcə inanmadıq. Bizi tutub bir otağa apardılar.
Bacımın qızının qulağında sırğa var idi. Ermənilərdən biri
bıçağı çıxardaraq qızın qulağını kəsmək istəyirdi ki, bacım tez
sırğanı çıxardıb ona verdi. Onlardan başqa birisi bizim
kimlərdən olduğumuzu soruşdu. “Şofer Həsənin uşaqlarıyıq”
deyəndə həmin erməni atamı tanıdı. Amma sonra da dedi ki,
heç ümidlənməyin. Dəxli nədir, hamınız türksünüz. Bizi
Ağdama gətirdilər. Xəstəxanaya yerləşdirdilər. Ayılandan
sonra gördüm... Ayaqlarımın ikisini də kəsmişdilər...
*** *** ***
Heç vaxt hislərə qapılmağı sevməyən Qüdrətov özündən
asılı olmayaraq necə olurdusa, hərdən bu duyğunu da
yaşayırdı. Sanki Qüdrətov vacib bir işi araşdırdığını indicə
xatırladı. Dəftəri yenidən açıb oxumaq istəyərkən özünə çay
süzməyi də unutmadı. Həmişəki kimi yenə təmkinlə çayı süzüb
masanın üzərinə qoyduqdan sonra yerini rahatladı. Nə qədər
yorğun olmasına baxmayaraq, o, heç vaxt uzana-uzana,
nəyəsə söykənə-söykənə, dirsəklənə-dirsəklənə kitab
Dostları ilə paylaş: |