_______________ Milli Kitabxana _______________
3
Bu əsər "Nizami Gəncəvi. Xosrov və Şirin" (Bakı, Yazıçı, 1982)
kitabı əsasında təkrar nəşrə hazırlanmışdır
Tərcümə edəni:
Rəsul Rza
İzahların müəllifi:
Məmmədağa Sultanov
Ön sözün müəllifi:
Həmid Araslı
Elmi redaktor:
Xəlil Yusifli
894.361'1 - dc 21
AZE
Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, "Lider nəşriyyat", 2004, 392
səh.
Dahi Nizami Gəncəvinin "Xosrov və Şirin" əsəri "Xəmsə"nin ikinci kitabıdır. Şair bu
əsərində məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə
unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaratmışdır. Bu qəhrəmanlar sırasında dünya
ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur.
Böyük mütəfəkkir şair bu poemasında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq əmək
adamını - Fərhad surətini dərin məhəbbətlə qələmə almış, onu həm əmək, həm də eşq fədası kimi
şahlara nümunə göstərmişdir.
ISBN 9952-417-08-8
©"LİDER NƏŞRİYYAT", 2004
_______________ Milli Kitabxana _______________
5
ÖLMƏZ MƏHƏBBƏT DASTANI
Nizami Gəncəvi Yaxın Şərq xalqları mədəniyyətinin inkişafı tarixində
müstəsna rolu olan dahi sənətkardır. Böyük şairin zəngin yaradıcılığı qədim
tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında da yeni parlaq
mərhələdir. Nizami öz əsərlərilə Şərq ictimai bədii fikrində yeni bir səhifə
açmış, bədii yaradıcılığa əsrlər boyu təqdir olunub məhəbbətlə izlənilən, bu
gün belə öz həyati əhəmiyyətini itirməyən ölməz ənənələr gətirmişdir. Onun
yeni məzmunlu lirik şeirləri və sonralar "Pənc gənc" ("Beş xəzinə") adı ilə
şöhrətlənən poemaları dünya ədəbiyyatı xəzinəsini bəzəyən nadir incilərdir.
Hələ "Xəmsə"nin ilk əsəri olan "Sirlər xəzinəsi"ndə söz sənətinin təsiredici
qüvvəsindən müasirlərini mənən təmizliyə çağırmaq kimi bəşəri bir məqsəd
üçün faydalanan şair dövrünə görə çox mütərəqqi problemlərə toxunmuş,
yüksək bəşəri ideyalar tərənnüm etmişdir. Şairin Şərq şeirinə gətirdiyi belə
ölməz ideallar "Xəmsə"nin ikinci poeması "Xosrov və Şirin" əsərində daha
geniş, daha vüsətli və daha aydın şəkildə ifadə olunmuşdur.
Nizami 1180-ci ildə tamamladığı bu poemasında insatı eşqinin qüdrət və
əzəmətini göstərmiş, məhəbbətin dərin ictimai mənasını şərh etmişdir.
Poemanın Azərbaycan xalqının tarixi ilə səsləşən maraqlı məzmunu vardır.
Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olan bu əsər Sasani
hökmdarlarından Xosrov Pərvizlə Bərdə hakiminin vəliəhdi gözəl Şirin
arasındakı məhəbbət haqqındadır. Minacat, nət və zəmanə şahlarının mədhi
kimi rəsmi giriş fəsillərindən sonra şairin əsərin yazılışı, söz sənəti və eşq
haqqındakı mülahizələri gəlir. Bu hissələrdə şair şeir sənəti, şairlər haqqında
danışır, bədii əsərin gözəlliyini şərtləndirən xüsusiyyətlərdən söz açır. Burada
sözün yüksək dəyəri, sənətkar əzəməti, şeir, sənət aləminin ülviliyi kimi
maraqlı mülahizələrlə qarşılaşırıq.
Söz ruhdur, can üçün böyük dərmandır,
Cantək əzizliyi bəlkə ondandır.
Gör dünyada necə fərsiz insan var,
_______________ Milli Kitabxana _______________
6
Bir quru çörəyə canı satırlar.
Söz deyən qəvvasdır, söz isə gövhər,
Bu gövhər çox çətin əmələ gələr.
Belə çətin əldə edilən, sənətkarın böyük zəhməti, yuxusuz gecələri
bahasına başa gələn bu əvəzsiz nemətin - sözün qədrini bilmək, onu maddi
nemətlərlə dəyişməmək, eyni zamanda ucuz tutmayıb qənaətlə işlətmək
lazımdır.
Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.
Su artıb həddini aşarsa əgər
İçəni doydurmaz, mütləq qərq edər..
...Çox söyləmək sənə bəlkə asandır,
"Çox oldu" desələr böyük nöqsandır.
Şair dövrünün ədəbiyyat maraqlılarının istəyi, zövqü haqqında da danışır,
sənətkar qarşısında yeni vəzifələr qoyur, köhnə ədəbi ənənələrdən
uzaqlaşmaq, mövzunu həyatdan almaq, həyat həqiqətlərini əks etdirmək,
ağılkəsməz əfsanələri deyil, gerçəkliyə uyğun əhvalatları qələmə almağı
təbliğ edir:
Qiymətdən salmışdır sözü yalanlar,
Doğrunu danışan möhtəşəm olar.
Dedi sübhi-sadiq çünki doğrunu,
Dünyalar qızıla tutdurdu onu.
Sərv də qaldırmış düzlük bayrağı,
Onunçun həmişə göydür yarpağı.
Nizami mövzunun mənşəyi, onun xalq yaradıcılığı və bədii ədəbiyyatdakı
əksi barədə məlumat verir. O, mövzuyla bağlı tarixi nümunələri sayır, tarixi
kitablardan və xalq ədəbiyyatından faydalandığını bildirib, Fərhada isnad
edilən tarixi abidələri xatırlayır:
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar:
Şəbdiz atın şəkli, Bisütun dağı,
Pərviz sarayının eyvanı, tağı...