MÖVZU 6
Beynəlxalq valyuta-maliyyə münasibətləri
6.1. Dünya valyuta sistemi: mahiyyəti, növləri və funksiyaları
Kapital ixracı, əmtəə və xidmətlərlə beynəlxalq ticarət, elmi-texniki əməkdaşlıq dünya
təsərrüfatı əlaqələrinin subyektləri arasında qarşılıqlı pul tələblərini və öhdəliklərinin yaranmasına
gətirib çıxarır.
XX əsrin ortalarından etibarən beynəlxalq valyuta münasibətləri öz inkişafında yeni impuls
qazanmışdır. Dünya iqtisadiyyatının beynəlmiləlləşməsi və qloballaşması ölkələr arasında ticarət-
iqtisadi mübadilənin inkişafına, valyuta münasibətlərinin inkişaf etməsinə gətirib çıxarmışdır.
Valyutaların sabitliyi, onların bir-birlərinə və ehtiyat valyutalarına nisbəyən yol verilən tərəddüd
hədləri dünya təsərrüfatının inkişafının vacib problemlərinə çevrilmişdir.dünya təsərrüfat
əlaqələrinin fasiləsiz həyata keçirilməsi üçün səmərəli valyuta mexanizminini yaradılması
beynəlxalq maliyyə sisteminin mərkəzi vəzifəsinə çevrilmişdir.
Milli təsərrüfatlar arasında ödəmə-hesablaşma əməliyyatlarını müəyyən edən pul
münasibətlərinin məcmusu
beynəlxalq valyuta münasibətləri adlanır.
Bu anlayışa həmçinin pulların dünya pulu kimi funksiya göstərməsi ilə əlaqədar olan
iqtisadi münasibətlərin məcmusu kimi də tərfi vermək olar. Pullar dünya pulu kimi xarici ticarətə,
kapitalın miqrasiyasına, mənfəətin investisiyaya çevrilməsinə, subsidiya və borcların verilməsinə,
elmi-texniki mübadiləyə, turizmə, dövlət və özəl pul köçürmələrinə xidmət edir.
Valyuta münasibətlərinin xarakteri beynəlxalq iqtisadi münasibətlərin vəziyyətindən
asılıdır. Beynəlxalq iqtisadi münasibətlərin formalarında baş verən istənilən dəyişikliklər valyuta
münasibətlərinə təsir edəcəkdir, lakin burada əks əlaqə də mövcuddur. Ölkələr arasında yaranmış
valyuta münasibətlərini tənzimləmək üçün isə valyuta sisteminə ehtiyac duyulur.
Valyuta sistemi təsərrüfat həyatının beynəlmiləlləşməsi və dünya bazarının inkişafı
əsasında formalaşmış, beynəlxalq müqavilə və dövlət-hüquqi normalarında əks olunmuş pul-
kredit münasibətlərinin məcmusudur.
Valyuta sisteminə iki tərəfdən baxmaq olar. Birincisi, o, ölkələr arasında iqtisadi əlaqələrin
dərinləşməsi nəticəsində meydana gəlmiş obyektiv reallıqdır. İkincisi, bu obyektiv reallıq hüquqi
normalarda, institutlarda, beynəlxalq sazişlərdə anlaşılır və öz əksini tapır. Bu mənada valyuta
sisteminin yaradılması haqqında məqsədyönlü fəaliyyət kimi danışmaq olar.
Təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi artdıqca milli, regional və dünya valyuta
sistemləri formalaşır.
İlkin olaraq milli valyuta sistemi yaranmışdır. Bu, tarixən formalaşmış və milli
qanunvericilikdə öz əksini tapmış ölkənin valyuta münasibətlərinin təşkili formasıdır. Milli
valyuta sistemi ölkənin valyuta qanunvericiliyi ilə müəyyən olunur.
Milli valyuta sistemi daxili pul sisteminin tərkib hissəsidir və onun xarakterik
xüsusiyyətləri ilə müəyyən olunur. Lakin eyni zamanda, milli valyuta sistemi nisbətən müstəqildir
və milli çərçivələrdən kənara çıxır.
Milli valyuta sisteminə aşağıdakı əsas tərkib hissələri daxildir:
milli pul vahidi (milli valyuta);
rəsmi qızıl-valyuta ehtiyatlarının tərkibi;
milli valyutaın pariteti və valyuta məzənnəsinin formalaşması mexanizmi;
milli valyutanın dönərlilik şərtləri;
valyuta məhdudiyyətlərinin mövcudluluğu və ya mövcud olmaması;
beynəlxalq hesablaşmaların həyata keçirilməsi qaydaları;
milli valyuta bazarı və qızıl bazarı rejimi;
ölkənin valyuta münasibətlərinin tənzimləyən və ona xidmət göstərən milli orqanlar.
Milli valyuta sisteminin üzərinə bir sıra funksiyalar düşür:
valyuta resurslarının formalaşdırılması və istifadə edilməsi;
ölkənin xarici iqtisadi əlaqələrinin təmin edilməsi;
milli təsərrüfatın funksiya göstərməsinin optimal şərtlərinin təmin edilməsi.
Dünya və regional valyuta sistemləri
beynəlxalq valyuta sistemləri hesab edilirlər və milli
iqtisadiyyatların fəaliyyətinin nəticələri ilə qarşılıqlı mübadilənin həyata keçirilməsinə xidmət
edirlər.
Regional valyuta sistemi müəyyən regionun bir sıra dövlətlərinin valyuta münasibətlərinin
təşkili formasıdır. Bu forma dövlətlərarası sazişlərdə və dövlətlərarası maliyyə-kredit
institutlarının yaradılmasında öz əksini tapır. Bu səviyyə valyuta sistemlərinə nümunə kimi
Avropa valyuta sistemini göstərmək olar.
Dünya valyuta sistemi dünya təsərrüfatı çərçivəsində valyuta münasibətlərinin təşkilinin
qlobal formasıdır. Bu forma çoxtərəfli dövlətlərarası sazişlərlə əsasında beynəlxalq valyuta-kredit
və maliyyə təşkilatları tərəfindən tənzimlənir.
Dünya valyuta sistemi özündə bir tərəfdən valyuta münasibətlərini digər tərəfdən isə
valyuta mexanizmini əks etdirir. Valyuta münasibətləri fiziki və hüquqi şəxslərin, firmaların,
bankların beynəlxalq hesablaşma, kredit və valyuta əməliyyatlarını həyata keçirmək məqsədilə
valyuta və pul bazarlarında gündəlik olaraq girdikləri əlaqələri özündə birləşdirir. Valyuta
mexanizmi hüquqi normaları və bu normaları həm milli, həm də beynəlxalq səviyyədə əks etdirən
alətləri özündə birləşdirir.
Dünya valyuta sisteminin əsas elementləri aşağıdakılardır:
milli və kollektiv ehtiyat valyuta vahidləri;
beynəlxalq likvid aktivlərinin
tərkibi və strukturu;
valyuta paritetləri və məzənnələri mexanizmi;
valyutaların qarşılıqlı dönərlilik şərtləri;
beynəlxalq hesablaşmaların formaları;
beynəlxalq valyuta bazarları və dünya qızıl bazarı rejimi;
valyuta-maliyyə münasibətlərini tənzimləyən dövlətlərarası təşkilatlar.
Dünya valyuta sistemi ilk növbədə dünya təsərrüfatı vəzifələrini həll edir ki, bu da onun
funksiyalarında öz əksini tapır. Dünya valyuta sisteminin əsas funksiyaları kimi aşağıdakıları
qeyd etmək olar:
beynəlxalq iqtisadi əlaqələrin vasitəçilik yolu ilə əlaqələndirilməsi;
dünya təsərrüfatı çərçivəsində ödəmə-hesablaşma dövriyyəsinin təmin edilməsi;
normal təkrar istehsal prosesi və istehsal edilən məhsulların fasiləsiz realizəsi üçün lazımi
şəraitin təmin edilməsi;
milli valyuta sistemləri rejimlərinin tənzimlənməsi və koordinasiyası;
valyuta münasibətləri prinsiplərinin unifikasiyası və standartlaşdırılması.
Müasur dünya valyuta sistemi ayrıca bir sistem kimi fəaliyyət göstərmir, milli və
beynəlxalq valyuta sistemlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsirindən çıxış edərək formalaşır.