BMK-nin mandatı özəl sektorun inkişafı vasitəsilə iqtisadi artımı təmin etməkdən ibarətdir.
BMK uzunmüddətli borclar, məsləhət xidmətləri, risqin idarə olunması, zəmanətlər təmin etməklə
inkişafda olan ölkələrdə özəl sektorun irəliləyişinə şərait yaradır. BMK xüsusi kapital üçün
maraqlı olmayan bölgələrdə müxtəlif layihələrə sərmayə qoyur, həmçinin risqli sayılan bazarlarda
özəl sektorun inkişafına çalışır. BMK öz xidmətlərini bazar şərtləri əsasında həyata keçirir və
hökumət təminatlarını qəbul etmir.
BMK-nın ali orqanı Müdirlər Şurasıdır. BYİB-in hər bir müdiri və müdir müavini öz
tutduqları vəzifəyə görə BMK-nın Müdirlər Şurasında da eyni səlahiyyətləri yerinə yetirirlər. Bir
sıra səlahiyyətlər istisna olmaqla (yeni üzvlərin qəbulu, qəbul qaydalarının müəyyənləşdirilməsi,
nizamnamə kapitalının artırılması və ya azaldılması, üzvlüyün dayandırılması, nizamnaməyə
düzəlişlərin edilməsi) Şura yerdə qalan səlahiyyətlərini icra etmək üçün Direktorata ötürmüşdür.
BMK-nın illik görüşü BYİB-in illik görüşü ilə eyni zamanda həyata keçirilir.
24 direktordan (hansılar ki, eyni zamanda, BYİB-in icraedici direktorlarıdır) ibarət olan
Direktorat BMK-nın cari fəaliyyətinin həyata keçirilməsinə cavabdehdirlər.
BMK-nın prezidenti vəzifəsinin Dünya Bankının prezidenti yerinə yetirir. Planlaşdırma və
qərarların qəbul edilməsi prosesində o, yeddi vitse-prezidentdən ibarət menecerlər qrupuna
əsaslanır. İcraedici vitse-prezident ümumi idarəetməyə və cari əməliyyatlara cavabdehdir.
Aparıcı beynəlxalq maliyyə institutlarının 10 rəhbər işçisindən ibarət olan Bank Məsləhət
Komissiyası BMK-nin idarəedici tərkibi ilə korporasiyanın siyasəti və fəaliyyəti haqqında fikir
mübadiləsi aparmaq üçün müntəzəm görüşlər keçirir.
Məşhur sənayeçilərdən, bankirlərdən və dövlət xadimlərindən ibarət olan İşgüzar Məsləhət
Komitəsi BMK rəhbərliyi ilə özlərinin bilikləri, təcrübələri və biznes məsələlərinə baxışları ilə
bölüşürlər.
BMK maliyyələşməsi fərqli sahələri əhatə edir ki, maliyyə sektoruna yardım mövzusu yeni
təsdiq olunan layihələr arasında xüsusi yer tutur. Bunlara əsasən lizinq, sığorta və ipoteka
bazarlarına sərmayələr, təhsil kreditləri, kiçik və orta sahibkarların mikromaliyyələşdirilməsi və
biznes borclarını təmin edən yerli bankların kreditləşməsi daxildir.
Özəl sektordan olan sərmayəçilərin iştirakını təmin etmək məqsədilə BMK hər hansı
layihəni maliyyələşdirməsini müəyyən çərçivədə məhdudlaşdırır. Yeni layihələr üçün bu
məhdudiyyət layihənin ümumi dəyərinin 25%-i, istisna hallarda kiçik layihələrin isə 35%-i
çərçivəsində olur. Genişlənmə layihələri üçün BMK maliyyələşməsi layihənin dəyərinin 50%-ə
qədərini təşkil edə bilər, lakin bu rəqəm layihə şirkətinin kapitallaşmasının 25%-dən artıq
olmamalıdır.
Korporasiya əsasən özəl sektorun layihələrini dəstəkləsə də, müəyyən dərəcədə dövlət
mülkiyyətində olan şirkətlərin də layihələri maliyyələşdirilə bilər. Bu zaman layihənin
kommersiya əsaslarında həyata keçirilməsi və prosesdə özəl sektorun iştirakı mütləqdir. BMK
göstərilən vəzifələri aşağıdakılar vasitəsilə həyata keçirir:
inkişafda olan dövlətlərdə özəl sektorun layihələrinin dəstəklənməsi;
inkişafda olan dövlətlərdə fəaliyyət göstərən özəl şirkətlərə beynəlxalq maliyyə
bazarlarında vəsait əldə etməkdə yardım etmək;
hökumətə və bizneslərə məsləhət vermək və texniki yardımı təmin etmək;
sabit və ya dəyişkən məzənnə ilə əsas və ya yerli valyutalarda uzunmüddətli və ya
sindikatlaşdırılmış borcların verilməsi;
risqlərin idarə olunması (məsələn valyuta və ya faiz svoplarına, hedcinq xidmətlərinin
təminatına müdaxilə);
kapitala investisiya;
kvazi-kapital vasitələri (ikinci dərəcəli istiqrazlar, imtiyazlı səhmlər, dönərli borclar və s.).
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MİGA) 1988-ci ildə yaradılıb və 157
üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə
mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4
milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard
dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət
buraxılmışdır.
MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici
investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin
yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır.
Təşkilatın vəzifələri aşağıdakılardır:
üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya
risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar
sığortası;
inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə
fəaliyyətlərin həyata keçirilməsi.
təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət
verilir.
MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi
gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur. Cəmiyyət şose yolları, elektrik
təchizatı, xəstəxanalar, məktəblər və təmiz su təchizatı sahəsində infrastrukturun yaxşılaşdırılması
yolu ilə əlavə fayda götürür.
MİGA tərəfindən dəstəklənən birbaşa xarici investisiyalar eyni zamanda oxşar daxili
investisiyaları da stimullaşdırır və bu sahələri mal və xidmətlərlə təmin edən daxili biznesin
inkişafına təkan verir. Nəticədə, ölkələr yoxsulluğun azaldılması üçün imkan əldə edirlər.
Bundan əlavə, MİGA-nın zəmanəti ilə reallaşdırılan layihələrdə sosial sahə və ətraf mühit
üzrə dünyada mövcud olan ən yüksək standartlara əməl olunması tələbi öz əksini tapır.
MİGA iqtisadiyyatda inkişafın əsas aparıcı amillərindın olan birbaşa xarici investisiyaların
az inkişaf etmiş ölkələrə yönəldilməsində çox mühüm katalizator rolunu oynayır və bu fəliyyətini
investisiya layihələrinə zəmanət verməklə, texniki yardım və hüquqi xidmət göstərməklə həyata
keçirir.
Fəaliyyətə başladığı dövrdən MİGA 78 ölkədə həyata keçirilən 500-dən artıq layihəyə
zəmanət vermişdir. MİGA-nın verdiyi zəmanətlərin ümumi dəyəri 10 milyard ABŞ dollarından
çox olmuşdur ki, bu da dəyərləndirmələrə görə, həmin ölkələrə 30 milyard ABŞ dolları həcmində
sərmayə qoyuluşuna şərait yaratmışdir. MİGA-nın investisiya portfelinin 22%-i Avropa və Orta
Asiya ölkələrini əhatə edir.
MİGA zəmanət verdiyi layihələrin həyata keçirilməsinə Dünya Bankı Qrupunun böyük
resursları vasitəsilə dəstək verir. MİGA-nın xüsusi üstünlüyü onun beynəlxalq təşkilat olmasından
irəli gəlir və bu yolla MİGA investorları qeyri-kommersiya risklərindən qoruya və yarana biləcək
mübahisələrin həllinə təsir edə bilir.
MİGA-nın texniki yardım xidmətləri inkişaf etməkdə olan ölkələrə birbaşa xarici
investisiyaların cəlb olunması üçün strategiyanın müəyyən edilib tətbiq olunmasında mühüm pol
oynayır. MİGA həmçinin investisiya imkanları barədə məlumatların yayılmasını dəstəkləmək
üçün müvafiq vasitələri inkişaf etdirir və bunun üçün on-line investisiya məlumat xidməti
yaradılmışdır.
Agentlik özünün hüquq xidməti vasitəsilə ölkələrə investisiya qoyuluşuna maneə ola
biləcək səbəblərin aradan qaldırılmasına yardım edir. Mübahisələrdə vasitəçilik proqramı
çərçivəsində MİGA hökumətlərə və investorlara aralarındakı fikir ayrılıqlarını aradan qaldırmağa
və ölkədəki investisiya mühitini əsaslı surətdə yaxşılaşdırmağa kömək edir.
İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz 1966-cı ildə yaradılıb və
hazırda 134 ölkə bu təşkilata üzvdür. Bu təşkilata üzv olmaq üçün əvvəlcə BYİB-ə üzv olmaq
lazımdır. Mərkəz tərəfindən indiyə qədər 114 iddiaya baxılıb. 2002-ci fiskal ilində 16 iddia
nəzərdən keçirilib.
İMHBM investisiya mübahisələrinin həlli və arbitrajı üzrə beynəlxalq orqan kimi xarici
investisiyaların qoyuluşunu dəstəkləyir. Bu yolla dövlətlər və xarici investorlar arasında qarşılıqlı
inam formalaşdırılır. İnvestisiyalara dair xeyli beynəlxalq razılaşmalar İMHBM-in arbitraj
orqanlarında yaradılır. İMHBM həmçinin arbitraj hüququ və xarici investisiya hququ sahəsində
araşdırma aparır.
Dünya Bankı Qrupunun digər təşkilatları kimi İMHBM də çoxtərəfli beynəlxalq müqavilə
(“Dövlətlər və Digər Dövlətlərin Vətəndaşları Arasında İnvestisiya Mübahisələrinin Həlli
Konvensiyası”) əsasında yaradılıb. İndiyə qədər 134 dövlət müqaviləni imzalamaqla və
ratifikasiya etməklə Konvensiya Dövlətinə çevrilib. Konvensiyaya əsasən İMHBM Konvensiya
Dövləti və Konvensiya Dövlətinin vətəndaşlıq tələblərinə cavab verən fiziki şəxslər və şirkətlər
arasındakı mübahisələrinin arbitrajı və barışdırılması funksiyalarını yerinə yetirir.
İMHBM sadə təşkilati struktura malik olub İnzibati Şura və Katiblikdən ibarətdir. İldə bir
dəfə iclas keçirən İnzibati Şura Mərkəzin idarəedici orqanıdır. Hər bir Konvensiya Dövləti Şurada
bir nümayəndə təyin etmək hüququna malikdir ki, Mərkəzin həmin şəxslərə ödəniş həyata
keçirməsi nəzərdə tutulmur. Dünya Bankının prezidenti “ex-officio” İnzibati Şuranın sədri sayılır,
lakin onun səs vermək hüququ yoxdur.
Katiblik baş katibdən, baş katibin bir və ya daha artıq müavinindən və işçi heyətdən
ibarətdir. Konvensiyanın 10-cu maddəsinə görə baş katib və onun müavinləri İnzibati Şuranın
Sədrinin təqdimatı əsasında üçdə iki səs çoxluğu ilə seçilir. Onların vəzifə müddəti 6 il müəyyən
edilir və yenidən seçilməyə icazə verilir.
Mərkəzin yurisdiksiyası tərəflərin razılığına əsaslanır. Yuirsdiksiyaya razılıq yazılı
formada olmalıdır və onun birtərəfli formada geri götürülməsinə icazə verilmir. Konvensiya
razılığın verilmə vaxtını və məkanını müəyyənləşdirmir. Belə razılıq ikitərəfli və çoxtərəfli
investisiya müqaviləsində gələcək mübahisələrin Mərkəzə təqdimatını nəzərdə tutan müddəada və
ya mübahisənin mövcudluğu şəraitində kompromis qaydada verilə bilər. Razılıq mübahisənin
Mərkəzin yurisdiksiyasına aid edilməsi üçün vacib göstərici sayılsa da, mübahisənin tərəfləri və
təbiəti kimi amillər də əhəmiyyət kəsb edir.
Konvensiyanın 25-ci maddəsində yalnız “investisiyadan yaranan hüquqi mübahisələrin”
Mərkəzin yurisdiksiyasına aid edilə biləcəyi qeyd olunur. “Hüquqi mübahisə” ifadəsini işlətməklə
maraqların deyil, məhz hüquqların münaqişəsinin Mərkəzin yurisdiksiyasına aid olunduğu
vurğulanır. Mübahisə qanuni hüququn və öhdəliyin mövcudluğunu və çərçivəsini, qanuni
öhdəliyin yerinə yetirilməməsinə görə tələb olunan kompensasiyanın təbiətini və ya səviyyəsini
əhatə etməlidir.
Mübahisənin Mərkəzin yurisdiksiyasına daxil edilməsi üçün tərəflərdən biri Konvensiya
Dövləti, ikincisi isə digər Konvensiya Dövlətinin vətəndaşı (fiziki və hüquqi şəxslər) olmalıdır.
Qeyd edək ki, mübahisəyə tərəf dövlətin fiziki şəxs olan vətəndaşı Mərkəzin himayəsi altında
keçirilən icraata tərəf ola bilməz. Əgər hətta həmin fiziki şəxs eyni zamanda digər dövlətin
vətəndaşlığına malik olsa və ya mübahisəyə tərəf dövlət razılığını versə belə, bu qaydanın
pozulmasına imkan verilmir. Hüquqi şəxslərə münasibətdə Mərkəzin mövqeyi fərqlidir. Əgər
mübahisəyə tərəf Dövlət razılığını verərsə, hüquqi şəxs eyni təbiətli icraatda tərəf kimi iştirak edə
bilər. Bu zaman mübahisəyə tərəf Dövlət ona məxsus hüquqi şəxsə xarici nəzarət səbəbindən
digər Konvensiya Dövlətinə məxsus hüquqi şəxs kimi yanaşmalıdır.
Əgər hər hansı Konvensiya Dövləti digər Konvensiya Dövlətinin vətəndaşı olan sərmayəçi
ilə mübahisəni Mərkəzə təqdim etmək qərarına gəlibsə, sərmayəçi öz dövlətindən onu qorumağı
xahiş edə bilməz və dövlətlərə eyni xahişi yerinə yetirməyə icazə verilmir. Konvensiyanın 27-ci
maddəsi Konvensiya Dövlətinin mübahisə tərəfi olan sərmayəçiyə diplomatik status verməsini və
ya eyni mübahisə ilə əlaqədar beynəlxalq iddia ilə çıxış etməsini qadağan edir.
İMHBM-in İnzibati Şurası Katibliyə Konvensiya Dövlətləri və digər Konvensiya
Dövlətlərinin vətəndaşları arasındakı və İMHBM Konvensiyası çərçivəsndən kənara çıxan
investisiya mübahisələrinin müəyyən kateqoriyasını həll etmək səlahiyyəti verən Əlavə Xidmət
Qaydalarını qəbul edib. Bu kateqoriyalar aşağıdakılardır: (i) faktları aydınlaşdırmaq məqsədilə
həyata keçirilən icraat; (ii) tərəflərdən birinin Konvensiya Dövləti və ya digər Konvensiya
Dövlətinin vətəndaşı olmadığı hallarda invesitiya mübaisələrinin həlli üçün keçirilən arbitraj və
barışdırma icraatı; (iii) tərəflərdən ən azı birinin Konvensiya Dövləti və ya digər Konvensiya
Dövlətinin vətəndaşı olduğu halda və birbaşa investisiya təbiətli olmayan arbitraj və ya barışdırma
icraatı (adi kommersiya sövdələşmələrindən başqa).
Beynəlxalq Hesablaşmalar Bankı (BHB) beynəlxalq valyuta-kredit və maliyyə orqanları
arasında xüsusi yer tutur. Ən azı ona görə ki, 1930-cu ildə yaradılan BHB ilk bu cür təşkilat olub.
Onun mənzil-qərargahı İsveçrədə, Bazel şəhərində yerləşir.
BHB iki əsas funksiyanı yerinə yetirir:
1)
mərkəzi banklar arasında əməkdaşlığa dəstək verir və beynəlxalq maliyyə əməliyyatlarının
həyata keçirilməsi üçün münbit şərait yaradır;
2)
beynəlxalq hesablaşmaların həyata keçirilməsi üzrə etibarlı şəxs və ya agent rolunu
oynayır.
BHB formasına görə, səhmdar cəmiyyət kimi təşkil edilib. Onun xüsusiyyəti
hesablaşmalarda 0,29032258 q. qızıl tərkibli frankdan istifadə etməsidir. ABŞ dollarında istifadə
olunan aktiv və passivlər qızıl franklara 1 troya unsiyası qızıla görə 208 ABŞ dolları məzənnələri
ilə çevrilir. Bütün digər valyutalar üzrə əməliyyatlar onların ABŞ dollarına münasibətdə
məzənnələrinə görə həyata keçirilir. Bankın səhmdarları əsasən sənayecə inkişaf etmiş ölkələrdir.
Son illərdə refional inkişaf bankları öz fəaliyyətlərini gücləndirərək dünya Bankı Qrupu ilə,
belə demək mümkünsə, ciddi rəqabətə girmişlər. Bura Asiya İnkişaf Bankı (1965-ci ildə yaradılıb,
mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir), Afrika İnkişaf Bankı (1965-ci ildən
əməliyyatlar həyata keçirir, mənzil-qərargahı Kot-d’İvuarın paytaxtı Abicanda yerləşir),
Amerikaarası İnkişaf Bankı (1960-cı il yanvarın 1-dən fəaliyyətə başlayıb, mənzil-qərargahı
Vaşinqtonda yerləşir), İslam İnkişaf Bankı (1975-ci ildə yaradılıb, mənzil-qərargahı Səudiyyə
Ərəbistanının Ciddə şəhərində yerləşir), Avropa Yenidənqurma və İnkişaf Bankı (1991-ci ildə
yaradılıb) və bir sıra digər maliyyə-kredit qurumları aiddir.
Beynəlxalq valyuta-maliyyə və kredit münasibətlərində kreditorların xüsusi klubları da
iştirak edirlər:
Kreditor ölkələrin Paris klubu (bura 10 ölkə, “böyük yeddilik”lə yanaşı, Belçika,
Niderland və İsveçrə daxildir) – bu, sənayecə inkişaf etmiş ölkələrin qeyri-rəsmi
təşkilatıdır. Bu klubda kluba daxil olan ölkələrə dövlət borcları olan ölkələrin ödəmələrinin
vaxtınını uzadılması, borcların tənzimlənməsi məsələləri müzakirə edilir.
London klubu iri kreditor bankların (600-dən yuxarı) qeyri-rəsmi təşkilatıdır. Burada
borclu ölkələrin özəl xarici borclarının tənzimlənməsi problemləri müzakirə edilir.
Yuxarıda deyilənlər belə bir nəticə çıxarmağa əsas verir ki, müasir beynəlxalq valyuta-
kredit və maliyyə münasibətləri beynəlxalq iqtisadi münasibətlərin vacib formasıdır və
dövlətlərarası tənzimləmənin obyektidir. Kapitalın beynəlxalq hərəkəti, beynəlxalq valyuta
sistemi və dünya valyuta vazarında baş verən intensiv inkişaf prosesləri social-iqtisadi inkişaf
səviyyələrindən və siyasi orientasiyalarından asılı olmayaraq müxtəlif ölkələrin vahid dünya
təsərrüfatına inteqrasiyasına xidmət edir.
Dostları ilə paylaş: |