İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsi
E-mail: ismayil_haciyev@ yahoo.com
NAXÇIVANIN TÜRK-İSLAM ABİDƏLƏRİ TARİXİ QAYNAQLARDA
Naxçıvan diyarı dünya sivilizasiya mərkəzlərindən biri, türk-islam abidələri ilə zəngin olan
bir ərazidir. Bu ərazidə yaşamış insanlar çoxsaylı tarix və mədəniyyət abidələri yaratmış, bunların
bir qismi günümüzədək gəlib çatmışdır. Müəyyən səbəblərdən dağılmağa məruz qalmış bəzi
abidələr isə sonrakı illərdə, xüsusilə dövlət müstəqilliyi bərpa edildikdən sonra təmir və bərpa
edilmiş, onlara ikinci həyat verilmişdir. Son illərdə muxtar respublika ərazisindəki 60-dan artıq tarix
və mədəniyyət abidəsi təmir və bərpa edilmişdir.
Naxçıvan ərazisindəki tarix və mədəniyyət abidələrindən bəhs edən ümummilli lider Heydər
Əliyev göstərmişdir ki, Naxçıvan ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı
tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm
tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir. Naxçıvan Azərbaycan
xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.
Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyətidir, tarixi abidələridir. Bu cəhətdən
Naxçıvan ərazisi xüsusilə diqqəti cəlb edir. Naxçıvan ərazisi antik, orta əsrlər, yeni və müasir dövr
maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu qədim diyarda hər addımda ilk
insanların yaşadığı mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına,
möhtəşəm qalalara, türbələrə, körpülərə, məscidlərə, buzxanalara, mülki tikintilərə, imamzadələrə -
bir sözlə, nadir maddi-mədəniyyət nümunələrinə rast gəlmək mümkündür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov türk-islam abidələrinin
əsaslı şəkildə tədqiq edilməsi, qeydə alınması, bərpa edilməsi və gələcək nəsillərə çatdırılması üçün
6 dekabr 2005-ci il tarixdə “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix-mədəniyyət
abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncam imzalamışdır. Bu
sərəncama əsasən muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili məqsədilə komissiya yaradılmışdır. İşçi qrupu muxtar respublika
ərazisində 1218 abidəni qeydə almış və pasportlaşdırmışdır. Qeydə alınaraq pasportlaşdırılan bu
abidələrdən 841-i yeni aşkar olunmuş və ilk dəfə elmi dövriyyəyə daxil edilmişdir.
Orta əsrlərdə və yeni dövrdə Azərbaycana, eləcə də Naxçıvana səfər edən bir sıra görkəmli
səyyah, tarixçi, coğrafiyaşünas, elm və sənət adamlarının diqqətini buranın tarixi, ərazisi, təbiəti,
insanları, şəhərləri, zənginlikləri, abidələri, adət-ənənəsi, məişəti cəlb etmişdir. Bu səyyah və
tədqiqatçıların əsərlərində, yol qeydlərində Naxçıvanın tarixi, iqlimi, əhalisi, tarixi abidələri
haqqında çox maraqlı və əvəzolunmaz məlumatlar vardır. Nizaməddin Şami, Nəsəvi, Şəraf əd-din
2
Əli Yəzdi, Klavixo, İbrahim Əfəndi Peçevi, Ö.Çələbi, F.Rəşidəddin, N.Xanıkov, Şeblıgin, Moryer,
İ.Şopen, İ.Tavernye, K.Nikitin, Sısoyev və başqalarının Naxçıvanın türk-islam abidələri haqqında
maraqlı və əhəmiyyətli fikirləri, elmi mülahizələri və qeydləri vardır.
Ərəb xilafətinin VII əsrin ortalarında Azərbaycanı tutması, islam dinini qəbul etdirməsi ilə
əhalinin həyat və fəaliyyətində, qədim ənənələrə malik Azərbaycan memarlığında yeni
xüsusiyyətlər və çalarlar özünü göstərməyə başladı. İslam inşaat mədəniyyəti Azərbaycan
memarlığına böyük təsir göstərdi. Bu dövrün memarlıq sənəti öz ifadəsini əsasən məscid və
mədrəsələrdə, türbə və məqbərələrdə, zaviyyə və xanəgahlarda tapırdı.
Azərbaycan Səlcuq imperiyası tərəfindən tutulduqdan sonra memarlıqda yeni forma və
məzmun, üslub özünü göstərir. Tarixi dövr etibarilə Naxçıvanın mühüm abidələrindən olan Nuh
türbəsi haqqında tarixi mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Tikilmə tarixi dəqiq bilinməsə
də tarixi mənbələr onun VIII əsrdə təmir və bərpa olunması haqqında məlumatlar verir. XIX əsrin
80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.A.Nikitin “Naxçıvan şəhəri və Naxçıvan
mahalı” məqaləsində Nuh peyğəmbərin məzarı və türbəsindən bəhs edərkən yazır: “Nuh özü, onun
bacısı və ailənin digər üzvləri Naxçıvanda vəfat etmiş və burada dəfn olunmuşdur. Nuhun qəbri
şəhərin cənub tərəfində qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırki görkəmi
səkkizinci yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə o, yerdən qalxan, çox da böyük olmayan
türbəni xatırladır. Hazırda türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir.
Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, çətinliklə keçmək mümkün olan,
ortadan daş dirəklərlə möhkəmləndirilmiş mağaraya bənzəyir. Rəvayətə görə, həmin dirəyin altında
ulu Nuhun cənazəsi yerləşir” (25, s.4-8).
Sovet hakimiyyəti illərində türbə dağıdılmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 28 iyun 2006-cı il tarixdə imzaladığı Sərəncama əsasən türbə yüksək səviyyədə bərpa
olunmuşdur, daha doğrusu qədim özül üzərində yeni türbə inşa edilmişdir.
Orta əsrlərə aid bir sıra mənbələrdə Naxçıvan və Qarabağlar şəhərləri, burdakı abidələr
haqqında obyektiv və maraqlı mülahizələr vardır. “Əcaib əd-Dünya” (Dünyanın qəribəlikləri)
əsərində Naxçıvan şəhəri, onun əhalisi, abidələri, suları, bağları, meyvələri barədə də məlumat
verilir: Şəhərdə “...çoxlu saraylar, köşklər, eyvanlar tikilib, şəhərin yanında daşdan qala tikiblər,
qalada isə məscid və mədrəsə inşa ediblər... Orada şah iqamətgahı quruldu və hökumət binası
(dövlətxana) inşa edildi” (16, s.135-136).
Naxçıvana səfər edən fransız səyyahı İ.B.Tavernye Naxçıvan abidələrindən, xüsusilə Came
məscidindən bəhs edərək yazır: “Bu, Asiyanın ən yaxşı və gözəl məscidlərindən idi. Deyirlər ki,
Nuhun qəbrinə yadigar olaraq bina edilmişdir” (15, s.90). Naxçıvan Came məscidi haqqında başqa
bir fransız səyyahı və arxeoloqu Jan Dyelafua, alman memarı E.Yakobstal, V.A. Engelqardt bəhs
etmişlər. Hətta onların çəkdiyi rəsm əsəri və fotoşəkillər də məscid haqqında təsəvvür yaradır.
3
J.Dyelafua Came məscidinin şəklini çəkməklə kifayətlənməmiş, öz qeydlərində onun haqqında bəhs
etmiş, hətta ehtişamına valeh olduğu Möminə xatın türbəsini onun bir hissəsi hesab etmişdir.
Səyyahın yazdığına görə, o, Naxçıvanda olarkən fasadı və frizi kufi kitabələri ilə bəzədilən Came
məscidi dağıdılıbmış. Alman memarı E.Yakobstalın XIX əsrin sonlarında Naxçıvanda olarkən
çəkdiyi fotoşəkil məscid haqqında təsəvvür yaratmaq baxımından daha qiymətlidir. V.A.Engelqardt
Came məscidi haqqında yazır: “Bu türk məscidi yonulmuş daşdan tağları olan nəhəng bir tikilidir.
Onun daxilində gözəl oyma izləri hələ də qalmaqdadır. Binanın bir hissəsi uçaraq tökülmüş, qalan
hissəsi isə daim uçmaq təhlükəsi altındadır. Məsciddən 50 sajen aralıda məscid kompleksinə daxil
olan və hər biri 10 sajen ucalığında olan bir cüt minarəyə malik qapı vardır. Əvvəllər məscidlə qapı
arasında çoxlu tikililər olsa da, indi onlar sıradan çıxmışlar” (17, s.186).
Tarixi qaynaqlardan məlumdur ki, Atabəylər memarlıq kompleksində bir sıra möhtəşəm
memarlıq abidələri, o cümlədən Hökumət evi (Eldənizlər sarayı), Came məscidi, onun yanında
mədrəsə, Möminə xatın türbəsi, qoşa minarəli qapı – baştağ və b. olmuşdur. Qeyd olunan foto və
şəkildəki görünüşləri təhlil edən Ə.Salamzadə göstərmişdir ki, Came məscidi Möminə xatın
türbəsindən xeyli hündür olmuşdur. Möminə xatın türbəsinin qalmış hissəsinin ümumi hündürlüyü
26 metr olduğu üçün Came məscidinin ona nisbətən hündürlüyünü nəzərə alsaq, bu məscidin
hündürlüyü 30 metrə yaxın nəhəng bir tikinti olduğu aydınlaşır (17, s.30).
Naxçıvan ərazisində olan, bir sıra məscidlərin üzərində müxtəlif kitabələr yerləşdirilmişdir
ki, həmin kitabələr əsasında məscidlərin tikilmə tarixi, memarı, tikdirən şəxs haqqında məlumatlar
əldə etmək mümkündür. Belə məscidlərdən Naxçıvan şəhərindəki Came məscidi (Cəfəriyyə
məscidi), Nüsnüs məscidi, Ordubad şəhər Came məscidi, Vənənd kənd Came məscidi, Meydan
məscidi (Dəstə kəndi), Mingis məscidi və başqalarını göstərmək mümkündür. Müstəqillik illərində
muxtar respublika ərazisində yüksək memarlıq quruluşu ilə seçilən onlarla məscid tikilmiş, bir sıra
məscidlər isə bərpa edilmişdir.
Tarixi mənbələr Naxçıvan mədrəsələri haqqında da məlumatlar verir. Azərbaycanda ali
təhsil müəssisələri sayılan mədrəsələr təkcə təhsil mərkəzləri kimi yox, həm də böyük elmi
müəssisələr kimi fəaliyyət göstərirdilər. Mədrəsələr üçün gözəl memarlıq üslubuna malik binalar
inşa edilirdi. Mənbələrə görə Naxçıvan şəhəri Azərbaycanda məktəb və mədrəsələrin yarandığı ilk
mərkəzlərdən biri olmuşdur. “Əcaib əd-Dünya” əsərinin müəllifi Naxçıvan qalasında mədrəsələr
olduğunu qeyd etmişdir (16, s.136). Naxçıvan mədrəsələri, xüsusilə Atabəy Şəmsəddin mədrəsəsi
daha çox tanınmışdı (4, s.151).
İkimərtəbəli binada yerləşən Ordubad şəhər mədrəsəsi Şimali Azərbaycanda yeganə
mədrəsə binasıdır ki, günümüzədək salamat qalmışdır. Bu mədrəsə binası Səfəvi hökmdarı Şah
Sultan Hüseynin dövründə inşa edilmişdir. Mədrəsə binasında dərs otaqları, tələbələrin yaşaması
üçün xüsusi hücrələr olub.
4
Naxçıvan şəhərindəki Zaviyə-mədrəsə binası da öz orijinal quruluşuna görə diqqəti cəlb
edir. Bu mədrəsə binasının XVII-XVIII əsrlərdə tikildiyi güman edilir. Bektaşi və nəqşibəndilər
yaşayış və zikr yerlərini zaviyə adlandırırdılar. Zaviyə-mədrəsə binası Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə 2008-ci ildə əsaslı şəkildə təmir və bərpa edilmişdir.
Naxçıvandakı türk-islam abidələri içərisində türbələrin özünəməxsus yeri və mövqeyi
vardır. Əsasən iki hissədən – yeraltı sərdabə və onun üzərində ucaldılan yerüstü qülləvari türbədən
ibarət olan bu abidələrin ən möhtəşəm nümunələri Azərbaycan, eləcə də Naxçıvan ərazisində
olmuşdur. Yusif Küseyir oğlu, Möminə xatın, Gülüstan və Nuh türbələri, Xaraba Gilan türbəsi və
Əlincəçay Xanəgahı, Əmirxan türbəsi, Qarabağlar Türbə Kompleksi haqqında tarixi qaynaqlarda
maraqlı və əhəmiyyətli məlumatlar verilmişdir.
Naxçıvanın rəmzinə çevrilmiş, Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə Xatının şərəfinə
ucaldılmış, 1186-cı ildə istifadəyə verilmiş bu türbə səyyah, coğrafiyaşünas, tarixçi, tədqiqatçı və
qonaqları öz möhtəşəmliyi ilə sehrinə salır. Daxildən dairəvi quruluşda olan abidə xaricdən on
üzlüdür. Bu üzlərdəki naxışlar bir-birini təkrar etmir. Türbə üzərində və daxildə kitabələr, həndəsi
ornamentlər, Qurani-Kərimdən ayələr, Böyük yaradanın və xəlifənin adları, hikmətli fikirlər və b.
yazılmışdır.
Orta əsr mənbələrində bəzən “Kəsik günbəz” adlandırılan Gülüstan türbəsi memarlıq-
konstruktiv quruluşuna görə Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Orta
əsr mənbələrindən olan “Çaldıran səfəri ruznaməsində” osmanlılar tərəfindən ələ keçirilən
Naxçıvan haqqında bəhs edilərkən Gülüstan türbəsinin də adına rast gəlinir (6, s.10). XVII əsr türk
səyyahı Ö.Çələbinin “Səyahətnamə”sində də “Kəsik günbəz”in – Gülüstan türbəsinin adı çəkilir (3,
s.48). Görkəmli türk alimi, səyahətşünas Oktay Aslanapanın fikrincə, Ö.Çələbi öz
“Səyahətnamə”sində “Kəsik günbəz” adlı yeri təsvir edərkən məhz Gülüstan türbəsini nəzərdə
tutmuşdur. Ö.Çələbinin məlumatına görə XII yüzillikdə simvolik şəkildə inşa olunmuş və türbənin
sərdabəsində (bu türbədə sərdabə hissə də yerin üstündədir – İ.H.) sonralar – XV əsrin sonu – XVI
əsrin əvvəllərində Xorasan hökmdarı Hüseyn Baykaranın oğlu Bahadır Şəfad dəfn olunmuşdur (3,
s.48-49). Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il
tarixli Sərəncamı ilə yüksək səviyyədə bərpa olunmuşdur.
Qarabağlar Türbə Kompleksi də öz orijinal quruluşu ilə tikildiyi vaxtdan diqqəti cəlb
etmişdir. Kompleks türbə, qoşa minarəli baştağ və digər tikililərdən ibarətdir. Mənbələr minarələrin
XII əsrdə, türbənin isə XIV əsrin 30-cu illərində inşa edildiyini göstərir. Qoşa minarəli baştağın
üzərindəki kitabədən aydın olur ki, bu imarətin tikilməsini Cahan Qudi (Quti) xatın əmr etmişdir.
Fəzlullah Rəşidəddinin yazdığına görə Hülakulər dövlətinin banisi Hülakü xanın həyat
yoldaşlarından birinin adı Qutuy xatın olmuşdur (26, s.16). Tarixi qaynaqlara görə Qudi xatın
həmin Qutuy xatındır.
5
Türbələr arasında Əlincəçay Xanəgahı, yaxud Xanəgah Türbə Kompleksinin özünəməxsus
yeri vardır. Xanəgah kompleksi türbə, məscid və başqa tikililərdən ibarətdir. Kitabələrdən məlum
olur ki, türbənin tikilməsini Uluğ Qutluğ Lələ bəy əmr etmişdir. İkinci kitabədən aydındır ki,
məqbərə şeyx Hacı Lələ Məlikindir və tikinti 1496-cı ildə Həvva Bədr Bikə xatının səyi ilə
tamamlanmışdır (24, s.60-61). Hürufiliyin banisi F.Nəiminin burada dəfn olunduğu mənbələrlə
təsdiq olunur.
Abidələr içərisində qalaların da öz yeri və mövqeyi vardır. Mənbələr göstərir ki, Naxçıvan
qala tipli yaşayış yerləri ilə zəngin bir diyardır. Tədqiqatçılar Naxçıvan ərazisində 80-ə yaxın
qalanın olduğunu aşkar etmişlər. Qalaların çoxluğunun səbəbi Naxçıvanın coğrafi mövqeyinin,
zəngin təbii sərvətləri, şəhər mədəniyyəti və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların
diqqətini cəlb etməsi ilə əlaqədardır. Yerli əhali özünü qorumaq üçün müdafiə qalaları yaratmışdır.
Bunlardan Əlincəqala, Oğlanqala, Çalxanqala, Naxçıvanqala, Qalacıq, Qazançıqala, Vayxır qala,
Nəhəcir qalası, Ordubad qalası və başqalarını göstərmək olar. Görkəmli tarixçi Həmdullah Qəzvini
yazır ki, Naxçıvana girəcək yolları Əlincə (Əlincik), Sürməli, Tağmər və Təqnəm kimi nəhəng
qalalar qoruyurdu (22, s.51). Yaqut Həməvi yazırdı ki, Azərbaycan çox iri ölkə və böyük dövlətdir.
Bu, əsasən çoxlu qalaları... olan dağlıq ölkədir” (27, s.7).
Orta əsr mənbələrində Naxçıvan qalaları haqqında məlumatlar vardır. Əlincəqala
Naxçıvanın əyilməzlik simvolu kimi xarakterizə olunur. “Kitabi-Dədə Qorqud” dastanında o, güclü
və etibarlı istehkam kimi təsvir edilir. Orta əsr müəlliflərindən Nəsəvi, Şərafəddin Əli Yəzdi,
İohann Şiltberger, İosofat Barboro, Vinçentso Alessandri, Ryui Qonzales de Klavixo, Övliya Çələbi
və b. Naxçıvan qalaları haqqında məlumat vermişlər. Əlincə qalasının təsvirini İspaniya səfiri
Klavixo öz gündəliyində çox gözəl vermişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində
yerləşərək divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində dağ yamaclarının aşağı
hissəsində üzümlüklər, bağlar, tarlalar, otlaqlar, bulaqlar və hovuzlar var idi. Qəsr və qalaça dağın
başında yerləşirdi” (5, s.12).
Əlincəqalanın Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus, şərəfli və çox mühüm yeri
vardır. Güclü və möhkəmləndirilmiş müdafiə istehkamı olduğuna görə orta əsrlər zamanı
Əlincəqalada Azərbaycanın ayrı-ayrı dövlətlərinin zərbxanaları yerləşirdi. Burada müxtəlif
dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr zərb olunmuşdur (18, s.143).
Azərbaycan tarixində tutduğu əhəmiyyətli və şərəfli yerinə görə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2014-cü ildə imzaladığı “Culfa rayonundakı
“Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən Əlincəqalada abadlıq-
bərpa işləri aparılmış, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır.
Naxçıvan ərazisində yaradılmış qalalardan biri də Naxçıvanqala olmuşdur. Tarixçi
alimlərimiz Naxçıvanqala ərazisində hələ Tunc dövründə (e.ə. III-II minilliklər) yaşayışın olduğu
6
qənaətinə gəlmişlər. XIII əsrə aid “Əcaib əd-Dünya” adlı əsərdə Naxçıvan şəhəri və onun
yaxınlığındakı qala haqqında belə bir qeyd verilir: “Orada çoxlu saray, köşk və eyvan vardır.
Şəhərin yaxınlığında qala tikilmişdir. Qalada mədrəsə və məscid vardır...” (16, s.135). Qalanın ilk
orta əsrlər zamanı (VII əsr) inşa olunduğu ehtimal olunur. Türk səyyahı Ö.Çələbinin məlumatına
görə, qalanı monqollar dağıtmışlar. Səyyahlardan Şardən və Frehanq da qaladan bəhs etmişlər.
Naxçıvanqala 2014-cü ildə bərpa edilmiş və “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi yaradılmışdır.
Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən olan karvansaralar və körpülər orta
əsrlər dövründə iqtisadi əlaqələrin artmasında mühüm rol oynamışlar. Karvansaralar – karvanların
dincəlməsi və istirahət etməsi üçün yaradılan tikililər idi. Bu tikililər topdansatış ticarətinin
aparılmasında mühüm ticarət mərkəzi – yarmarkalar rolunu oynayırdı. Azərbaycanda, eləcə də
Naxçıvanda olan səyyahlar (İ.Lerx, S.Qmelin, İ.Berezin, Ö.Çələbi, İ.Şardən, İ.Tavernye və b.)
ərazidəki məşhur karvansaralar haqqında öz təəssüratlarını yazmışlar. XVII əsrdə Naxçıvan
bölgəsində olmuş fransız səyyah Jan Şardən Naxçıvan şəhərində beş karvansaranın, başqa bir
fransız səyyahı İ.Tavernye Azad şəhərində dörd karvansaranın olduğunu yazmışlar. XVII əsr türk
səyyahı Ö.Çələbi Qarabağlar şəhərində çoxlu, Naxçıvan şəhərində isə 20 karvansara olduğunu qeyd
edir (3, s.231-232). Orta əsr tarixçisi Şərafəddin Əl Yəzdi “Zəfərnamə” əsərində Culfa
yaxınlığındakı Ziyaülmülk körpüsündən danışarkən yazır ki, körpünü elə tikmişlər ki, dərrakəli ağla
malik olan mühəndis də onu müşahidə etdikdə heyran qalır... Onun üst tərəfini dağa elə
birləşdiriblər ki, altı boş qalıb və onu karvansara ediblər.
Həmdullah Qəzvini də Gərgər ticarət şəhərindən bəhs edərkən bu körpüdən danışmışdır:
“...onun yanında Araz çayı üstündə Ziyaülmülk Naxçıvani gözəl körpü tikdirmişdir. Bu
xeyriyyəçilik sahəsində ən böyük tikilidir” (22, s.51).
Naxçıvan bölgəsinin müxtəlif yerlərində yaradılan gözəl memarlıq nümunələrindən biri də
hamamlardır. Keçmişdə hamamların funksiyası təkcə insanların yuyunma yeri olmaqla
məhdudlaşmırdı. Onlar həm də insanların istirahəti, dincəlmək, söhbət, görüş yerləri idi (18, s.147).
Orta əsr qaynaqlarından bizə Naxçıvan hamamları haqqında maraqlı məlumatlar gəlib çatmışdır.
XVII əsrin ortalarında Naxçıvan şəhərində olan Övliya Çələbi burada 10200 ev, 70 came məscidi,
40 məscid, 20 mehmanxana, 7 gözəl hamam, təqribən 1000 dükan olduğunu yazmışdır. O,
Naxçıvan hamamlarından bəhs edərkən yazmışdır ki, “Cənabi hamamı son dərəcə gözəl və işıqlıdır.
Qapı və divarı şirəli kaşıdan, döşəmələri isə ağ mərmər daşdandır. Hamam məhrəbaları şahmat
naxışı ilə bəzədilmişdir. Mehmanxanamıza yaxın Zal paşa hamamı vardır. Onun bütün qapı və
divarı şirəli kaşılarla örtülmüşdür. Döşəməsi başdan ayağa boz, sumağı və tünd qırmızı mərmər
daşlardandır. Elə işıqlı hamamdır ki, onun bütün pəncərələri büllurdandır. Həyətin ortasında böyük
bir hovuz var. Xülasə, gözəl havası olan bu hamamın tərifi, təmizliyi və gözəlliyini şərh etməkdə,
qələm belə acizdir” (3, s.45).
7
Tarixi qaynaqlardan məlumdur ki, orta əsrlər zamanı Naxçıvan bölgəsində nəinki şəhərlərdə,
hətta kənd tipli yaşayış məskənlərində də möhtəşəm hamamlar inşa olunaraq əhalinin istifadəsinə
verilmişdir. XVIII əsrlərə aid Naxçıvan şəhər və Ordubad şəhər hamamlarında Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə abadlıq-bərpa işləri aparılmış, memarlıq abidələri
əvvəlki görkəminə qaytarılmışdır. Ordubad rayonunun Üstüpü, Gənzə, Darkənd, Vənənd, Kəngərli
rayonunun Şahtaxtı, Şərur rayonunun Yengicə kəndlərindəki hamam binaları həmin kəndlərdə
yaşayan imkanlı adamlar tərəfindən tikdirilmişdir. Hazırda Yengicə hamamında bərpa və təmir
işləri aparılır. Bir il bundan öncə Naxçıvan şəhərində Şərq üslubunda orijinal quruluşa malik
hamam binası istifadəyə verilmişdir. Bunlar bir daha təsdiq edir ki, tarixi abidələr qorunur, bərpa
olunur və yeniləri tikilir.
Naxçıvanın islam memarlıq abidələri arasında imam övladlarına aid edilən İmamzadə
binaları da diqqəti cəlb edir. Naxçıvan şəhər İmamzadə kompleksi, Nehrəm imamzadəsi, Xanlıqlar
– Parçı imamzadəsi müqəddəs şəxsiyyətlərin qəbirləri üzərində ucaldılmış türbələrdir. Hər üç
İmamzadə türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqəti və qayğısı
sayəsində bərpa və təmir edilmişdir.
Naxçıvan ərazisində yaradılmış tarix-mədəniyyət abidələri içərisində buzxanalar xüsusi yer
tutur. Naxçıvan bölgəsində digər tarix-memarlıq abidələri ilə yanaşı buzxanalar da yaradılmışdır.
Bunlardan ancaq Naxçıvan şəhər, Ordubad şəhər və Cəlilkənd buzxanaları günümüzədək gəlib
çatmışdır. Naxçıvan şəhər buzxanası müstəsna dərəcədə dəqiq konstruktiv həlli və tikintinin səliqəsi
ilə diqqəti cəlb edir (17, s.225). Naxçıvan buzxanasının yüksək səviyyəli, mükəmməl həlli bu
abidənin Naxçıvan Memarlıq Məktəbinin inkişafı dövründə, XII-XIV əsrlərdə tikildiyi göstərilir
(14, s. 50). Ordubad şəhər buzxanasının da XIV-XVII əsrlərdə tikildiyi barədə məlumatlar var (14,
s.50). Hər iki buzxana binasının həcm, quruluş və tikintisində istifadə olunan kərpiclər arasında
oxşarlıq çoxdur. Buzxana binaları yüksək səviyyədə yenidən qurularaq təmir edilmişdir.
Naxçıvanın türk-islam tarix-memarlıq və mədəniyyət abidələri arasında Eldənizlər və Xan
saraylarının, Qeysəriyyə, Səqqaxana və digər mülki tikintilərin özünəməxsus yeri vardır. Tarixi
qaynaqlar bu memarlıq abidələri haqqında da məlumat verir. Naxçıvan şəhəri Azərbaycan
Atabəylər dövlətinin paytaxtı olarkən (1146-1175) görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani
tərəfindən Eldənizlər sarayı (“Darülmülk”) tikilmişdir. Azərbaycan Atabəylər dövlətinin idarə
olunduğu dövrdə saray, kompleksin ilk tikilişi olmuş, ətrafdakı digər abidələr sonradan inşa
olunmuşdur. “Əcaib əd-Dünya” əsərində adı çəkilən “Darülmülk”ün – Eldənizlər sarayı olduğunu
mənbələr təsdiq edir. Naxçıvan şəhərində zəmanəmizədək yaxşı vəziyyətdə gəlib çatan tarix-
memarlıq abidələrindən biri də 1787-ci ildə Naxçıvan xanlığının ən görkəmli xanlarından olan I
Kalbalı xan Kəngərli tərəfindən inşa etdirilən Xan Sarayıdır. Şərq memarlıq üslubunda tikilmiş Xan
Sarayı XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. 1834-cü ildə
8
Naxçıvanda olmuş fransız səyyah Dyuba de Monpere Xan Sarayını “bir neçə həyət və çoxlu zəngin
bəzədilmiş otaqdan ibarət saray” kimi dəyərləndirmişdir (17, s.217). Xan Sarayı iki mərtəbəli
olmaqla, iki ayrı-ayrı bölmədən ibarət olmuşdur. Bölmənin biri xan ailəsinin yaşayış yeri, digəri isə
yüksək mənsəbli qonaqların qəbulu üçün nəzərdə tutulmuşdu. I Kalbalı xan XIX əsrin əvvəllərində
burada Rusiyadan İrana gedən rəsmi nümayəndə heyətini qəbul etmişdir.
Beləliklə, Naxçıvanın türk-islam mədəniyyəti abidələri Naxçıvanın qədim tarixə, dövlətçilik
ənənələrinə, görkəmli şəxsiyyətlərə, müxtəlif mədəniyyətlərin yarandığı bölgəyə, tarix-memarlıq
abidələrinə malik olan bir diyar olduğunu, tarix, memarlıq və mədəniyyət abidələrinə yüksək diqqət
və qayğı göstərildiyini bir daha təsdiq edir.
ƏDƏBİYYAT
1.
Azərbaycan tarixi üzrə qaynaqlar (Tərtibçilər S.Əliyarlı, F.Mahmudov və b.) Bakı: Elm,
1974, 224 s.
2.
Babayev S. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 1999, 226 s.
3.
Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. Nəşrə hazırlayan Mehmet Rıhtım. Bakı:
Qafqaz, 2012, 296 s.
4.
Əliyev V. Tarixin izləri ilə. Bakı, Gənclik, 1975, 66 s.
5.
Əhmədov H. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: ABU, 2001, 320 s.
6.
Əliyeva R. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani. Bakı: Şərq-Qərb, 2013, 76 s.
7.
Əlincəqala. Məqalələr toplusu (Azərbaycan, rus və ingilis dillərində). Naxçıvan: Əcəmi
NPB, 2016, 304 s.
8.
Gülüstan türbəsi. Məqalələr toplusu (Azərbaycan, rus və ingilis dillərində). Naxçıvan:
Əcəmi NPB, 2016, 152 s.
9.
Hacıyev İ. Naxçıvan qalaları tariximizin öyrənilməsində mühüm mənbədir// “Naxçıvan”
jurn., 2017, №35, s. 12-19.
10.
Xıdırov C. Şərqin tarixi abidələri. Bakı: Adiloğlu, 2004, 370 s.
11.
İsayev E. Böyük İpək yolu və Naxçıvan. Bakı: Elm və təhsil, 2012, 214 s.
12.
Qiyasi C. Nizami dövrü memarlıq abidələri (Azərbaycan, rus və ingilis dillərində). Bakı:
İşıq, 1991, 264 s.
13.
Məmmədova Ş. Azərbaycanın tarixi-memarlıq abidələri. Məlumat kitabçası. Bakı, 2008,
136 s.
14.
Naxçıvan abidələri ensiklopediyası (Azərbaycan və ingilis dillərində). İstanbul, 2008, 520 s.
15.
Onullahi S.M. Jan Battist Tavernye Naxçıvan haqqında/ “Bakı Universiteti xəbərləri”nin
xüsusi buraxılışı. Bakı, 1999, №3, s. 87-93.
16.
Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə (tərcüməçilər C.Bayramlı,
V.Əliyev). Bakı: Nurlan, 2003, 192 s.
17.
Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi
abidələri. Bakı: Elm, 1985, 268 s.
18.
Səfərli H. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi NPB, 2017, 216 s.
19.
Vəlixanlı V.M. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm,
1974, 224 s.
20.
Erol Kürkçüoğlu. Nahçıvan tarihi (V-XV yüzyıllar). Erzurum, 2007, 134 s.
21.
Turqay Yazar. Nahçıvanda türk mimarisi (Başlanğıcdan 19. Yüzyılın sonuna kadar).
Ankara, 2007, 577 s.
22.
Казвини Хамдаллах. Нузхат ал-кулуб (Материалы по Азербайджану). Баку: Элм,
1983, 66 с.
9
23.
Григорьев В.Г. Статистическое описание Нахчыванской провинции. СПб, 1883.
24.
Неймат М. Корпус эпиграфических памятников Азерайджана. Том III. Баку: XXI –
YNE, 2001, 216 с.
25.
Никитин К.А. Город Нахчыван и Нахчыванский уезд. СМОМПК, Тифлис, 1882, с.4-8.
26.
Рашидаддин Ф. Джами ат-таварих (сборник летописей). Том III, Баку, 1957, 1088 с.
27.
Якут ал-Хамави. Муджам ал-булдан (сведения об Азербайджане). Баку: Элм, 1983, 34 с.
Dostları ilə paylaş: |