açılmamışdı.
– Cip, Allah xatirinə, dünəndən indiyə kimi nələr baş verib? Mənə əzab vermə, de görək!
Cip döndü və ona baxdı:
– Riyakarlıq eləmə, sanki, məni öpə bilmədiyin üçün çox kədərlənibsən! Brayan, özünü bicliyə
vurma! Axı sən bilirsən, bu riyakarlığın təkcə bir aylıq deyil.
Sammerxey səsini qaldırdı:
– Sən, yəqin, nəyəsə aludə olubsan. Nədən danışdığını başa düşmürəm.
– Yox, başa düşürsən! Sən dünən «Tamamilə təcilidir» qeydi ilə yazılmış məktubu aldın?
Belədir ki, var! O sərtləşdi və birbaşa dedi:
– Hə, aldım. Diana Leytondan. Sən narazısan?
– Yox, ancaq bir düşün, məktub buradan sənə necə elə tez yetişə bilərdi?
– Bilmirəm, – qaşqabaqlı halda cavab verdi, – yəqin, poçtla.
– Yox! Mən özüm altının yarısında onu sənin poçt qutuna qoydum.
Sammerxey tez düşünməyə alışmışdı və dərhal da deyilənlərin mənası ona çatdı. Diqqətlə qıza
baxıb:
– Onda sən bizi də gördün? – deyə soruşdu.
– Hə.
O, ayağa qalxdı, gücsüz halda əllərini açdı və dedi:
– Cip, lazım deyil! Belə insafsız olma! Mən sənə and içirəm…
Cip qısaca güldü və arxasını ona çevirərək saçlarını yığmağa başladı. Onlarda belə bir qorxunc
hiss yaranmışdı ki, indicə nəsə başlarından vuracaq. O, özünü itirmiş halda dedi:
– Mən, yalnız onu çaya qonaq elədim. Nəyə görə də yox? O, mənim xalam nəvəsidir, axı bunlar
boş şeylərdir. Nəyə görə mənim haqqımda ən pis şeyləri düşünürsən? O, mənim otağıma baxmaq
istəyirdi. Mən etiraz eləyə bilmədim.
– Sənin boş otağına? Əl çək, Brayan, bu nə aciz çərənləmələrdir! Mən səni eşitmək belə istəmirəm.
Sammerxey qırmancla vurulubmuş kimi diksindi və sərt halda ona tərəf dönüb dedi:
– Demək, sənə mənim haqqımda ən pis şeylər düşünmək ləzzət eləyir?
Cipin barmaqları bir anlığa dayandı.
– Mən sənə həmişə demişəm, sən tamamilə azadsan. Elə düşünürsən, bunun neçə aydı davam
elədiyindən xəbərsizəm? Ancaq qürurun oyandığı saat gəlir və vəssəlam. Xahiş edirəm, məni aldatma.
– Mənim aldatmaq adətim yoxdur.
O, özünü hansısa tora düşən və oradan çıxa bilməyən adam kimi hiss edirdi. Hər şeyin günahı
Diana ilə onun münasibətlərindəki lənətə gəlmiş təklifsizlikdə idi, nəyə görə o bütün bunları Cipə
danışmamışdı? Ancaq onu həqiqəti duymağa necə məcbur eləyəsən, hiss eləsin ki, təkcə onu sevir,
təkcə onu!
– Cip, and içirəm, bircə öpüşdən başqa heç nə olmayıb, o da…
– Oy, çıx, dərhal çıx! – deyə Cip qışqırdı.
O, əlini qızın çiyninə qoydu.
– Mən, yalnız səni sevirəm. And içirəm! Nəyə görə mənə inanmırsan? Sən mənə inanmalısan. Bu
səfehlikdir. Səfehlikdir! Bizim məhəbbətimiz haqda düşün, hər şey haqqında düşün…
Onun sifəti buz kimi soyuq olmuşdu və əlini qızın çiynindən çəkib mızıldandı:
– Sənin bu məğrurluğun necə də qorxuludur!
– Olanım budur. Haçan istəsən, onun yanına gedə bilərsən.
– Onun yanına getmək? Hə, mən bunu bacarmaram… əgər istəyirsən.. əgər istəyirsən mən bir daha
onunla görüşmərəm.
– Eh, dayan! Bunun nə faydası?
Sammerxey indi düşündüyünü deyirdi və hər halda, Cipi inandırmaq gücündə deyildi. Bu dəhşət
idi! Həm də ədalətsizlikdi. Ağılsızlıqdı! O neylədi ki, Cip ona olan bütün etimadını itirdi və birdən qız
üçün balaca əclafa yaxın birisi oldu? Məgər qız onu öpdüyü üçün o günahkardı? Bəlkə, qızın ona
vurulduğuna görə günahkardı? Ya da ona görə ki, o kişiydi? Ağılsızlıqdı, ədalətsizlikdi, namərdlikdi!
Cipi hirslə süzərək otaqdan çıxdı.
Kabinetində taxtın üstünə atıldı və üzünü divara döndərdi. Ancaq heç beş dəqiqə keçmədən
hirslənməsi ona uşaqlıq kimi gəldi və əriyib yox oldu, qəzəbin yerinə dəhşətli, aramsız həyəcan gəldi.
Hiss elədi ki, Cipin bütün varlığı, məğrurluğu və inamsızlığı, hə, hətta məhəbbəti də ona qarşıdır! Cipə
ondan başqa heç kim lazım deyildi, o isə, aza da qane olmağa hazır idi… Ancaq özünü dalana dirənmiş
hesab elədiyindən bunları dumanlı halda təsəvvür eləyirdi və onda qarşısına çıxan bütün sədləri
buynuzu ilə vurub aşan cöngə olmaq arzusu baş qaldırırdı… Bütün bunlar nə qədər davam eləyəcəkdi?
Ayağa qalxıb otaqda gərdiş eləməyə başladı, başını ya aşağı salır, ya da məngənəylə sıxıldığı fikrini öz
üzərindən atırmış kimi, silkələyirdi. Diana!.. Bir daha onunla görüşməyəcəyini dedi. Həmin öpüşdən
sonra? Vidalaşarkan onu süzdüyü həmin baxışlardan sonra? Birdən-birə əlaqəni beləcə kəsmək olarmı?
O titrədi. Ah, bütün bunlar necə də iyrənc idi! Axır bir çıxış olmalıydı? Bəlkə də, amma necə?
Həyatda insan tez-tez belə iztirablara düçar olur, onun tutqun, qaşqabaqlı çöhrəsi artıq ağacların
arasından özünün gah solğun yanaqlarını, gah da qorxudan inadkarlıq və aydın olmayan reallıq həkk
olunmuş qara gözlərini ona göstərirdi.
IX FƏSİL
Cip otağında qaldı və özünü bədbəxt hiss eləyən hər bir qadın kimi xırda-para işlərlə məşğul
olmağa başladı, yataq ağlarına lent tikdi, üzükləri sildi. Səhərdən onun qəlbində özünə yer eləmiş cin
oğrunca yoxa çıxır, yerində üzərinə çökən bədbəxtliyin tutqun kölgəsi qalırdı. O, öz sevdiyini
cəzalandırarkən nə isə bir məmnunluq hiss edirdi, indisə ona, yalnız ağrılar və acılar qalmışdı. Bunun
nə xeyri, təsəllisi vardı? Yaranı xırda iynələrlə çirkləndirərək, özəyini qurdlara yoluxdurmaqla onu
sağaltmaq olarmı? Sevdiyin adama ağrılar bəxş eləməklə özünü sağalda bilərsənmi? Əgər o indi yuxarı
qalxıb ona azacıq belə işarə versəydi, Cip onun boynuna atılardı. Ancaq saatlar keçir, o, yuxarı
qalxmırdı, Cip də aşağı düşmürdü, özünü tamam əzgin və bədbəxt hiss edirdi. Artıq qaranlıq düşürdü,
ancaq o, pərdələri çəkmir, işıqları yandırmırdı. Ay, bağ, küləyin təsiri ilə xışıldayan yarpaqlar ona
məyusluq gətirirdi. Balaca Cip qaçıb gəldi. Orada bağda ağac vardı və onlar dırmaşıb iki səbət qoza
yığıblar, amma donuzlar hamısını yeyib. Sonra donuzlar qaçıblar və Betti də onu tutmalı olub. Brayan
isə hələ də kabinetində gəzişir, elə məşğuldu ki, onu dəfələrlə öpüb!
Əgər külək onun əzabverici hisslərini dağıda bilsəydi, bununla da hər şeyə son qoyulardı, Brayan
nə qədər riyakarlıq eləsə də, onu sevirdi! Belə şəkkak xasiyyətli, özünə əmin olmayan, kiməsə etibar
eləməyən qadınlar bir dəfə köklərindən pozuldularmı, bir daha bərpa oluna bilməzdilər. Özünü sözsüz
məhəbbətə təslim eləyib, yarımməhəbbətlə kifayətlənmək onun məğrur xarakteri üçün uyğun deyildi.
O, məhəbbətdən qorxurdu, onun gəlməsinə müqavimət göstərirdi, indisə məhəbbət bütün varlığına
hakim kəsilmişdi. Həmin gündən o, başqa heç nə üçün yox, ancaq sevgi üçün yaşayırdı, hər şeyini
verirdi və hər şeyi də almaq istəyirdi. İndisə bütün aydınlığı ilə dərk edirdi ki, hər şeyi ala bilmir.
Aylarla o, lap elə azacıq da olsa, başqa qadın haqqında düşünürmüş. Lap elə həmin bircə öpüşdən
başqa heç nə yox idi, məgər bu azdı? Bu qızın, xalası nəvəsinin əlində hər şeyi vardı, cəmiyyət, nüfuzlu
ailəsi, təmin olunmuş həyatı, ən çox da kişilərə görə gənc, hələ oyanmamış kədər hissi də onun
tərəfindəydi. O, Diana ilə evlənə bilərdi! Bu fikir aramsız olaraq Cipi təqib edirdi. Kişilərə məxsus
ehtirasın təsadüfi partlayışı ona hər şeyi unutdura bilərdi. Amma bu qız, xalası nəvəsi onu Cipin
əlindən alırdı! Bu qız öz qürurunudan əl çəkməsə onu saxlaya, əlini və qolunu bağlaya bilərdimi?
Cip onun hamama qalxdığını eşitdi və ordaykən səssizcə aşağı düşdü. Həyat öz axarı ilə
getməliydi, xidmətçilər heç nə hiss eləməməliydilər. Royalı açıb çalmağa başladı. Dərhal da
Sammerxey içəri girdi və sakitcə buxarının qabağında dayandı.
İşgəncəli söhbətlərlə müşaiyyət olunan nahar dözülməz idi, nahar qurtaran kimi də onlar ayrıldılar,
o, kabinetinə getdi, Cip isə royalın yanına. Əgər kimsə içəri girərsə, hər an dillərə vurmağa hazır
vəziyyətdə oturmuşdu. Dizləri üstə qoyduğu əllərinə göz yaşı damcıları düşürdü. Bütün qəlbi ilə ona
doğru can atırdı, getsin, qucaqlasın, qışqırsın: «Mənim üçün onsuz da fərqi yoxdur! … Onsuz da! Nə
istəyirsənsə elə, ancaq məni azacıq da olsa sev!» Hə, indi artıq azacıq da olsa. Məgər bu mümkündü?
Yox, onun üçün yox!
Dostları ilə paylaş: |