tək sarımtıl,
incə dərilərə, qıpqırmızı əti görünən titrək bədənlərdən kazarmanın
daş pillələri üzərinə süzülən qaynar qana baxıb hərə öz dərsini götürsün. Yalnız
bundan sonra bu inadkar heyvərələr hər şeyi boyunlarına aldılar. Boyunlarına
aldılar ki, onları pulla şirnikləndirib, cənazəni murdarlayaraq, bazar zibilliyi ilə
sürütləmək üçün dörd yüz qızıl peso veriblər. Əvvəl onlar buna razı olmayıblar,
çünki ona qarşı çıxmaq istəməyiblər və ümumiyyətlə, belə şeylərin əleyhinədirlər,
amma məsələ belə olub ki, gizli müşavirələrin birində iştirak eləyən iki hərbçi
general onları cürbəcür sözlərlə qorxudaraq məcbur eləyib. «Biz ancaq buna görə
razı olduq, işıq haqqı!» Onda o, rahat nəfəs alıb: «Aldadılmış zavalı balalar!» -
dedi və onları doyunca yedirdib, yatıb-dincəlmələrinə şərait yaradılmasını əmr
elədi, səhərisi gün isə hamısını yem əvəzi timsahlara atdırdı. Bundan sonra
qəlbinin şübhə kisəsinin açılıb boşalmasını hiss elədi və rahatlanıb ağzının içində
özü-özünə: «Şeytana
min lənət, indi hamı başa düşdü ki, xalqın heç bir təqsiri
yoxdu, xalq məni sevir!» - deyə-deyə öz yerinə, saraya qayıtdı. Patrisio
Araqonesin, bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini
tapdalayıb söndürərək, işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və
ürəyində özünə söz verdi ki, bu gözəl məmləkətdə bir daha işgəncəyə yol
verilməyəcək. Qərardan sonra bütün timsahları öldürdülər, diri-diri adamların
sümüklərini sındırıb üyüdən işgəncə kameralarını sökdülər, sonra əfvi-ümumi elan
edildi, yalnız bundan sonra, gələcək haqqında fikirləşərkən,
birdən-birə ölkəni
fəlakətə sürükləyən bütün səbəblərin kökünü tapdı – bekarçılıqdan beyinlərində
cürbəcür fikirlər dirçələn adamların həddən ziyadə boş vaxtını doldurmaq lazım
idi. Bundan ötrü o, mart poeziya yarışlarını və gözəllik kraliçası adı qazanılan
gözəllik müsabiqələrini yenidən bərpa elədi, Qəraib ölkələri içində ən gözəl
həndbol meydançası, ən böyük bağlı stadion tikdirib bizim komandanı, «Qələbə,
yaxud ölüm!» devizi altında oynamağı boynumuza qoydu. Hər kənddə pulsuz
süpürgəçilər məktəbi açdırdı, orda təhsil alan qızlar isə ilhamlanıb nəinki evləri,
küçələri və maşın yollarını da süpürürdülər. Dəstə-dəstə adamlar zibil qalıqlarını
bir kənddən o birinə, ordan da geriyə daşıya-daşıya çaş-baş halda bir-birinə
baxırdılar. Hər zibil qalığı «Millətin təmizliyi qeydinə qalan müqəddəs
apostolumuzu hifz et, ilahi!» - şüarları və dövlət bayraqlarıyla müşayiət olunurdu.
O isə həmin dəqiqələr, yalvara-yalvara ondan bir çimdik duz istəyən cüzamlı
xəstələrlə, korlarla, ifliclərlə dolu bağın içiylə ayağını sürüyə-sürüyə gəzir, huşa
getmiş heyvan aramlığıyla öz həmvətənləri üçün yeni-yeni məşğuliyyətlər planı
fikirləşib tapır, ayaqüstü, yaxın günlərdə açıq səma altında,
boş çənlərdə dünyaya
gələn körpələri xaç suyunə çəkir, onların hər birinə öz adını verirdi. Yaltaqlar:
«Yeganə və vahid xilaskarımız!..» - deyib onu şərəfləndirirdilər. O isə elə
doğrudan-doğruya yeganə idi… çünki daha əkiz tayı yox idi və günaşırı quş dolu
qəfəslər göndərilən bu sarayda, əkizinin yerinə də, hər yerdə özü iştirak eləyirdi.
Bu qəfəsləri saraya, anası Bendisyon Alvaradonun bir vaxtlar quşsatmaqla məhğul
olduğu xəbəri yayılandan sonra göndərməyə başlamışdılar. Bəziləri bu qəfəsləri
ona yaltaqlanmaq, yarınmaq məqsədi ilə göndərirdi, bəzi qəfəslərinsə açıq-açığına
rişxəndlə, dolamaq məqsədi ilə göndərildiyi. Axır nə baş verirdisə,
bir müddətdən
sonra, təzə gələn qəfəsləri asmaq üçün sarayda yer qalmadı. Bu qayğının üstünə
saysız-hesabsız dövlət işləri də yığıldı və bütün bu işlərin birdəfəlik həlli tələb
27
olundu. Otaqlara da o qədər adam doluşdu ki, məmurları, qəbula gələn adamlardan
ayırmaq mümkün olmadı. Darısqallıqdan can qurtarmaqdan ötrü divarları söküb o
qədər pəncərə düzəltdilər ki, növbəyə duranlar, sarayın pəncərələrindən dəniz
mənzərəsini seyr edə bilsinlər, bir otaqdan o birinə, yelkənli gəmi, payız günü açıq
dənizdə küləyi yarıb keçən kimi keçsinlər.
Lap üzü qədimdən bəri adamlar, saray
pəncərələrindən vıyıltıyla içəri dolan soyuq mart küləyini sülh və əmin-amanlıq
küləyi adlandırmışdılar, mənim generalım və hətta uzun illərdən bəri qulağınızı
yoran uğultunun da sülh və əmin-amanlıq səsi olduğunu təsdiq eləmişdilər. Şəxsi
həkimi elə beləcə də demişdi: «Qulağınızda uğuldayan bu səs, sülh və əmin-
amanlıq səsidir, mənim generalım!» Həmin o gündən – ölüb-dirildiyi o taleyüklü
gündən sonra yerdə və göydə, ətrafda nə vardısa, hər şey sülh və əmin-amanlıqdan,
ümumi firavanlıqdan xəbər verirdi. O özü də buna sidq-ürəkdən inanırdı. İnanırdı
ki, artıq sakitlik və firavanlıq dövrü gəlib çatıb… və bir gün buna elə inandı ki,
yenə dekabrda dağın başına qalxdı, öz aralarında əttökən saxta qohum-qardaşlıq
münasibətləri yaratmış keçmiş diktatorların miskinliyindən zövq almaq üçün dağın
başındakı həmin o evə getdi. Onlar da onu görən kimi domino oynunu yarımçıq
kəsib, ovuclarında qalan daşları ona göstərə-göstərə: «Tutaq ki, məndə altı-altıdı,
bu kütbeyin konservatorlarda da tutaq ki, üç-üçdü… o da var ki, keşişlərlə
massonların əlaltı fırıldaqlarını bilmirdim…» İndi bu qoca çaqqala nə deyəsən?
Sonra o biri tula çərənləməyə başlayırdı ki, bax, bu külqabı tutaq ki, prezident
sarayıdı, düşmən isə dörd yüz metr məsafədən küləyin istiqamətiylə buranı atəşə
tutub və əgər külək bu səmtə əsməsə, düşmən gülləsi saraya çata bilməz. «Və əgər
indi siz məni bu vəziyyətdə görürsünüzsə, bu, cəmi-cümlətanı səksəncə santimetrin
işidi. Bədbəxtçiliyə bir bax!..» Sabiq diktatorların ən inadkarları belə, bu
uzunmüddətli sürgündən mənən sınmış, olan-qalan ümidlərini də itirmişdilər. Bircə
o ümidlə yaşayırdılar ki, arada bir üfüqdə görünən tüstüsünün rəngindən, fitinin
səsindən tanıdıqları doğma
gəmiləri görüb limana enəcək, yağış başlarına döyə-
döyə, zibil yeşiklərində eşələnəcək, dənizçilərin, yemək bükmək üçün istifadə
elədikləri qəzet parçalarını axtarıb tapacaq, onları sətirbəsətir həm soldan sağa,
həm də sağdan sola oxuyacaq, bütün oxuduqlarından – məsələn orda, vətəndə
kimin kiminlə evləndiyi, kimin öldüyü, kimin kimi ad gününə kimi dəvət eləyib,
kimi dəvət eləmədiyi barədə yazılardan, öz ölkəsində baş verən
hadisələrin siyasi
proqnozunu dəqiqləşdirəcəklər. Hər biri də, əvvəl-axır onun taleyini dəyişəcək
hansısa qasırğanı - Allah qoysa, ölkənin üstündən əsib, hər yeri viran qoyacaq
qasırğanı, bütün körpüləri, bəndləri kökündən qoparıb aparacaq, aşıb daşa-daşa,
əkin sahələrini, buğda zəmilərini yuya-yuya,
bütün məhsulu məhv edəcək, evləri
aparıb, əvəzində aclıq, vəba və ölüm gətirəcək qasırğanın gəlişini gözləyirdi. Onda
camaatın, ölkəni başına götürmüş bu bəladan, bu özbaşınalıqdan qurtarmaq üçün,
bir vaxt ölkədən qovub çıxartdıqları adamı köməyə çağırmaqdan savayı ayrı əlacı
qalmayacaqdı. «Belə də olacaq, görərsiniz!» Həmin bu möhtəşəm məqamın
yetişəcəyi anın həsrətiylə yaşaya-yaşaya da, təzə gələnlərdən birini kənara çəkib
sakitcə: «Siz allah, bu iynəni saplayaydınız, şalvarımı yamamalıyam… mən bu
şalvarı ata bilmərəm, bu şalvar mənimçün əziz xatirədir…» - deməli olurdular.
Paltarlarını gizlində yumalı, heç kəs görməsin deyə, sığınacağa təzə gələnlərin ilk
günlər zibil qutusuna tulladıqları ülgücləri ordan üsulluca yığmalı, dişsiz ağızlarını,
28