Amea məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu



Yüklə 36,51 Kb.
tarix27.12.2023
ölçüsü36,51 Kb.
#161698
Nitq




AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu
Əliyeva Aytən
dissertant@gmail.ru
Çapa vermemisen
DÖVRÜNÜN ƏN PARLAQ NATİQİ


Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqət mərkəzində olmuşdur.
Mi­­lad­­­­dan əvvəl qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur.
Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir [1, 11].
Nitq mədəniyyəti hər bir xalqın əsrlərlə formalaşdırıb bu günə çatdırdığı mədəniyyətin ən vacib, ən mühüm tərkib hissələrindən biridir. Bu baxımdan ulu öndərin XX əsr Azərbaycan siyasi natiqliyinin, ümumiyyətlə, Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında rolu birmənalı şəkildə yüksək qiymət­lən­di­ri­lir.
Azərbaycan nitq mədəniyyəti Azərbaycan xalqının ümumi mədəniyyətinin ayrılmaz tərkib hissəsi, onun mənəvi aləminin başqa heç bir vasitə ilə müqayisə edilməyəcək qədər güclü qüvvəyə malikdir.
Azərbaycan xalqı dövlət müstəqilliyi əldə etdikdən sonra ölkədə Azərbaycan dilinin sosial-siyasi, mədəni mövqeyinin güclənməsi, təbii ki, nitq mədəniyyətinin yüksəlişinə hər cür şərait yaratmışdır.
Böyük şəxsiyyət, xüsusilə siyasətçi və diplomat, dövlət başçısı üçün natiqlik olduqca vacibdir. Natiqlik dünya şöhrətli siyasətçi, fenomenal yaddaş sahibi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə məxsus fitri istedadlardan biri, tarixdə onun dövlətçilik təfəkkürünə yol açan vasitə idi.
Azərbaycan nitq mədəniyyəti uzun əsrlərin zəngin ənənələrinə əsaslanmaqla XX əsrdə sürətlə inkişaf etmiş, dövlət müstəqilliyinin ilk illərindən etibarən daha geniş miqyas qazanmışdır.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” [2, 114] deyən ulu öndər Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı.
Nitqin gözəlliyi mövzuya uyğun parlaq sözlərin seçilməsində və fikirlərin məntiqi sistemindədir. Bu baxımdan Heydər Əliyevin nitqləri əsl nümunədir.
Ümummilli lider, dövlət qurucusu üçün milli elmi-intellektual mühit nə qədər önəmlidirsə, millət ondan da önəmli, ondan da həlledicidir. Milli mədəniyyətin formalaşması çox zaman millətin və dövlətin təşəkkül tapmasını qabaqlayır. Buna görə də Azərbaycanın şöhrətini yaymağa, onun elmini və mədəniyyətini, adət və ənənələrini, dünyada tanınmış şəxsiyyətlərini təbliğ etməyə xidmət edən genişmiqyaslı tədbirlər Heydər Əliyevin fəaliyyətinin daha bir istiqaməti idi. O illərdə milli azadlığın və milli özünüdərkin təbliği üçün yaradılan şərait sonradan öz bəhrəsini verdi. Heydər Əliyevin prezidentliyi dövründə milli mədəniyyətin qorunması, inkişafı və təbliği sahəsində çoxşaxəli fəaliyyəti əslində ölkənin vətəndaşının və dövlətçiliyimizin prinsiplərinin ideya cəhətlərinin formalaşmasına xidmət edirdi.
Natiqlik qabiliyyəti və danışıq mədəniyyəti, ümumiyyətlə, rəhbər vəzifə tutan hər bir şəxs üçün ən vacib göstəricilərdən biridir. Nitq mədəniyyətinin əsas prinsipi ədəbi dilin şifahi nitqdə orfoepik, yazılı nitqdə orfoqrafik, hər iki halda isə leksik və qrammatik normalarına riayət edilməsindən ibarətdir. Əbdüləzəl Dəmirçizadə yazır: “Dilin əlamətdar cəhətlərindən biri də onun milli mənsubiyyəti ilə, yəni dilin ünsiyyət vasitəsi olması ilə üzvi surətdə bağlı bir əlamətdir. Bu isə, hər şeydən əvvəl, dilin hamı üçün anlaşılan vahid, dəqiq qayda-qanunlara malik bir vasitə olmasını şərtləndirən ən zəruri əlamətdir” [ 3, 8] .
Ümumiyyətlə, natiqlik sənətində ən çətin psixoloji məqamlar nitqi başlamaq və məntiqlə yekunlaşdırmaqdır. Nitqi elə başlamalısan ki, o dinləyiciyə cazibədar görünsün və maraqla qulaq assın. Nitqi elə məzmunlu vurğu ilə bitirməlisən ki, dediklərin dinləyicinin yaddaşına həkk olunsun. Heydər Əliyev bu baxımdan böyük məharət sahibi idi. Onun müdrikliyi ilk növbədə fitri istedadından irəli gəlirdi. Həyatı dərindən dərk etməyi, gedən proseslərə düzgün qiymət verərək fəlsəfi fikirləri ilə xalqa təsir edir.
Heydər Əliyevin danışığında olan qətiyyət, onun həqiqətə inam və əminliyindən, haqqında bəhs etdiyi problemə dərindən bələdliyindən, gələcəyə tarixi inamından, cəsarətindən və əlbəttə ki, əzəmətli şəxsiyyət olmağından irəli gəlirdi. Bu qətiyyətdə xalqa güvənmək bacarığı da vardır. Heydər Əliyevin nitqləri güclü məntiqə əsaslanır, onun söylədiyi sözlər çatdırmaq istədiyi məna və məzmunu ən dolğun və təsirli şəkildə ifadə edən sözlər idi. Onun çıxışlarında özünə əminlikdən doğan bir nikbinlik və duyğusallıq var idi. Bunlar da əslində qətiyyət və səmimiyyətin əlamətləridir.
Heydər Əliyev öz nitqlərində təkcə mövzu deyil, hazırki reallıqdan irəli gələn problemləri təhlil etmək və dəyərləndirməklə kifayətlənmirdi. Adı dünya tarixinə daxil olmuş böyük bir şəxsiyyət kimi ölkənin inkişafı, millətin tarixi, taleyi ilə bağlı proqnozlar verir, prioritetləri müəyyənləşdirir. Nağdəli Zamanovun “Heydər Əliyev və nitq mədəniyyəti” adlı monoqrafiyasının doqquzuncu fəslində “Heydər Əliyev nitqində proqnozlar” [4 ] mövzusunda olan araşdırmaları buna misal ola bilər. Müəllif böyük şəxsiyyətin güclü fərdi üsluba malik olduğunu və onun natiqlik məharətini bütün incəlikləri ilə gələcək nəsillərə çatdırır. Heydər Əliyevin nitqləri bənzərsiz üsluba malikdir.
Ümummilli lider öz nitqləri ilə şifahi dilimizin hüdudlarını maksimum dərəcədə genişləndirərək öz dərin məzmunlu parlaq nitqləri ilə qədim və gözəl dilimizin ifadə potensialını aşkara çıxarmışdır.
Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”; “Mən Azərbaycan xalqının müdrikliyinə,ağlına, zəkasına güvənirəm” [2, ? ]. bu sözlərin müəllifi ulu öndər Heydər Əliyevin tarixə böyük siyasi lider, dövlət xadimi kimi düşməyi ilə bərabər, XX əsr Azərbaycan siyasi natiqliyinin, nitq mədəniyyətinin təşəkkül tapmasında da rolu əvəzedilməzdir.
Ulu öndərin nitqlərinə nəzər salanda natiqlik sənətinin əsas xüsusiyyətlərindən, sirrlərindən necə məharət və ustalıqla istifadə etdiyinin şahidi oluruq. Heydər Əliyevin şərh olunan mövzunun aktuallığını və özünün buna əminliyini xüsusi məharətlə dinləyiciyə və ya müsahibinə çatdıra bilməsi, nitqin qrammatik cəhətdən səlis, dolğun və orijinal qurulması ilə bərabər gətirilən sitat və sübutların öz yerində və xüsusi vurğu ilə ifadəsi, dinləyicilərin səviyyəsinə, qarşısındakının şəxsiyyətinə, şərh olunan məsələnin məzmununa və əhəmiyyət dərəcəsinə görə danışığın tonu, sürəti, emosiyası, jest və mimika kimi elementləri düzgün seçməklə yüksək təsir gücünə malik olması onun dahi bir lider və yüksək bacarıqlara malik natiq olduğunun göstəricisidir.
Ulu öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən heç vaxt söz axtarmaq üçün dayanmazdı. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi.
Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” [2, ? ] deyən Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. Güclü hafizəyə malik olduğundan öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. Bu da öz növbəsində milli mənlik şüurunun sürətlə inkişaf etməsinə şərait yaradırdı. Lider öz şəxsi nümunəsi ilə ana dilimizin nüfuzunu artırır, onun elmi cəhətdən öyrənilməsi, geniş yayılması üçün stilmul verir. Cəsarət, qətiyyət, böyük prinsipiallıq və dönməzlik xüsusiyyətlərinə malik olan liderin hər bir çıxışı Azərbaycan gəncliyi üçün əsl natiqlik nümunəsidir.
Azərbaycan gənclər siyasətinin banisi olan Heydər Əliyev hər zaman gənc­lərdə vətənpərvərlik ruhunun tərbiyəsini, milli adət və ənənələrə riayət etməyi, və­tə­nə sədaqətlə xidmət göstərməyi, ana dilinin saflığını qoruyub saxlamağı və mü­kəm­məl bilməyi də ön plana çəkirdi. O, öz ana dilinə çox qayğı ilə yanaşır və hər bir ifadəsinə xüsusi əhəmiyyət verirdi. Azərbaycan dilini çox mükəmməl bilən Ümum­milli lider onu xalqımızın ən böyük sərvəti hesab edirdi.
Məlumdur ki, hər bir nitqdə natiqin məqsədi müəyyən məzmunlu fikri dinləyiciyə çatdırıb onu inandırmaqdır. Heydər Əliyevin nitqlərinin mühüm gücü məntiqi təfəkkürə söykənməklə auditoriyaları inandırmaqdır ki, bu inandırma böyük natiqin nitqlərində müxtəlif vasitələrlə edilir.
Ulu öndərə ünvanlanan suallar məntiqə söykənərək, müqayisəli təhlillər əsasında cavablandırılır. Lider həm natiq, həm diplomat, həm də həssas bir psixoloq kimi ictimai-siyasi hadisələrdən tutmuş Azərbaycanın görkəmli şəxslərinədək, iqtisadiyyat göstəricilərindən başlamış ənənəvi problemlərimizədək müxtəlif məzmunlu və diapazonlu müqayisələr edərək çıxış edirdi.
Ulu öndərin natiqlik məharəti, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi, düzgün sözləri seçmək bacarığı, dərin məntiqli nitqi onu dinləyənlərə zövq verirdi. O, dərin və konkret nitqi ilə müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək və təhlil etmək bacarığına malik idi. Beləliklə, o, məsələnin mahiyyətini açaraq mövzunu milli mənafe, maraqlar və dövlətçilik mövqeyindən təhlil etməyi bacarırdı. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxarmaq nə qədər əhəmiyyətlidirsə, səlis nitqə, təhlil etmək bacarığına, yüksək intellektə yiyələnmək də bir o qədər vacibdir. Ümummilli lider Heydər Əliyev başqalarından fərqli olaraq qeyri-adi zəkaya, yüksək enerjiyə, xalq sevgisinə və möhkəm iradəyə malik siyasətçi idi.
Heydər Əliyev müxtəlif auditoriyalar qarşısında çıxış edirdi. Bu auditoriyaları öz parlaq çıxışları ilə fəth etmək yalnız güclü məntiqə malik təfəkkürdən süzülüb gələn nitqlə mümkün olur. Bütün bunlara nail olmaq geniş ensiklopedik biliklərə söykənməyin nəticəsidir.
Nitq mədəniyyətində belə bir məqam özünü həmişə büruzə verir. Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların nitqi, adi söhbətləri təvazökarlıq baxımından sadə və xoşagəlimli olur. Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. Məsələn, “Bizim bu sahədəki nəticələrimiz olduqca faydalıdır”, “Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışaq”. Buradan aydın olur ki, səmimiyyət, təvazökarlıq mədəni nitqin başlıca keyfiyyətlərindəndir. İnsan öz üstünlükləri ilə öyünməməlidir. Bütün bu insani xüsusiyyətlər siyasi liderin nitqində öz real əksini tapmışdır.
Sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyev nitqlərinin əsas xüsusiyyətləridir.
Heydər Əliyevin dünya səviyyəsində siyasi lider, dövlət xadimi kimi tanınmasında onun dövlətçilik fəaliyyəti ilə yanaşı natiqlik məharəti də ön planda olmuşdur.
Bu gün bizim gənclərin şəxsiyyət kimi, gələcəyin lideri kimi formalaşmasında nitq mədəniyyətinə yiyələnməyin böyük rolu var. Natiqliyə nail olmağın yolu isə ana dilimizi mükəmməl bilməkdən, geniş biliyə və mütaliəyə malik olmaqdan keçir. Auditoriyalar qarşısında çıxış etməyə hazırlaşan natiqin söhbəti lakonik, aydın, anlaşıqlı, elmi cəhətdən qüvvətli olmalıdır. Natiqlik sənətinə aid olan bütün bu xüsusiyyətləri isə gənclərimiz ümummilli liderin nitq nümunələrindən əldə edə bilərlər.

....
Azərbaycan Dövlət Universitetinin (BDU) 50 illik yubileyi zamanı ümummilli liderin rus dilində deyil, azərbaycan dilində çıxış etməsi yüksək qiymıətləndirilməlidir. Bu adım ilə həm ziyalılarımıza, həm də məmurlara bir nümunə idi.


Ölkəmizdə ana dilinin hərtəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində mühüm xidmətləri vardır. Əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanı diqətdə saxlaya bilirdi.
İstifadə edilmiş ədəbiyyat siyahısı


1.Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. - Bakı, 2013. 277s.
2. Əliyev H. Müdrik fikirlər. - Bakı: Çaşıoğlu, 2008. – 399 s.
3. Cəfərov N. Azərbaycan nitq mədəniyyəti / Mərdənova S, Qəribli A.
4. Zamanov N. Heydər Əliyev və nitq mədəniyyəti . – Bakı : Elm və təhsil, 2013. - K.I – 480 s.
Yüklə 36,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə