gözlərinin dəlikləri niyəsə həddindən artıq yekəydi.
Bir sözlə, bu adam, tarixçilərin
təsvir elədiyi kimi, o qədər də hündürboylu deyildi ki, sarayın dar və alçaq
qapılarından keçə bilməsin. Bu, deyilən kimi, uşaqları və qaranquşları sevən, bir
çox heyvanların dilini bilən, təbii fəlakətləri qabaqcadan hiss eləyən, gözlərə baxıb
ürəkləri oxuyan, bir çimdik duzla cüzamlı yaralıları sağaldan, iflicli xəstələri ayağa
qaldıran, şəfqət duzunun sirrini bilən adama oxşamırdı, onun haqqında bütün
danışılanlar, əlimizə keçən mundirlərinin ölçülərindən fərqli olaraq, onun,
həddindən artıq möhtəşəm cüssəsindən xəbər verirdi. Mənşəyinə gəldikdə isə, bu
barədə bütün məlumatların və qaynaqların
məhv edilməsinə baxmayaraq, hamı
bilirdi ki, o, aran adamı idi, çünki onda, bütün aranlılara məxsus hakimiyyət
hərisliyi vardı. Qəddar idarəçilik üslubu - daim qanıqara gəzməsi də buna bir sübut
idi, dənizimizi, bilərəkdən xarici dövlətlərə satıb, bizi, ölü külünü andıran qupquru
tozanağa bürünmüş ucsuz-bucaqsız səhrada yaşamağa məhkum etməsi də. Şəxsi
həyatına qalanda isə, deyirdilər, saysız-hesabsız sevgililərindən, daha doğrusu,
yatdığı arvadlardan (əslinə qalsa, bu qadınların heç birini o sevməmişdi) onun beş
mindən çox uşağı vardı və bu
uşaqlardan heç birinə, ağıllı-başlı, tamam-kamal
adam demək olmazdı. Bu uşaqların heç biri onun nə adını, nə də soyadını
daşımırdı. Bircə Letisiya Nasarenodan olan oğlundan savayı. Bu uşaq, dünyaya
gələr-gəlməz, general rütbəsi almış və ilk övlad hüququyla dairə diviziyasının
komandanı vəzifəsinə təyin edilmişdi. O da ona görə ki, bu uşağı Letisiya
doğmuşdu. Qalan uşaqlara gələndə isə, sahibləri belə hesab edirdi ki, uşaq tək bir
anayla da kifayətlənə bilər. Çünki o özü də, digər görkəmli despotların taleyinə
uyğun olaraq, atasının üzünü görməmişdi. Görüb tanıdığı, bircə anası Bendisyon
Alvarado olmuşdu. Bütün dərsliklərdə də yazılmışdı ki, Bendisyon da, Müqəddəs
Mariya kimi, yuxuda ikən bakirə hamiləlik möcüzəsi
ilə boylu olmuş və ali
qüvvələr uşağın alnına möminlik taleyi yazmışdı. Odu ki, hakimiyyət zirvəsinə
çatan kimi o, xüsusi dekretlə Bendisyon Alvaradonu Vətən anası elan etdi – çünki
belə ana dünyada bircə dənə idi, «Ona görə ki, lənət şeytana, bu mənim anamdır!»
Əslində isə bu, nəsli-kökü bilinməyən, ağlasığmaz dərəcədə sadəlövh və dağınıq
təbiətinə görə, saraydaxili qayda-qanunları bütün ciddiliyi ilə qoruyub saxlayan
əyanların nifrətini qazanan qəribə bir qadın idi. Heç kim bu qadının, yəni dövlət
rəhbərinin anasının, qəm-kədər çəkməsin deyə, döşünə çörəkotu düyünü taxıb
gəzməsiylə, kürünü çəngəllə, özü də hər dənəsini çəngələ ilişdirə-ilişdirə
yeməsiylə, laklı çəkmələrini, ayaqlarından ağır qandallar asılıbmış kimi, arxasınca
sürüyən yerişiylə heç cür barışa bilmir, onun, musiqi məşqləri keçirilən şüşəbənddə
arı pətəkləri bəsləməyindən, dövlət idarəsinin binasında toyuq saxlamağından
hiddətlənir, tükləri bozarmış, ütük quşları akvarel rəngləri
ilə rəngləyib bazarda
satmasından, əzəldən tarixi nitqlər söylənilmiş mötəbər prezitdent eyvanında,
yuyulmuş paltarları qurutmağından əsəbiləşirdilər. Rəsmi qəbulların birində isə,
onun giley-güzarından hamının az qala ürəyi dayanmışdı. O, oğlunun prezidentlik
əsarətindən azad olunması üçün gecə-gündüz Allaha yalvarmaqdan bezdiyi üçün
prezident sarayında yaşamağın çətinliklərindən şikayətlənirdi: «Elə bil gecə-
gündüz projektorların altındayam, senyor!» O, bu sözləri mili bayram günündə,
əlində boş şüşələrlə dolu səbət, fəxri qarovulu itələyib özünü prezident limuzininə
dürtüşdürəndə dediyi kimi, elə-beləcə də demişdi. Camaat əl çalır, təntənəli musiqi
33
səslənir, yollara güllər səpilir, limuzin fəxri paradı açmağa hazırlaşır, Bendisyon
Alvarado isə şüşə dolu səbətini maşina soxuşdurub: «Onsuz da dükana tərəf
gedirsən, oğul, bu şüşələri də qaytar!» - deyirdi. Yazıq ana… Axı o, nə biləydi ki,
tarixi an nə deyilən şeydi?! Bu qadında
zərrə qədər də olsun, siyasi həssaslıq yox
idi. Bu çatışmazlıq, ələlxüsus, admiral Xiqqinsin rəhbərlik etdiyi Amerika hərbi
donanmasının yerləşdirilməsi şərəfinə verilən banketdə özünü büruzə verdi.
Banketdə, oğlunu ilk dəfə parad geyimində – döşü qızılı orden-medallarla
bəzədilmiş formada, ipək əlcəklərdə görən Bendisyon Alvarado, içinə sığmayan
analıq qürurunu gizlədə bilməyib, diplomatik korpus boyunca bərkdən-bərkdən:
«Bilsəydim balam bu boyda ölkənin prezidenti olacaq, heç olmasa onu
oxudardım!» - dedi. Bu, misli görünməmiş fəlakət idi…
Prezident biabır olmuşdu... Buna görə Bendisyon Alvarado təcili surətdə saraydan
birbaşa şəhər kənarındakı on bir otaqlı malikanəyə köçürüldü. Bu malikəni oğlu,
həmin o tarixi gecə – qaçaq düşmüş konservatorların dəbdəbəli evləri qumara
qoyulan gecə, qələbə çaldığı Federasiya tərəfdarlarının başçılarından udmuşdu.
Lakin bu imperiya vaxtından qalan qədim ev qətiyyən Bendisyon Alvaradonun
ürəyinə yatmırdı: «Buralara baxanda, senyor, elə bilirəm, Roma papasının
arvadıyam». Odur ki, qadın evin,
ağalar yaşayan hissəsində yox, altı nəfər
sədaqətli, ayağıyalın qulluqçularıyla birlikdə xidmətçilərin otağında yaşayır,
vaxtının çox hissəsini həyətin kənarındakı sərin otaqda - quş qəfəslərinin və tikiş
maşınının önündə keçirirdi. Bu yarıqaranlıq zirzəmiyə bənzər otağa, demək olar,
heç vaxt isti toxunmurdu, axşamlar ağcaqanadlar da burda bir elə zəhlə tökmürdü.
Bendisyon Alvarado burda, kimsəsiz həyətdən içəri sızan zəif işığın altında sakitcə
öz işləri ilə məşğul olur, tikiş tikir, quşları, hər biri qu quşuna çönənəcən, akvarel
rəngləri
ilə rəngləyir, tamarinlərin təmiz havasını ciyərlərinə çəkə-çəkə öz-özünə:
«Yazıq balam, bu nə zülümdü çəkir?!... Andıra qalmış o dəniz ordusu onu saray
dustağı eləyib. Yanında ana yox, qədirbilən arvad yox. Ayda aldığı ütük üç yüz
pesoya görə canını əldən salıb. Yorulub əldən düşəndə, ağrısı kürəyindən çıxanda,
kim onun başına sığal çəkəcək?!.. Yazıq balam!..» - deyə deyinirdi.
Ana bu sözləri elə-belə demirdi. Axı, oğlu, demək olar, günaşırı - bütün şəhər
siesta saatlarında bürküdən boğulanda anasına baş çəkməyə gəlir, onun xoşladığı
şirniyyatlardan gətirir, dəniz piyadalarının əldəqayırma başçısı qismində payına
düşən miskin qazancından, gətirdiyi bu şirniyyatı, təsadüfən nahar süfrəsinin
üstünə atdığı salfetin altından çırpışdırdığından, xərclədiyi hər qəpiyin, yeməyinin
qalığının belə, lənətə gəlmiş qrinqoçuların öz hesab kitabçalarına qeyd etməsindən
gileyli-gileyli danışır, qeybət qırıb ürəyini boşaldırdı. Bu yaxınlarda isə, deyirdi,
zirehli
gəminin komandiri, başa düşmək olmurdu, astronomlar idi, ya xəritəçilər
idi, kimlər idisə, sürüyüb özüylə saraya gətirmişdi. Onlar ona Allahın salamını belə
verməmiş, onu adam yerinə qoymadan, dinməz-söyləməz, yerölçənlərlə otaqları
eninə-uzununa ölçə-ölçə, ağızlarının içində nə isə hesablaya-hesablaya, onun
üstünə tərcüməçi vasitəsi ilə: «Çəkil burdan! İşıqdan keç! Mane olma!» - deyə
çımxırmışdılar. O da deyilənlərə sakitcə əməl edib, «çəkil» deyəndə, çəkilmiş,
işığın qabağını kəsməmək, əl-ayağa dolaşıb mane
olmamaq üçün az qala küncə
qısılmışdı. O birilər isə elə hey ölçüb-biçir, onu burdan-ora, ordan-bura qova-qova,
34