görmürdü, bunları eyni ciddilik və inadkarlıqla
həll edirdi, o vaxtlar o, səmimi-
qəlbdən inanırdı ki, insanlara xöşbəxtlik bəxş etmək, ölümü isə, fərasətin və
fəhmin köməyi ilə aldatmaq olar. İndi isə o heysiz bir qoca idi! Halbuki bir vaxtlar
onun hökmü o qədər əzəmətli və kəsərliydi ki, o, kimdənsə saatı soruşanda: «Saat
neçəni əmr etsəniz, mənim generalım!» - cavabını alırdı və həqiqətən də o, günləri,
həftələri könlü istədiyi kimi idarə edir, ona lazım və sərfəli olanda, gündüzləri
gecə, gecələri gündüz bilməyi əmr edirdi; qəbulolunmuş ənənəvi bayram günlərini
də o,
istədiyi kimi dəyişdirirdi, təqvimi elə tərtib edirdi ki, onun ölkənin bu və ya
digər rayonuna gəlişi hansısa bayramla bir vaxta düşsün ki, özünü başqa yerdə də
həmin bayrama çatdıra bilsin; hər yerdə də onu, gölgəsi, əli maçeteli olan,
ayaqyalın hindu, qaragün senatorları və taxta qəfəslərdə döyüş xoruzları müşayiət
edirdi: o, tamaşaçılarla, bu və ya digər xoruza görə ucadan mərc gəlir, təbil səsini
andıran əcayib qəhqəhəsindən qalyeranın taxta meydançası titrəyirdi; bu qəhqəhə,
musiqinin səsini də, göyə atılan fişənglərin parıltısını da asanca batırırdı, çünki biz
hamımız onunla birgə qəhqəhə çəkməli, o susub həyəcanlananda,
iztirab içində
susmalı, onun xoruzları bizim xoruzlara qalib gəldikdə, bu qələbəni sürəkli
alqışlarla qarşılamalıydıq; xoruzlarımız onun xoruzlarına basılmağa elə ustalıqla
öyrəşmişdi ki, bu savaşlarda demək olar, heç vaxt pərtlik olmurdu; yalnız bir dəfə
Dionisio İquaranın qoçaq xoruzu qarşısıalınmaz sərt bir həmləylə, adlı-sanlı
qonağın göyümsov xoruzunu altına basıb boğazını üzmüşdü; o vaxt hamımız
qorxudan yerimizdə donub qalmışdıq, general isə qalxıb Dionisioya tərəf
yönəlmişdi və onun əlini sıxaraq: «Afərin! – demişdi. – Əsl kişisən!» Onda iş elə
gətirmişdi ki, bu oyun generalın kefinin yuxarı vaxtına təsadüf eləmişdi, odu ki,
Dionisionun xoruzunun ədəbsizliyi onun kefini poza bilməmişdi. Əksinə, bu yeni
növ hiss-həyəcana görə bir növ ona minnətdarlıq hissi duymuşdu.
Prezident:«Bu xoruza neçə verim?» - deyə soruşanda, Dionisio İquaran çəkinə-
çəkinə: «Peşkəşdi,
cənab general, - demişdi - götürün». Dionisio İquaran, camaatın
alıqışı, musiqi və fişəng səslərinin sədaları altında evinə yollananda və yol boyu
hamıya, məğlubedilməz, qırmızı xoruzunun əvəzinə ona peşkəş verilmiş altı ədəd
yarlı-yaraşıqlı, cins xoruzu göstərib öyünəndə, çoxları ona qibtə eləmişdi; lakin elə
həmin gecə Dionisio İquaran yataq otağına girib qapını arxadan bağlamışdı, bir
şüşə əldəqayırma qamış romunu başına çəkib, özünü qamakın kəndirindən
asmışdı… çünki zavallı, generalın bu yüksək mükafatına, ənamına layiq görülmüş
şəxsi hansı bədbəxtliyin və fəlakətlərin gözlədiyini yaxşı bilirdi; generalı isə belə
şeylər əsla düşündürmürdü, bütün bu təntənəli mərasimlərdən və səfərlərdən sonra,
görüş vaxtı hal-əhval tutub söhbət elədiyi, yaxud, sadəcə, adlarını çəkdiyi
adamların başına bu qədər faciəli hadisələrin gəlməsi də niyəsə onu düşündürmür,
arxasınca uzanan «arzuolunmaz şəxslərin» qanlı izi də onu narahat eləmirdi; onu
sevənlərin yeganə qisməti
lənət və ölüm idi; adi söhbətlər zamanı kimsəninsə onun
adını səhv deməsi, ya hər hansı sözü başqa şəkildə işlətməsi kifayət idi ki, onu
müşayiət edən muzdlu əlaltıları bu təsadüfi xətanı, heç bir günahı olmayan bu
adamın təqibinə başlamaq işarəsi kimi yozsunlar.
O, ölkə boyu əcaib armadil* yerişiylə gəzib dolanır, üz-gözü tük basmış, qatı tər
iyi verən vücuduyla qəfil gözlənilməzliklə evlərin birində, yaxud, kiminsə
mətbəxində peyda olurdu; ilk baxışda, fağır yolçunu andıran bu adamın gəlişi ev
59
sakinlərinin canına vəlvələ salır, o, totunayla** gil badyadan su götürür, onu
fınxırtıyla içib yanğısını söndürür, yaxud, qazana yaxınlaşıb əlini onun içinə soxur,
ət tikələrini seçib götürür, ağzını marçıldada-marçıldada, köpənəcən yeyirdi; o elə
sadəydi ki, bu sadəlikdən adamların canına niyəsə üşütmə düşürd, amma özünün
ağlına da gəlmirdi ki, indən belə onun təşrifinin lənətli izi, ya nişanəsi həmişəlik
olaraq bu evdə qalacaqdı;
bir də o, bunu hansısa siyasi məqsədlərlə yox, sonralar
da olduğu kimi, xalqın məhəbbətini və pərəstişini qazanmaqdan ötrü eləyirdi,
çünki bu məhəbbətə ehtiyaclıydı, bir də ona görə belə eləyirdi ki, əslində, o çox
sadə adam idi, necə görünürdüsə, elə həmin o adam idi. Həmin dövrdə hakimiyyət
onun üçün, sonralar toxluqdan çiyrinmiş payızında olduğu kimi, adamı tədricən
içinə soran bataqlıq yox, coşqun sel idi və həmin bu sel, bizim hamımızın gözləri
qarşısında, ən qədim və dərin qatlardan fışqırıb üzə çıxan axın kimi bir şey idi;
hakimiyyət onu idarə eləmirdi, o, hakimiyyəti idarə edirdi
və bar verməli olan
ağacı barmağıyla göstərməyi kifayət idi ki, həmin ağac bar versin, balalamalı olan
heyvanı göstərməyi kifayət idi ki, o heyvan balalasın, hansısa məqsədə yetmək
istəyən adamı göstərməyi kifayət idi ki, həmin şəxs öz məqsədinə çatsın; o, yağışı,
məhsula ziyan verəcək yerlərdə dayandırıb, onu quraq torpaqlara yağmağa məcbur
eləməyi də bacarırdı. – «Senyor, bütün bunları mən öz gözlərimlə görmüşəm!»
Onun haqqında yayılan bu sayaq əfsanələr, o, hakimi-mütləq olub, özü də buna
inanandan çox-çox əvvəllər yaranmışdı, hələ o illərdə yaranmışdı ki, o, müxtəlif
əlamətlərə, qara-qura yuxuların, vəhylərin yozumuna, cadu-pitiyə inanırdı.
Məsələn, o, yenicə başladığı səfərini yarıda kəsirdi ki,
nə var-nə var, başı
üzərindən uçub keçən piqma quşu bir-iki ağız cükküldəyib, yaxud xalqla baş
tutmalı görüşü başqa vaxta keçirirdi ki, bəs anası Bendiyon Alvarado toyuq
yumurtasında iki özək aşkar edib; bir dəfə isə - növbəti səfəri ərəfəsində, onu hər
yerə müşayət edən məiyyətindən, özünün söyləməyə cəsarəti çatmadığı nitqləri
onun əvəzinə söyləməli olan senatorlardan və millət vəkillərindən o səbəbdən
imtina etmişdi ki, həmin gecə o, qorxulu yuxu görmüşdü… görmüşdü ki, böyük,
mebelsiz
bir otaqda, onu dörd tərəfdən əhatəyə almış, qəssab bıçaqlarıyla
yaraqlanmış boz pencəkli kişilərin arasındadı… onlar, irişə-irişə, əllərindəki
bısaqla onu kəsib-doğrayırlar, ha tərəfə çönürsə, ha yana gedirsə, üzünü
yaralamağa, gözlərini oyub tökməyə köklənmiş bu bıçaqlarla üzləşdikcə, özünü, bu
əcaib təbəssümlü, ölü rəngli, qaradinməz qatillərin arasında, qovulub boğazlanmış
heyvan kimi hiss edir, onlar, bu qurbanlıq mərasimini başa çatdıracaq ən sonuncu
və həlledici zərbənin kimin vuracağını və bununla da, kimin birinci olaraq onun
qanından içmək şərəfinə nail olacağını götür-qoy edirlər; lakin o, artıq nə qorxu, nə
qəzəb hiss edir, daxilində qəribə bir əminamanlıq duyur, həyat bədənini tərk
etdikcə, bu dinclik canına bir az da çox yayılırdı; öz cismini,
çəkisini daha
duymurdu… ruhunu, qəlbini anlaşılmaz bir rahatlıq, izaholunmaz bir aydınlıq
sarmışdı… o hətta gülümsəyirdi: öz qatillərinə, öz qismətinə gülümsəyirdi… və
budur, nəhayət onlardan biri - yuxuda onun oğlu olan şəxs, əlindəki qəssab
bıçağını onun qasığına soxub sonuncu havanı buraxdı… və qanı otağın ağ
divarlarına, bu dəhşətin ağlığına çiləndi… «Onda mən qana bulaşmış ponçomu
üzümə çəkdim, üzümü örtdüm ki, diri olarkən məni tanımayanlar, ölü halımda da
tanıya bilməsinlər və yerə yıxıldım, can verməyə başladım…» Yuxu o qədər real
60