[425]
Bu və ya digər mülahizələrdən aydın olur ki, zəif və ya mövzu hədislər İslama
ziyandan başqa bir şey gətirməmişdi. Bu qrupa aid olan hədislər vahid İslam
ümmətini parçalamaqla yanaşı, müsəlmanların İslamı yalnış anlamasına,
müsəlmanların digər din ardıcılları müqabilində aciz, düşüncəsiz və mədəniyyətsiz
görünməsinə səbəb olmuşdur. Təsəlliverici hal yalnız budur ki, ta qədimdən bu
günədəkİslam alimləri çox böyük zəhmət sərf edərək hədisləri bir-birindən
fərqləndirmiş, onları saf-çürük edərək insanları doğru Quran maarifinə tərəf
yönəltmişlər. Hər iki məzhəbin böyük alimləri, fəqihləri və hədisşünasları hədisləri
nə qədər saf-çürük etsələr də, nə qədər bu yolda vaxt və zəhmət sərf etsələr də, yenə
hər iki məzhəbdə uydurma və zəif hədislər vardır. Təəssüfləndirici hal budur ki,
müsəlman mənbələrində yer alan bəzi zəif hədislərİslam düşmənlərinin əlində bir
fürsət olmuş və onlar ta qədimdən indiyənədək bu hədislərdən sui-istifadə edərək
İslamın və müsəlmanların əleyhinə təbliğat aparmışlar.
8.2.ZƏİF HƏDİSƏ ƏMƏL EDİLƏRMİ?
Zəif hədislər bildiyimiz kimi ya isnadına, yaxud da mətninə görə zəif olur.
Hədisin isnadına görə zəif olması da əsasən ya isnaddan bir və ya bir neçə ravinin
düşməsinə, yaxud da isnadda yer alan ravilərin birinin ya bir neçəsinin “mətainu-
aşara”ya (on pis söz) məruz qalmasına görədir. Mətninə görə isə hədisin zəif olması
da hədisin mətninin Qurana uyğun gəlməməsi və yaxud da ağıl tərəfindən qəbul
edilməməsinə görədir. Həmçinin hədisin mətninə ravinin müdaxilə etməsi də hədisin
zəif olmasına səbəb ola bilər. Belə olan halda zəif hədisə əməl etməyin doğru olub-
olmaması məsələsi ortaya çıxır. Əlbəttə ki, bu məsələ hədis alimləri vəİslam fəqihləri
arasında ciddi problemlərdəndir. Bütün İslam məzhəbləri bu mövzu ətrafında
ciddiyyətlə məşğul olmuş və bəzən ixtilaflı, bir-birinə zidd olan fikirlər
səsləndirmişlər. Biz də bu fəsildə bütün İslam məzhəbləri, yəni, Hənəfi, Şafei,
Hənbəli, Maliki və Şiə-imamiyyə məzhəbləri üzrə zəif hədislərə əməl edilib-
edilməməsini araşdıracağıq.
Əvvəlki fəsillərimizdə qeyd etdiyimiz kimi, zəif hədislər mövzu (uydurma)
hədislərdən fərqlidir. Onları bir-birinə qarışdırmaq, birinin hökmünü digərinin
hökmünə qarışdırmaq qətiyyən yolverilməzdir. Mövzu hədislər mütləq mənada
uydurulmuş məsuma (ə) aidiyyatı olmayan hədislər hesab olunur. Amma, zəif
hədislər heç də belə deyildir. Biz ötən bəhslərimizdə hədisin zəif olma səbəblərini
aydınlaşdırdıq. Deməli, zəif hədislər mövzu hədislərdən tamamilə fərqlənməkdədir.
Bu barədə Ustad Sübhani yazır: “Əgər isnadına görə bir zəif hədis görsən, gərək
deyəsən: bu hədis zəifdir ya sənəd, yaxud da, mətn baxımından. Sənə icazə verilmir
ki, zəif hədisə mövzu hədis deyəsən və onu belə adla sifətləndirəsən. Çünki mütləq
zəiflə mövzu hədis arasında fərq vardır və mövzu hədisi zəif hədisin əksinə nəql
etmək caiz deyildir. Həqiqətən də zəif xəbərlər bəzən səhihləri anlamaq və başa
düşmək üçün əlamət ola bilər, necə ki, bəzən onların bir yerə toplanması etimadlı
olmalarına zəmanət verir... bundan başqa öz yerinə görə faydaları da
[426]
vardır.”
1504
Deməli, zəif hədis mütləq mənada uydurma olmadığından ona əməl
etməyin mümkünlüyü ortaya çıxır və bu, alimlərə görə mümkündür. Əhli-sünnə
alimlərinin əksəriyyətinin rəyinə görə zəif hədisə əməl etmək caizdir. Əhli-sünnənin
məzhəb imamlarının hamısı zəif hədislərə əməl
etməyin
caiz olduğu
görüşündədirlər.
1505
Bu mövzunu açıqlayan Səxavi yazır: “Zəif hədislərə əməl
ediləcəyini müctəhidlərdən üç imam Əbu Hənifə, İmam Malik və Əhməd bin Hənbəl
də müdafiə etmişlər. Hətta İmam Şafei bir məsələdə başqa hədis olmadığı zamanda-
mürsəl hədisin zəif olduğunu qəbul etdiyi zamanlarda-mürsəl hədisə əməl edərdi.”
Həmçinin, Əhməd bin Hənbəl demişdi: “Zəif hədis, qiyasdan üstündür.”
1506
Şiə məzhəbli alimlər də zəif hədisə əməl edilər deyə fikir söyləmişlər. Belə ki,
istər qədim, istərsə də yeni dövrün üsul alimləri və fəqihləri əməllərin fəzilətləri
haqqında varid olan, lakin Quranla və səhih hədislə müxalif olmayan zəif hədislərə
əməl etməyin heç bir qəbahəti olmadığını demişlər.
Zəif hədislərə əməl edilib-edilməməsi məsələsini diqqətlə incələyən müasir
hədis tədqiqatçılarından olan Prof. Dr. İsmayıl Lütfü Çakan yazır: “Zəif hədisə əməl
etmək məsələsində üç ayrı görüş vardır:
1. Zəif hədisə əsla əməl olunmaz.
2. Zəif hədisə hər hansı bir mövzuda olursa olsun, əməl olunar.
3. Əməllərin fəzilətləri mövzusunda xüsusi şərtlər daxilində əməl olunar.
İbn Həcər (öl. 852 h. / 1448 m.) üçüncü görüşün şərtləri haqqında belə məlumat
verir:
-Yalançı birinin təkbaşına rəvayət etmiş olması kimi şiddətli bir zəiflik
daşımamalı.
-Özü ilə əməl olunan ümumi və əsli bir hökmün əhatəsi altına girməli.
-Əməl edilərkən o hədisin sabit olduğuna inanılmamalı, əksinə ehtiyatən əməl
edildiyi bilinməlidir.
1507
Həmçinin məşhur hədis tədqiqatçılarından olan Prof. Dr. Nuriddin İtər yazır:
“Müstəhəbb əməllərin fəzilətlərinə aid olan zəif hədislərə əməl etmək müstəhəbdir,
bu hədisşünasların, fəqihlərin və digər qrup alimlərin görüşüdür. Bu barədə alimlər
içərisində Nuri, Şeyx Əli əl-Qari və İbn Həcər əl-Heytəmi müttəfiqdirlər. Bunun
şərtlərini İbn Həcər izah etmişdir.”
1508
İbn Həcər zəif hədislərə əməl etməyi caiz bilmiş və bunun əməllərin fəzilətləri
haqqında mümkün olduğunu irəli sürmüşdür. O, deyir: “Əməllərin fəzilətləri barədə
olan zəif hədislərə əməl etmək alimlərin müttəfiq fikrinə görə caizdir. Çünki əgər,
zəif hədis əməl haqqında səhih olarsa, doğrudan da ona əməl etmək onun
doğruluğudur. Əgər ona əməl etmək fəsadlı olsa da belə, halaldır, haram deyildir.
Həmçinin belə olduqda başqasının haqqını tapdamaq (puç etmək) deyil.”
1509
1504
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 124
1505
Səxavi, Fəthül-müğis, c. I, səh. 80
1506
İbn Hazm, əl-Mühəlla, c. I, səh. 68
1507
Prof. Dr. İ. L. Çakan, Hədis üsulu, səh. 146, Prof. Dr. Nuriddin İtər, Mənhəcün-nəqd fi ülumil-hədis, ikinci nəşri,
Dəməşq, 1981, səh. 293
1508
Mənhəcün-nəqd fi ülumil-hədis, səh. 292-293
1509
Nuriddin İtər, Mənhəcün-nəqd, səh. 293, əl-Əcvibətül-fazilə, səh. 42