12
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
İnsanlar seçim edərkən vaxt amili önəmli bir rol oynayır. Çünki
qərarın gecikməsi iqtisadi səmərənin itirilməsinə gətirib çıxara bilər.
İnsanlar seçim edərkən, həmişə itirirlər. Amma itirdiklərinin dəyəri
qazandıqlarının dəyərindən nə qədər az olarsa, qəbul edilmiş qərar da bir o
qədər səmərəli olar.
İqtisadiyyatı öyrənmək üçün iqtisadi davranışların rolu böyükdür.
Lakin iqtisadi davranışlar təkcə insanlara aid deyil. Cəmiyyətdə ən mühüm
qərarları alan dövlət iqtisadi proseslərin ən fəal iştirakçısıdır. İnsanlar kimi
dövlət öz iqtisadi siyasətində seçimlə üz-üzə gəlir: cəmiyyətdə sosial
ədalətə nail olmaq yoxsa iqtisadi səmərəliliyi artırmaq. Dövlətin bu
seçimdən aldığı qərar onun iqtisadi siyasətinin ana xəttini təşkil edir. Lakin
dövlət bu seçimi təkbaşına etmir, ilk növbədə iqtisadçıların fikirlərinə
əsaslanır. Hər bir dövlətdə iqtisadi qərarların verilməsi ilə bağlı qurumlar,
orqanlar fəaliyyət göstərir. Lakin faktdır ki, iqtisadçılar bir-birilə çox vaxt
razılaşmır və onlar tez-tez ―bir tərəfdən digər tərəfdən isə‖ sözlərini
işlədirlər. Vaxtilə Amerika prezidenti Harri Truman demişdir: ―Mən
birtərəfli iqtisadçı axtarıram‖.
XX əsrin əvvəllərində, iqtisadi fikirdə Keyns nəzəriyyələri üstün idi.
Onun irəli sürdüyü fikirlər praktikada uğurla həyata keçdi. Keyns
iqtisadçıdan daha çox, ağıllı siyasətçi idi. Onun fikrincə, iqtisadiyyatın
öyrənilməsi heç bir yüksək səviyyəli xüsusi qabiliyyətin olmasını tələb
etmir. O yazır: ―İqtisadi nəzəriyyə, fəlsəfənin mürəkkəb qolları və ya xalis
dəqiq elmlərlə müqayisədə çox asan bir mövzu deyilmi? Çox az insanın
mükəmməl öyrənə bildiyi asan bir mövzu! Yəqin ki, bu ziddiyyətin izahı
iqtisad elminin ustasından qabiliyyətlərin çox nadir birləşməsinin tələb
olunmasıdır. O eyni zamanda müəyyən ölçüdə riyaziyyatçı, tarixçi, dövlət
adamı və filosof olmalıdır. O, bugünkü keçmişin işığında, gələcək
məqsədlər üçün öyrənməlidir. O məqsədli olmalıdır və ikili əhval
ruhiyyədən uzaq olmalıdır; bəzən sənətçi kimi yüksəklərdə və təmiz
olmalı, bəzən isə siyasətçi qədər yerə yaxın olmalıdır.‖ [2]
Müasir iqtisad elmi təkcə yetkinliyin müəyyən səviyyəsinə çatmayıb,
həm də özünün xüsusi müzakirələrini, maraq dairəsini, düşüncə
məktəblərini ümumiləşdirib və əhəmiyyətli elmi təsdiqlər əldə edib.
Müasir iqtisadiyyatın təqdimi siyasət və iqtisadiyyat arasındakı
konseptual sərhədlərin müəyyən olunmasına xidmət edir və bu, bizə
inteqrasiya olunmuş siyasi iqtisada yanaşmanı inkişaf etdirməyə imkan
yaradır. Bizim ənənəvi təsəvvür etdiyimiz dövlət və bazar anlayışları artıq
gerçəklik baxımından mövcud deyil. Kapital və hakim qüvvə hər iki
arenada təqdim edilib və bir-birinə olduqca bağlıdır. Bizdən isə bu
13
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
anlayışlara siyasi iqtisad aspektindən baxmaq tələb olunur. Müasir dövrdə
dövlət və bazarın paralel yaranması və interaksiyası (qarşılıqlı əlaqəsi)
siyasi iqtisadı yaradır və bir çox iqtisadi, eləcə də siyasi məsələlər bu
konteksdə həll olunur.
Paul Krugman 1996-cı ildə Avropa Siyasi İqtisad Assosiasiyasının
illik konfransındakı nitqində iqtisadiyyata münasibətini bu amillər üzərində
qurmuşdur: İqtisadiyyat fərdlərin nə etməsi haqqındadır. Fərdlər lovğa və
özündənrazıdır. Həm də fərdlər qabiliyyətlidir: qazanc üçün fürsətlər əldən
verilmir. 100 dollarlıq əskinas nəzarətsiz şəkildə uzunmüddət küçədə qala
bilməz. Biz bu cür fərdlərin interaksiyası haqqında düşünürük: ən maraqlı
iqtisadi nəzəriyyələr təklif və tələbdən başlayaraq ―görünməz əl‖
haqqındadır. [3]
Son illər müasir iqtisadi nəzəriyyələr, konsepsiyalar və modellər bir
qayda olaraq, adətən Nobel mükafatçılarının adı ilə əlaqədardır. Son
dövrlərdə iqtisadi nəzəriyyələrdə əmələ gələn bir xüsusiyyət də onların
empirik xarakterinin artmasıdır. Nəzəriyyələrdə praktik cəhət artdıqca,
onların riyaziləşməsi də çoxalır. Bir çox iqtisadçılar iqtisad elmində
riyaziyyatın rolunu dəfələrlə qeyd edirlər. Onların fikrincə, iqtisad elmində
riyazi formalizm həddən artıq dominantlıq edir. Nobel mükafatçısı Vasili
Leontyev bu iqtisadçılardan biridir. Onun fikrincə, çox iqtisadçı-
riyaziyyatçılar sadəcə yaxşı olmayan riyaziyyatçı idilər, buna görə də
iqtisadiyyatda həmişə maraqsız olan riyaziyyat, iqtisadçıya çevrilmək üçün
onlara əla imkan yaratdı. Belə bir sual yaranır: bəs nə vaxt riyaziyyat
faydalıdı, nə vaxt formalizmdir?
Bu suala Vasili Leontyevin cavabı isə belədir: ―Mənə elə gəlir ki,
riyaziyyat-sadəcə məntiqdir. Ümumi yanaşma-bu çox vacibdir. Riyaziyyat
bizə imkan verir ki, hesab edək ki, bütün tsiklik tərəddüdlər sıralarla izah
olunur-bu inkişafdır. Bu həqiqi riyazi yanaşmadır. Riyaziyyatçılar bunu
bilirlər. Həqiqətdə, öz nəzəri işimdə qarşılaşdığım ən ciddi problemlərdən
biri bu ani tərəddüddən qaçmaq idi. Bu böyük matrislərdə çox böyük məna
var və onlardan bəziləri yüksək inkişaf yaradır.[4]
Doğrudur, riyaziyyat uzun müddət mürəkkəb iqtisadi məsələlərin
həllində bir vasitə kimi istifadə olunmuşdur. Ancaq bəzi iqtisadçıların
fikrincə, iqtisad insan faktorlu sosial bir elmdir. İnsan isə riyaziyyat dili ilə
izah oluna bilməyəcək mürəkkəb və davranışları öncədən bilinməz bir
varlıqdır. Ona görə də, iqtisadi məsələlərin izahı üçün riyazi modellər
kifayət deyil. Yeni yaranan ―Davranış iqtisadiyyatı‖ nəzəriyyəsi isə insanın
iqtisadi davranışlarını psixoloji yollarla incələyərək iqtisadiyyata töhfə
vermişdir.
Dostları ilə paylaş: |