40
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
birlikdə çiçəklərin arasına girib eşələnirdi. Çox keçməmiş «qırt-qırt» edir, cücələrini
başına toplayır, sevinc dəryasında üzürdü.
Bir gün haradansa güclü bir səs eşidildi, cücələr pərən-pərən oldu. Bir az
keçməmiş cücənin çiviltisi göydən gəldi. Kəkilli toyuq civildəşən cücələri başına
topladı, hamısından çox sevdiyi ağappaq balasının çalındığını gördü.
Kəkilli toyuğun kefi qarışdı... O, ciddi bir fəlakətin başlandığını duydu. Kəkilli
kədərli çağlarını xatırladı, bacı-qardaşının belə bircə-bircə çalındığını, axırda da
anasının caynağa alındığını, özününsə yetim qalıb tək-tənha cükgüldədiyini yadına
saldı.
Yox, çəmənə daha saymazyana çıxmaq olmazdı. Kəkilli toyuq qabarıb
cücələrinə acıqlandı, onları tikanlı, qələməli çəpərin içinə çəkdi, axşam düşənə qədər
burada eşələndilər. Sonra Kəkilli toyuq cücələrini ehtiyatla çıxarıb həyətin
küncündəki hininə apardı, onları qanadları altına toplayıb qəm-kədər içində yuxuya
getdi. Bir azdan o, qar kimi ağ cücəsinin qara buludların arasında çalağanın iti
caynaqlarında cüyürdədiyini, onu öz harayına çağırdığını yuxuda gördü. Kəkilli
toyuq səksənib ayıldı, qanadlarını daha geniş açıb balalarını gizlədi.
Sabah kəkilli toyuq daha çəmənə yönəlmədi, cücələrini çal-çəpərin içinə çəkdi.
Ancaq axşama yaxın o, ehtiyatı unutdu, həyətə çıxdı. Ac cücələrini səslədi, dünən
səpilən darıları onlara göstərdi. Elə bu an ildırım itiliyi ilə yenə bir səs gəldi, Kəkilli
toyuq haray saldı, peyinlikdə eşələnən şanapipik xoruz quğuldadı, yenə də civilti
göydən eşidildi. Kəkilli toyuq buludlu göyə baxdı. İndi çalağan Səngər dağının
başında hərlənir, qalaçanın dövrəsində fırlanırdı. Şanapipik xoruz hadisə yerinə
yaxınlaşdı, kəkilli toyuq ondan üz döndərdi. Şanapipik xoruz utanıb-qızarmaqdansa,
özünü dartıb dilləndi:
—
Hə, nə böyük bir iş oldu, xanımnaz! Dünya dağılmadı ki?
—
Səndən ötrü heç nə olmadı, əhlikef Paşabəy, — deyə kəkilli toyuq qorxuya düşən
balalarını başına toplayıb onları çəpərin içinə yığdı. «Paşabəy» də ədabazlıqla
quğuldayıb iri qanadlarını çaldı, başını yuxarı qaldırıb «quqqulu-quuu...» banladı.
41
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Bununla da kişiliyini yerinə yetirən «Paşabəy» o tərəfdə eşələnən fərələrin yanına
yollandı.
Kəkilli toyuq, qəddar düşmənin uçuq qalaçadan enib gəldiyini, vaxtı ilə onun
kəkilli anasını caynaqlarına alıb aparan cəlladın indi də onun başının üstünü aldığını
anladı. Bəs kəkilli nə eləsin? Bütün günü qaranlıq tövlədə qalsınmı, ya heç hinindən
çıxmasın? Bir halda ki, gündüzləri evdə, bir adam da olmur, hamı orta bulağın
altındakı bostana yollanır, toran qovuşanda yorğun-arğın qayıdır. Onlar həyətə
səpdikləri darıya, su ilə doldurub küncə qoyduqları sınıq saxsıya arxayın olurdular.
Ev sahibləri bostan işində, «Paşabəy» də aramsız bir kefdə idi. Bəs kəkilli toyuq
başına haranın daşını salsın, cücələrini qorumaq üçün nə çarə qılsın? Bəs o, balalarını
qoruyub boya-başa çatdırmasınmı? Görünürdü ki, geç-tez kəkilli ilə caynaqlı üz-üzə
gəlməlidirlər. Kəkilli toyuğun düşməni güclü, rəhmsiz, amansızdır. O, çalıb
caynaqlarına aldığını bir göz qırpımında göyə qaldırır, buludların arasında itir, sonra
enib Səngər dağının dövrəsində havalanırdı. Çalağanın bəxti üzünə güldüyü, şikarı
gətirdiyi üçün getdikcə gözləri nə yeri, nə də göyü seçirdi.
Caynaqlı çalağana görə hələ kəkilli toyuq çox seviiməli idi ki, çalağan onu da
anası kimi öz iti caynaqlarına alıb aparmır, xaraba qalaçanın içində didmir, onu
parçalayıb qanına bulamırdı, çaynaqlı çalağan getdikcə hirslənir, kəkilli toyuğun
yanını boşaldırdı.
Kəkilli toyuq axırda tək qalan cücəsini yanına alıb gündüzləri çəpərin altında
gününü keçirir, axşamları da hinin küncünə çəkilib vahiməli yuxu görə-görə gecəni
sabaha vururdu.
Kəkilli toyuğun gözü nə qədər caynaqlı çalağandan qorxsa da, onun kini də
artırdı. Körpə cücələri daşımağa alışan, qanlı ətdən bədəni qızışan caynaqlı çalağan
göydə dolanır, sonra da yerə enib bir çapqınçı kimi ağılagəlməz yerdə pusquda
dayanır, bu tək cücəni də çalıb aparmaq istəyirdi. «Görərik, baxarıq», — deyə
havalanan çalağan hədə-hərbəyə keçirdi. «Görərsən səni necə öz caynağıma alaram,
öz anandan da bedtər parçalaram. O da öz tək cücəsini məndən gizləyirdi. Axırı nə
oldu? Caynağımda getdi, sən küncdə-bucaqda gizlənib qaldın, növbə gələndə sən də
42
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
gedərsən. Canından əziz tutduğun bir tək cücən qalar, gələn il bu vaxta mənim üçün
isti xörək olar». Belə deyib daha ciddi marığa yatan, eyvanın başında boz balaca
daşın daldasında gizlənən çalağan xeyli gözlədi. Qaranlıq hində darıxan tək cücə
birdən həyətə çıxdı, səpilən darını dənləməyə başladı. Hinin küncündə mürgüləyən
kəkilli toyuq birdən başını qaldırdı, cücəni yanında görmədi, tələsik hindən çıxdı,
qırt-qırta başlayıb cücəsini hinə döndərmək istədi. Ancaq cücə cükküldədi, anasının
çağırmağına fikir vermədi. Sanki o, itkin gedən bacı-qardaşını səsləyirdi. Elə bu an,
eyvanın başında gizlənən çalağan cücənin yox, kəkilli toyuğun üstünə şığıdı.
Caynaqlarını aşağı sallayınca, kəkilli toyuq da yerdən üzülüb qanada qalxdı, həyətdə
savaş başlandı. Cığıltı qopdu. Tək cücə qaça-qaça haray saldı. Paşabəy fərələrin
yanında döndü, qeyrət göstərib qanadlandı. Adam boyu hündürlükdə vuruş getdi.
Girəvəni əlinə keçirən kəkilli toyuq caynaqlı çalağanın iki gözünü də dimdiyi ilə
çıxarıb isti-isti uddu, elə bu anda ürəyi buz kimi soyudu. Kor çalağan özünü yerə
çırpıb, göyə qalxdı, dövrə vurdu, tikanlı çəpərin dibində—iti qələmələrin arasında
qığıltı eşidən kimi intiqam almaq üçün şığıdı, ancaq o nə kəkilli toyuğa, nə də tək
cücəyə çata bildi. Caynaqlı çalağan iti qələmənin başına sancıldı. Onun isti qanı
aramla axmağa, ana ilə balanın qabağına damcılamağa başladı.
Dostları ilə paylaş: |