201
olmuşdur. Təhsil prosesi siyasi quruluşa uyğun olaraq Moskvada
tutulmuş
proqramlar, tədris planları əsasında təşkil edilmişdir.
1991-ci ildən Azərbaycan müstəqillik əldə edəndən sonra
siyasi müstəqilliyin abı-havası təhsil müəssisələrinə də ciddi təsir
göstərmişdir. Fəxrlə qeyd etmək olar ki, müstəqilliyin ilk
illərində ADU-da (sonralar BDU) beynəlxalq hüquq, beynəlxalq
münasibətlər ixtisası üzrə kadr hazırlığına başlanmışdır. Hal-
hazırda BDU-da bu ixtisaslar üzrə müstəqil fakültə fəaliyyət
göstərir.
Şükürlər olsun ki, indi ölkəmizdə onlarla ali təhsil
ocaqları vardır.
Ancaq ali məktəblərimiz keçmiş sovetlər dövründə
formalaşıb inkişaf etdiyinə görə həmin mühitin yaratdığı o
mədəniyyət, o həyatın kanonları hələ də universitetlərdə yaşayır.
S.M.Kirovun universitetə, təhsilə, elmə aidiyyatı olmadığı bir
halda, uzun illər bizim universitetimiz onun adını daşımışdır. Bu
cür məntiqsiz həyatı biz yaşamışıq. Sovetlər zamanı təhsildə
keyfiyyət kəmiyyətə qurban verildiyindən, ali məktəblərdə
təhsilin səviyyəsi ürəkaçan deyildir. Hətta qardaş Türkiyə
Respublikası çoxsaylı xahiş-minnətə baxmayaraq bizim bir çox
ixtisaslar üzrə verdiyimiz diplomları (tibb və hüquq ixtisasları
üzrə) tanımır. Ali məktəb ifadəsindəki «ali» sözü real bilik
səviyyəsini əks etdirmir.
Ali məktəb problemləri və onların yaranma səbəblərinin
çoxu orta məktəbdəki problemlərə bənzərdi.
Sovetlər dönəmində milli Təhsil Nazirlikləri öz fəaliyyəti
üçün lazım olan elmi-nəzəri müddəaları, əsasnamələri özü
hazırlamırdı, mərkəzdən hazır şəkildə alırdı və mərkəzin nəzarəti
altında da icra edirdi. Bu müddəaların, əsasnamələrin,
prinsiplərin, ümumiyyətlə isə təhsil siyasətinin arxasında duran
elmi fəlsəfə, nəzəriyyə, məntiq Moskvanın elmi-tədqiqat
mərkəzlərində hazırlanırdı. Bu səbəbdən də Azərbaycanda müasir
təhsil sistemi hələ dərin elmi kök buraxmayıbdır. Ona görə də
təhsildə büdrəmə, yoldan sapma, deqradasiyaya uğrama ehtimalı
202
çox böyükdür. Respublikanın bəzi rayonlarda biliyin
qiymətləndirilməsində 9 ballı şkalanın tətbiqi ilə bağlı aparılmış
təcrübələr buna misaldır.
Keçmişdən gələn səbəblər üzündən bir çox universitetlərin
bəzi fakultələrində tələbələrin sayı, həm idarəetmə baxımından,
həm də ölkənin kadr ehtiyacı baxımından lazım olandan dəfələrlə
çoxdur. Bu isə həm nizam-intizamı,
həm idarəetməni çətinləşdirir,
həm də keyfiyyəti aşağı salır. Fakültə böyük olanda tələbələri
ancaq dekan və onun müavinləri tanıyır. Müəllimlər isə
tələbələrin çoxunu tanımır. Fərd kütlənin içərisində itir. Mənəvi
mühit korlanır, müəllim-tələbə münasibətində soyuqluq və
biganəçilik yaranır. Tərbiyəyə nəzarət etmək çətinləşir.
Ali təhsil sistemində də keyfiyyət göstəriciləri kəmiyyət
göstəricilərinə qurban verilir. Əgər bu «qurban vermə» əməliyyatı
orta təhsil şəbəkəsində komplektləşməmiş məktəblərin açılması
hesabına baş verirdisə, ali məktəblərdə bu əməliyyat fakültələrə
qəbulun əsassız artırılması hesabına baş verirdi və milli mənafe
şəxsi mənafeyə qurban verilirdi.
Əhali şəxsi vəsaiti hesabına uşaqlarını ali məktəblərə
qoyurdu. Valideynlərin vəsaitlərini övladlarının intellektual
mülkiyyətinə çevirmək cəhdi əslində alqışlanmalı milli
keyfiyyətdir. Keçmişdə bu ali milli keyfiyyətdən rektorlar sui-
istifadə edərək, fakültələrə qəbul planlarını zərurət olmadan ilbəil
artırmaqda maraqlı idilər. Bazar iqtisadiyyatının
təklif və
tələb
prinsipi sosializmidə ali təhsil sahəsində uğurla işləyirdi.
1970-ci illərdə S.M.Kirov adına ADU-nun hüquq
fakültəsinin hər kursunda 100-150 tələbə (əyani, axşam, qiyabi və
rus bölməsi) təhsil alardı. Təhsil müddəti beş il olduğundan
tələbələrin sayı 500-750 nəfər idi. İndi hüquq fakültəsində bir
neçə min tələbə təhsil alır. Fakültə ərazicə böyüməyib, ixtisaslı
kadrların sayı lazımınca artmayıbdır. Təbii ki, belə olan halda
keyfiyyət aşağı düşəcək və ya keyfiyyətin səviyyəsini yüksək
saxlamaq mümkün olmaz. Bu vəziyyət digər fakültələrdə də,
başqa institutlarda da baş verirdi.