26
Elə bil, vurduğu şapalağın cingiltisi və kinomexanik Ağagülün (bayaqkı arıq
oğlanın) tələsik sivişib aradan çıxması Mirzoppanın özünü də birdən-birə ayıltdı və
o, qəzəbindən udqunan milisioner Səfərin qalxıb-enən
iri hulqumuna baxa-baxa başa
düşdü ki, işi xarabdı.
Milisioner Səfər bu dəfə Mirzoppanın yaxasından yapışdı:
– Düş qabağıma!
Və Mirzoppa da daha milisioner Səfərin əlindən dartınmadı, amma dilini də
ağzında saxlamadı:
– Gedək də, gedək! Hara deyirsən gedək! Səndən qorxub eləyən yoxdu. Bir
dəfə Nəcəfə zəng eləsəm, paqonlaruvu çıxartdıraram! Baxarsan!
– Az danış, düş qabağıma! – Milisioner Səfər bu sözləri elə zəhmlə dedi ki,
Mirzoppaya məlum oldu: bir az da o yan-bu yan eləsə, səsini çıxartsa, bu kəndli oğlu
onu ayı kimi süpürləyib basacaq altına, bunu hiss etdi və dinməz-söyləməz
furqondan aşağı düşdü.
Məmmədağa da onlarla birlikdə furqondan aşağı düşdü. Milisioner Səfər ay
işığında daha da qaralmış sifətini Məmmədağaya çevirib:
– Sən gəlmə, qağa, – dedi. – Səfər bunu əlindən buraxan deyil. Belələrini çox
görüb Səfər!
Mirzoppa bərkdən boğazını arıtlayıb qumun üstünə tüpürdü və bir az ehtiyatla:
– Yaxşı, – dedi, otdelenedən Nəcəfə zəng elərəm, onda görərik!..
Məmmədağa, milisioner Səfərlə Mirzoppa ay işığında
gözdən itənədək
furqonun qabağında dayandı, sonra çəkməsinin burnu ilə Zuğulbanın narın sahil
qumunu tozlandıra-tozlandıra dənizə tərəf getdi.
Bütün sahil bomboş idi və indi adama elə gəlirdi ki, bu yerlərdə ömründə heç
kim olmayıb, dəniz həmişə bu cür tək-tənha olub və sahil də dənizlə həmişə bu cür
bomboş təkbətəklikdə olub. Bu boşluq, dənizi daha böyük, intəhasız etmişdi və bu
böyüklüyünə, intəhasızlığına baxmayaraq, dənizin də belə tənha görünməsi birdən-
birə həmin yay gecəsinə bir qüssə gətirdi; dəniz həmişəki kimi boğuq bir səslə
uğuldamırdı, şırıldayırdı dəniz, elə bil çay axırdı. Milisioner Səfərgilin dağlarından
axan çaylar da yəqin belə şırıldayır və indi o çayların
xəbəri yoxdu ki, ürəyini
onlarda qoymuş milisioner Səfər bu gecə Abşeronda, Zuğulba deyilən bir kəndin
kənarında, dənizin sahilində, Məmmədağa adlı bir oğlanın tirində nahaq, lap nahaq
bir şillə yedi.
Məmmədağa başa düşürdü ki, əslində həmin şillənin namərdliyi idi bu gecəyə
qüssə gətirən, bu dənizi beləcə tənha edən; o, sahilboyu qumluqdan sonra başlayan
Zuğulba qayalıqlarına baxdı və bu sal qayalar ay işığında
ona həmişəkindən daha
təmkinli göründü. Məmmədağa fikirləşdi ki, bir vaxt gələcək, həmin şillə yaddan
çıxacaq, cingiltisinin pis əks-sədası bu yerlərdən tamam çəkilib gedəcək və bir vaxt
gələcək ki, dünyada nə Məmmədağa olacaq, nə milisioner Səfər, nə də Mirzoppa,
amma bu qayalar isə hər dəfə ay işığında beləcə qaralacaq; Məmmədağa başa
düşürdü bu fikirlər çox da dərin fikirlər deyil,
bütün bunlar məlum məsələdir,
dünyaya məmmədağalar gəlib, məmmədağalar gedib, həmişə də belə olacaq; təkcə
burası var ki, hər adam gərək ömrünü kişi kimi vursun başa bu dünyada, yəni bir
halda ki, dünyada bu cür sal qayalar var və onlar bu cür təmkinlidir, bu cür böyük
dənizlər var, ay var, ulduz var, o həyat ki, sənə verilib,
onu gərək düz yaşayasan,
təmiz yaşayasan və gərək elə bir şey olmasın ki, gecə yerinə girib yatmaq istəyəndə
27
səni özündən utandırsın; hərgah, dünyada bir milisioner Səfər varsa, bu milisioner
Səfərin oğlunun adı Naçalnikdirsə, özü də ömründə haram bir tikə yeməyibsə və
ürəyi də qoyub gəldiyi dağların yanındadırsa, gərək o, bu dənizin sahilində, bu
qayaların yanında, bu ayın işığında haqsız şillə yeməsin.
Uzaqdan Bakıya gedən elektrik qatarının səsi gəldi: dəmir təkərlər relslərin
üstü ilə taqqatuqla gedirdi və həmin taqqatuq indi, elə bil, bu Zuğulba gecəsinin, bu
tənha gecənin nəbzi idi, vururdu; bu gecə nəbzinə qulaq asan Məmmədağa fikirləşdi
ki, adamın
ömrü də qatar kimi bir şeydi, səni mənzil başına aparıb düşürür, əvəzinə
bir başqasını götürüb geri qayıdır, onu da o biri başda düşürüb təzəsini götürür,
gedir-gəlir, gedir-gəlir və bir halda ki, bu yolun əvvəli var, axırı var, gərək papağını
qabağına qoyub fikirləşəsən, fikirləşəsən ki, qatar relsdən çıxmayacaq, cədvəlini də
pozmayacaq, ona görə bu məsafədə adam ol, adam kimi yaşa, adam kimi də öl.
Yavaş-yavaş xəzri əsirdi və xəzri əsdikcə də həmin qəribə yay gecəsinə bir
sərinlik gətirirdi, ağcaqanadlar yoxa çıxmışdı və Məmmədağa fikirləşdi ki,
ağcaqanad da təbiətindi,
külək də təbiətindi, amma külək ağcaqanadın qənimidi və
ümumiyyətlə, bu dünya elə bir şeydi ki, hər pisliyin, hər namərdliyin öz qənimi var;
əlbəttə, bu fikir də çox dərin bir fikir deyildi və Məmmədağa burasını da fikirləşdi
ki, bu gecəni qəribə eləyən onun bəlkə birdən-birə filosofluq eləməyə başlamasıdı?
Bu dəfə başqa bir səs gəldi və Məmmədağa alüminium örtüyü ay işığında
gümüş kimi ağaran furqonunun yanında kiminsə qaraltısını gördü. Kimsə furqonun
dövrəsində o tərəf-bu tərəfə gedə-gedə qışqırırdı:
– E-ey!.. E-ey!..
Məmmədağa başa düşdü ki, bu səs arvad səsidi, amma bu arvadın gecənin bu
vaxtında onun furqonunun yanında niyə gəzdiyini başa düşmədi.
– E-ey!.. E-ey!..
Məmmədağa furqonun yanına gələndə on səkkiz-on doqquz yaşlarında bir qız
onu elə top-tüfəngə tutdu ki, əvvəlcə heç nə anlaya bilmədi.
– Hə, camaatı tutdurursan, özün də dəniz qırağında gəzirsən?..
Camaat nədi
səninçün bəyəm, adam-zad deyil? Nə işin var camaatla? Yorta-yorta gəlmisən bura
ki, adam tutdurasan?
Məmmədağa furqonun açıq qapısından düşən elektrik işığında bu ortaboylu
qızın qarayanız girdə sifətinə, par-par parıldayan iri qara gözlərinə, sarı trikotaj
köynəkli, göy yubkalı yaraşıqlı bədəninə baxa-baxa heç cürə ağlına sığışdıra
bilmirdi ki, bu davakar qız ondan nə istəyir və burada da nə işi var?
– Bir dayan görək, ay bacı, nə olub, nə xəbərdi?
– Bacın nöş oluram sənin? Bacın-zadın deyiləm!.. Buna bir bax! Qardaş tapılıb
mənimçün, heç xəbərimiz yoxdur!.. Camaatı tutduranda bacı olmuruq, indi bacı
oluruq!.. Əcəbdi!
Həmin qəribə yay gecəsi bu qarabuğdayı qızın bu cür hay-küyü
Məmmədağaya gülməli gəldi və o fikirləşdi ki, bir az da bu cür davam eləsə, bu qız
onun üstünə cumub üz-gözünü cıracaq. Əlbəttə, Məmmədağa indi heç vaxt ağlına
gətirə bilməzdi ki, əslində bu yay gecəsini belə qəribə edən bu qarabuğdayı qızın
gecənin yarısı birdən-birə bura gəlməsi idi; indiyə qədərki qəribəlik isə bir ərəfə
hissi idi – hərdən
belə şeylər də olur dünyada; Məmmədağanın bundan xəbəri yox
idi və o, doğrudan da, çaşbaş qalmışdı:
– Camaat kimdi, kimi tutdurmuşam?