22
cavabını da alsın, yoxsa dil töksün yenə? Axır qərara gəlib üz-gözünü qırışdırdı, bir
az boynunun ardını qaşıyıb dedi:
–
Heç kimə deməsən, sənə bir hörmət eləyərəm, öz canımçun!
– Nə?
– Hörmət eliyərəm sənə. Əntiqə yerə apararam səni...
Təbii ki, Mirzoppanın heç bir sözünün Məmmədağanın yanında etibarı yox idi
və Mirzoppa özü də bunu bildiyinə görə məsələni çox uzatmadı, ağzını onun
qulağına dirəyib pıçıldadı:
– Əntiqə arvadlara baxmağa!..
Məmmədağa bilirdi ki, Mirzoppadan nə desən çıxar və o, dünyanın ən əbləh
işlərini görər ki, başqasının heç ağlına gəlməz, amma bu dəfə də onun sözlərinə
inanmadı. Mirzoppanın ətli-yağlı dodaqlarının qulağına yaxınlaşmasından əti
ürpəşdi. Mirzoppa isə o tərəf-bu tərəfə baxıb yenə də ağzını onun qulağına dirədi:
– Hamamda çimən arvadlara. Lap lüt, öz canımçun!
Elə bil, Məmmədağanın ürəyi qırılıb ayaqlarının altına düşdü və o heç özü də
bilmədi ki, necə soruşdu:
– Yalançının?
– Eh, malades sənə, zarafatım-zadım var bəyəm sənnən? Gəl dalımca.
Məmmədağagilin məhəlləsinin yuxarı başında Sarı hamam deyilən
köhnə bir
hamam vardı; ona görə belə deyirdilər ki, bu hamamın divarları lap əvvəldən,
nədənsə, həmişə sarı rənglə əhənglənərdi. Hamamın üzü küçəyə baxırdı, arxası isə
başqa ikimərtəbəli binanın arxasına söykənmişdi, amma arada bir az boş yer vardı
və bu bir az yerdə quşbaz Ağamehdi özünə quşxana düzəltmişdi, göyərçinlərini bu
quşxanada saxlayırdı və gecələr bura zülmət qaranlıq olurdu.
Mirzoppa onu quşxananın yanına gətirdi, əli ilə quşxananın üstünü göstərib:
– Ode, oradan baxanda hamısı görünür əntiqə, – dedi. – Indi qalxarıq,
baxarsan.
Sarı hamamın arxa tərəfində, yuxarıda balaca bir pəncərə vardı və bu işıq
gələn pəncərə Ağamehdinin quşxanasının üstündən bir adam boyu hündürdə idi;
Mirzoppa iz axtaran it kimi gəlib bu balaca pəncərəni tapmışdı.
Məmmədağa, elə bil, yuxudaydı və bura necə gəldiyini
heç özü də bilmirdi; o,
başa düşürdü ki, Mirzoppaya qoşulub bura gəlməyi çox pis işdi və burasını da başa
düşürdü ki, bir halda ki, Mirzoppa it kimi iyləyə-iyləyə gəlib bu balaca pəncərəni
tapıb, deməli, dünyanın ən alçaq adamıdı və alçağa qoşulmaq da alçaqlıqdı; o qaçıb
buradan getmək istədi; buranın nəm havası az qalırdı onun ürəyini bulandırsın,
amma elə bil ki, nəsə maqnit kimi onu özünə çəkib burada saxlayırdı, həm də, daha
gec idi, indi buradan qaçıb getsəydi, Mirzoppanın yanında,
doğrudan da, maymaq
olacaqdı, onun ürəyindən bir inilti keçdi ki, tezcə qurtaraydı bütün bu əhvalat.
– Hələ kişilər çimir.... - Mirzoppa qulaqlarını şəkləyib həmin balaca
pəncərədən gələn tas-ləyən səsinə, su şappıltısına qulaq asırdı, çimənlərin kişi, ya
arvad olduğunu bu səbəbdən bilirdi və Məmmədağaya məlum oldu ki, Mirzoppa bu
quşxananın yanında az geçələr keçirməyib.
Göyərçinlər adam hiss eləyib quruldamağa başladı və bu qurultu
Məmmədağanın ürəyini daha da artıq döyündürdü.
Mirzoppa tərləmiş əli ilə
Məmmədağanın biləyindən tutub:
– Qorxma, – dedi.
23
Məmmədağa biləyini Mirzoppanın əlindən çəkdi, ona elə gəldi ki,
Mirzoppanın əli Dudunun ağzından axan suda islanıb; cınqırığını çəkmədən
qulaqlarını şəkləmiş Mirzoppanın qaranlıqda güclə görünən ətli sifətinə baxdı – bu,
əsl Mirzoppa idi, daha gizlincə Duduya şəkərbura yedizdirən, Duduya konfet alan
Mirzoppa deyildi. Məmmədağa bütün şüuru ilə, ağlı ilə başa düşürdü ki, bu
rüsvayçılıqdan qurtarmaq üçün buradan qaçıb getmək lazımdı və üstəlik Mirzoppanı
da yaxşıca əzişdirmək lazımdı, amma ayaqları sözünə baxmırdı və ürəyi
də elə hey
səksəkə içində çırpınırdı.
Mirzoppa yenə də tərli əli ilə onun biləyini sıxdı, yəni ki, iş var. Balaca
hamam pəncərəsindən daha səs gəlmirdi, yəqin çimənlər çimib nömrədən
çıxmışdılar. Bir az sakitlik çökdü və bu sakitlik içində, ancaq quşbaz Ağamehdinin
göyərçinləri quruldayırdı; sonra pəncərədən yenə səs gəldi və Mirzoppa pıçıldadı:
– Şərəbanıdı, təmizləyir nömrəni.
Şərəbanı Sarı hamamda süpürgəçi idi. Sarı hamamın ümumi kişi şöbəsindən
və ümumi arvad şöbəsindən başqa üç ayrı-ayrı nömrəsi vardı və bu
balaca pəncərə
də həmin nömrələrdən birinin pəncərəsi idi.
Sonra yenə sakitlik çökdü və bir azdan yenə tas-ləyən, öskürək səsi gəldi, su
şırıldadı və Mirzoppa da bu dəfə lap yavaşcadan pıçıldadı:
– Qalx.
Məmmədağa taxta nərdivanla yuxarı dırmaşdı və quşxananın damında
pəncələri üstə qalxıb balaca pəncərəyə tərəf boylandı. Birdən-birə onun bütün
bədəni uçundu, gözləri torlandı və bu tor pərdə arxasında elə şeylər gördü ki, elə
bildi bu saat yer ayaqlarının altından qaçacaq və o, harasa düşəcək,
özü də uçub
düşəcək harasa; arvad bir ləyən suyu qızın başına tökdü və su qızın saçlarındakı,
üzündəki, bədənindəki bütün sabunu yuyub aparanda Məmmədağa dəhşətə gəldi ki,
hər gün yüz dəfə küçələrində gördüyü bu arıq, bu kifir qız bu qədər qeyri-adiymiş,
bu qədər sehrliymiş, tilsimliymiş.
Mirzoppa aşağıdan Məmmədağanın şalvarının balağını dartdı, yəni ki, düş
aşağı, bir az da mən baxım; Məmmədağa, ancaq indi yadına saldı ki, Mirzoppa
aşağıdadı və dəhşətlə o biri ayağını qaldırıb onun əlini itələdi. Məmmədağanı dəhşət
basmışdı və bu dəhşət içində o görürdü ki, bu dəfə arvad özu sabunlanır, qız da
əyilib ona kömək edir, anasının
kürəyini, belini sabunlayır və hər dəfə qız əyilib
durduqca Məmmədağanın bütün bədəni uçunurdu və o vaxt o özü də bilmirdi ki, bu
nə deməkdir.
Mirzoppa aşağıda daha dözə bilməyib nərdivana qalxdı, yuxarı dırmaşıb onu
kənara sıxışdıraraq quşxananın üstündən balaca pəncərəyə sarı boylandı və
Məmmədağa nəfəsini qısıb gözlədi ki, bu saat nə isə bir hadisə olacaq. Birdən-birə
Mirzoppanın sinəsindən bir inilti qopdu və o, yekə başını hamamın köhnə divarına
çırpdı. Məmmədağa daha özünə gəlib quşxananın damından birbaş yerə –
hamamdan nəm çəkmiş torpağın üstünə atıldı. Quşxanadakı göyərçinlər daha da
bərkdən quruldamağa başladı və Məmmədağa gözünü açanda Mirzoppa da özünü
yerə atmışdı; bir müddət beləcə dayandılar –
Mirzoppa ayaq üstə, Məmmədağa yerə
sərilmiş, sonra Mirzoppa Məmmədağanın heç vaxt görmədiyi və təsəvvür etmədiyi
bir hönkürtü ilə zır-zır ağlamağa başladı.
Hamamda çimən arvad Mirzoppanın anası idi, hamamda çimən qız da
Mirzoppanın bacısı Ədilə idi.