Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   16   17   18   19   20   21   22   23   ...   145

 
46
Məsməxanım cırcıramalar cırıldayan zeytunluqda xırda ağacların arasından 
sürətlə ötüb başqalarından daha qollu-budaqlı bir zeytunun qarşısında dayandı. 
Məmmədağa da tövşüyə-tövşüyə yaxınlaşıb ağacın yanında dayandı və ona elə gəldi 
ki, Məsməxanım bu qollu-budaqlı ağacı lap yaxşıca tanıyır. Məsməxanım bir əlində 
səndəllərini tutmuşdu, o biri əlini zeytunun xırda yarpaqlarına sürtdü, başını çevirib 
altdan-yuxarı Məmmədağanın gözlərinin içinə baxdı, gülümsədi, sonra yenə üzünü 
ağaca tutub budağını silkələyə-silkələyə dedi: 
 
Mən anamın ilkiyəm,  
Ağzı qala tülküyəm,  
Xəzri, get,  
Gilavar, gəl!.. 
 
Sonra Məsməxanım yenə üzünü Məmmədağaya tutdu: 
– Sən ananın neçənci uşağısan? 
– Birinci. 
– Doğrudan? – Məsməxanım lap uşaq kimi sevindi. – Onda sən də de. 
Və  Məsməxanım təzədən zeytunun budağını silkələyə-silkələyə öz ovsununu 
yavaşdan aramla deməyə başladı, Məmmədağa da onun sözlərini beləcə yavaşdan 
aramla təkrar etdi: 
 
Mən anamın ilkiyəm,  
Ağzı qara tülküyəm,  
Xəzri, get,  
Gilavar, gəl!.. 
 
Sonra bir müddət səssizcə dayandılar. Zeytunluq qaranlıq idi, xırda, amma sıx 
yarpaqlar ay işığının qabağını  kəsmişdi və qaranlıq içində  Məmmədağa yanında 
dayanmış bu cadugər qızın nəfəsini hiss edirdi, ürəyinin döyüntüsünü eşidirdi, ona 
elə  gəlirdi ki, bütün bunlar hamısı bir yuxudu, həmişəki kimi, Abşeron sahilində, 
kabinkasındakı meşin üzlü yumşaq oturacaqda uzanıb yatıb və  qəribə bir yuxu 
görür; bu yuxuya narın qum səpirdilər, amma bu qum adamın üzünə-gözünə 
dolmurdu, bütün bədənini oxşayırdı; səhər isə oyanacaqdı və yuxu qurtaracaqdı...  
Və birdən-birə həmin qəribə yay gecəsində dünyanın ən böyük möcüzəsi baş 
verdi: yavaş-yavaş  bərkiyən xəzri birdən-birə dayandı  və  cırcıramalar da, elə bil, 
bunu hiss edib daha da bərkdən cırıldamağa başladı. 
– Gördün? – Bunu qara gözləri qaranlıqda işım-işım işıldayan Məsməxanım 
dedi. 
– Gördüm. – Bunu da heyrətindən yerində donub qalmış Məmmədağa dedi. 
Məsməxanım gəldiyi kimi cəld də ağacların arasından keçib, qum təpənin 
üstünə çıxdı. Məmmədağa yalın ayaqlarını tikandan, çör-çöpdən gözləyə-gözləyə 
onun ardınca getdi. 
Ayaqları quma batdıqca və qumun istisi onların yalın ayaqlarını qızdırdıqca, 
ikisi də fikirləşdi ki, yaxşı gecədi bu gecə. Əlbəttə, onlar bir-birinin nə fikirləşdiyini 
bilmirdi və ikisi də eyni bir şey barədə fikirləşə-fikirləşə bir-birinə baxdı; bu gecə 
ona görə yaxşı gecəydi ki, ulduzlarla, dənizlə, bu qum təpəylə birlikdə bu saat 
buradan baxanda dəniz qırağındakı qumluqda dayanmış furqonun alüminium örtüyü 
ay işığında gümüş kimi ağarırdı; bu gecə ona görə yaxşı gecəydi ki, ulduzlarla, 


 
47
dənizlə, bu qum təpəylə birlikdə bu saat burada bir qız dayanmışdı ki, dənizlə danışa 
bilirdi və ağaclarla dostluq edirdi və burada bir oğlan da dayanmışdı ki, onun göy 
gözlərində Məsməxanımın vaxtilə hiss etdiyi iri kişi əllərinin mehribanlığı vardı. 
Dənizin bayaq külək bərkidikcə artan uğultusu da indi küləklə birlikdə 
kəsmişdi və dənizin dalğaları da daha ağarmırdı; dənizin ay işığındakı tünd göylüyü 
də getdikcə qaralırdı; qum təpənin üstündən dəniz daha böyük, daha nəhəng 
görünürdü. 
Məsməxanım dedi: 
– Sabah isti olacaq.  
Məmmədağa dedi: 
– Hə, isti olacaq sabah... 
Və onlar ikisi də birdən-birə hiss etdi ki, sabah haqqında fikirləşmək 
istəmirlər; bu gecə ki, vardı, bu gecədə ki, o təkcə furqon beləcə  ağarırdı, zeytun 
ağagı küləyi dayandıra bilirdi, – ikisi də bunu fikirləşdi, amma ikisinin də ürəyindən 
gizli bir nigarançılıq keçdi. 
Ulduzların arasında yaşıl, qırmızı ulduz göründü, sonra təyyarə  səsi gəldi və 
bu qırmızı, yaşıl ulduzlar onların başı üstündən uçub Binədəki aerodroma tərəf 
getdi; işıqlar görünməz oldu, amma səs hələ bir müddət də eşidildi və Məsməxanım 
bu səsə qulaq asa-asa soruşdu: 
– Sən hardan gəlmisən bura?  
Məmmədağa: 
– Fatmeyidən, – dedi.  
Məsməxanım bərkdən güldü: 
– A-a-a.. Mən elə bilirdim ki, göydən düşmüsən, amma deyirsən ki, 
Fatmeyidən... Doğrudan Fatmeyidən gəlmisən sən? 
Məmmədağa da güldü: 
– Hə, Fatmeyidən gəlmişəm, – dedi və təyyarənin səsi tamam kəsiləndən sonra 
fikirləşdi ki, dünən Fatmeyidə keçirtdiyi dünyanın  ən adi gecəsi heç ağlına da 
gəlməzdi ki, sabahı gün Zuğulbada onu belə bir gecə gözləyir; Məmmədağa burasını 
da fikirləşdi ki, adam təkcə maşına minəndə, qatara, təyyarəyə, ya gəmiyə minəndə 
yolda olmur, adam elə yaranan gündən yolda olur, bu gündən sabaha aparan yolda 
və bu yolun adi yollardan bir fərqi var ki, bu gün minib sabah harada düşəcəyini 
bilmirsən; bilmirsən ki, səni nə gözləyir: bir şadlıqmı gözləyir, bir dərd-qəmmi 
gözləyir? Amma bir iş vardı ki, Məmmədağa qabaqlar belə  şeylər barədə 
fikirləşməzdi və indi onun bu fikirlərə düşməsi də, görünür, həmin qəribə yay 
gecəsinin bir hissəciyiydi. 
Sonra Məmmədağa dedi: 
– Dünən gecə Fatmeyidə yağırdı... Bura yağmadı? 
– Yox. 
– Heç yağmadı?  
Məsməxanım: 
– Yox, – dedi və qıza qəribə gəldi ki, dünənki gecə onlardan biri yağışa düşüb, 
o biri yox. 
– Sən Fatmeyidə olmusan? 
– Yox, olmamışam. 
– Yaxşı kənddi. 


 
48
– Doğrudan? – Məsməxanım lap sidq-ürəkdən təəccüb etdi, elə bil ki, 
Ağadadaş yaşayan yer yaxşı ola bilməzdi; Ağadadaş Məsməxanımın yadına düşdü. 
Məsələ burasında idi ki, Məsməxanımın fikrincə, Ağadadaş dünyanın ən alçaq 
adamlarındandı  və  hər dəfə bu adam onun gözlərinin qabağına gələndə  qızın  əti 
ürpəşirdi, elə bil ki, bədəninə qurbağa toxunurdu... 
...Ağadadaş  Məsməxanımgilin uzaq bir qohumuydu və  Məsməxanımın anası 
Güldəstə tanış-bilişin yanında, qonşuların yanında, yeri düşdü-düşmədi, həmişə 
onun adını  çəkərdi, ondan danışardı ki, qoy hamı bilsin necə qohumları var. 
Ağadadaş çamadan sexinin müdiri idi. Fatmeyidə ikimərtəbəli böyük mülkü vardı, 
ləqəbi də Qızıl idi, hamı onu «Qızıl Ağadadaş» kimi tanıyırdı. Ağadadaşın ağappaq 
bir «Volqa»sı vardı və günlərin bir günündə Güldəstəylə Məsməxanım bazardan evə 
qayıdanda bu ağappaq «Volqa» ilə rastlaşdılar. Ağadadaş maşını saxlayıb onları da 
götürdü və düz həyətlərinə sürdü. 
Bu o zamanlar idi ki, Məsməxanım onuncu sinfə təzəcə keçmişdi və abbası-
abbası  yığdığı pulları fotoqraf Nikolayın satdığı «otkrıtkalara» verirdi. Bu 
«otkrıtkaların» hamısı da hind və ərəb filmlərindən kadrlar idi. 
Məsməxanım Ağadadaşın adını çox eşitmişdi, amma üzünü görməmişdi və 
ağappaq «Volqa» onların həyətində dayananda qıza elə  gəldi ki, onu evlərinə 
«Volqa» yox, sehrli xalça gətirdi. Qonşular da həyətdə dayanan bu ağ «Volqa»nı 
görüb pəncərələrdən boylandı, kimi gözünü bərəltdi, kimi də  mənalı-mənalı başını 
yellədi. Güldəstə maşından düşüb həyətdəki pəncərələrə baxdı, sonra 
Məsməxanımın maşından düşməyini gözləməyib dedi: 
– A-a-a... Çörək almaq yaddan çıxdı ki, ağəz...  
Məsməxanım bilirdi ki, evdə çörəkləri var və bazara gedəndə anasının çörək 
almaq fikri yox idi; Güldəstə ona görə belə dedi ki, bəzi paxıl qonşular pəncərədən 
baxıb yanıb-yaxılsın. 
Ağadadaş qabağındakı maşın güzgüsündə Məsməxanıma baxıb: 
– Yaddan çıxıb? Nolar, bu saat gedib alıb gətirrik, – dedi. 
Məsməxanım da güzgüdə Ağadadaşa baxıb gülümsədi. 
Güldəstə gözucu həyətdəki pəncərələrə baxa-baxa dedi: 
– Əziyyət veririk axı, sənə... 
Ağadadaş da güzgüdə Məsməxanıma gülümsəyib: 
Xoşdu mənimçün, – dedi və ağ «Volqa» yerindən tərpəndi. 
Güldəstə kartof, soğan alıb doldurduğu ağır həsir zənbili yerindən qaldırıb 
evlərinə tərəf gedə-gedə dedi: 
– Xalamoğlu Ağadadaş budu də... 
Güldəstə  əvvəllər «yaxın qohumumuz Ağadadaş» deyərdi, amma ağ 
«Volqa»dakı bu gəzintidən sonra, elə vəcdə gəlmişdi ki, indi onu xalası oğlu elədi. 
Qonşulardan kimisi bu xəbərə  şübhə etdi, kimisi də  ağ «Volqa»nın ardınca 
baxa-baxa fikirləşdi ki, sən demə, Gldəstə düz danışırmış, doğrudan da, bu cür 
mükəmməl qohumları varmış. 
Həyətdən çıxandan bir az sonra Ağadadaş maşını saxladı  və bu dəfə daha 
güzgüyə baxmayıb üzünü Məsməxanıma tərəf çevirdi: 
– Gəl otur qabaqda, – dedi. 
Məsməxanım Ağadadaşın bu hörmətindən lap riqqətə  gəldi və utana-utana 
dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə