Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə41/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   37   38   39   40   41   42   43   44   ...   184

 

94

O zaman gələcəkdə onu həmin qar gəzintisi gözləyirdi, səhnədə onu 



Dezdemona, Luiza, Gültəkin gözləyirdi, lap o vaxtdan Ofeliyanın mahnısını 

əzbərləmişdi və bu mahnı da səhnədə onu gözləyirdi. Əlbəttə, o zaman heç ağlına 

gətirməzdi ki, bir vaxt gələcək və beləcə gecə vaxtı  qəddar Tülkünün sözlərini 

əzbərləyəcək, min cürə fəndgirlik edib Hacıleyləyin gözlərini yaşlı qoyacaq, çünki o 

zaman ağlı  hələ  kəsmirdi ki, hamı Dezdemona ola bilməz, Tülkünü də oynamaq 

lazımdır və Tülkünü oynamaq da yuxusuz gecələr istəyir, istedad istəyir. O zaman 

hələ orasını da bilmirdi ki, Stanislavski deyib: rolun böyüyü, kiçiyi yoxdur, artistin 

böyüyü, kiçiyi var. 

Bu başqa məsələ ki, dünyada nə Tülkü olaydı, nə onun mişarı, təkcə elə 

Hacıleyləklər olaydı, ceyranlar, cüyürlər olaydı, güllər, çiçəklər olaydı. Səmayə 

bunu fikirləşdi və  pəncərədən quşbaşı qara baxa-baxa gülümsədi, çünki meşə 

çaqqalsız olmaz deyiblər, həm də lap uşaq fikirləridir bu. 

Belə çaqqallardan birisi də, heç şübhəsiz – Fatmanın qulağından iraq – onun 

keçmiş başabəla sevgisi idi, yəni ki, Fatmanın üzdən iraq atası. Əvvəlcə bir-iki ay 

sevgilisi, sonra üç-dörd ay yarımsevgilisi oldu, sonra da lap çaqqala döndü, çünki 

Nuh-Nəbidən çaqqal imiş və elə ki, onun çaqqallığı tamam-kamal məlum olmuşdu, 

Səmayə Fatmanı da götürüb çıxıb getmişdi. 

Onda Fatmanın iki yaşı var idi, indi Fatmanın on beş yaşı tamam olub və lap 

qabaqlar Səmayənin heç ağlına gəlməzdi ki, Dezdemonadan, Luizadan, Gültəkindən 

əvvəl onu gələcəkdə gözəl-göyçək bir Fatma gözləyir, elə bir Fatma ki, onu 

dünyanın ən xoşbəxt adamı edəcək və bu xoşbəxtlik yanında qarlı gəzinti həsrəti də, 

Dezdemona, Luiza, Gültəkin həsrəti də bir heç olacaq. 

Səmayə yenə də gəlib əlini qızdırıcıya uzatdı və bu dəfə ocaqçı Məmmədəlinin 

qarasına deyinmədi, çünki borular yavaş-yavaş  qızırdı  və borular qızdıqca da otaq 

yavaş-yavaş istiləşirdi; belə  qış gecələri otaq qızandan sonra daha adam 

qəribsəmirdi, pis-pis fikirlər girmirdi başına. 

Səmayə o biri otağa keçib Fatmanın üstündəki yorğanı ustufca rahatladı  və 

soyunub öz yerinə girdi, tələm-tələsik yorğana büründü və elə bildi ki, Hacıleylək 

gəlib öz yuvasına, balası da yanında. Sonra Tülkü yadına düşdü, sonra Çaqqal 

yadına düşdü, sonra da Fatmanın atası yadına düşdü və Fatmanın on yaşı tamam 

olandan sonra atası ilə ilk dəfə  gəzməyə  çıxmağa icazə verdiyi günü xatırladı. 

Əslində bu gəzintini Səmayə özü təşkil elədi, hər nə idi, hər kim idi, uşağın atası idi. 

Həmin gün Fatma ömründə ilk dəfə o vaxta qədər təsadüfdən-təsadüfə gördüyü atası 

ilə gəzməyə çıxdı və evə qayıdandan sonra Səmayəyə birinci sualı bu oldu: 

– Mama, atam doğrudan injinerdi? 

«Amma yaman da injinerdi! Avaranın biridir ki, gündüz çıraqla da axtarsan 

beləsini tapmazsan!» – bunu Səmayə ürəyində dedi, dilinə isə, aydın məsələdir ki, 

başqa söz gətirdi: 

– Əlbəttə. Nədir ki? 

Fatma çox ciddi surətdə dedi: 

– Dedilər durakdır. 

Səmayənin gözləri kəlləsinə çıxdı:  

– Nə?!  

Fatma cidd-cəhdlə anasını başa saldı: 

– Durakdır dedilər... Mənimlə söhbət edirdi, amma başqa xalaya baxırdı. Sonra 

guya ki, başını qaşıdı, amma xalanın dalınca baxdı, sonra bilmirəm nə oldu, sonra da 

xala geri dönüb dedi ki, durak! 



 

95

«Kül olsun belə kişinin başına! Uşağın yanında da özünü saxlaya bilməyib. 



Biabır elədi bizi, köpəkoğlu!» – bunu da, təbii ki, Səmayə ürəyində dedi, amma lap 

əməlli-başlı utandı Fatmadan və elə buna görə də qızına bozardı: 

– Bir də belə şeylər danışma! Adam atasına elə söz deməz! 

O vaxtdan xeyli keçmişdi, çox qar yağmışdı, çox gün çıxmışdı. Fatma indi atası 

ilə ildə-ayda bir dəfə görüşürdü, özü də  həvəssiz. Bu bir tərəfdən yaxşı idi, bir 

tərəfdən də, məlum məsələdir ki, pis. Yaxşı idi ona görə ki, o cür ipi çürük adamla 

nə qədər az görüşsən bir elə çox qazanarsan. Pis idi ona görə ki, niyə axı, belə olmalı 

idi, niyə bu cür gözəl-göyçək Fatmanın atası çaqqal olmalı idi? Niyə qarlı  gəzinti 

həsrəti bax, beləcə, bu qış gecəsi Səmayənin ürəyini gizildətməli idi? Niyə? 

Əşşi, iş ki, düşdü «niyə?»lərə, onda heç nə. Onda gərək Ofeliyanın mahnısının 

da oxunmadığını fikirləşəsən. Onda gərək yenə  də ürəyini verəsən Gültəkinin 

iztirablarına. Onda gərək Dezdemonanın taleyi ilə bərabər öz taleyini də düşünəsən. 

Və onda gərək yenə  də  səhərə kimi yatmayasan, elə fikirləşəsən, fikirləşəsən, 

fikirləşəsən. Səhərə kimi fikirləşəsən. 

Səhər isə teatrda məşq var, «Tülkü və Hacıleylək balaları»nın məşqi. 

Səmayə otağın qaranlığında yanındaca mışıl-mışıl yatan Fatmaya baxdı, sonra, 

elə bil, bayırdakı qarın soyuqluğunu yatağında hiss elədi və yerində büzüşüb bərk-

bərk yorğana büründü, lap sidq-ürəkdən  əsnəyib fikirləşdi ki, amma Fatma da 

yaman bicəngənədir, elə birinci gün hiss eləmişdi çaqqalın çaqqallığını. Bunu 

fikirləşdi və gülümsədi. 

Özü öz dərdinə gülümsəməyi öyrənmişdi Səmayə.  

  

 



2. Gümüşü gün sevinci 

  

Qardan sonra Səmayənin gümüşü günləri olardı  və  həmin gün də  Səmayənin 



gümüşü günlərindən idi. Həmin gün ki, Səmayə teatrdan çıxıb evə  gəlirdi və 

ürəyindəki gümüşü gün sevinci ilə Fatması barədə düşünürdü. 

Fatmanın təzə rəfiqəsi var idi, adı Gülüş idi, özü də yaman cici-bacı olmuşdular, 

hər gün bir yerdəydilər. 

Keçən yay Səmayəyə  təzə ev vermişdilər və onlar indi yaşadıqları bu təzə 

binaya köçəndən sonra Fatma məktəbini də dəyişmişdi, lap bu yaxındakı məktəbin 

səkkizinci sinfində oxuyurdu. Gülüş  də  həmin sinifdə oxuyurdu və Gülüşlə 

Fatmanın beləcə cici-bacı olmaları  Səmayənin də lap ürəyindən idi. Əvvəla, ona 

görə ki, Gülüş çox tərbiyəli, ağıllı qız idi. Ikincisi, ona görə ki, Gülüşün anası elmlər 

doktoru idi, atası da yaxşı vəzifədə idi, ağayana adama oxşayırdı, yəni ki, atalı-analı 

qız idi Gülüş, yaxşı ailədən idi. Üçüncüsü və ən başlıcası isə ona görə ki, günlərin 

bir adi günü Səmayəyə aydın olmuşdu ki, Fatma daha uşaq deyil və indi onun elə 

vaxtı idi ki, oturub-durduğu adamlardan çox şey asılıdır. Iş elə gətirib ki, Fatmanın 

atası ola-ola (mürdəşir onun üzünü yusun!) atasız böyüyüb, amma indən belə elə 

olmalıydı ki, Fatmanın ürəyindəki yara közərib alışmasın, yəni görsün ki, yaxşı 

ailələrlə, hər bir işi tam-düz ailələrlə onların bu balaca ailəsinin heç bir fərqi yoxdur. 

Ürəyini xiffət yeməsin, görsün ki, onun Səmayə maması elə ataya da, anaya da 

bərabərdir və Fatmanın da heç bir əgər-əskiyi yoxdur. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə