122
Usta bütün bunları yaxşı bilirdi, amma bu vəssalam-şüttamam
məsələsi çox
müşkül məsələ idi və adamın atasını yandırırdı. Iki gün bundan əvvəl Əliabbas kişi
baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında
balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını
vurdu, axırda da balta ilə əlini zədələdi və pəncərələrindən boylanıb bekar-bekar
küçəyə baxan Balacaxanım, qəssab Ağanəcəfin arvadı, bir haray-həşir qopardı ki,
bütün məhəllə kişinin başına yığıldı:
– Vaxsey!.. Balta əlini apardı kişinin!..
Əlbəttə, balta kişinin əlini aparmamışdı, zədələmişdi bir balaca və
Balacaxanımın bu haray-həşiri də əslində bekarçılıqdan idi.
Ağamuxtar dedi:
– Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?!
Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi:
– Kişi, get otur, uzan, yat, istirahətini elə də!..
Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şer yazan və
məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi:
– Necə də əməksevər qocadır! Əsl şer qəhrəmanı, sənət qəhrəmanıdır! Bu
rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir!
Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu
dəfə də bu sözlərə fikir verən olmadı.
Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir
göz qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə
kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu öz yerində,
məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi
ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə
fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş...) və indi usta burasını da
özü üçün lap yəqin etdi ki, bu balta ki, altmış-yetmiş ildən sonra onun əlini kəsir,
çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta
rəndələmək.
Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb
adəti üzrə əvvəlcə həyətin aşağı başına dəydi, sonra həyət kranında səliqə-sahmanla
yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi
və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb,
ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı.
Əliabbas kişi bir o qədər də ürəyi yuxa olanlardan deyildi və bu alətlərə nə özü
bir xatirə kimi baxmaq istəyirdi, nə də istəyirdi ki, başqaları bunlara xatirə kimi
baxsın.
Zərgər Ələşrəf deyirdi və çox da düz deyirdi ki, zər qədrini zərgər bilər; bu
mişar da, bu rəndə, çəkic, qələm də o ustanın olmalı idi ki, iş görür – pəncərə salır,
qapı düzəldir, ağac yonur, mismar vurur, həm də mismarı düz vurur, əlini də
zədələmir və qəssab Ağanəcəfin arvadı Balacaxanım kimisi də bekarçılıqdan haray-
həşir salmır.
123
Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas
kişi bu qərara gəldi
ki, alətlərin ən yaxşısını seçib aparıb satsın. Burada, əlbəttə, əsas məsələ pul
məsələsi deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün
alətlərin qiyməti bir o qədər də pul eləmirdi; əsas məsələ burasındaydı ki, bu alətlər
yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı.
Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə
bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu
alətlər həmişə bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar
düzəltmişdi...
Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci
Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı ağzındakı yarımçıq
qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə
oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin
qız-gəlini, arvadları yığışırdı Fətullagilin şüşəbəndində televizora baxmağa (təkcə
futbola baxmırdılar) və kişilərin də küçəyə çıxıb səkidə nərd oynamaqdan və nərd
oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı.
Fətulla həyətə çıxdı, sonra Ağamuxtar həyətə çıxdı, Əliabbas kişinin gəlinləri
pəncərələrdən boylandı və hamı bu təzə xəbərdən tamam dilxor oldu.
Ağamuxtar dedi:
– A kişi, axı, dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?
Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin
beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.
– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – Bunu da Fətulla dedi.
– Nədi, bəyəm havayı bağışlayıblar bu çəkici, mişarı? – Bu söz-söhbət Əliabbas
kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə çımxırdı: – Gedin, gedin öz
işinizlə-gücünüzlə məşğul olun, mənim başıma ağıl qoymayın! – Amma Əliabbas
kişi burasını demədi ki, nə satmaqbazlıqdır, şair demişkən, «məqsədimiz nə mey, nə
meyxanədir, didari-yarı görmək üçün bir bəhanədir»; bir yaxşı usta çıxsa qarşısına
ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-
zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa da
hamısını.
Məsmə fikirləşdi ki, kişi qocalıb, başı xarab olub, aləmi güldürəcək bizə, sonra
qayınatası haqqında belə hörmətsiz fikirləşdiyinə görə öz-özündən utandı və
pəncərənin qabağından çəkildi.
Əliabbas kişi alətlərinin içindən bir yaxşı çəkic, bir yaxşı mişar, bir yaxşı rəndə
və bir də bir qələm seçib torbaya yığdı, sonra heç kimin bir mətləb anlamadığı bir
söz dedi:
– Baxın, baxın bu tuta, yüzündə necə parçalanıb... – əli ilə həyətin ortasındakı
xartutu göstərdi və asta addımlarla küçəyə çıxdı.
Həyətdəkilərin hamısı dönüb xartuta baxdı və yenə də heç kim heç nə başa
düşmədi.
Əslində heç Əliabbas kişinin özü də bilmədi ki, niyə bu xartutu göstərdi və bu
xartutun onun çəkic-mişar satmağına nə dəxli var.