Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə59/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   55   56   57   58   59   60   61   62   ...   184

 

133


Cavanşir başını qaldırıb iki stol qabaqda qoca bir arvadla oturub onlara baxan 

Dürdanəni gördü və istər-istəməz  Şuşa sanatoriyasına təzə  gəlmiş bu qızla 

salamlaşdı  və elə bil ki, Cavanşirin bu salamı ilə Dürdanənin sifəti tamam açıldı, 

gözgörəsi güldü sifəti, elə bil Cavanşirin salamı bir xoşbəxtlik gətirdi bu qıza. Qızın 

yanındakı qoca arvad da başını qaldırıb bir qıza, bir də Cavanşirgilə baxdı və o da 

Cavanşirgilə salam verdi. 

– Kimdi, ə, bu qız belə, a kişi qırığı? 

Cavanşir Güləndam nənənin ona «a kişi qırığı» deməsilə mübarizə aparmaqdan 

daha zinhara gəlmişdi və daha bu barədə bir söz demirdi; bu dəfə də təkcə: 

– Nə bilim kimdi?.. – dedi və burnunu vermişelli boşqaba salladı. 

Güləndam nənə də bu dəfə zarafatsız dedi: 

– Hə  də, nə tanıyasan onları?.. Evdə otura da bilmirik bu əndamı yanmışların 

əlindən... 

Bakıda qızlar, doğrudan da, Cavanşirə tez-tez zəng eləyirdilər və Cavanşir də 

doğrudan bu qızların heç birini tanımırdı, bəlkə  də görsəydi üzdən tanıyardı – ya 

universitetin qızları olacaqdı, ya da qonşu qızlar; Cavanşir bilmirdi ki, ona zəng 

eləyən hansı qızdı və qızlar gülə-gülə Cavanşirlə tanış olmaq istədiklərini deyirdilər; 

Cavanşir onlarla uzun-uzadı danışmırdı, dəstəyi asırdı, sonra qızlar təzədən zəng 

eləyib Cavanşirin kobudun biri olduğunu deyirdilər və belə bir kobudluq qiyafəsi 

həm qızlarla danışmaqdan (axı nə deyəsən?) xilas edirdi, həm də hər halda kişi gərək 

kişi olsun. 

Cavanşir başını qaldırıb yenə Dürdanəyə tərəf baxdı və nədənsə ona elə gəldi ki, 

Güləndam nənənin «əndamı yanmış» deməsi bu qıza layiq deyil və ən qəribəsi də bu 

oldu ki, Güləndam nənə də elə bil Cavanşirin fikirlərini oxuyub: 

– Bu qızı demirəm ha... – dedi. 

Günorta Güləndam nənə Cavanşirə xəbər verdi ki, bu qızın adı Dürdanədi, o da 

qarabağlıdı, o da nənəsiylə  gəlib  Şuşa sanatoriyasına, atasını  məzuniyyətə 

buraxmayıblar, anası da qalıb atasıyla Bakıda, nənəsinin də adı kişi adıdı, Bəhlul, 

Bəhlul arvad. 

Gülməmmədin akkordeonu öz məşhur tanqosunu təzədən çalmağa başladı  və 

Hüsaməddin Alovlu yerli cavanların həsəd, qibtə dolu nəzərləri altında yenə 

Marusya Nikiforovanı  rəqsə  dəvət etdi, sonra yenə sanatoriyada dincələn gəlmə 

qızlar bir-biriləriylə,  Şuşanın,  Şuşaya yaylağa çıxmış  Ağdamın, Bərdənin, 

Ağcabədinin, Füzulinin cavan oğlanları da bir-biriləriylə rəqs eləməyə başladılar. 

Bir azdan Şuşanın aşağısında,  Ərimgəldi tərəfdəki istirahət evinin həyətində 

klarnetçi Müslüm orada işini qurtarıb dəstəsiylə – zurnaçı Anuşavan və nağaraçı 

Məliklə sanatoriyanın həyətinə gələcəkdi, «Avropalı gəlin» Iran filmindən «tormoz» 

Hüseynin havasını çalacaqdı  və sanatoriyada istirahət edən  əmək qabaqcılı, 

qəhrəman ana və  həddən artıq kök Safurə arvad meydanda ortaya düşüb sındıra-

sındıra oynayacaqdı və bununla da sanatoriyanın mədəni-kütləvi tədbirlərinə baxan 

Sadıq müəllimin iş günü sona yetəcəkdi. 

Cavanşir cibindən bir siqaret çıxarıb yandırdı  və bunu görən Güləndam nənə 

eyvanda qeyzlə başını tərpətdi, barmağını yelləyib Cavanşiri hədələdi, yəni ki, qoy 

gedək Bakıya, gör orda atana deyirəm, ya yox. Cavanşir nənəsinin belə  hədə-

qorxularına adətkərdə idi, amma bu dəfə necə olsa, birdən-birə ürəyinə bir 

nigarançılıq doldu və tez də Dürdanə  tərəfə baxdı ki, görsün bu qız Güləndam 

nənənin him-cimini görür, yoxsa yox. 

Dürdanə gözaltı, guya ki, qəsdən yox, elə-belə, Cavanşirə baxırdı. 




 

134


– Axşamınız xeyir. – Hələ  də  ağ  xələtini  əynindən çıxartmayıb sanatoriyanın 

həyət qapısı ağzında dayanmış və çox ciddi görkəmli meydançadakı Sadıq müəllimə 

tamaşa edən Isgəndər Abışov – Şuşa sanatoriyasının məşhur dietoloqu – Cavanşirlə 

salamlaşdı. 

Bu axşam klarnet çalan Müslüm gecikirdi, gəlib çıxmamışdı  hələ  və  mədəni-

kütləvi işə baxan Sadıq müəllim özü meydanın ortasına çıxıb camaata fokus 

göstərirdi: bütöv bir qəzeti meydana toplaşanların gözü qabağında gəzdirib cırırdı, 

qəzetin qırıntılarını hər iki ovcunun içinə yığırdı, sonra ovcunun içində də gizlətdiyi 

başqa bir qəzeti yavaş-yavaş bütöv açırdı, cırılmış  qəzetin qırıntılarını isə yenə 

ovcunda, təzə  qəzetin arxasında gizlədirdi və bu zaman cırılmış  qəzetin 

qırıntılarından bir-ikisi Sadıq müəllimin ovcunun sözünə baxmayıb yerə düşürdü və 

Sadıq müəllim də tez onları ayağıyla tapdalayırdı ki, heç kim görməsin. 

Dietoloq Isgəndər Abışov bu fokusa sidq-ürəkdən heyrətlənib: 

– Malades, Sadıq müəllim! – dedi və Cavanşirə baxıb Sadıq müəllimin 

fokusundan valehliklə başını tərpətdi: – Interesna!.. 

Isgəndər Abışov keçən il Bakıdakı tibb texnikumunu bitirib Şuşa 

sanatoriyasında işləməyə  gəlmişdi və bu bir il ərzində bu tərəflərin feldşer, tibb 

bacıları arasında olmazın hörmət qazanmışdı və hələ də öz vəzifəsinin mötəbərliyinə 

ürəkdən inanırdı. Ortaboylu, qıvrım qara saçlarını səliqə ilə dala darayan, nazik qara 

bığlı, yanağı qara xallı Isgəndər Abışovun ağ  xələti həmişə  tərtəmiz, kraxmallı  və 

ütülü olurdu, ağ köynək geyib qara qalstuk taxırdı  və qalstukunun ortasında da 

həmişə brilyanta oxşayan bir şüşə parıldayırdı. Səhər qəlyanaltısı, günorta naharı və 

şam zamanı Isgəndər Abışov sanatoriyanın yeməkxanasını miz-miz gəzirdi, diqqətlə 

yeməklərə baxırdı və sifəti cürbəcür görkəm alırdı: gah qaşları çatılırdı və adam öz 

yeməyinə baxıb  şübhələnirdi ki, görəsən nə olub; gah bəyənmək və  təqdir etmək 

münasibətilə başı yavaş-yavaş enib-qalxırdı, « – Moruq qlükozadı» deyirdi. « – 

Keşnişdə linalool spirti çoxdu» deyirdi, «– Balqabaq öd kisəsinin iltihabına 

dərmandı» deyirdi, «Bu, vitamin «A»dı» deyirdi, «Bu, vitamin «S»di, «Bu, vitamin 

«D»di deyirdi və Güləndam nənə də Isgəndər Abışova «Vitamin oğlan» deyirdi və 

sanatoriyadakı şəfqət bacılarının qulağından iraq, «Güləndam nənə bunu da deyirdi 

ki, bu «Vitamin oğlan» ağ  xələtli dəlləyə oxşayır, amma Güləndam nənədən xeyli 

fərqli olaraq, təkcə şəfqət bacıları, feldşerlər yox, yeməkxananın baş aşpazı Kazım 

kişidən tutmuş xörəkpaylayan Parandzemə kimi hamı Isgəndər Abışova «həkim» 

deyə müraciət edirdi. 

Müslüm dəstəsiylə  tələsik sanatoriyanın həyətinə girib meydana gəldi, bayaq 

Doppa Dadaşın oturduğu kətildə oturub klarneti qoburundan çıxartdı, tez yığdı  və 

klarneti yığmağıyla da «tormoz» Hüseynin havası sanatoriyanın həyətinə yayıldı, 

Müslümün klarneti zilə qalxdı, bəmə endi və Müslümün hər iki tərəfində ayaq üstə 

dayanmış zurnaçı Anuşavanın zurnası, nağaraçı Məliyin nağarası klarnetə qol-qanad 

verdi və döşü orden-medalla dolu Safurə arvad yenə özünü saxlaya bilməyib 

meydana çıxdı, sındıra-sındıra süzməyə başladı. 

Gün yavaş-yavaş batırdı, ulduzlar da yavaş-yavaş görünürdü və belə aydın 

havalarda  Şuşa sanatoriyasından görünən uzaq Molla Nəsrəddin yolunun 

qıvrımlarında maşınların işığı da yavaş-yavaş yanmağa başlayırdı; belə aydın 

havalarda  Şuşa hər tərəfdən ulduzlarla əhatə olunurdu, göydəki ulduzlarla və 

aşağılarda – Stepanakertdə, Müxətər kəndində,  Şüşü kəndində, Keşiş  kəndində 

yanan işıqlarla; belə aydın havalarda Şuşa sanatoriyasında göy arasında, dağlar 

arasında məsafə də yox olub gedirdi, hər tərəfi bir genişlik bürüyürdü. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə