Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə58/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   54   55   56   57   58   59   60   61   ...   184

 

131


Dürdanə: 

 – Yoxdursa, eybi yoxdur... – dedi və Dürdanə də qızardı. 

Güləndam nənə: 

 – Bu saat... bu saat... – dedi və gedib Nuh-Nəbidən qalma əl sumkasını açıb 

iynə-sap çıxartdı, Dürdanəyə uzadıb: – Al, qadan alım, al, bizim bu Cavanşir yaman 

acıqlıdı,– dedi. 

 Cavanşir yenə  nənəsinə  «Əzginiş olma, ay arvad» demək istədi, amma 

Dürdanənin yanında demədi və bir də ona görə demədi ki, Dürdanə Güləndam 

nənənin sözlərini çox ciddi qəbul elədi, elə bil bu saat Cavanşir durub ona nəsə bir 

acıqlı söz deyəcəkdi; Dürdanə Cavanşirə ürkək bir nəzər salıb tez-tələsik: 

 – Bağışlayın, – dedi və otaqdan çıxdı. 

 – Boy!.. Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ sap... – Sonra Güləndam 

nənə üzünü Cavanşirə tutdu: – Nədi, a kişi qırığı, nə mısmırığını sallamısan? Cəmi-

aləm həyətdə çalıb-oynayır, nədi girmisən bu otağa, çıxmırsan eşiyə?.. 

Cavanşir nənəsinə baxdı, çox mənalı baxdı: 

 – Sənnən nə danışım e? – dedi və çarpayıdan qalxıb otaqdan çıxdı. 

Üç gün idi gəlmişdilər  Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz 

taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı  və yeknəsəqliyi 

barədə fikirləşirdi, heç kimin onu başa düşmədiyini və başa düşə bilməyəcəyini, 

cavan yaşında ikən qocaldığını fikirləşirdi; hamı onu sütül cavan bilirdi, evdə isə 

onu lap uşaq hesab edirdilər, amma daha demirdilər ki, bu uşaq dünyanın hər üzünə 

bələddi; düzdü, Cavanşir dünyanın cürbəcür üzünü özü üçün tam dəqiqləşdirmirdi

yəni bu üzlər nədən ibarətdi, amma hər halda Cavanşirə belə  gəlirdi və Cavanşir 

bütün bunlar barədə fikirləşəndə, özü də hiss etmədən yavaş-yavaş  xəyal aləminə 

gedirdi, gah həyatdan, yaşayışdan sidqi sıyrılmış bir əyyaş görürdü özünü, daha 

doğrusu, camaat, ətrafdakılar onu əyyaş hesab edirdi və camaat bilmirdi ki, bu əyyaş 

dünyanı  dərk eləmiş adamdı; gah hər gün gözəl, təmiz, zövqlə geyinib adamlar 

arasında tək-tənha gəzən, dinib-danışmayan bir yaraşıqlı kişi görürdü özünü və 

camaat, o cümlədən qız-qadınlar böyük bir maraqla, həsədlə bu sirli və tənha kişinin 

hər addımını izləyirdi, dalınca pıçapıç edirdi və hamı çalışırdı ki, onun sirrinə bələd 

olsun, ürəyindəkiləri bilsin, amma bu heç vaxt mümkün deyildi və mümkün 

olmayacaqdı da, çünki həmin tənha kişinin ürəyində heç kimə yer yox idi, çünki heç 

kim onu başa düşə bilməzdi...  

Doppa Dadaşın kamançası yenə qan eləyirdi və bu dəfə məhəbbətin sirlərindən 

danışırdı, vüsaldan və həsrətdən söz açırdı, aşiq ilə məşuqun intizar və iztirab dolu 

məhəbbət aləmindən, sevginin təmizliyindən, kövrəkliyindən dəm vururdu və yenə 

də kaman Doppa Dadaşın usta barmaqlarında sağa-sola gedib-gəldikcə doppa 

Dadaşın başı da kamanla həmahəng sağa-sola gedib-gəlirdi, kamançanın 

söylədiklərini təsdiq edirdi, uzun kirpikli, iri qara gözləri yenə də elə bil ki, bütün bu 

söylənənlərin hamısını görürdü, vüsala sevinirdi, hicrana kədərlənirdi.  




 

132


Hamı meydançada dövrə vurub Doppa Dadaşın kamançasına qulaq asırdı və bu 

kamança sədası altında Marusya Nikiforova da Hüsaməddin Alovluya tamam yeni 

nəzərlərlə baxırdı, hələ  mənasını özü də başa düşmədiyi yeni hisslər keçirirdi və 

düzdü, Marusya Nikiforova bu yeni hisslərin mənasını  hələ yaxşı başa düşmürdü, 

amma bu hisslər  Şuşanın bu ab-havası ilə,  Şuşanın bu dağları, bu kol-kosları, bu 

ağacları ilə bir-birinə çox uyuşurdu; Marusya Nikiforovanın Hüsaməddin Alovluya 

baxan göy gözlərində artıq bir məhəbbət nişanəsi var idi və Doppa Dadaşın 

kamançası söz söylədikcə bu məhəbbət nişanəsi də elə bil ki, yavaş-yavaş böyüyür, 

artırdı, açıq-aşkarlaşırdı. 

Cavanşir ikimərtəbəli sanatoriya binasının həyət qapısı  ağzında dayandı  və 

Güləndam nənə  də ikinci mərtəbədəki eyvandan Cavanşirə him elədi ki, yeri get 

meydana; Güləndam nənənin Cavanşirə sataşmağa, Cavanşiri dolamağa xüsusi azarı 

vardı və Cavanşir də, qəribə idi ki, hərdən nənəsinin, heç kimin yox, atasının yox, 

anasının yox, yaşlı dayılarının, əmilərinin yanında yox, Güləndam nənənin yanında 

özünü hərdən, doğrudan da, uşaq hiss edirdi, özünü aciz, köməksiz bilirdi, elə bil 

bəzən nənəsi çeşməyinin altından bic-bic gülümsəyən gözləriylə Cavanşirə deyirdi 

ki, a kişi qırığı, özünü yekə kişiliyə vurma, sənin hələ yekə kişi olmağına çox qalıb 

və dünyadan da xəbərin yoxdu sənin; amma bu, hərdənbir olurdu.  

Dürdanə  də ikinci mərtəbədəki öz eyvanlarında idi və oradan oğrun-oğrun 

Cavanşirə baxırdı və Cavanşir də bilirdi ki, Dürdanə elə ona baxmaqdan ötrü, onu 

görməkdən ötrü tez-tez eyvana çıxır, amma Cavanşir özünü görməməzliyə vururdu, 

özünü bilməməzliyə vururdu, heç bu qıza salam da vermirdi, çünki bu qız 

Cavanşirin tayı deyildi, bu qız uşaq idi, həyatın ağrılarını dadmamışdı, Cavanşirin 

fikirləri, Cavanşirin hissləri bu qız üçün işığı güclə  gəlib yer kürəsinə çatmış bir 

qalaktika idi. 

Dürdanə də universitetdə oxuyurdu, Cavanşirlə bir fakültədə, filoloji fakültədə, 

Cavanşirdən bir kurs aşağıda – indi ikinci kursa keçmişdi və keçən sentyabr, dərslər 

təzə başlayanda bu qız universitetin dəhlizində birdən-birə Cavanşirə yaxınlaşdı: 

 – Sizin adınız Cavanşirdi? – soruşdu. 

Cavanşir: 

 –  Hə, Cavanşirdi, – dedi və  təəccüb etdi ürəyində ki, bu ortaboylu, qarasaçlı, 

qaragöz qız onu hardan tanıyır, amma heç nə soruşmadı, sonra, bir neçə gündən 

sonra Cavanşir handan-hana yadına saldı ki, iki il əvvəl yayda ata-anası ilə birlikdə 

Kislovodskda istirahət edəndə bu qız da öz ata-anası ilə Kislovodskda idi. Bir 

küçədə qalırdılar və Cavanşir heyrət elədi ki, o balaca qız necə böyüyüb, necə 

gözəlləşib və necə yaraşıqlı olub. 

Universitet dəhlizindəki həmin sual-cavab Cavanşirlə Dürdanənin birinci və 

axırıncı söhbəti oldu; əvvəllər Dürdanə Cavanşirə salam verirdi və Cavanşir də 

başının hərəkətilə Dürdanənin salamını xalaxətrin qalmasın alırdı; sonra yəqin bu 

«xalaxətrin qalmasınlar» Dürdanəyə təsir etdi və Dürdanə də daha salam vermədi və 

hər dəfə üz-üzə  çıxanda gözləriylə gözləyirdi ki, Cavanşir salamlaşacaq onunla, 

amma Cavanşir də düz ötüb çıxıb gedirdi. 

Dünən səhər yeməkxanada oturub ertə çörəyini yeyəndə Güləndam nənə 

Cavanşirdən soruşdu: 

– O qız kimdi elə bizə salam verir? 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə