518
təyin etməyə çalışırmış kimi hərəkət edir), sonra da – ta-rap-p! –alıcı quş kimi cumur
çamadanın, ya da yeşiyin üstünə! Budur, deyir, burdadır narkotiklər! Açıb baxırlar – dübbədüz
deyib.
SEYMUR. Yəqin iy bilir də?
MƏNZƏR. Nə deyim? Bəzi narkotiklər elə ustalıqla qablaşdırılmış olurdu ki, onları iyinə görə
tapmaq qeyri-mümkündür, ancaq o tapırdı. Gültəkin deyir ki, bu, onlarda irsi bir qabiliyyətdir.
Gültəkinin atası neftçi olub. O da bunun kimi imiş: deyirmiş ki, buranı qazın, burada neft var!
Qazırmışlar, görürmüşlər doğrudur, neft var. Şurabaddakı yatağı elə onun sayəsində tapıblar.
SEYMUR. Bəs bu dediyiniz, narkotikləri tapan oğlan, özü daha belə şeylərin daşını atıb?
MƏNZƏR. Klinikadan on üç il əvvəl buraxıblar onu. O vaxtdan bəri Gültəkinin əmri ilə ildə üç
dəfə narkotikləri yoxlatdırmağa görə qanından, bir də tüpürcəyindən analiz verir. Həmişə də
analizlərin cavabını Gültəkin özü alır. Hər şey təmizdir Oğlu narkotiklərdən birdəfəlik əl çəkib,
amma indi də içkiyə qurşanıb.
SEYMUR. Deyəsən, sizin rəfiqəniz Gültəkin maraqlı insandır.
MƏNZƏR. Özü kimisi yoxdur. Zəng vurdum ki, şəkillərə görə təşəkkürümü bildirim, o da
yalandan özünü elə göstərdi ki, guya çox sevindi. Şikayətləndi ki, evdən çölə çıxmıram,
ayaqlarım ağrıyır, yoxsa mütləq köhnə məktəbimizə baş çəkərdik, ya da əvvəllərdə olduğu kimi,
bulvarda gəzərdik. Mənim də ki, qəlbim kövrək, az qalmışdı şirin dilinə aldanam, ancaq vaxtında
özümü ələ aldım. Öz-özümə dfikirləşdim: danış-danış, əzizim, mən sənin bu yağlı dilinə yaxşı
bələdəm, dünya dağılsa da kraliçanın maşınında sənin görüşünə gələcəyəm. Görüm onda
doğrudanmı sevinəcəksən?..
SEYMUR. Gedəcəyik, mütləq gedəcəyik. (Məryəmə). Jurnalist Taygerin gəlişindən sonra mən
qəti qərara almışam ki, nəyin bahasına
olursa-olsun, maşını oradan götürməliyəm. Ancaq necə?
MƏRYƏM. Bunun Taygerlə nə əlaqəsi var?
SEYMUR. Kimlərsə mənin gömrükxanaya getməyimlə bağlı iyrənc şayiələr uydurur. Belə
şayiələrin kökünü kəsmək üçün maşını gömrükxanadan mümkün qədər tez almaq lazımdır. Bu,
yeganə çıxış yoludur. (Telefon zəng çalır, Seymur dəstəyi qaldırır). Salam... Kim? Xeyr,
tanımadım. A-a, salamlar. Nə tez yadına düşmüşəm? Bəlkə hələ bir yüz ildən sonra zəng
vuraydın, maraqlanaydın ki, səsini tanıdım, ya yox. Məmnuniyyətlə. İşlə bağlı deyirsən? Olsun!
Vacib işdir, lap yaxşı. Taparam, bildim, bəli-bəli, tanıyıram. Gecikmərəm. (Dəstəyi qoyur).
SEYMUR. Zəfər Tağıyevdir. Tələbəlik yoldaşımdır. Mən filologiya fakültəsində oxuyurdum, o,
fəlsəfə. Neçə illərdir bir-birimizdən xəbərsizik. İndi zəng vurub. Deyir ki, nəsə vacib işi var.
MƏNZƏR (Seymura). O, nəşriyyatda işləmir? Yox? Bayaqdan unutmuşam deyəm ki, sizə
nəşriyyatdan zəng vurmuşdular.
Xahiş etdilər ki, oraya gedəsiniz.
SEYMUR. Nə xoş xəbərdir, sağ olun. Əsas məsələ budur. Sabah əvvəlcə nəşriyyata baş
çəkərəm, sonra Zəfərlə görüşərəm.
519
Binanın üzərinə böyük bir lövhə vurulub: "Motosikletçilər və velosipedçilər idman cəmiyyətinin
klubu". Ariya səslənir: "Metalın uğrunda can verir insan, İblis oralarda sulayır meydan". Böyük
zalın yalnız bir küncü işıqlanır. Yerdə qalan məkan alaqaranlıqdır. Divarın işıq düşən hissəsi
boyunca bir neçə kreslo düzülüb.
SEYMUR (zalda tək oturan şəxsə yaxınlaşır.) Salam, Zəfər. Deyəsən, gecikməmişəm.
Bu vaxt zalın qaranlıq hissəsindən kim isə peyda olur. Kişi olduğu bilinir, amma əynində
əlabəzək qadın libası var, üz-gözünü ənlik-kirşanla bəzəyib. Söhbət edən dostlara yaxınlaşır.
GƏLƏN ADAM. Bəs mənim qrantım hanı?
SEYMUR (tələsik). Mən Qrant-zad tanımıram. Əslində, buranı da ilk dəfə görürəm. İndicə
gəlmişəm.
ZƏFƏR (gələn adama). Əvvəl salam verərlər. Özünüz yaxşı bilirsiniz ki, qrantları xəzinədarla
mühasib paylayır. Onlar da hələ gəlməyiblər.
GƏLƏN ADAM. Mühasib hər dəfə özünü vurur keyliyə, guya Altsgeymer xəstəliyinə tutulub.
İndi gələn kimi deyəcək ki, qrant söhbətindən heç xəbərim yoxdur. Yaxşısı budur, qrantımı ver.
Axı niyə belə simiclik eləyirsən e?
ZƏFƏR (acıqlanır). Rica edirəm, qayıdın düzülün cərgəyə! Cəld olun!
GƏLƏN ADAM. Pa! Nə yaman hirsliymiş! Getdim, getdim (qadınsayağı yerişlə nazlana-
nazlana uzaqlaşır, gedə-gedə donquldanır) Fu! Kobudun biri! Cındır!
SEYMUR (çaşqın halda). Zəfər! Bu nə həngamədir?
ZƏFƏR. Bu, adi iş günüdür – parada hazırlaşırlar. Bir az otursan, özün hər şeyi başa düşərsən.
SEYMUR. Çalışaram.
ZƏFƏR. Sən heç dəyişilməmisən.
SEYMUR. Özümü şux tuturam. Heç də göründüyü kimi deyiləm.
ZƏFƏR. Niyə? A-a, başa düşdüm. Yəqin, qəzetlərdə çıxan məqalələrə görə qanın qaralıb.
SEYMUR. Nə məqalə? Mən heç bir şey oxumamışam.
ZƏFƏR (əlində bir neçə qəzet var). Bizim bütün sarı mətbuat sənə hücuma keçib. Bu dörd
qəzetin hamısında eyni şey yazılıb: yazırlar ki, sən gömrükxanada maşını almaq üçün yaman
hay-küy qoparmısan. Gömrükxana işçilərini təhqir etmisən, ayaqlarını yerə çırpıb tələb etmisən
ki, maşını sənə rüsumsuz versinlər, yəni layiq görüldüyün yüksək fəxri adlara hörmət əlaməti
olaraq səndən rüsum almasınlar...
SEYMUR. Heç yaxşı olmadı. Maraqlıdır, görəsən, bütün bu çirkin uydurmalar kimə lazım imiş?
ZƏFƏR. Görünür, sənin düşmənlərindən kiməsə lazım imiş.