|
Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)
41
Bu gün Nigarla qonaq getmişdik, Ə-gilə. Çox üz vurdu,
getməli olduq...
Ə-gildə gördüyüm həyat mənzərəsi məni xeyli
riqqətləndirdi. İnsan necə mürəkkəb, anlaşılmaz məxluqdur.
Biri mehrini itə, biri pişiyə, biri quşa salır. Biri sakitlikdən
zövq alır, biri yağlı yeməkdən, biri hamıya böhtan deməkdən.
Ə-ni sən tanıyırsan. Bu adamın tükənməz enerjisinə heyran
qalmamaq mümkün deyil. Bu yaxınlarda onunla, Tahir
Salahovla, Elbəylə (Elbəy Rzaquliyev - A) Neft daşlarına
getmişdik. Qara dəniz səfərimiz yadındadırmı? O zamandan
neçə il keçir. Elə bil ki, 1963-cü ilin qapısını açıb o uzaq illərə
girdim. Ə. həmin şux enerjili, adama (bəzən həddindən artıq)
hörmət göstərən Ə. idi. Bir zərrə qədər dəyişməmişdi. Bu gün
onun səadətxanasında olduğumuz zaman mən bu adamın, adi
görünən bu adamın qəlbində nə qədər zəngin insani hisslər
yaşadığını gördüm. Mən onun evinə səadətxana deyirəm. Uzun
illər, onillər pəncərələri günəşə, qoynu hərarətə, içi sevincə
həsrət daxmada ömür sürən bu adamın indi dörd otaqlıq
fərəhini görsəydin, sən də belə deyərdin. Biri mehrini itə, biri
pişiyə, biri quşa salır. Ə. iki tapdıq uşaq saxlayır. Bu uşaqlar
kim bilir, nə qədər məhrumiyyət, kədər, göz yaşı
"gələcəyindən" dinc həyat, məhəbbət, tərbiyə, əmək, səadət
"bugününə" düşüblər.
Onlar "yetim" sözünün köz kimi cızıltısından qurtarıb "ana",
"ata" sözlərinin şəfqət və işıq mehribanlığına qovuşublar.
Bütün bu insan qəhrəmanlığını eləyən, çoxlarının mərhəmətlə
salam verdikləri, adam arasında "çudak" ləqəbi qazanmış Ə-
dir. Sən təsəvvür edə bilməzsən, o nə qədər böyük bir qürur və
insanı riqqətə gətirən sevinclə "balalarından", onların ağıl-
kamalından danışırdı. Hər dəfə onların adını dedikdə onun
gözlərində nə sonsuz bir səadət görünürdü.
Bəli, insan mürəkkəb, böyük, mənalı, mübhəm, zəngin, heç
bir zaman sona qədər dərk edilə bilməyəcək bir varlıqdır. Əgər
bu varlığın heç olmazsa-bir hissəsini anlamaq, duymaq,
42
başqalarına nağıl etmək üçün bir ömür vaxt lazımdırsa, bunu
məmnuniyyətlə etmək ən şərəfli iş deyilmi?
Evə gəldik, dedilər zəng eləmisən. Əzizim, oğlum, qardaşım,
mənim mehriban dostum, inamlı, etibarlı, ümidli arxam,
yoldaşım Anar bala, nə üçün bu qədər nigaranlıq keçirirsən?
Məgər sən atanın həyata ilk qədəm qoyduğu gündən
mübarizələrdən, həyatın sınaqlarından, illərin, günlərin
imtahanından keçdiyini bilmirsənmi? Nə üçün mənim gücüm,
davamım, dözüm və iqtidarım haqqında sən şübhə edirsən? Nə
üçün nigaransan? Məgər mən inandığım, seçdiyim həyat və
sənət yolunda azmı ədəbi və qeyri-ədəbi mığmığaların
sancaqlarını görmüş, dızıltısını eşitmişəm?
Paxıllar zümrəsinin, nadanlar dəstəsinin, talantsızlar
güruhunun tənə daşları hansı sənətkarı yolundan qaytara
bilmişdir? Məgər sən mənim az-çox sənət adamları qəbilindən
olduğuma şübhə edirsən?
Anarım! Mən axır günlər yumoristik şerlər yazıram. Bu son
hadisələrə mənim necə baxdığıma sübut deyilmi? "Karvanımız
gedəcək" şeri yadında deyilmi?
...Oğlum! İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət,
çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki,
anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, "özünü
bəyənən ağam vay!" qəbilindən gəlməsin. Mən söz gəzdirən
ədəbi... f. nə üçün belə etdiklərini anlamasaydım, qəzəbinə
səbəb olan nədir bilməsəydim, bugünkü yeni ədəbi cərəyanın,
xüsusilə, Azərbaycan şerində hər gün daha artıq bir qüvvətlə
səslənən yeni şerin mübarizlərini bir sıraya nə topladığını
anlamasaydım, bəlkə də məyus olar, ruhdan düşərdim. Bütün
bunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım
üçün bu hadisələr (əgər bunları hadisə adlandırmaq olsa)
məndə bir təbəssümdən, bəlkə də təəssüfdən başqa bir şeyə
səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə
özümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm.
Kim nə desə inanma. Sənin atan kefi kök, damağı çağ,
43
əlində hələ gücünü, axtarışını, yeni boyalarını itirməmiş bir
qələm olaraq "bənzəyir bir qocaman dağa ki, dəryada durar".
Mənim Anarım, səni və sənin Zemfiranı öpürəm.
Rəsul".
"Oğlum!
Bilsən yerin necə boşdur. Hər dəfə yeni bir şer yazıb
qurtaranda gözlərim səni axtarır, axı sən bizim ədəbi
mübahisələrimizin, münaqişələrimizin münsifi idin. Əgər təbiət
də insan qəlbi qədər həssas olsaydı, yəqin ki, dəniz bir
damlanın əksildiyini duyardı. Hər gün səhər açılır, fəslin
ahənginə uyğun planetimiz böyrünü günəşə verib hərlənir, bizi
gecələrin qaranlıq səhrasından keçirib yeni səhərlərə
qovuşdurur, biz ən əziz bildiyimiz ömrü məngənə kimi yeyə-
yeyə əbədi sükut aləminin sahilinə yaxınlaşırıq.
Bəlkə də bu ibarəli cümləyə dodaqaltı qımışacaq,
deyəcəksən, Rəsul sentimentalizm ənənələrini yenidən
dirçəldir. Yox. Bu bir növ ruhi fotoqrafiyadır ki, kəlmələr
aşkarlayıcısı ilə aydınlaşıb.
Yeni şerlər yazıram. Gələcək yarış və mübarizələrə qüvvət
toplayıram. Sən bilirsən ki, yarışı qazana bilmək üçün biz
üçqat artıq layiq olmalıyıq. O gün səninlə danışanda mən
səsində bir məyusluq çaları duydum. Nə üçün?
...Son zamanlar işləyə bilmirdim. Fikrimi toplaya bilmirdim.
Səninlə danışandan sonra elə bil ki, qəlbimə bir sakitlik,
fikrimə bir aydınlıq gəldi. Oturub yazmağa başladım. Bu
sikldən olan birinci şeri sənə göndərirəm.
İş günü
İstər yağış çiləsin,
istər qızmar gün olsun
istər şaxta,
Dostları ilə paylaş: |
|
|