34
Gündüzlər necə!
Gündüzlər
səbirsiz gözləyirik ki,
bir axşam olsun,
bir gəlsin gecə!..
Bu qərib axşamların kədəri son saatımacan içimdə
yaşayacaq. "Qərib" sözü burda çox dəqiqdir; onlar öz
şəhərlərində, öz evlərində olsalar da vaxt qürbətində
yaşayırdılar.
Niyə, niyə, axı, niyə mən hər cür işimi–gücümü, ən təcili,
təxirəsalınmaz, ən vacib işlərimi belə kənara atıb bütün
axşamlarımı onlarla keçirmirdim? Niyə onların bir gün
olmayacaqlarını bilə-bilə, onlarsız günlərimin acı həsrətini
öncədən duya-duya, bu fikri özümdən iraq edirdim?
Hökmən bir ay, bir-iki həftə, heç olmasa bir neçə gün bütün
dünyanı, bütün aləmi, işlərimi, qayğılarımı unudaraq Bakıdamı,
Buzovnadamı, Göyçaydamı səhərdən axşamacan, axşamdan
səhərəcən onlarla bir yerdə olmaq – arzum, istəyim, əlçatmaz
xülyam idi. Doyunca, lap doyunca bir yerdə qalmaq, doyunca,
lap doyunca söhbət etmək – olanlardan, keçənlərdən. Niyə
qismət olmadı bu mənə, niyə?
Uşaqlığımdakı kimi – bir yerdə yaşamaq, amma durulub
aydınlaşmamış körpə şüuruyla deyil, yaşlı, yetkin insan
zehniylə onları günbəgün, axşambaaxşam, səhərbəsəhər
dinləmək, qavramaq, yadda saxlamaq....
Niyə mümkün olmadı bu, niyə?
Hansı iclaslar, bədii şuralar, redkollegiyalar, çıxışlar,
görüşlər, səfərlər, cari işlər, dost məclisləri, yaşıdlarla ünsiyyət
sevincləri və bütün başqa sevinclər – bax, həmin o saatları, o
günləri – Onlarlı saatlarımı, Onlarlı günlərimi aldı məndən?
Yuxarıda sadaladıqlarımın hansı birisi atamla anamın sifətləri,
sözləri, səsləri, ya da sadəcə susmaları, sükutları qədər mənə
əziz, doğma, munis ola bilərdi!
Axşamlar... Onların axşamları... Son illərin axşamları...
35
Otaq böyük idi, bəlkə buna görə çıraq onu gur işıqlandıra
bilmirdi. Alaqaranlıq olmasa da, otaq hər halda çıraqban da
deyildi.
Televizor işləyir. İkisi – iki qoca – oturublar televizorun
qarşısında. Anam baxır ekrana, atam yox; televizorun
qabağında oturub, amma gözlərini yumub.
"Xoş-beş, nə var, nə yox, sağlıq"dan sonra dinib-danışmır.
Dəhlizdə anam: "Mənimlə də danışmır, elə bil söhbət tapmır
danışmağa, – deyir. – Bütün axşamları, bax, beləcə televizorun
qabağında oturur, gözlərini də yumur, baxmır, susur. Bilmirəm
gözlərini yumursa, daha televizorun qabağında niyə oturur".
Bəlkə baxmır, qulaq asırmış. Amma qulaq asmalı nə var ki?
Qulaq asmaq istəyəndə balaca tranzistorunu qururdu. Axır iki-
üç ildə çox mütaliə də edə bilmirdi-gözləri zəifləmişdi,
oxuyanda tez yorulur, ağrıyırdı.
Yəqin ki, bu gözüyumulu, sükutlu saatlarında büsbütün
ötənlər aləminə, İçəri dünyasına çəkilirdi. O dünyaya ki, orada
vaxt anlayışı yoxdu. – Keçmiş də İndi kimi realdır, əyanidir,
görümlüdür, insanların da hamısı – ölüb itənləri, haçansa
ömründən keçib-gedənləri belə – diridirlər, budur, burdadırlar,
danışırlar, gülürlər, ağlayırlar, əl eləyirlər.. Dünya da min
rəngli, min bir çalarlıdır.
Bilmirəm, bir mən beləyəm,
Ya hamı belədirmi?
Yada saldıqca keçən günləri
Hər gün bir rəngdə görünür mənə;
Şənbə sarı görünür,
Bazar ağ,
Cümə-qırmızı.
Yadıma gəlir qonşumuzun
qara, uzun kirpikli qızı
və qızın, boynundakı
gözmuncuğu,
Yadıma gəlir nənəmin
36
göy
gözləri,
şirin nağılı,
babamın qaşqabağı, acığı.
Yollar yadıma düşür.
Tozlu yollar,
Yulqunlu, yovşanlı yollar,
turaclı, dovşanlı yollar.
Qarğı tütəyim yadıma düşür.
Sümsüm yadıma düşür,
qarğı cəngərəklə
əlçatmaz budaqdan üzdüyüm
zingirə-zingirə
əlvan üzüm yadıma düşür.
Köbərləri qazıb
çıxartdığımız boyaq
yadıma düşür.
Bağlardan yığdığımız
şirin əvəlik,
dağlardan yığdığım
sumax yadıma düşür.
Onu bu xatirələr, fikirlər aləmindən, vaxtsızlıq dünyasından
ayırmaq, təkliyini dağıtmaqçün eşitdiklərimdən,
gördüklərimdən, oxuduqlarımdan – bir sözlə Bu Gündən
danışırdım. Ona cürbəcür xəbərləri, şayiələri, bəzən hətta
qeybətləri çatdırırdım. Zəif gülümsünürdü, solğun bir maraq
göstərirdi, amma duyurdum ki, bütün bunları tam bir
biganəliklə qarşılayır.
Hərdən bu məni hövsələdən çıxardırdı. "Niyə heç kəslə
durub – oturmursan? – deyirdim. – Hanı sənin tay-tuşların,
dostların?" – deyirdim.
Dönə-dönə verdiyim bu suala yalnız bir kərə cavab verdi və
bu cavabı heç vaxt unutmayacam:
–Mənim dostlarım Müşfiq, Faruq, Rəfili, Sabit, Nazim
Hikmət, Cəfər Cəfərov idi. Neyləyim ki, heç biri qalmayıb.
37
Sabit Rəhmana müraciətlə yazırdı:
"Kommunist" küçəsində
Sabir bağıyla üz–üzə
"Gənc işçi"
Həm iş yeri,
Həm gündəlik ruzi ağacı,
Həm etibarlı sınaqdı bizə.
İndi sən yox,
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Səməd yox,
Əli Nazim yox,
Mehdi yoxdu.
Tək necə qayıdım o günlərə,
necə keçim o yolu!
Son illər Nazim Hikməti daha tez-tez xatırlayırdı. Nazim
20-ci illərdə Bakıya gələndə atamla görüşməmişdilər. Nazimin
ölkəmizə 50-ci illərdə ikinci və həmişəlik gəlişi zamanı tanış
oldular və dərhal da köhnə dostlar kimi ünsiyyət bağladılar.
Moskvada və Bakıda bir-birinin ən əziz qonaqları idilər. Nazim
atam haqqında üç məqalə, atam isə onun haqqında bir neçə şer
yazıb. Bu şerlərin hamısı N.Hikmətin vəfatından sonra yazılıb.
Ancaq Nazimlə hələ şəxsən tanış olmadığı vaxt, şair Türkiyədə
Bursa məhbəsində dustaq yatarkən, atam Nazimin anasına bir
şer yazıb. Bu şeri sevmirəm. Ritorik, şüarçı şerdir. Nazimlə
şəxsi tanışlıqdan, ülfətdən sonra və Nazimin ölümündən sonra
atamın ona həsr olunmuş sətirlərini isə həyəcansız oxuya
bilmirəm.
Şair yoxdur artıq,
olmayacaq
Ulu şair ölümünü
sinəsində apardı
Bursadan.
Dostları ilə paylaş: |