108
idarəçilik rejimi ilə sən də çox ehtiyatlı olmalısan. Mən həmin
şəxslərə kömək etdim. Bundan sonra onlar və başqa yerli bəylər
otlaqlarına, torpaqlarına toxunulmadan az miqdarda biyar vergisi
ödəyəcəklər, yəni adambaşına bir ot tayası verəcəklər. Bu artıq
qəbul olunmuş qərardır, kimsə onu poza bilməz. Bəylər də bu
qərardan çox razı getdilər. Onlar burda ikən həbsə atılanları
azad etdirdik. İmkan olduqca hamıya əl tutmaq, kömək etmək
lazımdır. Son anda düşünüb-daşınıb mənim yaratdığım xeyriyyə
cəmiyyətinin qapısını döyən yüzlərlə azərbaycanlı ailə var. Hə,
Həsən, belə-belə işlər qarşıda səni də çox gözləyir…
– Anam sənə kənddən səbət göndərib. Deyir, heç olmazsa,
ağzının dadı dəyişər.
– Sağ olsun. Mən indi nə yesəm, uşaq vaxtı anamın hazır-
ladıqlarının dadını vermir. Həm də inanmıram ta əvvəlki ləzzətlə
yemək yeyə bilim. Çünki ağız dadımı çoxdan itirmişəm.
Həsən uzun-uzadı söhbətdən sonra Fərəc bəydən ayrılaraq
Mixaellə görüşməyə getdi. Tiflis son beş ildə çox dəyişmişdi.
Tiflisin adı gələndə Həsən bəy burnunda dərhal pendir, sunel və
istiot iyini hiss edirdi.
Həsən dostu Mixaellə həmişəki kimi səmimi görüşdü, elə bil
ayrıldıqlarından yüz illər keçmişdi. Mixael:
– Həsən, səni bilmirəm, amma mən sənsiz çox darıxdım. Nə
yaxşı ki, səni Tiflisə göndərdilər. Nə yaxşı, sən burada işləyəcəksən.
Mən də gimnaziyada riyaziyyatdan dərs deyəcəm. Gedək, sənə
danışdığım mənzilə də baxaq, xoşuna gəlməsə, bir başqa ünvanda
da var, ora da baxa bilərik.
Həsən Mixaelin nişanlısı Daşa ilə münasibətini soruşdu:
– Əvvəl məni danladılar, sonra biləndə ki, razı olmasalar,
Moskvaya qayıdacam, əlacsız qalıb razılaşdılar. Dekabr ayında toy
etməyi qərarlaşdırdıq. Sən də burada – yanımızda olduğun üçün
indi hər şey gözəl olmalıdır, elə deyilmi?
– Elədir. Mən də sizinlə birgə olduğum üçün bu şəhərdə
özümü tənha hiss etməyəcəm.
Dostu Həsənin xasiyyətini yaxşı bildiyindən onunçün gözal-
tı elədiyi ev şəhərin sakit, təmiz, həm də ziyalıların yaşadığı
109
məhəllədə idi. Bu rayonda, əsasən, müəllimlər, mətbuat işçiləri,
məmurlar yaşayırdılar.
Həsən qalacağı yerin zövqlə seçildiyinə görə Mixaelə
təşəkkürünü bildirdi. Bura həm də Mirzə Fətəli Axundovun yaşadığı
küçə ilə paralel idi. O, mənzilə yerləşdikdən sonra Mirzəyə baş
çəkməyə getdi. Qapını döydü, Tubu xanım qapını açdı:
– Gəl, oğlum, gəl. Mirzə, gör bizə kim gəlib! Həsən, maşallah,
mən səni güclə tanıdım. İndi sənə baxan hər kəs o saat alim
olduğunu bilər.
Mirzə, Həsənlə əvvəlki illərdə olduğu kimi, yenə də doğma
övladı kimi görüşdü.
– Gəl çıx da, ay Həsən, gözümüzün kökü saraldı axı!
– Gəldim, Mirzə, üstəlik də, sizinlə yanaşı, Tiflisdə qalıb
işləyəcəm.
– Bax buna çox sevindim. Harada işləyəcəksən?
– “Mejevaya palata”da məmur kimi, həm də 8-ci Mejevaya
komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərəcəm.
– Hə, sənin işin çox qəlizdir. Bu iş çox ağıllı olmaqla bəra-
bər, həm də təcrübəli olmağı, müəyyən məsələlərdə ehtiyatla dav-
ranmağı tələb edir. Bilirsən də, guya rəsmi şəkildə çar Rusiyasında
təhkimçilik hüququ ləğv olunub. Bizdə də bu məsələ Rusiyadan
sonra aydınlaşmalıydı. Ancaq özün görəcəksən, bu rejim Qafqazda
yenə də mülkədarların hüququnu müdafiə edir, kəndliləri, demək
olar, açıq-aşkar soyub talayır. Sadəcə, bu işi indi onlar “qanun”la
edirlər. Kəndli mülkədardan icazə almamış öz təsərrüfatında bir
toyuq hini də tikə bilməz. Hər adam səbir göstərib öz təsərrüfatında
yeni “qanuni” sahibkarlarla yola gedə bilmir. Bəzən bu işlərə
baxarkən müdafiəçi vəkilin özü pis vəziyyətdə qalır. Dövlət
qulluqçusu olduğu üçün, aydın məsələdir, o, dövləti, onun bəy-
mülkədarlarını müdafiə etməlidir. Kəndlinin hüquqlarının haqsız
şəkildə pozulması, əlbəttə, hər bir vicdanlı vəkilin, o cümlədən,
gələcəkdə sənin də içindəki “vicdan idarəsinin” iflasına səbəb
olar. Sən nə qədər çətin olsa da, ehtiyatla işləməyə çalışmalısan,
bacardığın qədər ədalətli olmalısan.
Həsən fəaliyyət göstərəcəyi sahədə işin nə yerdə olduğunu
110
təxminən təsəvvür etdiyindən başını aşağı salıb susurdu. Mirzə
xasiyyətcə baməzə adam idi, Həsənin pərişan halını görəndə onun
könlünü açmaq istədi:
– Həsən, bir kasıb şəkili öküzlə dağdan ot daşıyırmış.
Öküzlərdən biri belində ot dərzləri dağın başından yıxılaraq
üzüaşağı diyirlənməyə başlayır. Kəndli dizinə çırparaq vay-şivən
qoparır, “Ya Həzrət Abbas, Ya Həzrət Abbas, kasıb adamam,
öküzümü saxla, yalvarıram, öküzümü saxla, bu öküz bir çətən
külfətin çörək ağacıdır”. Kəndli görür öküz dağın döşüylə dərəyə
doğru getdikcə daha sürətlə yuvarlanmaqda davam edir, ona
kömək-filan edən yoxdur. Yenidən qışqırır, başına dönüm, ay
Həzrət Abbas, yoldan qaç, öküz gəlir… Hə, qardaşoğlu, indi bu
kəndlinin məsələsi olmasın, onların hüququnu qoruya-qoruya
özün təhlükə altında qala bilərsən.
Həsən gülümsünürdü, lakin qəlbində Mirzənin sözləri,
xüsusən də, “kəndli məsəli” onu bərk tutmuşdu. Mirzə bu məsəllə
gerçək durumu çox dəqiq təsvir etmişdi. “Deməli, çox ehtiyatlı
olmalıyam. Bu işdə nə ağıl, nə də Fərəc bəy köməyə çata bilər. Hər
şey “yüz ölçülüb, bir biçilməlidir!”
– Həsən, bilirəm, sən yetərincə ağıllısan, səhv etməyəcəksən.
Sadəcə, qorxuram, bu haqsızlıq, ədalətsizlik çamurunda sənin
əsəblərin dözməsin.
Həsən Mirzə ilə çay içdi, sonra sağollaşaraq yeni tutduğu
mənzilə qayıtdı. Sabah “Mejevaya palata”da ilk iş günü başla-
ya caqdı. Axşamdan sabah geyinəcəyi pal-paltarını hazırladı.
Moskvadan gətirdiyi kitablarını qutulardan boşaldaraq otaqdakı
köhnə rəflərdə yerləşdirəndə əlində tutduğu kitablardan birinin
arasından nə vaxtsa gizlətdiyi şəkil yerə düşdü. Veranın şəkli idi.
Elə bil bir anda otağı Veranın saçlarının küknar ətri bürüdü. Şəklə
baxa-baxa Həsənin xəyalında Vera ilə bağlı ən şirin anlar canlandı.
Veranın gülümsəyən üzü, dənizi xatırladan mavi gözləri şəkildən
boylanaraq onunla danışırdı:
– Sabah işə başlayırsan, Həsən, uğur olsun! Həmişə yaxşı
şeylər fikirləş ki, xeyir tapasan. Mənim dualarım da həmişə səninlə
olacaq. Görürəm, məni unutmağa çalışırsan, bəlkə də, düz edirsən.
Dostları ilə paylaş: |