25
məqaləsində banklararası bazarda gecəlik faiz fyuçerslərindən istifadə etməklə Federal Ehtiyatlar
Sisteminin faiz dərəcəsi qərarlarının müxtəlif göstəriclər üzərindəki
gözlənilən və
gözlənilməyən
təsirlərini tədqiq edir.
Maliyyə sektorunun əsas tərkib hissələrindən biri olan daxili banklararası bazarın təhlilinə
keçməmişdən qabaq qeyd etmək lazımdır ki, banklararası bazarla (daxili və xarici) bağlı statistik
məlumatların keyfiyyətində problemlər mövcuddur. Belə ki, bazar göstəricilərinin yaxından
tədqiqi məlumatlarla bağlı müxtəlif tutarsızlıqların və uyğunsuzluqların olduğunu göstərir. Bu
səbəbdən bazarda aparılan əməliyyatların geniş əhatə olunması, bəzi əməliyyatlarla bağlı
məlumatların əldə olunması qeyri-mümkündür. Məsələn, gecəlik kredit və depozit əməliyyatları
ilə bağlı stastistik məlumatlar mövcud deyil. Belə məhdudiyyətləri nəzərə alıb, biz araşdırmamızı
dar çərçivədə aparmağa məcburuq və burada yalnız kredit əməliyyatları üzərində dayanacağıq.
Qeyd etmək lazımdır ki, banklararası bazarda aparılan kredit əməliyyatları dövrü strukturuna
görə 30 günədək, 30-90 gün, 90-180 gün, 180-360 gün və 1 ildən yuxarı kreditlər olaraq
təsnifləşdirilir. Banklararası bazarla bağlı statistika həm daxili bazarda rezident bankların öz
aralarında, həm də qeyri-rezident bankların rezident banklarla apardığı əməliyyatları əhatə edir.
İlk öncə, rezident bankların daxili banklararası bazarda öz aralarında apardığı əməliyyatlara
nəzər salaq. Bu bazarda kreditlər əsasən üç valyutada - manatda, ABŞ dollarında və avroda
reallaşdırılır. Apardığımız təhlillərdə biz manatda və ABŞ dollarında yeni verilən cəmi və 30
günədək kreditlər üzərində dayanırıq.
Həmçinin, biz bazarda verilən kreditlər üzrə banklar arasında median faiz, o cümlədən 10%
və 90% persentil faizlərini hesablayırıq. Median faiz müvafiq dövrdə əməliyyat aparan bankların
yarısının median faizindən aşağı, digər yarısının isə ondan yuxarı faizlə kredit verdiyini göstərir.
Müvafiq olaraq, 10% persentil faizi bankların 10%-nin bu faizdən aşağı, digər yerdə qalanının
isə ondan yuxarı faizlə kredit verdiyini göstərir. Oxşar olaraq, 90% persentil faizi isə eyni
qaydada şərh oluna bilər. Beləliklə, median faiz ətrafındakı 10% və 90% persentillər bazarda
mövcud olan faizlərin 80%-nin bu intervala düşdüyünü göstərir.
İlk öncə qeyd edə bilərik ki, bazarda aparılan kredit əməliyyatlarının həcmi, istər manatda
olsun, istər ABŞ dollarında, xeyli kiçikdir. Belə ki, 2003-2014-cü illərdə manatda aparılan cəmi
kredit (Şəkil 11) əməliyyatlarının aylıq orta həcmi 280 min manat, 30 günlük kredit (Şəkil 15)
əməliyyatlarının həcmi isə 40 min manat təşkil etmişdir. Bu kredit məbləğləri bank sisteminin ay
ərzində verdiyi kredit portfelinin müvafiq olaraq 0.06% və 0.17%-ə bərabərdir. Digər tərəfdən,
həmin dövrdə fəaliyyət göstərən bank sayını təqribən 40 ədəd qəbul etsək, bu zaman hər banka
orta hesabla təqribən 7 min cəmi kredit, min manat isə 30 günədək kredit düşür. Düzdür, son 2-3
ildə cəmi kreditlərin aylıq orta məbləği 500 min manata yaxınlaşsa da, hətta bu belə günlük orta
hesabla 25 min manat yeni cəmi kredit deməkdir.
Ümumiyyətlə, daxili banklararası bazarda aparılan əməliyyatların sayı da bazarın inkişaf
səviyyəsini və aktivliyini göstərən əsas göstəricilərdən hesab olunur. Təəssüf ki, banklararası
bazarda ay ərzində aparılan əməliyyatların sayı ilə bağlı statistik məlumat mövcud deyil. Lakin
əməliyyatların həcminin kiçik olduğunu nəzərə alsaq, bazarda iştirak edən bankların sayını
əməliyyatlarının sayının təxmini göstəricisi kimi istifadə etmək mümkündür.