povest
111
USTAD
dərgisi \ Fevral 2016
110
USTAD
dərgisi \ Fevral 2016
görə də Rəhim içəndə anasının köhnə yarası
təzələnirdi, deyirdi cavanlıqda
atan günümü
qara elədi, indi də sən başlamısan. Rəhim
ana bətnindəki uşaq kimi ayaqlarını qarnına
yığıb qıvrılırdı. Təcili yardım çağırılmasına
razılıq vermədi. Anasının ağlına gəldi ki,
ona marqanis suyu içirsin. Bir litrlik bankada
marqanis suyunu zorla boğazına tökə bildi.
Bundan sonra Rəhim axır ki, yediklərini
qaytardı. O vaxtdan bir daha qurban ətiylə
araq içməyəcəyinə and içdi.
Rəhim Rəfaelin “Primorski”dəki
kababxanasında işləməyə başlamışdı.
Əlisəfanın da bu kababxanaya tez-tez güzarı
düşürdü, hər dəfə də başqa bir qızla gəlirdi.
Hamısı da say-seçmə qızlar idi. Əlisəfa
onlara yaxşı pul buraxırdı. Onlar açıqlıqda
oturmurdular, Rəfael onlar üçün ayrıca
kabinet saxlayırdı. Yaxşıca yeyib-içirdilər,
hesabı istəyəndə Əlisəfa hər dəfə Rəhimin
cibinə əlavə pul basırdı. Bir dəfə yaxşıca
yeyib-içəndən sonra əlini köpmüş qarnına
çəkib gərnəşdi və dedi:
– O bir söz var e, deyirlər ki, ac ol, kişi ol.
Alə, acdan kişi olar? İki əl bir başı dolandıra
bilmirsə, onun kişiliyindən nə olacaq? Pul
qazana bilməyən kişidən kişi çıxmaz. Bunu
yaduvuzda saxlıyun!
O vaxtdan xeyli vaxt keçsə də Rəhim bu
sözləri
heç cür unuda bilmirdi, Əlisəfanın
sözlərinə haqq verirdi. İnsafnan danışsaq,
Əlisəfa tənbəl adam deyildi, uşaqlıdan çörək
qazanmağa başlamışdı, sübh tezdən hamı
isti yerində yatanda Əlisəfa qapılardan
tərəvəz yığıb arabayla bazara aparırdı,
bəzən də yaş kisələri belində daşıyırdı.
Rəhim düşünürdü ki, Əlisəfanın bahalı
maşında gəzməyə, villada yaşamağa, evində
qulluqçu saxlamağa, həyatın zövq-səfasını
çəkməyə haqqı var. Deyirdilər Əlisəfanın
naxışlığı var, hansı işə əl atırsa, bəxt üzünə
gülür. Rəhim də xəyalən özünü Əlisəfanın
yerində görürdü, onun kimi bahalı maşın
sürür, evində qulluqçu saxlayırdı. Bəzən də
bu xam xəyallardan yorulur, düşünürdü ki,
heç vaxt Əlisəfa kimi varlana bilməyəcək.
Doğru deyirlər, adamın gərək bəxti olsun.
Hoppanıb-düşməklə deyil.
Rəhim Rəfaelin kababxanasında təkcə
ofisiantlıq etmirdi,
gecədən xeyli keçmiş
müştərilər çəkilib gedəndən sonra cəmi bir-iki
saat yata bilirdi. Sübhün gözü açılar-açılmaz
qalxıb əlində dırmıx kababxananın ərazisini
təmizləməli, stol-stulları qaydaya salmalı idi.
Ətraf siqaret kötükləriylə, sür-sümüklə, kirli
salfetkalarla, boş butulkalarla dolu olurdu.
Səhər 7-ə qədər hər tərəf tərtəmiz olmalı idi.
Rəfael sübh obaşdan qalxıb obyekti gəzirdi.
Gözünə bircə siqaret kötüyü dəysəydi,
dərhal Rəhimi işdən qova bilərdi. Çox əzazil
adam idi. Arvadı da onun qorxusundan tük
salırdı. Heç kəs sözünün qabağına söz deyə
bilməzdi. “Volqa”sının yük yerində qoşalülə
saxlayırdı, kiminlə sözü çəp düşürdüsə,
cumurdu maşına. Vuran əli də var idi, çox
qüvvətli adam idi. Zalım oğlunun Tanrıyamı,
şeytanamı qulluq etdiyi bəlli deyildi.
Bir dəfə
oğlu Sahib maşını ondan icazəsiz qaçırmışdı,
Rəfael hirsindən dodaqlarını gəmirə-gəmirə
kababxananın həndəvərində dolaşırdı. Mirzə
Rəhimin qulağına pıçıldadı ki, Sahib bunun
əlindən sağ çıxmayacaq, görərsən. Heyvan
kimidi, vuranda baxmır oğludu, ya kimdi.
Vurub xosunvay edəcək.
Gün günortadan əyilən vaxtı müştərilər
çoxalmağa başladı. Rəfael gözə dəymirdi,
çox güman ki, içəri otaqlardan birində
yatmışdı. Uzaqdan Rəfaelin maşını göründü,
təpəliyi aşıb dəniz yoluna düşən maşın yavaş-
yavaş yaxınlaşırdı. Maşın kababxananın arxa
tərəfində dayandı. Rəfael maşını həmişə bu
yerdə saxlayırdı. Sahib maşından düşəndə
Rəfaelin səsi ildırım kimi çaxdı:
– Bura gəl ə, küçük!
Sahib atasının
xasiyyətinə bələd idi,
bilirdi
ki, onu möhkəm vuracaq, bununla belə
qorxmadan gəlib düz atasının qarşısında
dayandı. Rəhim şillənin nə vaxt açıldığını
görməyə macal tapmadı, gözünü qırpınca
Sahibi tirtap yerə sərilmiş vəziyyətdə
gördü. Söyüş Rəfaelin ağzından horra
kimi tökülürdü. Sahibin ürəyi getmişdi,
heç qımıldanmırdı. Nə Mirzə, nə də
Rəhim Rəfaelin qorxusundan yaxına gedə
bilmirdilər. Rəfael soyuqqanlılığını itirmədən
Mirzəyə tərəf çönüb dedi:
– Ə, ordan bir vedrə soyuq su gətir, əndər
bu oğraşın üstünə.
povest
111
USTAD
dərgisi \ Fevral 2016
110
USTAD
dərgisi \ Fevral 2016
Mirzə cəld çuqun vedrəni krandan soyuq
suyla doldurub gətirdi. Elə gətirdiyi kimi də
tələm-tələsik Sahibin üstünə əndərdi. Sahib
ehmalca başını tərpətdi. Mirzə canıyananlıqla
dedi:
– Ölməyib, diridi.
Rəfael tövrünü pozmadan soruşdu:
– Sən elə bilmişdin ölüb?
Mirzənin özü
də Rəfaeldən ehtiyat edirdi,
bir də gördün, beyni çöndü, Mirzəni də
vurub xosunvay elədi. Ona görə onunla
ehtiyatla dolanırdı. Rəfael sözü elə soruşdu
ki, Mirzə hesabını götürdü:
– Yooox, əşi zarafat eləyirəm də, – deyə
sözü fırlatdı.
– Alə, onun genə mənim şilləmə dözümü
var, o şillədən sənə dəysəydi yox e, əlim
qalxmamış şalvarıvı batırardın. Davay, vızqırt
get kababuvi bişir, yandırsan, daluva ağac
soxacam.
Rəhim Rəfaellə məsafə saxlayırdı, bilirdi
ki, ağzı pərtövdu, işçidən narazı qalanda
söyüb-batırır, dalına da bir karlı təpik
qoyub işdən qovur. Bu adam öz işçiləriylə
təhqiramiz formada rəftar edirdi, onun
təbiətində barbarlıq vardı, çox qəddar
adam idi. Amma yüksək vəzifəli, imkanlı
müştərilərin qarşısında sifəti yüz səksən
dərəcə dönürdü, belə vaxtlarda onu
tanımayan adam deyərdi ki, bu kişi nə gözəl
insandır!
Rəhimi heyrət bürüyürdü, insan bir
anın içində necə dəyişilə bilərmiş! Burdakı
ab-hava Rəhimin heç xoşuna gəlmirdi,
yediyi yemək də canına sinmirdi. Rəhimin öz
halal zəhmətiylə qazandığı pulu Rəfael ona
minnətlə verirdi. Bilirdi ki, bir gün zəhərini
onun da üstünə tökəcək. O isə havayı gülləyə
qabırğa vermək istəmirdi.
Bir gün dan yeri ağarmamış səssizcə
yerindən qalxdı, əynini geyinib çölə çıxdı,
it duyuq düşüb qumların kəhrəba ağuşunda
qaraltı kimi görünən damından çölə çıxsa
da, sonradan onu tanıyıb quyruğunu buladı
və tənbəl-tənbəl əsnədi. Duzlu sudan gövdəsi
aşınmış və sahildə böyrü üstə qalmış gəminin
iri, nəhəng silueti və sükutu adamı
vahiməyə
salırdı. Sallaqxana damının qabağında
asılmış qoyun dərisi lap diri adama oxşayırdı.
Gözü yaxşı seçməyən elə bilərdi orda kimsə
dayanıb. Uzun illər bu gəminin tamhüquqlu
sakinləri olmuş siçovullar da onu çoxdan
tərk etmişdilər. Xiffət və heç kimə, heç
nəyə gərək olmamaq hissi onun içini də
büsbütün çürütmüşdü. Bu gəmi okeanlar
üçün, uzaqda göz vuran mayak üçün, lap
elə zirzəmisində vurnuxan siçovullar üçün də
möhkəm darıxırdı. İt hürsəydi, işlər korlana
bilərdi.
Rəfael yuxuda olsa da, qulağı darı
dəlirdi, bircə səsə yuxudan dik atılırdı, zalım
oğlu çox sərvaxt adam idi. Rəhim qumluq
təpənin üstünə çıxıb ordan ipliyi qırılmış kimi
üzüaşağı yelləndi, bir daha arxaya baxmadı...