- 76 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
İLHAMƏ ƏSGƏROVA
Naxçıvan Dövlət Universiteti
UOT 82: 316. 3
ƏLİ SULTANLI “KİTABİ-DƏDƏ QORQUD” HAQQINDA
Açar sözlər: Azərbaycan ədəbiyyatı, “Kitabi-Dədə Qorqud”, Əli Sultanlı
Key words: Azerbaijan literature, “The book of Dede Korkut”, Ali Sultanli
Ключевые слова: Азербайджанская литература, «Книга моего Деда
Коркуда», Али Султанлы
Filologiya elmləri doktoru, professor Əli Sultanlı (1906-1960) iyirminci əsr Azərbaycan
ədəbiyyatşünaslığının ən məşhur nümayəndələrindən biridir. Çoxşaxəli elmi fəaliyyətə malik olan
istedadlı alim respublikamızda dünya ədəbiyyatının tədqiqi və tədrisi sahəsində böyük xidmətlər
göstərməklə yanaşı, Azərbaycan dramaturgiyasının da ən mötəbər tədqiqatçılarından biri kimi
tanınmışdır. Bütün bunlarla bərabər, ustad alimin folklorşunaslıq sahəsində də ciddi xidmətləri
vardır. Xüsusən onun şifahi söz sənətimizin qiymətli incisi olan “Kitabi-Dədə Qorqud” dastanı
haqqında əhatəli araşdırmaları özünün konseptuallığı, dərin problematikası, yüksək elmi səviyyəsi
və orijinal səciyyəsi ilə diqqəti çəkir.
Dünya ədəbiyyatına dərindən bələd olan Ə.Sultanlı “Kitabi-Dədə Qorqud”u da məhz bu
kontekstdə araşdırmış, xüsusən qədim yunan dastanları ilə maraqlı müqayisələr aparmışdır.
Görkəmli alimin hələ 1946-cı ildə ayrıca kitab halında nəşr etdirdiyi “Dədə Qorqud” və yunan
eposları” adlı dəyərli araşdırması (8) bu baxımdan xüsusi önəm daşıyır. Professor bu yöndəki
tədqiqatlarını davam etdirmiş, onun 1959-cu ildə çap etdirdiyi ”Dədə Qorqud” dastanı haqqında
qeydlər” adlı silsilə elmi məqalələri (7) də böyük rezonans doğurmuşdur. Alimin dastanla bağlı
araşdırmaları onun vəfatından sonra, 1971-ci ildə çapdan çıxmış “Məqalələr” adlı kitabında da bu
başlıq altında yer almışdır (9, s. 11-100). Ustad alim Yaşar Qarayev Əli Sultanlının həmin kitabına
yazdığı “Ön söz”də haqlı olaraq vurğulayırdı: “Əli Sultanlının “Kitabi-Dədə Qorqud” dastanı
haqqında yazdığı silsilə məqalələr Azərbaycanda müasir folklorşünaslığın nailiyyəti sayıla biləcək
əsərlərdəndir” (9, s.10). Professor Əli Sultanlının “Kitabi-Dədə Qorqud” dastanı haqqındakı araşdır-
malarının elmi məziyyətləri barədə çox geniş danışmaq, əhatəli təhlillər aparmaq mümkündür. Biz
burada bir sıra əsas məqamlara diqqət yetirəcəyik.
Hər şeydən öncə, onu deyək ki, Ə.Sultanlı dastanın quruluşuna nəzər yetirmiş,
vurğulamışdır ki, əsərdəki “boylarda ideyaca bir vəhdət vardır” (9,s.12), yəni bəzi boyları
birləşdirən süjet əlaqələri ilə yanaşı, alim haqlı olaraq ideyaca bağlılığa xüsusi fikir vermişdir.
Xanlar xanı Bayandır xan obrazını da bu kontekstdə dəyərləndirən professor yazırdı: “Doğrudur,
Bayandır xanın özü heç bir qəhrəmanlıq göstərmir, əhvalatların cərəyanına istiqamət vermir, işlərə
fəal müdaxilə etmir, lakin bütün boylarda onun mənəvi hökmranlığı ...duyulmaqdadır” (9, s.12).
Dədə Qorqud obrazının mənşəyi, tarixi kökləri barədə də Ə.Sultanlının maraqlı mülahizə və
qənaətləri vardır. Hazırkı mərhələdə Dədə Qorqudun tarixi şəxsiyyət olması barədə fikir yürütmək
üçün diqqət yetirilə bilən qaynaqları alim iki qrupda birləşdirmişdir: “Qorqud Dədənin... şəxsiyyəti
haqqında müəyyən təsəvvür almaq üçün indi ancaq iki mənbəyə müraciət etmək olar:
1.Salnamələr, səyahətnamələr, ümumiyyətlə, yazılı mənbələr; 2.Xalq məsəlləri, xalq nağılları və
xalq əfsanələri, ümumiyyətlə, folklor mənbələri” (9, s.13).
Bu mənbələrin hər birinin elmi xarakteristikasını verən alim diqqəti ona yönəldirdi ki, bəzi
yazılı mənbələrdə Dədə Qorquddan tarixi şəxsiyyət kimi söz açılır, onun xan yanında vəzir,
qəbilənin məsləhətçisi, müdrik və mütəfəkkir bir adam olması bildirilir. Dastanın müqəddiməsində
- 77 -
Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanına yaxın ömür sürməsi barədəki qeydə də
Ə.Sultanlı diqqət yetirmişdir. Tədqiqatçı onu da vurğulamışdır ki, Dədə Qorqud haqqında çoxsaylı
əfsanə və rəvayətlər yaradılmış, onun bütün varlığı, fəaliyyəti belə bir əfsanəvi örtüyə bürünmüşdür.
Fikrinin təsdiqi kimi alim Qorqud Dədə haqqındakı bəzi əfsanələrə nəzər salmış, onların müfəssəl
şərhini də vermişdir. Alimin gəldiyi nəticə belədir ki: “Dədə Qorqudun şəxsiyyəti əsatirlər pərdəsi
altında şübhələşmişdir. Hər halda, bu dumanlı pərdə arxasında qədim Azərbaycan qəbilələrinin
qüvvətli bir ozanı yaşamaqdadır” (9, s.17).
“Kitabi-Dədə Qorqud” dastanının ilkin təşəkkülü, sonrakı püxtələşməsi barədə də
Ə.Sultanlı diqqətəlayiq təhlillər aparmış, mühüm elmi qənaətlər irəli sürmüşdür. Araşdırma
sonunda alim bu nəticəyə gəlmişdir ki, dastanın mövcudiyyəti, yaranması, cilalanması ilk növbədə
üç şəxsiyyətlə bağlıdır. Bunlardan birincisi, heç şübhəsiz ki, Dədə Qorqudun özüdür. Ə.Sultanlı bu
fikri yəqinləşdirmişdir ki, “Dədə Qorqud dastanın ilk yaradıcısıdır. Onun ilk nüvəsini, nəğmələrin
rüşeymini o, qoşub söyləmişdir” (9,s.18). Alimin haqlı qənaətinə görə, dastanın müəy-
yənləşməsində ikinci amil sonralar yaşamış ozanlardır ki, zaman-zaman onlar da bu eposa müəyyən
əlavələr, dəyişikliklər etmişlər. Qəbilələr arasında dastanı nəql edən, yayan ozanlar onu həm də
süsləmiş, daha da dolğunlaşdırmışlar.
Dastanın mövcudiyyətində üeçüncü amil kimi, Ə.Sultanlı katibləri qeyd etmişdir. Görkəmli
alim haqlı olaraq bu fikirdə idi ki, dastanı yazıya alan katib, yaxud katiblər onun mətninə bir sıra
əlavələr, dəyişikliklər etmişlər. Onların da bir qismi dilə və ifadəyə, digərləri isə məzmuna və
ideyaya aiddir. “Kitabi-Dədə Qorqud”dakı mərhəm, niqab, izzət, şəmatət, təhsin və s. sözlərə diq-
qəti yönəldən alim vurğulayırdı ki. dastanın dilində işlənmiş sözlərdən yüzə qədəri ərəb, yaxud fars
dillərinə aiddir və çox güman ki, bunlar əsərə islami don geyindirmək niyyəti güdən sonrakı
katiblərin əlavələridir. Çünki dastanın əsas leksik qatı dilimizin islamiyyətdən öncəki qədim
dövrünün parlaq təzahürüdür, alınmalar burada yamaq kimi görünür. Ə.Sultanlı dastana məzmun və
ideya baxımından edilmiş əlavələrə də nəzər salmış, islami əqidələrin əsərə sonradan daxil
edildiyini nəzərə çatdırmışdır. Professorun fikrincə, “Kitabi-Dədə Qorqud”dakı “Qəhrəmanların
islam dini uğrunda vuruşa gedib, kafirləri müsəlman etdikləri, kilsələri yıxıb məscid tikdikləri,
Qurana and içmələri katibin əlavələridir” (6,s.276).
Katibin (katiblərin) əlavələrini qeyd etməklə bərabər, dastanın yazıya alınaraq qorunub
saxlanılmasında onların xidmətlərini də alim layiqincə qiymətləndirmişdir. Ə.Sultanlı bu möhtəşəm
eposun yaranması və mövcudiyyətində başda Dədə Qorqud olmaqla sadaladığımız üç qrupun
xidmətlərini vurğulamaqla yanaşı, bildirmişdir ki, dastanın bədii varlığı, ümumiyyətlə, xalq yaradı-
cılığının üzvi tərkib hissəsidir və bu mənada əsər kollektiv bədii təfəkkürün də məhsulu sayıla bilər.
Görkəmli alim təsəvvür tamlığı naminə “Kitabi-Dədə Qorqud” dastanındakı on iki boyun
hər birinin müfəssəl məzmununa nəzər salmış, onlarda ifadə olunan əsas mətləbləri
ümumiləşdirmişdir. Alimin haqlı qənaətinə görə, “Dastanın yalnız beşinci boyu fəlsəfi və ailəvidir.
Qalan boylarda ailə-məişət səhnələri olsa da, başlıca motiv qəhrəmanlıqdır” (9,s.12). Boyları
incələyən alim o məqamı bir daha diqqət mərkəzinə çəkmişdir ki, dastanın əsas ladı çox qədim
tarixə malik olub islamiyyətdən əvvələ aiddir: “Dastanda ifadə edilən dünyagörüşləri, insan
duyğuları, milli ənənələr, surətlərin mənəviyyatı, bütpərəstliyin üstünlük qazanan ünsürləri əsəri
ərəb istilasından qabaqkı tarixlə möhkəm bağlayırsa, ağ sapla tikilmiş bəzi yamaqları əsəri keçid
dövrünə gətirib çıxarır” (9, s.33). Burada “keçid dövrü” dedikdə islama keçid mərhələsi nəzərdə
tutulmuşdur.
“Kitabi-Dədə Qorqud”da təsvir olunan cəmiyyətin xarakteri barədə də Ə.Sultanlının qə-
naətləri dəqiq və inandırıcı olub əhatəli təhlillərə, elmi-ədəbi məntiqə söykənir. Dastanın
yaranmasını qəbilə quruluşunun çiçəkləndiyi dövrə aid edən tədqiqatçı əsərdəki qəbilə
birləşmələrinin mövqeyi, fəaliyyəti barədə də söz açmışdır. Qəbilələrin həyat tərzi, məişəti,
məşğuliyyəti, adət-ənənələri, idarəçilik sistemi və s. haqqında Ə.Sultanlının təhlilləri dürüst və
dolğundur.Xüsusən əsərdə patriarxal qatın üstünlüyü, matriarxal elementlərin də təzahürü barədə
deyilənlər maraq doğurur. Boyların əksəriyyətində boy verən qəhrəmanlıq leytmotivinin sosial-
mənəvi mündəricəsini də alim yetərincə açıqlamışdır.