ÖN SÖZ
Xalqımızın istedadlı yazarı - şairə Xuraman xanımın oxucularla növbəti görüşünün sırf
Qarabağ mövzusunda olması məni hər şeydən əvvəl bir vətəndaş kimi həm sevindirir, həm
həyəcanlandırır, həm də heyrətləndirir. Ona görə sevindirir ki, həm xalqına məhəbbəti, həm
düşmənə nifrəti, həm cəngini, həm muğamı, həm Qarabağlı günlərimizin xoş ətrini, həm də
Qarabağsız dərdlərimizin ağrısını özündə əks etdirən bu kitab, tək Xuraman xanımın yaradıcılıq
uğuru deyil, eyni zamanda, Azərbaycan şairəsinin erməni şairəsi, Azərbaycan ziyalı qadınının
erməni “ziyalı”qadını, Azərbaycan qeyrətli qadınının erməni qadını üzərində çaldığı
qələbədir.Bir tərəfdən də,ona görə həyəcanlanıram ki, hər şeirin sonunda özümü Qarabağın
yollarında, Şuşanın küçələrində, Topxana meşəsində, “Xarı bülbül”ün çəmənzarında hiss edirəm.
Digər tərəfdən də, ona görə heyrətlənirəm ki, bir kitabın bütün şeirləri bir-birini təkrar etmədən
ancaq bir-birini tamamlayaraq bir mövzuya həsr olunub. Hamısında da ayrı-ayrı hisslər, hər
hisslərin də öz təsiri. Əlbəttə, Qarabağ dərdi və bu dərdə son qoymaq xalqımızın beşikdəki
körpəsindən tutmuş ən yaşlı insanına qədər hamının qarşısında dayanan vətəndaş borcudur.
Lakin,bu borca Allah sevgisi, vətən sevgisi, millət sevgisi kimi bərabər səviyyədə kompleks
yanaşmaq və bu kompleks yanaşmanın da içində bədii sözün gücü ilə fikrin obrazlı ifadəsində,
Qarabağ boyda gerçəkliyin aydın mənzərəsini yaratmaqla yanaşı, oxucuda vətən sevgisini bir qat
da göyərtmək həqiqətən də, müəllifin yüksək yaradıcılıq istedadına dəlalət edir.
Gəlin bu istedadın işığında müəllifin Qarabağsız Qarabağda dolanan şeir dünyasına birgə
nəzər salaq:
...Allah məni yola döndər,
Çatdırım yurda elləri.
Bir incəcik gülə döndər,
Dərsin məni yar əlləri.
Allah məni çölə döndər,
Sinəmdə güllər bitirim.
Bir qurumaz gölə döndər,
Ellərə sevinc gətirim...
Burda şair birinci beytində yurdsuz-yuvasız qalan elinin əzablarını böyük ustalıqla
ürəyində qalan yaşadığı hisslərə güzgü tutaraq açıq-aydın göstərmişdir.İkinci beytdə isə gözəl-
göyçək Qarabağ çöllərinə dönmək həsrətilə alışıb yanır ki,sinəsində Qarabağda bitən çiçəklər
bitirsin,onların ətrini hər an yaşadığı ürəyində hiss etsin.Bəndin sonunda isə,vətəninə olan
tükənməz məhəbbətlə elinə gözəl günlər gətirən sevincə-gölə dönmək istəyir...
Bu şair ömrünün bütün varlığıyla vətənə bağlılığı deməkdir.Eyni zamanda, müəllif bütün
bunları elə incə, kəskin ifadə etmişdir ki, oxucu fikrin incəliyində dincəldiyi kimi mənasında da
əzab çəkir.
Şeirin sonunda isə şair:
...Allah məni dərdə döndər,
Hamının yükün daşıyım.
Bir sevimli yurda döndər,
Qoynunda ellər yaşıyan.
deyərək, böyük ürəklə hamının yükünü daşıyan dərdə dönmək istəyir. Təki qoynunda ellər
yaşayan sevimli yurda dönsün... Təki Qarabağın azadlığı timsalında Azərbaycan bəxtiyar olsun.
Lakin, bunların hələ də arzu olduğundan usanan şair, başqa bir şeirində əzablarının son
həddini göstərir:
...Düyün-düyün yaralarım qan verir,
Dərd pətəyim qəmlə dolu şan verir.
Arzularım sinəm üstə can verir,
Buna dözəmmirəm Tanrım əfv elə.
Ümidlərim gedər-gəlməz yoldadır,
Heç bilmirəm rahatlığım hardadır.
Qarabağım yad əlində dardadır.
Daha dözəmmirəm Tanrım əfv elə.
Bu şeirdə əsl vətəndaş qayəsində yoğrulan həyatının-Qarabağsız hansı əzablardan
keçdiyini və bu əzabların qəlbində düyünlənərək Qarabağda tökülən qanlar qədər qan
verdiyindən artıq dözülməz həddə olduğunu müəllif, hətta, ömrünü bəzəyən arzularının da
Qarabağsız can verdiyini bildirərək, vətənə övlad bağlılığının zirvəsinə yüksəlmişdir. Mən
deyərdim ki, müəllifin vətənə olan bu məhəbbəti qeyri-adi olan şairliyi kimi hər yazara, hər
ziyalıya, hər vətəndaşa nəsib olmayan Tanrı vergisidir.
Ümumiyyətlə isə, Xuraman xanımın yaradıcılığına qiymət verərək onu deyə bilərəm ki,
istedadlı şair, yazıçı Xuraman xanım dərin məna ilə təsvirin arasında
geniş yol açaraq Füzuli
qəlbindən keçmiş, Məhsətinin əsrlərin arxasından baxan poetik gözlərinə dönmüş, Xurşudbanu
Natəvanın fədakar əməlindən yol almış, qəhrəman Həcərin silaha öyrəşmiş incə əllərindən yeni
silah alaraq, ədəbiyyatın əsil vəzifəsini ləyaqətlə yerinə yetirən Xuraman bacımıza müstəqil
Azərbaycan dövlətinin qətiyyətli siyasəti nəticəsində Qarabağın azadlığı şərəfinə Qarabağda,
qəmli notlar üstündə yox, sevinc notları üstündə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Tofiq Hüseynov
Milli Məclisin üzvü