Xx əsr. I hissə. 1900-1945-ci illər Tarix elmləri doktoru, professor Musa Qasımovun ümumi redaktəsi ilə



Yüklə 1,49 Mb.
səhifə12/13
tarix19.11.2017
ölçüsü1,49 Mb.
#11153
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

ONUNCU BÖLÜM

1941-1946-cı illərdə beynəlxalq

münasibətlərdə Güney Azərbaycan məsələsi


İrana qoşun yeridilməsi. Antihitlerçi koaliasiya



İran haqqında
İkinci dünya müharibəsi beynəl-xalq münasibətlərdə və müstəm-ləkə zülmü altında inləyən xalqların həyatında dönüş yaratdı. Müharibənin gedişində yaranan və güclənən antifaşist hərəkatı xalqların milli-azadlıq mübarizəsinə təkan vurdu. Dünyanın böyük dövlətləri yaranmış yeni siyasi şəraitdə xalqların milli-azadlıq mübarizəsini müdafiə etsələr də onun arxasında özlərinin dərin siyasi, iqtisadi və hərbi-strateji mənafelərini güdürdülər. Dünya müharibəsinin gedişində milli-azadlıq mübarizəsinə qoşulanlardan biri də XIX əsrdə işğalçı müharibələr nəticəsində iki yerə bölünmüş Azərbaycan xalqı idi. İkinci dünya müharibəsinin gedişində sovet qoşunlarının beynəlxalq hüquq normalarına zidd olaraq İrana yeridilməsi ilə Moskva özünün geosiyasi mənafeləri uğrunda mürəkkəb və çoxbaşlı oyuna başladı. Moskvanın bu addımı rus imperiyasının tarixi ənənələrə söykənən zorakılıq və hərb siyasətinin nümayişi idi.

Faşist Almaniyası Sovet İttifaqına hücum etdikdən dərhal sonra - iyunun 22-də İngiltərə, iyunun 24-də isə ABŞ Moskvaya yardım edəcəklərini bildirdilər. İngiltərənin baş naziri U.Çerçil 1941-ci il avqustun 30-da İ.Stalinə göndərdiyi məktubunda yazırdı ki, neft mənbələrini mühafizə etmək məqsədilə bizim İrana girməyimiz və Hindistandan gətirilən məhsulları daşımaq üçün İran körfəzindən Xəzər dənizinə qədər olan dəmir yolunu yenidən qurmağımız və onun fasiləsiz işini təmin etməyimiz vacibdir. Lakin yaxşı olardı ki, həm biz, həm də siz Tehrana indi daxil olmayaydıq. Amma Stalinin göstərişi ilə sovet qoşunları artıq avqustun 25-də Güney Azərbaycan ərazisinə yeridilmişdi. İngiltərə həmin ilin sentyabrında İrana öz qoşunlarını göndərdi. Moskvanın bu addımı qonşu dövlətə qarşı hərbi təcavüz idi. O, tarixən olduğu kimi yenə də zorakalığa və hərbə arxalanırdı.

Sovet dövlətinin atdığı bu addım onun iqtisadi, siyasi və hərbi mənafeləri ilə bağlı idi. Sovet dövlətinin bu regionda iqtisadi mənafeləri vardı. 1921-ci il 26 fevral tarixli Rusiya-İran müqaviləsi ilə Moskva əvvəllər Rusiyaya verilmiş neft, dəmiryol və filiz mədənləri konsessiyalarından imtina etdi. Lakin burada belə bir şərt də müəyyənləşdirilmişdi: Müqavilənin 13-cü maddəsində nəzərdə tutulmuşdu ki, İran dövləti bu konsessiyaları üçüncü dövlətin və onun vətandaşlarının sərəncamına verməyəcəkdir. Bu maddə ilə Rusiya strateji niyyətlər güdərək İranın ərazisindən ona qarşı istifadə edilməməsinə çalışırdı. Moskvanın qəti etirazları nəticəsində 1922-ci ildə İran tərəfi ABŞ-ın “Standart oyl” şirkəti ilə bir il əvvəl bağladığı müqaviləni ləğv etdi.

1923-cü ilin dekabrında İran ABŞ-ın “Sinkler” neft şirkətinə şimal əyalətlərində-Azərbaycanda, Mazandaranda, Xorasanda axtarışlar aparmağa və neft çıxarmağa icazə verdi. Konsessiyalar haqqında müqaviləni reallaşdırmaq mümkün olmasa da bu, Moskvanın narazılığına səbəb oldu.

1937-ci ilin yanvarında İran hökuməti ABŞ-ın “Delavar” şirkətinə 500 min kvadrat kilometrlik ərazini konsessiyaya verdi. Konsessiya İranın şərq və şimal-şərq hissələrini əhatə edirdi. İranın bu hərəkəti Moskva tərəfindən Türkmənistanın neft rayonları üçün təhlükə və SSRİ ilə ABŞ-ın mənafelərini toqquşdurmaq cəhdi kimi qiymətləndirildi.

SSRİ İranı 1921-ci il müqaviləsini pozmaqda təqsirləndirirdi. Nəicədə növbəti ildə “Delaver” şirkəti ilə bağalanan müqavilə də ləğv edildi.

1939-cu ilin martında İran hökuməti Hollandiyanın “Alqemayne Eksplokastie Maçapay” şirkətinə neft və filiz mədənlərini konsessiyaya verdi. Bu da Moskvanın kəskin etirazına səbəb oldu. Konsessiyanın 30 min kvadrat kilometrlik ərazini tutması və bilavasitə Bakının yaxınlığında olması SSRİ hökumətini narahat etdi. İran hökumətinin bağladığı müqaviləyə görə şirkət bu ərazidə dəmir yolları çəkməli, aerodromlar, radiostansiyalar və telefon stansiyaları tikməli idi. Bu isə sovet imperiyasında Bakı neft rayonu və Moskva üçün təhlükə kimi qiymətləndirildi. Yenidən Moskva öz kəskin etirazlarını bildirdi və nəticədə 1944-cü ildə bu konsessiya da ləğv edildi. İran tərəfi ABŞ, İngiltərə və Hollandiya şirkətlərinə konsessiya verilməsini maliyyə vasitələrinin, texnikanın və mütəxəssislərin çatışmaması ilə izah edirdi. Lakin SSRİ özünün iqtisadi mənafelərini güdürdü. Qoşun yeridilməsinin iqtisadi səbəbləri əsasən bununla bağlı idi. 1944-cü ilin sentyabrında SSRİ İran hökumətinə Güney Azərbaycanda (Şimali İranda) ona neft konsessiyaları vermək barədə rəsmi müraciət etdi. Moskva hökuməti SSRİ-İran münasibətlərinin yaxşılaşmasının yolunun yalnız neft konsessiyalarından keçdiyini bildirdi. SSRİ-nin təklifi İran hakim dairələri tərəfindən etirazla qarşılandı. Məclis xüsusi qanunla bu barədə danışıqlar aparmağı qadağan etdi. Bu da Moskvanın kəskin narazılığına səbəb oldu. SSRİ-nin İrana qarşı düşmənçilik siyasəti gücləndirildi.

Qoşun yeridilməsində Moskvanın siyasi və hərbi məqsədləri var idi. Hələ 1918-ci ildə sovet hökuməti 1907-ci ildə İngiltərə ilə Rusiya arasında bağlanmış İranın bölüşdürülməsi haqqında təcavüzkar niyyətlər güdən müqaviləni ləğv etdi. Lakin bu, öz niyyətlərindən əl çəkmək deyildi.

1919-cu ilin martında Paris sülh konfransında İran hökuməti ərazi iddiaları barədə memorandum təqdim etdi. Bu sənəddə Azərbaycan, Ermənistan və Dağıstanın bir hissəsi tələb olunurdu. Daha sonra İran tərəfi Xəzər sahillərini, Aşqabad, Mərv, Xivə və başqa ərazilər barədə də iddialar irəli sürürdü. Sənəddə göstərilən ərazilərin ümumi sahəsi 570 min kvadrat kilometrdən çox idi. Lakin İran birinci dünya müharibəsində iştirak etmədiyindən onun tələblərinə Paris sülh konfransında baxılmadı. İkinci dünya müharibəsi ərəfəsində sovet imperiyası rəhbərləri İranın bu hərəkətlərini bir daha xatırlatdılar və onu təsadüfi hesab etmədilər. Stalin və onun ətrafındakılar faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra güney qonşusu İrana yenidən şübhə ilə yanaşmağa başladılar. Hitlerin hücumunu İranın niyyətlərinin həyata keçirilməsində əlverişli şərait kimi qiymətləndirən SSRİ rəhbərləri bu ölkəyə qoşun yeritmək üçün bəhanələr axtarmağa başladılar. Həmin dövrdə sovet mətbuatında faşist Almaniyasının İran ərazisindən SSRİ-nin əsas neft rayonu olan Bakıya zərbə endirməsi fikri geniş yer aldı. Almaniyanın İrana nüfuz etməsinə, iqtisadi və siyasi həyatında rol oynamasına SSRİ-yə qarşı təcəvüzkarlıq kimi qiymət verildi. Müstəqil İran dövlətinin xarici siyasətinin bu dövrdə SSRİ-yə deyil, Avropa ölkələrinə, xüsusən Almaniyaya meyl etməsi Moskvanı narahat edirdi. İran-Almaniya iqtisadi əlaqələri də qorxu törədirdi. Məsələn, əgər 1933-34-cü illərdə, yəni faşizmin hakimiyyətə gəldiyi ilk vaxtlarda Almaniya İranın xarici ticarətində altıncı yeri tuturdusa, sonrakı illərdə bu, sürətlə artmağa başladı. 1936-1937-ci illərdə Almaniya İranın xarici ticərətində ikinci, 1938-ci ildə Sovet-İran ticarət müqaviləsi öz fəaliyyətini dayandırdıqdan sonra isə birinci yeri tutdu. Sovet dövləti belə əlaqələrə və Almanyianın İrana casuslar yerləşdirməsinə qorxulu yol kimi baxırdı. İranda işləyən alman məsləhətçilərini və iş adamlarını Moskva casus adlandırırdı. İkinci dünya müharibəsi ərəfəsində İrandakı alman ticarət nümayəndələrinin sayı 3 min nəfər idi. Onlardan da min nəfəri Tehranda yaşayırdı. İranın dövlət idarə və müəssisələrində alman məsləhətçilərinin işləməsi də Moskvanı narahat edirdi. Guya İranın xüsusi xidmət idarələrində çalışan 700 nəfərə qədər alman ölkənin iqtisadiyyatına rəhbərlik edirdi.

Sovet rəhbərləri belə hesab edirdilər ki, almanlar İran ərazisindən Bakı, Aşqabad və Qroznıya göndərilmək üçün casus qrupları hazırlayırlar. İranda silahlı faşist dəstələrinin yaradılması və silah anbarlarının tikilməsi də güman edilirdi. Moskvada belə düşünürdülər ki, guya alman casusları İranda dövlət çevrilişi etmək istəyirlər. Əlbəttə, yuxarıda deyilənlər SSRİ-nin imperiya niyyətlərindən irəli gəlirdi və o, İrana qoşun yeritmək üçün bəhanə axtarırdı. İran tərəfi isə SSRİ ilə qarşıdurmadan qaçmaq istəyirdi. Ona görə də müharibə başlanan kimi İran Sovet İttifaqına qarşı düşmənçilik münasibətində olmadığını və əvvəlki iddialardan əl çəkdiyini bildirdi. Hitler ordularının hücumundan dörd gün sonra 1941-ci il iyunun 26-da İran hökuməti müharibədə bitərəf olacağını qəti şəkildə bildirdi. Lakin bu, sovet hökumətini qane etmədi. O, iyunun 26-da, iyulun 19-da və avqustun 16-da “Hitlerçi kəşfiyyatın təxribatları” barədə İran hökumətinə xəbardarlıq etdi. 1941-ci il avqustun 25-də sovet hökuməti İrana nota verdi. Notada göstərilirdi ki, “son vaxtlar, xüsusən Hitler Almaniyasının SSRİ-yə hücumundan sonra Hitlerçi-faşist qəsdçi qruplarının SSRİ və İrana qarşı fəaliyyəti təhlükəli xarakter almışdır. İranda 50-dən çox müəssisədə mühüm rəsmi vəzifələri tutan alman casusları hər vasitə ilə qarışıqlıq salmaq, İran xalqının dinc həyatını pozmaq və İranı SSRİ-yə qarşı müharibəyə qoşmaq istəyirlər.

Notada daha sonra deyilrdi ki, alman reyxinin casusları “sovet Azərbaycanı və sovet Türkmənistanı ərazisinə keçirmək və İranda hərbi çevriliş etmək üçün təxribatçı və terrorçu qruplaşmalar yaradırlar”. Notada bu vəziyyətin qarşısını almaqdan ötrü fövqəladə tədbirlərin görülməsinin zəruriliyi göstərilirdi. Həmçinin qeyd edilirdi ki, “bu tədbirlər qətiyyən İran xalqına qarşı çevrilməmişdir. Sovet hökuməti İranın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə hörmət edəcəkdir. İran və SSRİ üçün təhlükə aradan qalxan kimi o, öz qoşunlarını İran hüdudlarından çıxaracaqdır”.

Notanın cavabını gözləməyən Sovet hökuməti beynəlxalq hüquq normalarını kobudcasını pozaraq 1941-ci il avqustun 25-də öz qoşunlarını İranın şimalına yeritdi və Güney Azərbaycanda yerləşdirdi. Bu addımında sovet hökuməti 1921-ci il fevralın 26-da İranla bağladığı müqavilənin altıncı maddəsinə əsaslanırdı. Bu maddədə deyilirdi ki, əgər sovet dövlətinin sərhədləri üçün təhlükə yaranarsa və İran hökuməti onu aradan qaldırmaq iqtidarında olmazsa, Rusiyanın sovet hökumətinin müdafiə məqsədləri üçün hərbi tədbirlər görməklə İran ərazisinə öz qoşunlarını yeritmək hüququ vardır.

Moskvanın İrana olan işğalçılıq mövqeyini belə bir fakt da sübut edir ki, qoşun yeridildikdən yalnız beş ay sonra SSRİ, İngiltərə və İran arasında müvafiq müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, müvafiq dövlətlər “İranın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə birgə hörmət edəcəklər”. Beləliklə, sovet dövləti və Böyük Britaniya əvvəlcə suveren dövlətdən xəbərsiz onun ərazisinə qoşun yeritdilər, sonra isə ona hüquqi-siyasi əsas verdilər. Sovet işğalçı qoşunlarının İrana yeridilməsi asan olmadı, o, ciddi müqavimətə rast gəldi. İran tərəfi ona qarşı edilən təcavüzlə barışmaq istəmirdi. Qoşunların İrana yerləşdirilməsi ilə faşist planları məhdudlaşdırıldı və sonralar ləğv edildi. Rza şah və o vaxtkı rəhbərlik rus qoşunlarının təcavüzünə qarşı əsaslı şəkildə etiraz edirdilər, məclisdə və mətbuatda qatı antisovet çıxışlar eşidilirdi. İrana qarşı edilən hərəkətlərə cavab olaraq müxtəlif təşkilatlar “İran millətçiləri” qurumunda birləşdilər. Onun tərkibinə görkəmli siyasi xadimlər, hərbçilər və din xadimləri daxil oldular. İrandakı belə müqaviməti daxildən zəiflətmək üçün SSRİ Güney Azərbaycandakı hərəkatı qızışdırmağa başladı. Azərbaycanda İran dövləti daxilində muxtariyyət və demokratik dəyişikliklər uğrunda mübarizə Azərbaycan əhalisinin köklü mənafelərinə cavab verirdi.

Stalin 1941-ci il sentyabrın 3-də Çerçilə göndərdiyi məktubunda yazırdı ki, İranla iş həqiqətən pis alınmadı. Lakin İran bir epizoddur. Digər məktubunda Stalin ingilis qoşunlarını hətta SSRİ-nin müxtəlif rayonlarına dəvət edirdi. Onun 1941-ci il 13 sentyabr tarixli məktubu buna əyani sübutdur. Stalin yazırdı: “Mənə elə gəlir ki, İngiltərə heç bir riskə getmədən Arxangelskə 25-30 diviziya tökə bilər, ya da onları İrandan keçməklə SSRİ ərazisində hərbi əməkdaşlıq üçün SSRİ-nin güney rayonlarında yerləşdirə bilər”.

Çerçil müharibənin davam etdiyi şəraitdə farsları öz ölkəsinin daxilində qayda-qanun yaratmaq üçün məcbur etməyi irəli sürürdü. Stalinə 1941-ci il 1 oktyabr tarixli məktubunda Çerçil göstərirdi ki, İranın daxilində tayfalar arasında ciddi qarışıqlıq vardır və fars hökumətinin nüfuzu aşağı düşür. Onun fikrincə, belə qarışıq və mürəkkəb vəziyyət müharibənin aparılmasına mane olurdu. Çerçil Stalindən xahiş edirdi ki, bu “ikinci dərəcəli cəbhədə bizim işlərimizin əlverişli inkişafı naminə fars hökumətinə qayda-qanun yaratmaq üçün qətiyyətli göstəriş versin”.

Çerçil özünün 12 oktyabr tarixli məktubunda bu məsələ barəsində fikrini daha da formalaşdıraraq yazırdı ki, İran məsələsi barədə bizim mənafeyimiz aşağıdakından ibarətdir: birincisi, Almaniyanın Şərqə nüfuz etməsi üçün maneə yaradılması; ikincisi, Xəzər hövzəsindən göndərişlər üçün dolayı yol qurmaq. Biz burada rusların ədalətli mənafeyinin əleyhinə həm müharibə dövründə, həm də müharibədən sonrakı vaxtda çıxmayacağıq.

İran, onun ərazisi və xalqlarının taleyi ilə bağlı məsələlər müharibənin gedişində müxtəlif səviyyələrdə də müzakirə edildi. Həmin müzakirələrin içində üç dövlət başçısının Tehran, Krım və Potsdam konfransları özünəməxsus yer tutur. Stalin, Ruzvelt və Çerçilin 1943-cü il dekabrın 1-də Tehranda keçirilən konfransın sonuncu günü qəbul etdikləri “Üç dövlətin İran haqqında bəyannaməsi” bunu bir daha təsdiq edir. Burada tərəflər İranın tam müstəqilliyini, suverenliyini və ərazi toxunulmazlığını təmin etmək istəyini bəyan edirdilər.

Tehran konfransı başa çatdıqdan sonra Stalin 1944-cü il 29 yanvar tarixli məktubunda Çerçilə yazırdı ki, Tehrandakı görüşlərdən və birgə işdən razı qalmışdır. Eyni məzmunda teleqramı Ruzvelt də Stalinə göndərdi. Bu teleqramlar bir tərəfdən antihitlerçi koalisiyada o zamankı yekdilliyi, digər tərəfdən isə müharibənin gedişində xalqların baş verən milli-azadlıq hərakatına olan münasibəti göstərirdi.

1945-ci il iyulun 17-dən avqustun 2-dək Berliniin 60 km-də Sesilion Xofda keçirilən Potsdam konfransının yeddinci iclasında bu məsələnin müzakirəsinə diqqət yetirilməsi çox şey deyir:

Trumen. Növbəti məsələyə keçək. Bu İran haqqında məsələdir. Cənab Çerçilin bu məsələ barəsində təklifi vardır.

Çerçil. Biz bu məsələ ilə bağlı sənədləri nümayəndə heyətlərinə vermişik və böyük dövlətlərin mövqeyinin necə olduğunu bilsəydik, şad olardıq.

Trumen. Bizə gəldikdə, biz İrandan öz qoşunlarımızı çıxarmağa çoxdan hazırıq...

Stalin. Rus nümayəndə heyəti belə hesab edir ki, hər halda Tehranı azad etmək olardı (İranın quzeyini-Güney Azərbaycanı yox. Seçmə bizimdir- muəl.).

Çerçil. Mən bu layihə ilə qurtarmaqdan ötrü qalan iki maddəyə keçmək istərdim. Müqavilədə müddətin göstərilməsi barədə. Müqavilədə göstərilir ki, hərbi əməliyyatlar qurtardıqdan sonra altı aydan gec olmayaraq ordular İrandan çıxarılmalıdır. İndiyədək müharibənin qurtarmasından yalnız iki ay keçmişdir. Amma biz iranlılara vəd etmişdik ki, Almaniya ilə müharibə qurtaran kimi ordu çıxarılmağa başlanacaqdır.

Mən belə təklif edirəm: təcili olaraq ordu Tehrandan çıxarılsın, orduların sonralar çıxarılması isə sentyabr ayında Xarici işlər nazirləri şurasında müzakirə edilsin.

Stalin. Etiraz etmirəm.

Trumen. Biz öz qoşunlarımızı İrandan çıxarmaqda davam edəcəyik, ona görə ki, orada ordu var və o, bizə Sakit okeanda lazım olacaqdır.

Stalin. Əlbəttə, bu, sizin hüququnuzdur. Biz öz tərəfimizdən vəd edirik ki, İrana qarşı bizim ordular heç bir hərəkət etməyəcəklər”.

Stalin orduların bütün İrandan deyil, yalnız Tehrandan çıxarılmasına razı idi. Onun belə mövqeyi imzalanmış sənədlərin pozulması və götürülmüş öhdəliklərin yerinə yetirilməməsi demək idi. Burada Stalin Moskvanın imperiya mənafelərini güdürdü.

Konfransın yekununda İran haqqında qəbul edilmiş sənəddə göstərilirdi ki, “...müttəfiq qoşunları təcili olaraq Tehrandan çıxarılacaqdır və İrandan qoşunların çıxarılmasının növbəti mərhələlərinə isə Xarici işlər nazirləri şurasının 1945-ci ilin sentyabrında Londonda keçiriləcək iclasında baxılacaqdır”.

Müharibənin gedişində antihitlerçi koalisiyanın üzvü olan dövlətlərin mənafeyi faşizmə qarşı mübarizədə eyni olsa da o, qurtardıqdan sonra Moskva İrana münasibətdə tədricən xüsusi mövqe tutmağa başladı. O, İranı parçalamağa, onu zəiflətməyə yönəldilən xəttə üstünlük verdi. Bu da səbəbsiz deyildi. Müharibənin sonuna yaxın üç böyük müttəfiq dövlət arasında mənafelər uğrunda kəskin mübarizə başlandı: onlar dünyanı öz nüfuz dairələrinə bölmək xətti götürdülər. Sovet imperiyası Yaxın və Orta Şərqdə və Şərqi Avropada hegemonluq etmək məqsədilə zorakalığa əsaslanan fəal xarici siyasət yeritməyə başladı. Bu isə beynəlxalq münasibətlərdə “soyuq müharibə”nin başlanmasının səbəblərindən biri idi.



Birləşmiş Millətlər

Təşkilatında müzakirələr
Müharibənin sonlarında başlayan demokratiya və milli-azadlıq uğrunda mübarizənin genişlən-məsi fonunda qanunauyğun olaraq Güney Azərbaycanda milli muxtariyyat uğrunda hərəkat genişləndi. Bu təkcə rus qoşunlarının Güney Azərbaycanda yerləşdirilməsi ilə deyil, problemin uzun illər boyu mövcud olması və bütöv bir xalqın hüquqlarının pozulması ilə bağlı idi. Yaranmış tarixi şərait ona yalnız təkan verdi. 1945-ci il dekabrın 12-də (1324-cü il azər ayının 21-də) qurulan Azərbaycan Milli hökuməti xalqımızın mənafeyi naminə geniş tədbirlər həyata keçirtdi. Lakin bu hərəkatı və görülən tədbirləri İran tərəfi beynəlxalq miqyaslı mübahisəyə çevirdi. İranın “Şahbaz” qəzeti yazırdı ki, “Tehran sırf daxili işi olan bu məsələni (Azərbaycan məsələsi nəzərdə tutulur-müəl.) beynəlxalq mübahisəyə çevirdi”. Azərbaycan məsələsi 1946-cı il martın 5-də Böyük Britaniyanın keçmiş baş naziri U.Çerçilin ABŞ-ın Fulton şəhərindəki çıxışı ilə əsası qoyulan “soyuq müharibə”nin ilk toxumlarının səpildiyi və cücərdiyi kəskin beynəlxalq münasibətlərin ən mübahisəli məsələlərindən biri oldu. Bu məsələ müxtəlif səviyəli görüşlərdə, o cümlədən yenicə yaradılmış Birləşmiş Millətlər Təşkilatında mübahisə obyektinə çevrildi. S.C.Pişəvəri hərəkatı ilə Güney Azərbaycanda yaranmış vəziyyətə İran dairələrinin öz daxili işləri kimi deyil, Moskvanın müdaxiləsi kimi qiymət vermələri və buna uyğun hərəkət etmələri əbəs deyildi. Əgər İran hakim dairələri Güney Azərbaycanda milli muxtariyyat uğrunda mübarizəni ölkənin daxili işi kimi qələmə versəydi, onda bu problemi mütləq hər hansı formada həll etməliydilər və dünya dövlətləri də belə şəraitdə azərbaycanlıların hüquqlarını pozan İranı təqsirləndirə bilərdilər. Bu isə müharibədən sonrakı ilk illərdə İranın daxili və beynəlxalq vəziyyətinə xeyir gətirə bilməzdi. İranın daxili inkişafından irəli gələn və həll edilməmiş Güney Azərbaycan probleminə yalnız beynəlxalq don geyindirməklə, onu müdaxilənin nəticəsi kimi qiymətləndirməyə çalışmaqla İranın hakim dairələri ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruya bilərdilər. Yenicə yaradılmış Birləşmiş Millətlər Təşkilatı isə məsələni öz xeyrinə həll etmək üçün ən münasib yer ola bilərdi. BMT-nin 1945-ci il iyunun 26-da imzalanmış və oktyabrın 24-də qüvvəyə minmiş nizamnaməsində göstərilən və bu təşkilatın əsas vəzifələrindən olan beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, sülh üçün təhlükənin qarşısını almaq və ləğv etmək üçün səmərəli kollektiv tədbirlər görmək və sülhün pozulmasını və digər təcəvüzkarlıq aktlarının qarşısına sipər çəkmək, beynəlxalq mübahisələri və şəraitləri dinc siyasi vasitələrlə nizama salmaq müddəaları İran tərəfinin mənafeyini tamamilə təmin edirdi. Buna görə də İran BMT amilindən uğurla istifadə etmək işinə girişdi. Müharibənin başa çatmasından sonrakı ilk illərdə ABŞ, İngiltərə və Fransanın SSRİ ilə kəskin qarşıdurması İran tərəfinin mənafelərinə tam uyğun gəlirdi. Ona görə də Tehran rəsmi dairələri Güney Azərbaycanda azərbaycanlıların İran daxilində milli muxtariyyat uğrunda hərəkatını və görülən tədbirləri İranın daxili işlərinə Moskvanın qarışması kimi qiymətləndirməyə və dünya dövlətlərinin diqqətini buna cəlb etməyə başladılar. İran tərəfinin qəti səyləri nəticəsində Güney Azərbaycan məsələsi Birləşmiş Millətlər Təşkilatında kəskin mübahisələr obyektinə çevrildi. Bu zaman İranın BMT Baş Məclisindəki nümayəndə heyətinə Böyük Britaniyadakı səfiri Seyid Həsən Tağızadə başçılıq edirdi. Əslən Ordubaddan olan Tağızadə azərbaycanlı idi. Vaxtilə M.Ə.Rəsulzadə İranda Seyid Həsən Tağızadə ilə birlikdə “İran Demokratik Partiyasında” işləmişdilər. O zaman partiyanın yeni azərbaycanlı lideri də məhz Seyid Həsən Tağızadə idi. M.Ə.Rəsulzadə ona həmişə böyük ehtiramla yanaşırdı. Sonralar Tağızadə İranda ən görkəmli dövlət və siyasi xadim oldu və müxtəlif yüksək vəzifələrdə işlədi.

S.H.Tağızadənin İran nümayəndə heyətinə rəhbərlik etməsinə Tehranın müxtəlif dairələri ciddi etiraz etdilər. İran Xalq Partiyası Mərkəzi Komitəsi bildirdi ki, o, azərbaycanlıdır və xaricilərin, daha doğrusu, Moskvanın tərəfini saxlayır. İran məclisində deputat Teymurtaş Seyid Həsən Tağızadəni BMT-dən geri çağırmaq tələbi ilə çıxış etdi. Lakin 1945-ci il dekabrın 1-də Tağızadə yuxarıdan verilən göstərişləri sözsüz yerinə yetirərək İranın iki ərizəsini BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan SSRİ, İngiltərə, ABŞ, Fransa, Çin və eyni zamanda müvəqqəti üzvləri arasında yaydı. Həmin sənədlərdə İran, Güney Azərbaycanda baş verən hadisələrə SSRİ-nin İranın daxili işlərinə qarışması və ölkənin parçalanmasına yönəldilən addımı kimi qiymət verdi.

S.H.Tağızadənin geri çağırılması tələblərinin şah tərəfindən yerinə yetirilməməsi əbəs deyildi. Şah bütün dünya dövlətlərinə və eləcə də İrandakı azərbaycanlılara demək istəyirdi ki, Güney Azərbaycandakı hadisələri Sovet İttifaqından gələn azərbaycanlılar törədirlər və yerlilərin heç bir narazılığı yoxdur.

1946-cı il yanvarın 10-da Londonda BMT Baş Məclisinin birinci sessiyasında onun nizamnaməsini imzalayan dövlətlər, o cümlədən İran iştirak edirdi. Sessiyanın açılışı ərəfəsində Tehran qəzetləri İran nümayəndə heyətinə İngiltərədəki səfir Tağızadənin başçılığına yenidən kütləvi şəkildə etiraz etdilər. Bildirdilər ki, Tağızadə “İrana münasibətdə xəyanət edir, bir xarici dövlətin mənafeyini qoruyur və onun məqsədlərini həyata keçirir”. İranın professor, yızıçı, mühəndis və tələbələrinin “Şahbaz” qəzetində çap olunmuş məktubunda Tağızadə xarici ölkə casusu hesab edilirdi. Məclisin iclasında da bir çox deputatlar onun əleyhinə kəskin çıxış etdilər. Bütün bunlara baxmayaraq İran hökuməti bəzi mülahizələri əsas götürərək Tağızadəni geri çağırmadı. Yanvarın 15-də Baş Məclisin birinci sessiyasında İran nümayəndə heyətinin başçısı Tağızadə ABŞ dövlət katibi Birnsdən sonra çıxış edərək İranın vəziyyətinin geniş şərhini verdi. Lakin onun antiazərbaycan məzmun daşıyan bu şərhi yenə də İranın bəzi dairələrini qane etmədi. 1945-ci ilin oktyabrında istefaya çıxan baş nazir Sədrin əvəzinə bu vəzifəyə seçilən Hakimi İngiltərədəki səfir Tağızadənin geri çağırılmasını qətiyyətlə tələb etdi. Bildirdi ki, o, doğma yerlərdən çoxdan uzaqlaşmışdır və İrandakı real vəziyyətdən xəbərsizdir. Lakin Hakiminin belə çıxışları da Tağızadəni geri çağırılmasına kömək etmədi. Bu vaxt Tehranın göstərişi ilə BMT Baş Məclisinin sessiyasında İranın nümayəndə heyətinin başçısı Tağızadə BMT Baş Katibinə “SSRİ-nin İranın daxili işlərinə qarışması barədə məktub” təqdim etdi. Məktubda Güney Azərbaycanda baş verən hadisələr Moskvanın işi kimi qiymətləndirilirdi.

Buna cavab olaraq SSRİ-nin BMT Baş Məclisindəki nümayəndə heyətinin başçısı A.Y.Vışinski yanvarın 24-də Təhlükəsizlik Şurasının sədrinə məktubla müraciət etdi. Vışinski İran tərəfinin məktubunu rədd edərək göstərdi ki, Güney Azərbaycandakı hadisələr üçün səbəb xarici qoşunların burada olması deyildir. Sovet qoşunları İran ərazisinə 1921-ci il 26 fevral tarixli Sovet-İran müqaviləsinə və 1942-ci il Sovet-İngiltərə-İran müqaviləsinə əsasən yeridilmişdir. Güney Azərbaycandakı hadisələr sovet qoşunlarının burada olması ilə bağlı deyildir və bunu obyektiv faktlar da təsdiq edir. Bu hadisələr İranın sırf daxili işidir. Məlumdur ki, İranın quzeyindəki xalq İran dövləti daxilində milli muxtariyyətə can atır. Həm də qeyd etmək lazımdır ki, İranın irticaçı dairələri Azərbaycana və Bakıya qarşı düşmənçilik hərəkətləri edirlər. Vışinski bu məktubun mətni ilə yanvarın 25-də Təhlükəsizlik Şurasının gündüz iclasında çıxış edəcək, Tağızadənin təqdim etdiyi məktubu tamamilə əsassız saydı.

Yanvarın 28-də və 30-da Vışinski Təhlükəsizlik Şurasında yenidən çıxış etdi. Yanvarın 30-da iclası açan Təhlükəsizlik Şurasının sədri Meykin izahat verdi ki, səhv nəticəsində İran nümayəndə heyətinin 1946-cı il 26 yanvar tarixli məktubu gündəliyə salınmamışdır və onu gündəliyə daxil etmək lazımdır. Meykin bildirdi ki, İran nümayəndə heyətinin başçısı şifahi bəyanat vermək istəyir. Əgər onun xahişi yerinə yetirilərsə, onda sovet nümayəndə heyətinin başçısına da cavab sözü üçün icazə verilməlidir. Meykinin bu təklifi qəbul olundu. İran nümayəndə heyətinin başçısı Tağızadə çıxış edərək Güney Azərbaycandakı vəziyyətin geniş şərhini verərək onu sovet qoşunlarının olması ilə əlaqələndirdi. Tağızadə bu hadisələri SSRİ-nin İranın daxili işlərinə qarışması kimi qiymətləndirdi və tərəflər arasında heç bir danışıqlar aparılmadığını göstərdi. Tağızadə bildirdi ki, əgər Sovet İttifaqı bu məsələ ilə bağlı birbaşa danışıqlara razıdırsa və Təhlükəsizlik Şurası bu yolu məsləhət görürsə, İran da razıdır.

Tağızadədən sonra Vışinski söz alaraq onun dediklərini təkzib etdi. Göstərdi ki, Tağızadə SSRİ ilə İran arasında birbaşa danışıqların aparılmasını inkar edir, amma əgər dolayı yolla danışıqlar aparılsaydı, heç şübhəsiz, onu üçüncü tərəf bilərdi. O, İranla SSRİ arasında bu məsələ barədə birbaşa danışıqlar aparıldığını bildirdi. Amma əsilində iki ölkə arasında bu vaxt belə danışıqlar aparılmamışdı.

Vışinski Tağızadənin “sovet qoşunlarının İrana girməsinə Tehran heç vaxt razılıq verməmişdir” fikrini də inkar etdi. Göstərdi ki, Quzey İrandakı hadisələrlə bağlı şəraiti nəzərə almaq lazımdır. Güney Azərbaycandakı hadisələri Vışinski İranın daxili problemi kimi qiymətləndirdi. Bu, Azərbaycan xalqının İran dövləti daxilində milli muxtariyyətə can atmasının təzahürüdür və onun sovet qoşunlarının bu ölkədə olması ilə heç bir əlaqəsi yoxdur. Vışinski bildirdi ki, Güney Azərbaycandakı hadisələr Azərbaycan xalqının milli hissələrinin sadə və düzgün əks olunmasıdır. Vışinski daha sonra göstərdi ki, hadisələr baş verən vaxt İran hökumətinin kifayət qədər ordusu və polisi var idi. O, Güney Azərbaycanda qayda-qanun yarada bilərdi. Lakin sovet hökuməti bu əyalətlərə özünün əlavə qoşun hissələrini göndərməklə qan tökülməsinin qarşısını aldı. Vışinski İran tərəfinin 13 və 15 dekabr tarixli notalarına da öz mənfi münasibətini bildirdi. Həmin notalarda sovet qoşunlarının İran ərazisindən tezliklə çıxarılması tələb olunurdu.

Vışinski Tağızadənin çıxışında deyilən “ İran hökuməti sovet tərəfi ilə danışıqlara tərəfdardır” fikrinə müsbət münasibət bəsləyərək onu bəyəndi. Lakin göstərdi ki, bu danışıqlar İran tərəfinin istədiyi kimi Təhlükəsizlik Şurasının nəzarəti altında aparıla bilməz. Vışinski nəzarət tələbini qəti şəkildə rədd etdi. Bildirdi ki, bu beynəlxalq məsələ deyildir və ikitərəfli münasibətlərə aiddir. Ona görə də Təhlükəsizlik Şurası bu işə qarışa bilməz.

Sədr Meykin Tağızadənin xahişi ilə ona təkrarən söz verdi. Tağızadə qeyd etdi ki, İran və sovet tərəfi heç bir danışıqlar aparmamışlar. Sədr üzünü Vışinskiyə tutub soruşdu ki, Tağızadənin dediklərinə onun əlavəsi varmı? O, “hər şey aydındır” deyərək növbəti çıxışdan imtina etdi. Sonra Təhlükəsizlik Şurası üzvləri arasında uzun və mübahisəli məsələlər keçirildi. Nəticədə yekdilliklə qətnamə qəbul edildi. Bu qətnamədə deyilirdi: “Yanvarın 28 və 30-da keçirilən iclaslarda Sovet İttifaqı və İran nümayəndələrinin bəyanatını dinləyərək, Sovet və İran tərəflərinin təqdim etdikləri sənədlərlə tanış olaraq və hər iki tərəfin müzakirə olunan məsələnin danışıqlar yolu ilə həllinə hazır olduqlarını və danışıqlara yaxın vaxtlarda başlayacaqlarını təsdiq etdiklərini nəzərə alaraq Təhlükəsizlik Şurası bu danışıqların nəticələri barədə məlumat verməyi tərəflərə təklif edir. Eyni zamanda Təhlükəsizlik Şurası danışıqların gedişi barədə məlumat tələb etmək hüququnu özündə saxlayır”.

Həqiqətən Sovet-İran danışıqları sessiyaya qədər keçirilməmişdi və Güney Azərbaycan məsələsi iki ölkə arasında danışıqlarda müzakirə edilməmişdi. Əsl həqiqətdə sovet qoşunlarının yeridilməsindən İran tərəfinin xəbəri olmamışdı və ona qabaqcadan məlumat verilməmişdi. Doğrudan da sovet qoşunlarının Güney Azərbaycanda yerləşdirilməsi hərəkata güclü təkan verdi. Amma belə bir problem orduların yeridilməsindən qabaqlar da mövcud idi.

Bu sessiyadakı kəskin müzakirələrdən sonra Sovet-İran münasibətlərində yaxınlaşma baş verdi. Yaxınlaşma Güney Azərbaycandakı hadisələrin xeyrinə deyildi.

Fevral ayında dünya ermənilərinin Türkiyə üzərinə hücumu gücləndi. Uruqvayda yaşayan 8 min erməni adından erməni komitəsi BMT Baş Məclisinin sədrinə teleqram vuraraq xahiş etdi ki, “Türkiyənin ərazisində yerləşən erməni rayonlarını sovet Ermənistanına versin”. Eyni məzmunlu teleqramı 30 minlik Argentina erməniləri adından erməni komitəsi də BMT Baş Məclisinə göndərdi. Amerika Birləşmiş Ştatlarındakı “Ermənistanın hüquqlarının Amerika müdafiə komitəsinin” sədri Smitin başçılığı altında Təhlükəsizlik Şurasının diqqətini bu məsələyə yönəltmək və Türkiyədən torpaqları tələb etmək üçün ABŞ-ın bir çox şəhərlərində mitinqlər keçirildi.

1946-cı ilin may ayı da ermənilərin nümayişləri ilə keçdi. ABŞ-dakı 16 erməni təşkilatı BMT Baş Katibi Tryuqve Liyə məktub göndərərək Təhlükəsizlik Şurasının gündəliyinə erməni məsələsini salmağı və onların öz vətənlərinə qayıtmalarına imkan verməyi xahiş etdi. Məktubda göstərildi: “Bütün dünyadakı 4 milyon erməni tələb edir ki, sovet Ermənistanı Qarsı, Ərdəhanı, Ərzurumu, Trabzonu, Bitlisi və Vanı alsın”. Guya bu torpaqlar ABŞ prezdenti Vilsonun 1918-ci il 8 yanvar tarixli “ 14 maddə”si ilə Ermənistana verilməli idi. Vilsonun bu sənədi o vaxt Almaniyanın müttəfiqi kimi Türkiyəyə qarşı Antantanın əlində alət olan ermənilərin qiyam qaldırmaq və Türkiyəni zəiflətmək sahəsində fəaliyyətlərinə cavab olaraq torpaq verilməsi məsələsini də nəzərdə tuturdu. Məktubda daha sonra göstərilirdi ki, guya Ermənistan ərazisinin 0,9 hissəsi Türkiyənin tərkibindədir və “tarixi Ermənistan” ermənilərdən təmizlənmişdir və bu torpaqların geri qaytarılmasından dünya siviliziyasiyası yalnız udacaqdır. Kaliforniyadakı erməni arxiyepiskomu Kalfayan da Təhlükəsizlik Şurasına eyni məzmunlu məktubla müraciət edərək bildirdi ki, “ əgər indi də böyük dövlətələr rəqabət və saxtakarlıqla Ermənistana xəyanət edərlərsə, bəşəriyyət ədalət haqqında danışa bilməz”. Eyni məzmunlu tələblərlə dolu məktubu Livan erməniləri də BMT Təhlükəsizlik Şurasına göndərdilər.

Ermənilərin qaldırılması heç şübhəsiz, Moskvanın işi idi. Burada əsasən iki məqsəd güdülürdü. Əvvəla, Moskva Türkiyəni parçalamaq və zəiflətmək istəyirdi. Bunu 1945-ci ilin dekabrında iki gürcü aliminin bir sıra tarixi türk torpaqlarını qopartmaq tələbləri ilə mətbuatda dərc olunan məktubu da təsdiq edir. Yalnız 1953-cü il mayın 30-da sovet hökuməti Türkiyəyə ərazi iddiaları olmadığını rəsmi şəkildə bildirdi. İkincisi, əgər Güney Azərbaycan məsələsi həll edilərdisə, bu, Qafqazda rus siyasətinin bel sütunu və dayağı olan ermənilərə güclü zərbə ola bilərdi. Ona görə Moskva bu iki amili əsas götürərək erməniləri qızışdırmağa və onlardan vasitə kimi istifadə etməyə başladı.

Lakin müharibədən sonra Avropada quvvələr nisbəti və nüfuz dairəsi uğrunda mübarizə Moskvanın xarici siyasətində dəyişikliyə səbəb oldu. O, Avropanın “xalq demokratiyası” ölkələrində xüsusi diqqət yetirərək Güney Azərbaycandakı hadisələri özünün dərin imperiya niyyətəlrinə qurban verdi. Bu işdə Qərb dövlətlərinin, xüsusən ABŞ və İngiltərənin təzyiqlərinin, atom silahı ilə hədələmələrinin də təsiri oldu.

1946-cı ilin martında A.A.Qromıko SSRİ-nin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi təyin edildi. Martın 26-da Təhlükəsizlik Şurasının iclası başdan-başa İranın təklif etdiyi məsələnin gündəliyə salınıb-salınmaması üstündəki mübahisələrlə keçdi. Qromıko çıxışında bu məsələnin Təhlükəsizlik Şurasının gündəliyinə salınmamasını təklif etdi. O, bildirdi ki, sovet və İran hökumətləri arasında danışıqların nəticəsində sovet qoşunları İranın ərazisindən çıxarılacaq və fövqəladə bir şey olmasa bu prosses 5-6 həftə müddətində başa çatacaqdır.

ABŞ nümayəndəsi Birns və Böyük Britaniyanın nümayəndəsi Kadoqan çıxış edərək A.A.Qromıkonun fikrinin əleyhinə çıxaraq göstərdilər ki, İranın təklifi Təlükəsizlik Şurasının gündəliyinə salınmalıdır. Uzun mübahisələrdən sonra SSRİ, ABŞ və Fransa nümayəndələrindən ibarət komissiya yaradıldı. Komissiya Təhlükəsizlik Şurasında məsələnin müzakirə qaydasını nəzərdən keçirməli idi.

1946-cı il aprelin 3-də saat 2000-da BMT Təhlükəsizlik Şurasının iclası keçirildi. Təhlükəsizlik Şurasının sədri Qo-Tay-Si iclası açaraq Baş Katib Tyurqve Linin martın 29-da A.A.Qromıkoya və İran səfiri Hüseyn Alaya göndərdiyi məktubun məzmunu ilə iştirakçıları tanış etdi. Məktub İran məsələsinin indiki vəziyyətinin izahı haqqında sorğu idi. Sədr cavab məktublarını oxudu. Qromıkonun məktubunda deyilirdi:

“Siz 29 mart tarixli məktubunuzda sovet-İran hökümətləri arasında danışıqların vəziyyyəti, o cümlədən sovet qoşunlarının İrandan çıxarılmasının şərtləri, başqa məsələlər haqqında hər iki hökumətin saziş bağlanması barədə məlumat verməyi xahiş edirsiniz. Öz hökumətimin adından aşağıdakıları Sizə bildirməyi özümə borc bilirəm:

Bu danışıqlar İrandan sovet qoşunlarının çıxarılması barədə razılığa gətirmişdir. Qoşunların çıxarılması martın 24-dən başlanmışdır və ay yarım müddətdə başa çatacaqdır. Bu barədə mən martın 26-da Təhlükəsizlik Şurasına rəsmi məlumat vermişəm. Beləliklə, martın 18-də İran hökumətinin Təhlükəsizlik Şurasında qaldırdığı sovet qoşunlarının çıxarılması haqqında məsələ sovet-İran hökumətləri arasında razılaşmalarla həll edilmişdir.

Başqa məsələlərə gəldikdə isə onlar sovet qoşunlarının çıxarılması ilə bağlı deyildir”.

Sonra Qo-Tay-si İran səfirinin 2 aprel tarixli cavabını oxudu. Təhlükəsizlik Şurası öz üzvlərini məktubların məzmunu ilə tanış olmaqdan ötrü müzakirələri aprelin 4-dək təxirə saldı.

Aprelin 4-də Təhlükəsizlik Şurasında məsələ yenidən müzakirə edildi. Tərəflərin danışıqlara başlamasını nəzərə alaraq Təhlükəsizlik Şurası məsələnin müzakirəsini yenidən aprelin 6-dək təxirə saldı.

1946-cı il aprelin 6-da SSRİ-nin BMT-dəki nümayəndəsi A.Qromıko Təhlükəsizlik Şurasına məktub göndərdi. Məktubda göstərilirdi ki, “sovet qoşunları martın 24-dən İrandan çıxarılmağa başlanmışdır və altı həftə müddətində başa çatacaqdır. Buna görə də Təhlükəsizlik Şurasının İran məsələsinə baxmasının heç bir əsası yoxdur. Sovet-İran danışıqları nəticəsində qəbul edilmiş birgə bəyannamədə bütün məsələlər barəsində razılaşmaların əldə edildiyi göstərilir. Bütün bunlar bir daha göstərir ki, İran məsələsinə Təhlükəsizlik Şurasında baxıla bilməz. Həm də İranın daxilində vəziyyət beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə törətmir, bu problem onun daxili işidir. BMT nizamnaməsinin 34-cü maddəsinə görə o yalnız beynəlxalq sülh və təhlükəsizliklə bağlı məsələləri müzakirə edə bilər. Beləliklə, Təhlükəsizlik Şurasının aprelin 4-də məsələnin müzakirəsini davam etdirmək barədə qəbul etdiyi qətnamə düzgün deyildir, qeyri-qanunidir və BMT nizamnaməsi ilə ziddiyyət təşkil edir. Buna görə də sovet hökuməti tələb edir ki, bu məsələ Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılsın”.

A.Qromıkonun bu məktubundan sonra mübahisələr yenidən kəskinləşdi. Bunu görən BMT Baş Katibi Tryuqve Li Təhlükəsizlik Şurasının sədri Qo-Tay-Siyə məktubla müraciət etdi. Məktub Təhlükəsizlik Şurasının 16 aprel tarixli iclasında oxundu. Tryuqve Li az qala açıq-aşkar göstərdi ki, bu məsələ gündəlikdən çıxarılmalıdır. Məsələ elə onun məsləhətinə uyğun olaraq həll edildi. İkitərəfli danışıqlardan sonra İran tərəfi öz şikəyətini geri götürdü. Sovet-İran münasibətlərində yaxınlaşma baş verdi. İranın mövqeyində əsaslı dəyişiklik əmələ gəldi. İran tərəfi ABŞ-daki səfiri Hüseyn Alanın fəaliyyətini və məktubunda göstərdiyi “ SSRİ İranın daxili işlərinə qarışır” fikrini kəskin tənqid etdi. Baş nazirin müavini Müzəffər Firuz İranın ABŞ-dakı səfiri Hüseyn Alanın BMT Baş Katibinə göndərdiyi məktubla əlaqədar xarici jurnalistlərə verdiyi müsahibəsində bildirdi ki, SSRİ İranın daxili işlərinə qarışmır və belə məktubdan rəsmi Tehranın xəbəri yoxdur. O, bildirdi ki, İran hökuməti belə bəyanatla çıxış etmək barədə ABŞ-dakı səfiri Hüseyn Alaya heç bir göstəriş verməmişdir. Müzəffər Firuz göstərdi ki, İran hökuməti şikayətini Təhlükəsizlik Şurasından çoxdan götürmüşdür və sovet qoşunlarının çıxarılmasına nəzarət məqsədi ilə İrana beynəlxalq komissiyanın gəlməsi lazım deyildir. Bu, İranın daxili işlərinə qarışmaq olardı. Əvvəllər məsələnin müzakirəsini qətiyyətlə tələb edən “İrane ma”, “Necate İran”, “Şahbaz”, “Dad”, “Rahbar” qəzetləri indi Hüseyn Alanı səfir vəzifəsindən geri çağırmağı tələb edirdilər. Həmin məsələnin beynəlxalq deyil, İranın daxili işi olduğunu göstərirdilər.

Güney Azərbaycan məsələsinin Birləşmiş Millətlər Təşkilatında müzakirəsinə Amerika Birləşmiş Ştatlarının münasibəti necə idi? ABŞ İrandan SSRİ qoşunlarının çıxarılması məsələsindən Moskvaya təsir etmək istəyirdi. Lakin ABŞ hökuməti Güney Azərbaycanda hərəkatın əleyhinə deyildi. Bu məsələ o vaxt ABŞ dövrü mətbuatında özünə geniş yer tuturdu. 1946-cı il aprelin 14-də “Nyu-York Herald tribun” qəzeti yazırdı ki, ABŞ BMT-də həmin məsələnin müzakirəsini tələb edir. İran tərəfi öz şikayətini geri götürsə də Vaşinqton məsələnin gündəlikdən çıxarılmasının qəti əleyhinə idi. Yenə də həmin qəzet Təhlükəsizlik Şurası tərəfindən məsələnin müzakirəsinin rədd edilməsini pisləyərək göstərirdi ki, bu əslində Azərbaycan məsələsinin Şuranın gündəliyindən çıxarılmasıdır. Qeyd olunurdu ki, indiyədək Təhlükəsizlik Şurasının qərarları BMT-nin qələbəsi kimi qiymətləndirilmişdir. Əgər bu qərar qələbədirsə, onda Pirr qələbəsindən başqa bir şey deyildir. Qəzetin yazdığına görə, BMT çətin ki, belə qələbəni gələcəkdə də qazansın. Məsələnin ciddiliyini və mürəkkəbliyini başa düşən BMT Baş Katibi Tryuqve Li və Fransa nümayəndəsi Bonnenin təklifi ilə Təhlükəsizlik Şurası kompromis variant qəbul edib onu başqa vaxta keçirtdi.

Təhlükəsizlik Şurasında məsələnin müzakirəsini ABŞ və İngiltərənin təkidlə tələb etməsi İranda ciddi narazılıqla qarşılandı. İran mətbuatı xüsusilə canfəşanlıq edirdi. “Necati İran” qəzeti ABŞ və İngiltərənin hərəkətlərini İranın daxili işlərinə qarışmaq, BMT-də hökmranlıq cəhdləri kimi qiymətləndirir və onları tənqidə tuturdu. Qəzet İngiltərə və ABŞ-ın SSRİ-nin hərəkətləri əleyhinə İranı müdafiə etmələrinin arxasında öz niyyətlərini güdmələrini qeyd edirdi. İranın başqa qəzetləri də belə mövqe tuturdular.

“Zəfər” və “İrane ma” qəzetləri İngiltərə və ABŞ-ın təkidlərini BMT nizamnaməsini pozmaq kimi qiymətləndirirdilər.

İngiltərə parlamentinin mühafizəkarlar partiyasından olan deputatı Hed “Deyli Teleqraf” qəzetində dərc etdiyi məqaləsində göstərirdi ki, İranın şikayətlərinə baxılmaması SSRİ-nin ona olan qeyri-qanuni tələbəlrinə və daxili işlərinə qarışmasına müqavimət göstərməsi silahını əlindən alır. Lakin İran tərəfi bu fikirləri təkzib edərək bildirdi ki, məsələ İranın daxili işidir və SSRİ onun işlərinə qarışmır.

ABŞ-ın Təhlükəsizilk Şurasındakı mövqeyi ölkə xarici siyasətində ciddi müzakirələrə səbəb oldu. Dövlət departamenti Güney Azərbaycan məsələsinin və ya SSRİ-nin İranın daxili işlərinə qarışması məsələsinin gündəlikdə saxlanmasını təkid edirdi. ABŞ-ın Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi, dövlət katibinin müavini Stettinius isə sovet ordusu İrandan çıxarıldıqdan sonra bu məsələnin gündəlikdə saxlanmasını yersiz hesab edirdi.

Dövlət katibi Birns Güney Azərbaycan məsələsinin Təhlükəsizlik Şurasının gündəliyində saxlanmasına səs verməyi təkid edirdi. Birns Stettiniusa göstəriş vermişdi ki, Qırmızı Ordunun İrandan çıxması barədə Tehranın məlumatına baxmayaraq həmin məsələ Təhlükəsizlik Şurasında müzakirə edilsin. ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Stettinius dövlət departmentinin ona təzyiqini əsas götürərək istefaya çıxmaq haqqında prezident H.Trumenə ərizə göndərdi. Stettiniusun məktubuna H.Trumen çox gec cavab verdi. O, bunu vaxt tapa bilməməsi ilə əlaqələndirdi. Prezident ümid edirdi ki, Stettinius öz vəzifəsində qalacaqdır. Lakin Stettinius qəti şəkildə bildirdi ki, onu dövlət departamentinin “dəhlizlərində oyan-bu yana qaçan oğlan uşağına çevirdikləri” üçün fəaliyyətini dayandırır. Nəhayət, H.Trumen Stettiniusun istefasını qəbul etdi.

ABŞ höküməti Guney Azərbaycan Milli hökumətinə xüsusi maraq göstərirdi. ABŞ-ın İrandakı konsulu Rossou Güney Azərbaycan Milli hökumətinin baş naziri S.C.Pişəvəri ilə görüşündə Milli hökumətin yaradılmasını Birləşmiş Ştatların bəyəndiyini bildirdi. Söhbət hökumətin gələcək planlarından gedəndə Rossou məsləhət gördü ki, Tehranla danışıqlar üçün yolu açıq saxlasın. Pişəvəri göstərdi ki, Tehran bu yolu özü bağlayır. Rossounun “Şah sizin muxtariyyətinizi tanısa necə hərəkət edəcəksiniz?” sualına Pişəvəri cavab verdi ki, təkcə tanımaq azdır, muxtariyyətin saxlanması üçün təminat lazımdır. Rossou ABŞ-ın Milli hökumətə hər cür yardım edəcəyini vəd edərək ona uğurlar dilədi.

BMT Təhlükəsizlik Şurasında İranla toqquşan Moskva müharibədən sonrakı Paris sülh konfransına İranın dəvət olunmasını təklif etdi. Paris sülh konfransında İranın müraciətinin müzakirəsi zamanı Vışinski çıxış edərək göstərdi ki, hələ 1946-cı il iyulun 4-də İran hökuməti beş dövlətin səfirlərinə müraciətində Sülh konfransında öz iştirakını tələb etmişdir. 25 iyulda o öz tələbini yenidən təkrar etmişdir. Nəhayət, avqustun 10-da Parisdəki İran nümayəndəliyi konfransın Baş katibinə eyni məzmunlu məktubla müraciət edərək ümumi düşmən üzərində qələbəyə töhfə və müharibədə itkilər verdiyinə görə iştirakını zəruri saymışdır. Vışinski İran hökumətinin müraciətinin yerinə yetirilməsinin vacibliyini göstərdi və bildirdi ki, İran hökuməti müttəfiq dövlətlər kimi konfransa dəvət oluna bilər. Çin və ABŞ nümayəndələri də çıxış edərək bu təklifi bəyəndilər. Qərar yekdilliklə qəbul olundu. İran nümayəndə heyəti konfransa dəvət edildi.



Sovet-İran münasibətlərində

Güney Azərbaycan məsələsi
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində Güney Azərbaycan məsələsi ilə bağlı ilkin kəskin mübahisəli müzakirələr və Moskvanın mövqeyi İranı qətiyyən qane edə bilməzdi. Moskva ilə Tehran arasında qarşılıqlı münasibətlərdə təmas nöqtələrini tapmağa, İranın milli və dövlət mənafeyini var gücü ilə qorumağa qadir şəxsin rəhbərliyə gəlməsi, Moskva ilə danışıqların başlanması zəruri idi. Təhlükəsizlik Şurasının iclasları keçdiyi vaxtlarda, 1946-cı ilin yanvarın sonlarına yaxın İran məclisi Qəvvam-əs-Səltənəni ölkənin baş naziri seçdi. O seçilən kimi bildirdi ki, “bu gün axşam İranın Təhlükəsizlik Şurasına müraciəti məsələsi ilə məşğul olacaq. Şah onu təsdiq edən kimi isə ruslarla birbaşa danışıqlara başlayacaqdır”.

BMT Baş Məclisinin birinci sessiyasında Tağızadə və Vışinskinin bəyanatı ilə əlaqədar uzun müzakirələrdən və müvafiq qətnamənin qəbul edilməsindən sonra sovet-İran münasibətlərində yaxınlaşma baş verdi. Bu yaxınlaşma həm də ABŞ-ın SSRİ-yə təzyiq göstərməsi və onu atom silahıyla hədələməsi ilə bağlı idi. 1946-cı il fevralın 23-də Qəzvin şəhərindəki “İran” teatrında İran-SSRİ mədəni əlaqələr cəmiyyətinin Qəzvin şöbəsi Qırmızı ordunun yaradılmasının 28-ci ildönümünə həsr edilmiş yığıncaq keçirtdi. Zalda sovet və İran bayraqları, Stalinin və Şahın böyük portretləri, rus və fars dillərində şüarlar asılmışdı. İclasda 800-dən çox adam iştirak edirdi. SSRİ-nin Qəzvindəki vitse-konsulu Çivile, Qəzvinin qubernatoru Şahin, mədəni əlaqələr cəmiyyəti Qəzvin şöbəsinin sədri doktor Muruzavi və “İranın dostu” qəzetinin redaktoru Mirzə İbrahimov və başqalarının iştirak etdiyi yığıncaqda sovet-İran dostluğundan geniş bəhs edildi.

Mart ayında İrandakı sovet səfiri dəyişdirildi. İ.Sadçikov İranda SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Bütün bu hadisələrin gedişində Qəvvam-əs-Səltənə Moskvaya gəldi. Stalinlə bağlı qapı arxasında keçirilən danışıqlardan sonra tərəflər heç bir sənəd imzalamadılar. Moskva danışıqları başa çatdıqdan sonra Tehrana qayıdarkən Qəvvam-əs-Səltənə yolüstü Bakıya gəldi. Binə aeroportunda Azərbaycan nümayəndələri onu təmtəraqla qarşıladılar. O, Azərbaycan Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşasına baxdı. Səltənənin Moskva səfəri və Stalinlə keçirtdiyi müzakirələr əslində Güney Azərbaycan məsələsinin Tehranın və Moskvanın əli ilə dəfn olunması demək idi. İran baş nazirinin vətənpərvərlik səylərindən bəhs edən “Ettelat” qəzeti yazırdı ki, artıq İran xalqı əmindir ki, sovet hökumətinin İrana heç bir ərazi iddiası yoxdur.

Moskvada başlanan danışıqlar İran baş nazirinin Bakıda təmtəraqla qarşılanmasından sonra Tehranda davam etdirildi və 1946-cı il aprelin 4-də hər iki tərəfi təmin edən sənədin imzalanması ilə möhkəmləndirildi. Sənəd Moskva və Tehranın Güney Azərbaycan məsələsində yekdilliyini göstərdi. Sovet-İran danışıqları haqqında bəyannamədə deyilirdi: “İran baş nazirinin Moskvada Sovet Sosialist Respublikaları İttifaqı hökumətinin rəhbərləri ilə başladığı, sovet səfiri gəldikdən sonra isə Tehranda davam etdirilən danışıqları 1325-ci il aprelin 4-də bütün məsələlər barəsində tam razılaşmaya gətirmişdir. Bunlar:

1. Qırmızı Ordu hissələri 1946-cı il martın 24-dən, yəni bazar günü 1325-ci il 4 farvardindən başlayaraq bir ay yarım müddətində İranının bütün ərazisindən çıxarılırlar.

2. Qarışıq İran - Sovet Neft Cəmiyyəti yaratmaq və onun şərtləri bu ili martın 24 də hesablanmaqla 7 ay müddətə qədər məclisin 15-ci çağırışının müzakirəsinə verilir.



Azərbaycan haqqında məsələ üzrə. Bu məsələ İranın daxili işi olduğundan hökumət və Azərbaycan əhalisi arasında mövcud qanunlara uyğun olaraq və Azərbaycan əhalisinə xeyirxah münasibət ruhunda islahatlar keçirtmək üçün dinc yol tapılacaqdır”.

Bu bəyannaməni İranın baş naziri Əhməd Qəvvam-əs Səltənə və SSRİ-nin İrandakı səfiri İ.Sadçikov imzaladılar. Bu sənədi şərh edən İran hökumətinin nümayəndəsi bildirdi ki, bu saziş İran hökumətinin və xalqının istəklərinə tamamilə cavab verir, sovet və İran xalqları arasında qarşılıqlı münasibətlərdə yeni mərhələ açır. Bu sənədi imzalamaqla hökumətimiz öz siyasətini həyata keçirtməkdə tam səlahiyyət və sərbəstlik almışdır. Biz Sovet İttifaqı ilə İran, həmçinin ABŞ, Böyük Britaniya ilə yaxşı qarşılıqlı münasibətlərə can atırıq. Sovet-İran sazişinin imzalanması böyük əhəmiyyətli hadisədir və biz ümid edirik ki, bu, bütün müttəfiqlər tərəfindən yaxşı qarşılanacaqdır, çünki ümumi sülhün möhkəmlənməsinə xidmət edir.

1946-cı il aprelin 5-də “Yunayted press” agentliyinin Tehrandan verdiyi xəbərə görə Qəvvam-əs-Səltənə bildirmişdi ki, sovet-İran müqaviləsi və sovet qoşunlarının İrandan çıxarılması Guney Azərbaycan məsələsinin Birləşmiş Millətlər Təşkilatında müzakirəsini artıq və lüzumsuz edir. Öz növbəsində “Pravda” qəzetinin 1946-cı il 8 aprel tarixli sayındakı sovet-İran danışıqlarına həsr edilmiş baş məqaləsində onun uğurla başa çatmasından danışaraq yazılırdı ki, beləliklə, Sovet İttifaqı İranın müstəqil, bölünməz, çiçəklənən və güclü dövlət olması istəyini təsdiq etdi.

Danışıqlar başa çatdıqdan sonra iki ölkə arasında münasibətlərin yaxşılaşmasını Tehrandan Qəvvam-əs-Səltənənin Stalinə vurduğu teleqram da təsdiq edir. Teleqramda deyilirdi ki, Moskvada başlanan və Tehranda davam etdirilən danışıqlar əlverişli nəticələrlə başa çatdı. Bunun sayəsində iki dost və qonşu ölkələr arasında tam qarşılıqlı anlaşmaya nail olundu.

Qəvvam-əs-Səltənəyə göndərdiyi cavab teleqramında Stalin yazırdı: “İnanıram ki, danışıqlar nəticəsində SSRİ və İran arasında əldə edilən saziş ölkələrimizin xalqları arasında əməkdaşlığın və dostluğun inkişafına və möhkəmlənməsinə kömək edəcəkdir”.

Beləliklə, hətta İngiltərə parlamentinin deputatları Fut və Hed ilə söhbətində İran Xalq Partiyası MK-nın üzvü də etiraf edirdi ki, Azərbaycandakı “demokratik və azadlıqsevər hərəkatın” iki dövlət arasındakı münasibətlərdə əslində boğulmasının əsası qoyuldu.

SSRİ- İran danışıqlarından sonra iki ölkə arasındakı münasibətlərdə yaxınlaşma sürətləndi. Aprelin 18-də İran Xarici işlər nazirliyində baş nazir Qəvvam-əs-Səltənə SSRİ-nin İrandakı səfiri Sadçikovun şərəfinə ziyafət verdi. Nazirlərin, sovet səfirliyi əməkdaşlarının və diplomatik missiya başçılarının iştirak etdiyi ziyafətdə həm baş nazir, həm də səfir çıxış edərək iki ölkə arasındakı dostluq və qarşılıqlı anlaşmadan danışdılar.

Mayın 9-da sovet qoşunları İrandan tamam çıxarıldı. Sovet qoşunlarının çıxarılması gedişində İranda bir sıra sovet müəsissələri açılmağa başlandı. Məşhəddə sovet xəstəxanasının açılışında SSRİ-nin Məşhəddəki baş konsulu Matveyev, Xorasanın general qubernatoru Etimadi və başqaları çıxış edərək “sovet-İran dostluğundan” danışdılar. Hər iki tərəfi Güney Azərbaycan məsələsinə qarşı birləşdirən amillərdən biri həm də İran taxt-tacının varisi Pəhləvinin Stalinlə görüşünün nəticələri idi. O, bildirdi ki, “Generalissimus Stalin İran xalqına böyük rəğbətlə və xeyirxahlıqla, onun hüquq və suvervnliyinin qorunmasına qayğı və hörmətlə yanaşır”.

İrandan sovet qoşunları çıxarılan vaxtlarda SSRİ-İran mədəni əlaqələrinə və dostluğuna dair yığıncaq keçirildi. “İranın dostu” qəzetinin redaktoru Mirzə İbrahimov öz çıxışlarında SSRİ-İran münasibətlərini tərifləyirdi, bir neçə il sonra isə Moskvada SSRİ Ali Sovetinin sessiyasındakı çıxışında Azərbaycan demokratlarının məğlubiyyətini yalnız ABŞ və İngiltərənin üstünə yıxırdı.

Qoşunların çıxarılması gedişində məşhur Təbriz rəssamı azərbaycanlı Müazizadə Stalinin şəklini toxuduğu xalçanı sovet komandanlığına bağışladı. Sovet qoşunlarının keçdiyi Səttarxan prospekti Stalinin portretləri ilə bəzədilmişdi. Təbrizdəki erməni icmasının sədri Mkrtıçyan, arxiyepiskop Melik-Tanginyan da sovet qoşunlarına uğurlar arzuladılar.

Aprelin 22-də İran radiosu hökumətinin Güney Azərbaycana münasibətinə dair rəsmi xəbərini yaydı. Burada göstərilirdi ki, kənd təsərrüfatı, ticarət, sənaye və səhiyyə rəhbərləri yerli əncüman tərəfindən təyin edilir, onlar haqqında rəsmi əmri hökumət verir. General-qubernator əncümənin razılığı ilə hökumət tərəfindən təyin edilir, hərbi qüvvələrin və jandarmların tərkibini hökumət müəyyən edir, Azərbaycanın rəsmi dili İranın bütün digər ərazilərində olduğu kimi fars dilidir. İbtidai məktəblərdə ilk beş sinifdə dərslər Azərbaycan dilində aparılır. Azərbaycanda demokratik təşkilatların fəaliyyəti sərbəstdir, demokratik xadimlərə və əhaliyə qarşı heç bir cəza tədbirləri görülməyəcəkdir və s.

Aprelin 28-də Təbrizdə 15 min adam S.C.Pişəvəri başda olmaqla İran Azərbaycanı Milli hökumətinin nümayəndə heyətini danışıqlar aparmaq üçün Tehrana yola saldı. İyunun 13-də Təbrizdə Müzəffər Firuz və S.C.Pişəvəri İran hökuməti və Güney Azərbaycan arasında sazişi imzaladılar. Sazişə görə fədailər jandarmeriyalara çevrilirdi və Azərbaycan ordusu İran ordusunun tərkib hissəsi olurdu. Azərbaycanın gəlirinin 75%-i yerli xərclərə, 25%-i mərkəzə ümumdövlət məqsədləri üçün verilirdi. Bir neçə gün sonra Pişəvəri Azərbaycan əncüməninə ərizə yazıb azad edilməsini xahiş etdi. O, baş nazir vəzifəsindən çıxsa da partiya rəhbərliyində qaldı.

İran hökuməti ilə Azərbaycan Milli hökuməti arasında bağlanmış saziş 1946-cı il iyulun 14-dən etibarən həyata keçirildi. Azərbaycan Milli Məclisi əvəzinə Azərbaycan əyalət əncüməni fəaliyyətə başladı. Azərbaycan Milli hökuməti əvəzinə Azərbaycanı idarə edən Şura yaradıldı. Lakin İran hökuməti müqavilənin şərtlərini pozurdu. Sonralar İranın baş naziri Qəvvam-əs-Səltənə Azərbaycan Milli hökumətinin nümayəndələri ilə hansı məqsədlə danışıqlara girdiyi barədə demişdi: “İran dövlətinin niyyəti məlum idi. Azərbaycan xalqının hüquqdan, orada demokratiya və ədalət yaradılmasından söhbət etdikləri üçün dövlət də zahirdə Azərbaycan demokratlarının daxil olduğu qapıdan daxil oldu”.

İyulun 31-də İran hökumətinin nazirləri Qəvvam-əs-Səltənəyə “fəaliyyət azadlığı verməkdən ötrü” istefaya çıxdılar. Baş nazir yeni kabinet üzvlərinin qarşısında çıxış edərək bildirdi ki, ölkənin bütövlüyünü qorumaqdan ötrü Rusiya, İngiltərə və ABŞ-la həqiqi dostluq münasibətləri quracaq, ölkədə sakitliyi pozanlar, irticaçılar və xalq düşmənləri ciddi cəzalandırılacaqlar.

Bu dövrdə Tehranda Qəvvam-əs-Səltənə ABŞ konsulu ilə görüşündə istiqrazlar almağa səy etdi. ABŞ tərəfi bildirdi ki, “əgər İran hökuməti öz üzərinə müəyyən siyasi təəhhüdlər götürsə, ABŞ buna razı olar”. Bu görüşdən sonra İran jandarmasında işləyən ABŞ məsləhətçilərinin müqavilə müddəti uzadıldı.

Noyabr ayından başlayaraq bəzi yerlərdə partiyalar qadağan edildi, demokratik xadimlərə böhtanlar atıldı, bir sıra mitinqlərdə fövqəladə vəziyyət elan edildi, mitinq və yığıncaqlar qəti qadağan olundu.

Mərkəzi hökumət 1946-cı il sentyabrın 1-də Azərbaycan üzərinə ümumi silahlı hücuma başladı. İranın irticaçı dairələrinin bəhanələrinin qarşısını almaq məqsədilə Azərbaycan əyalət əncüməni 1946-cı il noyabrın 12-dən başlayaraq Azərbaycan xalq qoşunlarının və fədai qüvvələrinin Zəncan vilayətindən çıxmasına göstəriş verdi. İran dövlət qoşunu Zəncan vilayətini işğal etdi. Zəncana həmçinin irticaçı mülkədarların silahlı quldur dəstələri də gətirildi. Qanlı qırğın başlandı.

İran baş naziri Qəvvam-əs-Səltənə noyabrın 21-də İranın XV məclisinə seçkilərin guya azadlığını təmin etmək üçün bütün seçki məntəqələrinə hökumət tərəfindən “nəzarət qüvvələri” adı altında qoşun göndəriləcəyini elan etdi. Azərbaycan əyalət əncüməni buna qəti etirazını bildirdi. Qəvvam-əs-Səltənə Şəbüstəriyə teleqram vurdu. Cavabında göndərdiyi teleqramda Şəbüstəri etiraz edərək yazırdı ki, əlahəzrət Azərabaycan xalqını öz deputatlarını məclisə göndərməkdən məhrum edir və bundan məqsəd demokratik hərakatı boğmaqdır. Qoşun yeridilməsi demokratik hərəkata qarşı müharibə elan etməkdir. Seçkilər keçirtməyə nəzarət üçün qoşun deyil, mətbuat nümayəndələri gələ bilər. Şəbüstəri teleqramında ümid edirdi ki, əlahəzrət qarşılıqlı anlaşmaya zərbə vurmayacaqdır.

Amma belə olmadı. Güney Azərbaycana hücum edildi. Qəvvam-əs-Səltənə dinc yolla məsələni həll etmək vədinə xilaf çıxdı. İran qoşunları toplar, tanklar, minaatanlar və təyyarələrlə dekabrın 1-dən bütün cəbhə boyu şiddətli döyüşlərə başladılar. Azəri fədailəri yaralarından qan axa-axa fədakarlıqla vuruşurdular. Mərkəzi hökumət cəbhəyə bütöv ordu və onlarca tank yeritdi. Azərbaycan əyalət əncüməninin göstərişi ilə dekabrın 11-də Azərbaycan xalq qoşunları və fədai qüvvələri döyüş meydanlarını tərk etdilər və geri çəkilməyə başladılar. İran qoşunlarının ilk dəstələri 50 kəndlini güllələyib Qızıləzən çayına atdılar. Tanklar Ərdəbil vilayətində kəndləri viran qoydular. Təbrizdə binalardan tutmuş abidələrədək hər şey dağıdıldı. Azərbaycanın şəhər, rayon və kəndlərinin küçə və meydanları fədai meyidləri ilə doldu.

Cənubi Azərbaycanın general-qubernatoru doktor Cavid və əncümənin sədri Şəbüstəri həbs edildi. Xalqa qarşı kütləvi terrora keçildi. Güney Azərbaycan İran hərbçilərinin əlinə keçdi. Təkçə dekabrın ikinci yarısında təxminən 25 min adam öldürüldü. Komendant saatı quruldu. Milli-azadlıq hərəkatına zərbə endirildi. 1946-cı il dekabrın 20-dən sonra Güney Azərbaycandakı xalq hakimiyyəti devrildi. Azərbaycan Milli Demokratik hərəkatının qəddarcasına yatırılmasından sonra maarif və mədəniyyət sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş qanun və qərarlar ləğv edildi. Mərkəzi hakimiyyət Azərbaycan dilindən istifadə dairəsini xeyli məhdudlaşdırdı. Ana dilində çıxan kitablar yandırıldı. Təbriz universiteti və teatrı bağlandı, ana dilində radio yayımlarının və kinofilmlərinin nümayiş etdirilməsi qadağan olundu. Fars dilini rəsmi dövlət dili və ünsiyyət vasitəsi kimi yaymaq siyasətinə yenidən başlandı.

Təhsil sistemində Azərbaycan dili qadağan olundu. Bütövlükdə Güney Azərbaycanda orta, xüsusilə də ali təhsilə zərbə endirildi. Sonrakı illərdə Azərbaycanda yeganə təhsil ocağı kimi Təbriz universiteti saxlanılsa da onun şəraiti aşağı səviyyədə idi. İran hakim dairələri Universitetdə azərbaycanlıların azlıq təşkil etməsinə və başqa şəhərlərdən gələnlərin sayının çox olmasına çalışırdılar. Yeridilən siyasət nəticəsində azərbaycanlılar Güney Azərbaycandan mühacirət etməyə başladılar. Təbriz universitetində təhsil alan azərbaycanlı tələbələrin alman, fransız və fars dillərini bilməsi məcburi olsa da mərkəzi hökumət Azərbaycan dilini qadağan etdi.

Məğlubiyyətdən sonra İran hakim dairələrinin şovinist siyasəti Güney Azərbaycanda mədəniyyətə də ciddi zərbə vurdu. Demokratik hüquqlar uğrunda mübarizə ruhlu bədii və elmi nəşrlər qadağan edildi. Cənubi Azərbaycanın bir sıra şair və yazıçısı mühacirət etdi. Təqib edilən mütərəqqi şair və yazıçıların əksəriyyəti öz əsərlərini xarici ölkələrdə çap etdirməyə məcbur oldular.



Şah rejimi düşünülmüş şəkildə Güney Azərbaycan tarixi abidələrini məhv etməyə başladı və onlar fars abidələri kimi qələm verildi. Rəssamların, sənət adamlarının qarşısına sədlər çəkildi. Mərkəzi hökumət radio və televiziyadan güclü ideoloji təsir vasitəsi və farslaşdırma aləti kimi istifadə edirdi. Musiqi sənətkarları təqib olunurdu. Azərbaycan dilindəki mətbuata kəskin zərbə endirildi. İran hakim dairələri azərbaycanlılara ölkənin bütövlüyünü parçalaya biləcək potensial bir qüvvə kimi baxmağa başladılar və onların assimilyasiya edilməsi siyasətini yeritdilər.Bu isə bütün sahələrə kəskin zərbə endirdi. Mərkəzi hökumət Güney Azərbaycanda eyni siyasəti sosial-iqtisadi sahədə yeritməyə başladı. İrticanın hücumu Güney Azərbaycanın inkişafına zərbə vurdu.

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə