Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

vermişdi: «Burada mənim heç bir xidmətim yoxdur və mən heç nəyə görə peşmançılıq hissi 

keçirmirəm. Əksinə, mən əminəm ki, mehriban ailədə tək bir adamın, ərlə arvaddan tək hansı birininsə 

xidməti olmur – necə ki ərin, yaxud arvadın adı ayrı-ayrılıqda çəkilmir. İki nəfərin ittifaqı hər şeydə 

vahid və bölünməzdir. Ərimin uğurları – həm də mənim uğurlarımdır, bu uğurlara görə sevinci mən də 

hiss edirəm». Həyat onun haqlı olduğunu təsdiq etdi, çünki onların ailə birliyi illər ötdükcə daha da 

möhkəmləndi.   

Ərlə arvad ayrı-ayrı sahələrdə çalışarkən tamamilə başqa problemlər ortaya çıxır. Əgər qadın şirkət 

direktorudursa, kino ulduzudursa, yaxud siyasi xadimdirsə – ərinin cüzi uğurları, yaxud ümumiyyətlə, 

uğursuzluğu müqabilində böyük nailiyyətlər qazanıbsa, onda qadından böyük mərifət və sonsuz 

nəzakət tələb olunur ki, əri işlərin bu cür vəziyyətini qəbul edə bilsin; unutmayaq ki, bizim əxlaqımızın 

hazırkı durumunda bu şərait kişilərə hələ də anormal görünür. Bu cür hallarda ən yaxşı qərar – kişini 

qadının bu qədər uğurlar əldə etdiyi fəaliyyət sahəsinə yaxınlaşdırmaqdır, amma bunu o formada etmək 

lazımdır ki, kişinin heysiyyətinə, qüruruna    toxunmayasan. Kişi uğur qazanmış arvadının işlərini idarə 

etməyi öz əlinə ala bilər. Tutaq ki, qadın modelyerdir və qeyri-adi geyim növləri yaradır. Bu vaxt 

kişinin şirkətin maliyyə işləri ilə məşğul olması mümkündür. Yaxud qadın kino ulduzu kimi 

məşhuri-cahandır və bütün ekranları zəbt edib, eləmi? Belədə qoy kişi də onun prodüseri olsun. Bir 

qədər təvazökarlıq, bir-birini qarşılıqlı olaraq daha çox təqdir etmək və səmimi duyğular – onda nikah 

da salamat qalar.   

Ərdə olan qadın başqa kişilərlə böyür-böyürə işləyirsə, yaxud sahibkarın rəhbərliyi altında çalışırsa, 

onda qısqanclıq probleminin baş qaldırması mümkündür. Eyni işlə məşğul olan kişilərin və qadınların 

gündəlik ünsiyyəti onların arasında müəyyən intim münasibətin yaranmasına, yaxud təklifsizliyə 

gətirib çıxara bilər. Qadın birdən-birə hiss edir ki, gündəlik qayğılarını bölüşdüyü və işin öhdəsindən 

gəlməkdə daim ona kömək edən, yardımçı olan həmkarları, əslində, ona yalnız axşamdan-axşama 

gördüyü, işdən yorğun qayıtmış ərindən daha çox yaxındır.   

Belə vəziyyətdə ailəni saxlamaq üçün qadına öz rəisləri və həmkarları ilə münasibətdə xüsusi 

ehtiyatkarlıq, əri ilə münasibətdə isə tam aşkarlıq zəruridir. Ərlə arvadın öz ixtisasları ucbatından 

münaqişəyə girmələri də son dərəcə təhlükəli haldır. Məzuniyyət üçün onlardan birinə uyğun olan fəsil 

digəri üçün üyğun gəlməyə bilər. Ya da ərlə arvaddan hansısa xidməti işlə əlaqədar tez-tez səfərlərə 

çıxmalı, ezamiyyətdə olmalıdır; halbuki digəri – zərurət üzündən, ya da öz xarakteri etibarilə – 

oturaqlığa meyillidir və rahat ev şəraitinə üstünlük verir. Bax bütün bunlar – yəni ruhi tarazlığın evdən 

çox iş yerində daha asanlıqla əldə edilməsi – bizim müasir dövrümüzə xas olan münaqişələrdir. 

Qadının borcu işlə şəxsi həyatı uzlaşdırmaqdır.   

Gənc qızın müasir cəmiyyətdə vəziyyəti əvvəlki ilə müqayisə olunmayacaq dərəcədə yaxşılaşıb. 

İxtisasa malik olmaq onunçün çox sərfəlidir. İndi artıq yaşayış üçün gündəlik ruzisini cavan qız özü 

qazanır; bu azmış kimi, ailə dairəsindən kənara çıxmaqla onun həyatı həm də maraq və məzmun kəsb 

etməyə başlayıb. Balzakın gənc qadın qəhrəmanına valideynlərinin seçdiyi adama ərə getmək lazım 

gəlirdi, belə ki, gələcək adaxlısı ilə rastlaşmağa onun yeri yox idi; bizim dövrümüzdə isə cavan qız iş 

yerində neçə-neçə kişiylə rastlaşır və birgə iş həmin kişiləri daha yaxşı tanımaqda ona kömək edir. 

Keçmişdə təntənəli şəraitdə tanış olduğu adaxlısı cavan qız üçün heç cür aydın deyildi. Zavodun, 

laboratoriyanın, yaxud xəstəxananın gündəlik həyatı isə kişilərin bütün yaxşı və pis tərəflərini, 

məziyyət və nöqsanlarını üzə çıxarır. Bundan başqa, özünün maddi yaşayışını təmin etməyə qabil olan 

qız zərurət ucbatından deyil, azad seçim əsasında ərə gedir. Peşə onu müdafiə edir, onu qoruyur və 

onun xeyirxah məsləhətçisi rolunda çıxış edir.   

Hər şeyi yaxşı-yaxşı götür-qoy edib mən bu qənaətə gəlmişəm ki, özünə peşəkar maraqlarına biganə 

olmadığı adamdan ər seçən qız öz gələcək xoşbəxtliyinin etibarlı təməlini qoyur. Dünyada sevginin, 

mənəvi maraqların, qələbə və məğlubiyyətlərin, bir sözlə, həm işin, həm də duyğuların ümumi olduğu, 

qarşılıqlı olduğu nikahdan, ailə birliyindən yaxşı heç bir şey yoxdur. Əlvida.   

 

XATİRƏ KİMİ ZƏRİF   




   

«Xatirə kimi zərif»…  Qiyom Apollinerin məktubları toplanmış cildliyin sərlövhəsi belədir. Bu kitabı 

sizin də oxumağınız lazımdır. Sevgi məktubları indi tək-tük hallarda və çox qısa şəkildə yazılır. Lakin 

Apollinerin məktubları sizi vəcdə gətirəcək. Üstəlik də, onlar sizə son dərəcə uyğun gəlir, çünki həmin 

məktublar da yad qadına ünvanlanıb.   

Bu hadisə 1 yanvar 1895-ci ildə baş verib. Artilleriya kapralı olan Kostrovitski (ədəbiyyat tarixinə o, 

özünün iki adıyla – Qiyom Apolliner kimi daxil olub) vaxtilə Nitsada Marselə gedən qatara əyləşmişdi 

və kupedə gözəl qız Madlen P. ilə rastlaşmışdı. Kapral incə və şairanə bir adam idi; təsadüfən bir 

kupeyə düşdüyü naməlum qızla sevgi-məhəbbət məsələlərindən danışırdı, sonra da ona bir-birindən 

gözəl şeirlər oxumağa başlamışdı. Bodlerdən, Verlendən, Viyondan… Apolliner də, qız da məhz eyni 

şairləri, eyni şeirləri əzbər bilirdilər. «Lakin o, şeirləri elə sadəliklə oxuyur, daha doğrusu, astadan elə 

bir tərzdə zümzümə eləyirdi ki, – qız yazır, – mən onunla qətiyyən müqayisəyə gəlmirdim; mən hər 

hansı şeri təzəcə söyləməyə başlayan kimi dərhal da heyrət içində və itaətkarcasına ona güzəştə getməli 

olurdum…»   

Necə də zərif ifadə olunmuşdur.   

Kapral cəbhəyə gedirdi, qız isə Əlcəzairə yollanırdı; ayrılarkən onlar bir-birinə ünvanlarını vermişdilər 

və aralarında, az qala, gündəlik yazışma başlanmışdı. Yulaf çuvalının üstündə oturan kapral kağızı 

yıxılmış ağacın gövdəsinin üzərinə qoyaraq və uzun kirpikli gənc sərnişin qızı hafizəsində 

canlandıraraq ona məktublar yazır, bir şair və cəngavər olaraq öz gözəl məktublarını şeir bəndləriylə 

süsləyirdi:   

Çapır xatirələr, çapır dördnala,       

O yasəmən rəngli gözlərə sarı.   

Alıb qanadına gözəl arzular   

Uçurur ruhumu göylərə sarı.   

Hə, querida, cəmisi üçcə saat gördüyü və hətta bircə dəfə də öpmədiyi naməlum qadınla bu yazışmanın 

böyük bir məhəbbət      doğurması sizə qəribə görünür? Mən isə o fikirdəyəm ki, bundan təbii bir şey 

yoxdur. Stendaldan və Prustdan sonra sevginin mənbəyinin heç də bizim sevdiyimiz varlıqda deyil, 

özümüzdə olması fikri ümumi şeyə çevrilib. Həyatla ölüm arasında qalan əsgər ürəyi məhəbbətlə 

doludur. Bu vaxt yad qadın peyda olur və onun hissləri aşıb-daşaraq onun üzərində cəmləşir və bərkiyir. 

Tarix bizim qulağımıza pıçıldayır ki, göz qabağında olmayan, az görünən qadınları daha çox seviblər. 

Dante Beatriça barəsində düz-əməlli bir şey bilmirdi; Stendal ən atəşin ehtiraslara əsas etibarilə 

düşüncələrində yol verirdi, «İtirilmiş vaxtın sorağında» romanlar silsiləsindəki «qənirsiz qız» isə yalnız 

bircə dəfə vağzalın perronunda,    uzaqdan-uzağa görünmüşdü. Ayrılığın təsiri altında coşqun, şiddətli 

hissiyyatla qidalanaraq getdikcə daha atəşin olan Apollinerin məktubları da beləcə idi və bu məktublar 

məzuniyyət vaxtı onun öz sevimlisi ilə görüşündən sonra daha sakit məcraya düşdü.   

«Qadınların ilahi gücü – onların yoxluğunda, göz qabağında olmamasındadır». Bu mənada siz çox 

güclüsünüz, xanım.   

Əgər şairin bu məhrəm etirafları ürəyinizcə olsa, sonra siz onun digər sevgi məktublarını da 

oxuyarsınız; onda özünüz üçün aşkar edəcəksiniz ki, Apolliner çox vaxt eyni gündə üç müxtəlif qadına 

məktub yazırmış, cüzi dəyişikliklərlə onlara məhz eyni şeirləri həsr edirmiş. Bütün bunlar 

qıcıqlandırırmı? Siz əsla haqlı deyilsiniz, mənim gözəlim. Epistolyar janrda parlayan sevgililərin 

hamısı məhz bu cür hərəkət edib. Şatobrian qabaqlar xanım Rekamye üçün yazdığı məktubların üzünü 

çox da fikirləşmədən xanım de Kastellan üçün yenidən «köçürə» bilərdi! Bu cür gözəl silahdan necə 

imtina edəsən və onu niyə də təkrar işlətməyəsən? Bu qeyri-səmimilik sizi dəhşətə gətirir? Lakin şairlər 

səmimi olur, querida, inanın ki, onlar son dərəcə səmimidirlər. Apollinerdən, yaxud Şatobriandan ötrü 

hər üç qadın öz təssəvvürlərində yaratdıqları eyni bir «nazənin» obrazında cəmləşir. Şairlər üçün bu cür 

«uydurma», bu cür «başqa cildə salma» mütləq lazımdır; bunsuz poeziya yoxdur.   

«Doğrudanmı, siz elə düşünürsünüz ki, Laura Petrarkanın arvadı olsaydı, Petrarka ömrü boyu ona 

sonetlər yazacaqdı?» – dahi Bayron soruşurdu.   



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə