Günah lüğət elmində


“QƏDİR-XUM” RƏVAYƏTLƏRİNƏ BİR BAXIŞ



Yüklə 3,25 Mb.
səhifə23/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

“QƏDİR-XUM” RƏVAYƏTLƏRİNƏ BİR BAXIŞ


“Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə daha geniş, bəzilərində qısa, bəzilərində hadisənin bir qismi, bəzilərində isə digər bir qismi açıqlanmışdır) belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcci (“Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, böyük ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri1 bu böyük səadətə çatdıqları üçün böyük sevinc hissi keçirirdilər. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyildi. İftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən xeyli müsəlman həzrəti müşayiət edirdi.

Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırırdı. Amma bu misilsiz mənəvi səfərin ləzzəti bütün çətinlikləri asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə Qədir-Xumun quru, yandırıcı səhralıqları görünürdü. Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı vardı: biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar.

Hicri-qəmərilə 10-cu il cümə axşamı idi. Qurban bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacılara dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar. Nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı “Allahu-Əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə gölgəlik, nə də ot-ələf görünürdü. Bəziləri də bu çılpaq ağaca sığınmışdılar.

Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: “Mən tezliklə Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”

Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”

Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”

Hamı bir ağızdan “Bəli, şəhadət veririk” – dedi.

Peyğəmbər (s) dedi: “İlahi, şahid ol...” Sonra davam etdi: “Ey camaat, səsimi eşidirsinizmi?”

Dedilər: “Bəli!”

Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin züm-züməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi eşidildi: “İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!”

Cəmiyyətin içərisindən bir səs gəldi: “Ey Allahın Rəsulu! Bu iki ağır əmanət nədir?”

Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaq. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız. Geridə də qalmayın ki, yenə həlak olarsınız!”

Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarır. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu tanıdı və bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: “Ey camaat! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”

Dedilər: “Allah və Peyğəmbəri daha yaxşı bilir!”

Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm. Onlar üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: “Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:

اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ:

İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”

Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!”

Peyğəmbərin (s) xütbəsi sona yetdi. Həzrətin, Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı:



الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي...

Bu gün sizin dininizi təkmilləşdirdim, nemətimi sizə tamamladım...”

Peyğəmbər (s) buyurdu: “Allahu-Əkbər, Allahu-Əkbər! Allah Öz dinini kamil etdi, nemətini bizə tamamladı. Mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”

Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar. Onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər:



بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ:

“Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.”

Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şer söyləmək üçün icazə istədi, sonra belə dedi:
Yunadihim yovməl-Ğədiri Nəbiyyuhum,

Bi-Xummin və-əsmi bir-Rəsuli munadiyən.

Fəqalə, fəmən movlakum və nəbiyyukum?

Fəqalu, və ləm yəbdu hunakət-təamiyən,

İlahukə movlana və əntə nəbiyyuna,

Və ləm təlqi minna fil-vəlayəti asiyən.

Fəqalə ləhu, qum ya Əliyyu, fə-innəni,

Rəziytukə min bədi imamən və hadiyən,

Fə-mən kuntu movlahu, fə-haza vəliyyəhu,

Fəkunu ləhu ətbaə sidqin muvaliyən!

Hunakə dəa, Əllahummə, vali vəliyyuhu,

Və kun lilləzi ada Əliyyən muadiyən!


Qədir-Xumda Peyğəmbər nidası,

Yayıldı carçısıyla hər sədası.

Dedi: “Kimdir sizin mövla, nəbiniz?”

Bir ağızdan: “Allah bizim Rəbbimiz!

Ondan sonra sən də peyğəmbərimiz!

Vilayətə asi olmaz birimiz!”

Peyğəmbərin Əliyə buyruğuyla:

Qalx ayağa, həqiqət sorağıyla.



Məndən sonra imam, hidayətçisən,

Mövlası olduğumun rəhbərisən!

Bəs, itaət edin buyruqlarıma,

Allahdan əmanət qoyduqlarıma!

Allah, Sən də sev, onu sevənləri

Düşməninə düşmən olsan, var yeri
Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan “Qədir-Xum” hadisəsinin xülasəsi idi!

Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə