Günah lüğət elmində


-BU AYƏLƏRİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI AYƏLƏRLƏ ƏLAQƏSİ NECƏDİR?



Yüklə 3,25 Mb.
səhifə26/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

3-BU AYƏLƏRİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI AYƏLƏRLƏ ƏLAQƏSİ NECƏDİR?


Bəzi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qurani-kərimin bəlağət və fəsahətinə ziddir.1

Quran ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də möminlərdən danışılır. “Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, “ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Quranın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur.

Bir surənin məzmunca müxtəlifliyi Qurani-kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qurani-kərim əvvəlcədən təyin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, “Maidə” surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə “Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin təyin edilməsinin də “kitab əhli”nə təsiri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.

4-NƏ ÜÇÜN ƏLİ (Ə) “QƏDİR-XUM” HƏDİSİNƏ İSTİNAD ETMƏDİ?


Bəziləri bəhanə axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən “Qədir-Xum” hədisi həqiqətdirsə, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları daha yaxşı olmazdımı?

Bu irad da digər iradlar kimi təfsir, tarix və hədis kitablarından məlumatsızlıqdan irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql olunmuşdur ki, Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları “Qədir-Xum” hədisinə istinad etmişlər. Maraqlıdır ki, irad tutanlar bunları necə görməmişlər?

Xətib Xarəzmi Hənəfi “Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə təyin etmək üçün altı nəfərdən ibarət) Şura günü Əli (ə) ilə birlikdə idim. O, şura üzvlərinə belə deyirdi: “Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb və əcəm onu dəyişməyə qadir deyil... Sizi Allaha and verirəm! Sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onun dostunu Sən də dost bil, onu sevəni Sən də sev. Hazır olanlar bunu qaib olanlara çatdırsınlar!”

Hamı dedi: “Xeyr!”1

Bu rəvayəti Həməvinin “Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm “Durrun-nəzim” kitabında və İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər “Əs-səvaiq” kitabında Darü-Qutnidən nəql etmişlər.2

“Əl-qədir” kitabında imam Əlinin (ə) müxtəlif vaxtlarda, o cümlədən, Osmanın xilafəti və öz xilafəti dövründə, Cəməl müharibəsində və Kufədə Siffeyn müharibəsi günü Qədir-Xum hədisinə əsaslanmasına və uyğun mənbələr geniş yer verilmişdir. Bundan əlavə, Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə istinad etmələrini nəql etmişdir. Bu da müəllifin geniş məlumatından və bu hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olmasından danışır. Hərçənd, hər dövrdə mövcud siyasətə uyğun olaraq bunu əhəmiyyətsiz qələmə verməyə çalışmışlar. Bu bəhsin əhatəsi geniş olduğundan deyilənlərlə kifayətlənirik.3



2-“VİLAYƏT” AYƏSİ


“Xüsusi imamət”ə dəlalət edən ayələrdən biri də “vilayət” ayəsidir. Bu ayədə buyurulur:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

Həqiqətən, sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, iman gətirib namaz qılır və rüku halında zəkat verirlər.”1

***

AYƏNİN NAZİL OLMA SƏBƏBİ


Təfsir və hədis alimlərinin əksəriyyəti bu ayənin imam Əli (ə) haqda nazil olduğunu nəql etmişlər. Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Əli (ə) namazda rüku halında olarkən, bir yoxsul ondan kömək istəyir. Əli (ə) də öz üzüyünü çıxarıb ona verir. Peyğəmbər (s) o yoxsuldan “Bu üzüyü sənə kim sədəqə verdi?” – deyə soruşduqda, o, imam Əliyə (ə) işarə edib deyir: “Rüku halında olan o kişi!” Bu zaman “Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir...” – ayəsi nazil olur.”2

Bu kitabda elə həmin məzmunla İbn Abbasdan, Səlmət ibn Küheyldən və imam Əlinin (ə) özündən rəvayətlər nəql olunmuşdur.3

Bunu Vahidi də “Əsbabun-nüzul” kitabında Cabir ibn Abdullah və İbn Abbasdan nəql etmişdir.1

Məşhur təfsirçi Carullah Zəməxşəri “Kəşşaf” təfsirində yazır: “Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün Əli (ə) məsciddə namaz qılırdı. Rüku halında bir yoxsul gəlib, ondan kömək istədi. Əli (ə) üzüyünü çıxarıb ona verdi.”2

Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan belə nəql edir: “Bu ayə nazil olduqda, Allahın Rəsuluna (s) dedim: “Mən öz gözlərimlə gördüm ki, Əli (ə) rüku halında öz üzüyünü yoxsula sədəqə verdi. Buna görə də biz onun vilayət və rəhbərliyini qəbul edirik.” Həmçinin Əbuzərdən də belə nəql edir: “Bir gün Peyğəmbərlə (s) birgə günorta namazını qılırdım. Bu zaman bir yoxsul məscidə girib kömək istədi və heç kəs ona kömək etmədi. Yoxsul əlini göyə qaldırıb dedi: “İlahi, şahid ol! Mən Peyğəmbərin (s) məscidində kömək istədim, lakin heç kim mənə kömək etmədi.” Əli (ə) namaz halında ikən o yoxsula sağ əli ilə kiçik barmağındakı üzüyü götürməsini işarə etdi. O, Peyğəmbərin (s) gözü önündə gedib, Əlinin (ə) barmağından üzüyü çıxartdı. Peyğəmbər (s) dedi: “İlahi! Qardaşım Musa Səndən sinəsinin genişlənməsini, qardaşı Harunun onun peyğəmbərliyinə şərik olmasını istəyəndə..., ona buyurdun: “Mən tezliklə səni qardaşın vasitəsilə gücləndirəcək, sizə qüvvət və qələbə bəxş edəcəyəm.” İlahi! Mən Məhəmməd, Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işləri mənə asanlaşdır, mənim üçün Əhli-beytimdən bir vəzir təyin et, məni onun vasitəsilə güclü və qüvvətli et!”

Əbuzər deyir: “Allaha and olsun! Allahın Rəsulu (s) hələ sözünü qurtarmamışdı ki, Cəbrail nazil olub dedi: “Ey Məhəmməd! Oxu: “İnnəma vəliyyukumullahu və Rəsuluhu...”3

Əlbəttə, Fəxri-Razi bu rəvayəti nəql etdikdən sonra adəti üzrə bu ayənin imamətlə bağlılığına irad tutur. Biz bu iradı sonra qeyd edəcəyik.

Təbəri də öz təfsirində bu ayənin təfsiri və nazil olma səbəbi haqda müxtəlif rəvayətlər nəql edir ki, o rəvayətlərin çoxu bu ayənin Əli (ə) haqda nazil olduğunu açıqlayır.1

Alimlərin böyük bir dəstəsi bu ayənin nazil olma səbəbini açıqlayan rəvayəti müxtəlif ifadələrlə qeyd etmişlər. O cümlədən, “Kənzül-ümmal” kitabının 6-cı cildinin 319-cu səhifəsində bu rəvayət nəql olunmuşdur. Həmçinin 5-ci əsrin məşhur alimlərindən olan Hakim Həskani Hənəfi onu “Şəvahidut-tənzil” kitabında altı müxtəlif silsilə sənədlə İbn Abbasdan, iki sənədlə Ənəs ibn Malikdən, iki sənədlə Məhəmməd ibn Hənəfiyyədən, bir sənədlə Əta ibn Saibdən, bir sənədlə Əbdül-Məlik ibn Cərih Məkkidən və onlar da Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, “innəma vəliyyukumullah...” – ayəsi namazın rükusunda öz üzüyünü yoxsula verən Əli (ə) haqda nazil olmuşdur.2

Mərhum Əllamə Əmini bu rəvayəti və həmin ayənin imam Əli (ə) haqda nazil olduğunu əhli-sünnənin təqribən iyirmi kitabından (sənəd və mənbələri ilə birgə) nəql etmişdir.3 “Ehqaqul-həqq” kitabında bu rəvayət müxtəlif kitablardan nəql olunmuşdur.4

Diqqəti cəlb edən budur ki, Peyğəmbərin (s) dövründə yaşayan məşhur şair Həssan ibn Sabit bunu şübhə doğurmayan bir məsələ kimi öz şerlərində nəzmə çəkmişdir. O, məşhur bir şerində imam Əliyə (ə) xitab edərək deyir:
Və əntəlləzi ətəytu iz kuntə rakiən,

Zəkatən fədətkən-nəfsu, ya xəyrə rakiin!

Fə-ənzələ fikəllahu xəyrə vəlayətin,

Və bəyyənəha fi muhkəmatiş-şəraye!
“Rükusunda zəkat verən sən idin. Can sənə qurban olsun, ey rüku edənlərin ən yaxşısı! Bundan sonra Allah-taala sənin üçün ən gözəl vilayəti nazil edərək, onu Quranında bəyan etdi.”5

Onun başqa bir şerində belə deyilir:


Mən za bixatəmihi təsəddəqə rakiən,

Və əsərrəha fi nəfsihi israrən?


“Rükuda sədəqə verən və bunu öz qəlbində gizlədən kim idi?”1
Bir sözlə, “vilayət” ayəsinin imam Əli (ə) haqda nazil olmasına heç bir şübhə yoxdur. Hətta “Minhacul-bəraə fi şərhi Nəhcül-bəlağə” kitabının müəllifi yazır: “Bu haqda Əhli-beyt məktəbinin ardıcılları və əhli-sünnə vasitəsilə “mütəzafir”, hətta “mütəvatir” hədislər nəql olunmuşdur.”

Burada bizi maraqlandıran əsas məsələ bu ayənin Peyğəmbərin (s) xilafət və vilayət məsələsi ilə bağlılığıdır.

***


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə