72
ilahi vəhy eksperimentdən fərqləndiyi qədər, həqiqət istəyi rahatlıq
istəyindən fərqləndiyi qədər, utilitarizm altuizmdən fərqləndiyi qədər,
yəni mahiyyət etibarı ilə fərqlənirdi.
İslamın bu əsrlər ərzində inkişaf prosesi isə öz-özlüyündə
yekcins deyildi. Bu proses bir-birindən kifayət qədər real əlamətlərlə
fərqləndirilə bilən dövrlərə də ayrıla bilər. İslam ilahi iradəni zor gücü
ilə insanlara qəbul etdirdiyi gündən sünniləşdirildi, ilahi qüdrətdən
faydalanmaq meyllərində isə şiələşdi. Müsəlmanlığın cəngavər ruhuna
uyğunlaşdırılması onu sünniləşdirdi, şəhərli ruhuna uyğunlaşdırılması
isə - şiələşdirdi
22
.
İslamın sünniləşməsi Məhəmməd Peyğəmbərin iştirakı və
xeyir-duası ilə müsəlmanların ələ qılınc götürdükləri gün başladı.
İslamın şiələşməsi isə əslində məkkəlilərin zor qarşısında təslim
olduqları və islamı qəbul etdikləri gün baş verdi. Məkkə ticarətin,
şəhər ənənələrinin kifayət qədər inkişaf etdiyi bir məkan idi. Şəhərli
ruhu ilkin islamın ifadə etdiyi icma prinsiplərinə yad olduğu üçün
məkkəlilər öncə Məhəmməd Peyğəmbəri nəinki Allahın bir rəsulu
olaraq qəbul etmirdilər, hətta onu hər cür sıxıntılara məruz qoymaqdan
belə çəkinmirdilər. Məkkəlilər islamı yalnız o halda qəbul etdilər ki,
axirət, daha doğrusu əvəz (əcr) ideyasını islamın özül müddəasına
çevirdilər.
Sünnilikdə axirət dünyasına maraq son dərəcə zəifdir. Onun
diqqət mərkəzində axirət dünyasından daha çox bu dünya dayanır.
Sünnilik, bu dünyadakı ləyaqətli həyatı bu dünyadakı ləyaqətsiz
həyata qarşı qoyur və dini ləyaqətli həyatın əxlaqı kimi qəbul edir.
Burada Məhəmməd Peyğəmbər ləyaqətlilik idealı kimi təqdim edilir,
onun dünyəvi təbiətli olduğu qəbul edilir, axirət dünyası ilə əlaqələri
arxa planda qalır. Şiəlikdə isə məhz bu əlaqələr ön plana çıxarılır.
22
Yeri gəlmişkən qeyd oluna bilər ki, islamın tarixi təkamülündə olduğu kimi
xristianlığın da tarixi inkişaf prosesində dini şüur sosial təşkilatlamanın
xarakterinə uyğunlaşmışdır. İcma şüurunun beləcə iki istiqamətdə özgələşməsi
Avropada da müşahidə olunmuşdur. Alman sosioloqu Maks Veber
protestantizmin burjua xristianlığı olduğu ideyasını irəli sürmüşdür və bu
ideyanın geniş məntiqi mənzərəsini vermişdir. Veberin fikrincə, xristianlığın
burjualaşması isə onu protestantizmə çevirmişdir. Lakin, burjua mənşəli
olduğunu, burjua mühitində tərbiyə aldığını, burjuanın bütün instinktlərinə və
dəyərlərinə yaxın olduğunu dönə-dönə xatırladan Veberin diqqəti xristianlığın
katolisizm və ortodoksiya (provoslavye) kimi digər iri təriqətləri cəlb
etmədiyindən onun konsepsiyası tamamlanmamış qalmışdır. Əlavə etmək
lazım gəlir ki, əgər xristianlığın burjualaşması onu protestantizmə çevirdisə,
cəngavərliyin xristianlaşdırılması öz ifadəsini xristianlığın katolikləşməsində
tapmışdır. İslamın da tarixində oxşar dini təkamül nəzərə çarpır.
73
Şiəlikdə Məhəmməd Peyğəmbər axirət dünyasının bu dünyadakı
təcəssümü kimi təqdim olunur, özü də bu təqdimat təkcə Məhəmməd
Peyğəmbərin özünə deyil, onun bütün nəslinə aid edilir. Şiəliyin axirət
dünyasına olan marağı, ilk növbədə şəhər mədəniyyətinin “hər kəs
yaxşı əməllərinə görə mükafatlandırılmalı, pis əməllərinə görə
cəzalandırılmalıdır” idealı ilə bağlıdır. Bu idealda aşkar ifadə olunan
həyati determinizm elmin istinad etdiyi nəzəri determinizmdən, yəni
səbəb və nəticə arasındakı münasibətlərin birmənalılığı prinsipindən
daha fundamentaldır və nəzəri determinizmin real zəminini təşkil edir.
Şiəlik bu dünya ilə axirət dünyasının münasibətlərini əməl və əvəz
dünyalarının münasibətləri kimi qəbul etdiyindən Peyğəmbər nəslinin
müqəddəsləşdirilməsi ilə əvəz (əcr) təkcə axirət xarakterli olmayıb,
həm də dünyəvi səciyyə daşımağa başlayır.
Bu hal şəhər mədəniyyətinə və onun əsasında yatan analitik
təfəkkürə təhtəlşüur olaraq xas olan determinizm instinktini müəyyən
qədər rasionallaşdırır və dünyəviləşdirir. Determinizm şiəlikdən fərqli
olaraq sünnizmin ruhuna yaddır. Burada mükafatlanma xatirinə edilən
əməl və eyni zamanda, cəzalandırılma qorxusundan edilən əməlsizlik
əslində təqdir olunmur. Ləyaqətli həyat əxlaqının təcəssümü kimi
qəbul edilən hekayətlər (Sünnə) sünnilikdə, Peyğəmbər nəslinin axirət
dünyası ilə bağlılığını əks etdirən rəvayətlər (Əxbar) isə şiizimdə
mütləqlik statusunu kəsb edir. Şiəlik Allahı Peyğəmbər nəslinin
vasitəsi ilə insanlara yardımçı olmağa çağırır, sünnilik insanları
müsəlman əxlaqına tabe etdirməklə ləyaqətləndirməyə səy göstərir.
Əməl və əcr arasındakı birmənalı münasibətlər, ümumiyyətlə,
təsir və əks-təsir arasındakı birmənalı münasibətlərin xüsusi halı kimi
qavranıldıqca isə şiəlik teizmdən deizmə doğru təkamül edir.
Teizm ilkin müsəlmanlığın ifadəçisidir. Teizm üçün Allahın
transsendental anlaşılması səciyyəvidir: Allah mütləq olaraq dünyanın
sərhədləri xaricindədir, mütləq olaraq dünyadan kənardır, dünyanın
fövqündədir. Allah vahiddir, təkdir, mütləqdir, əbədidir, əzəlidir,
yaradılmayan və yaradandır, qüdrətlidir. Allah istənilən dünyaları
yaratmaq, idarə etmək və məhv etmək qüdrətinə malikdir, mütləq
olan, əzəli olan, əbədi olan yalnız Allahdır, Allahdan başqa hər şey
onun yaradıcılıq məhsuludur, fanidir. Deizmdə isə Allah dünyanın
yaradıcı başlanğıcı kimi qəbul edilsə də, dünyanın bilavasitə idarə
olunması Allahdan daha çox, qanunlara şamil edilir. Deizm belə hesab
edir ki, Allah dünyanı yaradarkən onu idarə edən dəyişməz qanunları
da yaratmışdır və dünyanı bilavasitə idarə edən Allahın indiki anda
fəaliyyət göstərən aktual iradəsi deyil, vaxtilə yaratdığı prinsiplərdir,
qanunlardır. Deizm birbaşa və ya dolayısı yolla materializmlə
çuğlaşır.