64
qarşılaşdığı problemləri həmin mənalandırma əsasında bu və ya digər
şəkildə həll etmişdir.
Keçmişdən yadigar qalan mifoloji obrazlar və bu mifoloji
obrazlar fonunda təsvir olunan keçmiş Konfusi üçün çox önəmli idi.
Konfusi də bir Çin mütəfəkkiri olaraq keçmişə və tarixə böyük
ehtiram və sevgi ilə yanaşırdı. Lakin əgər Lao-tszı keçmişdə icma
prinsiplərinin mücəssəməsini görürdüsə, Konfusi cəngavər-zadəgan
ruhunun tarixi təcəssümünü görmək üçün keçmişə boylanırdı.
Konfusi, eyni zamanda, Lao-tszının insan bərabərliyi ideyası
üzərində qurulmuş sadə və təbii həyat tərzinə və belə bir həyat tərzinin
onun tərəfindən fəlsəfiləşdirilməsinə qarşı özünün ideallaşdırdığı silki
həyat tərzini qoymuşdu.
Konfusi və konfusiçilər miflərə sarınmış keçmişi bir daha
canlandıraraq və tarixi bir daha fəlsəfi olaraq mənalandıraraq təsdiq
etdilər ki, cəngavərlik olmadan tarix də mümkün deyildir, keçmiş
yalnız cəngavərlik ruhunu özünə hopdurduqda tarix olur.
Lakin cəngavər yalnız o zaman tarixin həqiqi qurucusu olur ki,
sadəcə olaraq, tiran deyil, zadəgan olur, ürəyinin haqq səsini aydın
eşidə bildiyi kimi, aydın da ifadə edə bilir və bununla da öz içərisində
duyduğu Səmavi İradəni təhrif etmədən ifadə edir və təhrif etmədən
gerçəkləşdirir, bütün bunların nəticəsində də Dünya Nizamını bərqərar
etmiş olur.
Tiran bir cəngavər olaraq yalnız ürəyinin səsini eşidir. Onun
hakimiyyətinə məhdudiyyəti də yalnız onun ürəyi qoyur. Tiran ürəyin
haqq səsinə bağlılığını saxladıqca cəngavər olaraq qalır. Ürəyin haqq
səsinə bağlılığını itirən tiranın qeyri-məhdud hakimiyyəti onu despota
çevirir.
Qeyri-məhdud hakimiyyət sahibi olmaq əlaməti əsasında tiranı
despotla eyniləşdirmək meyli qeyri-dəqiqdir və düzgün deyildir.
Tiranın fəaliyyəti və hakimiyyəti ürəyin diktəsindən çıxış etdiyi halda,
despotun fəaliyyəti və hakimiyyəti mənafe prinsipinə söykənir.
Tiranın fəaliyyəti və hakimiyyəti irrasional, despotun fəaliyyəti və
hakimiyyəti isə rasionaldır. Tiran himayəçidir, despot isə ağa və
sahibkardır.
Tiranizm cəngavərin siyasi instinktlərini ifadə etdiyi halda,
despotizm təbəə kütləsinin siyasi instinktlərini ifadə edir. Despotizm
determinist materializmin ilkin siyasi ifadəçisidir.
Qədim Çində biz despotizmin klassik nəzəriyyələrindən biri ilə
rastlaşırıq. Çin despotik siyasi təfəkkürü üçün fəlsəfi əsasların
başlanğıcını Mo-tszı qoydu. O, bunu özünün belə bir sadə ideyası ilə
etdi: İnsanlar bərabərdir, dövlətin idarə olunmasında da bərabər
hüquqla iştirak etməlidirlər. Siyasi fəaliyyət üçün yararlılıq meyarını
65
heç də insanların hansı zümrəyə aid olmasında deyil, onların fərdi
qabiliyyətlərində və xalqa xidmət etmək məramında axtarmaq
lazımdır.
Mo-tszının bu fikirləri xüsusən müasir liberal dəyərlər
baxımından gözəl səslənir. Amma bu gözəl səslənən fikirlər
gerçəkləşdirilərkən eyni ilə gözəl ola biləcək siyasi gerçəkliyi
yaradacaqmı? Bu suallara cavab tapmaq ümidi ilə Mo-tszını Konfusi
və konfusiçiliklə və həm də daosizmlə müqayisə edək.
Mo-tszı cəngavərliyi və zadəgan mədəniyyətini ifadə edən
konfusiçiliyin ideya düşməni idi. Konfusidə Talenin təcəssümü olan,
cəngavərliyin dünyagörüş zəmini olan, cəngavərə güc verən, təpər
verən, dünyanı nizamasalma fəaliyyətində zadəgana arxa olan,
ədalətlilik kimi ilahi bir hissi ona bəxş edən Səmavi İradə Mo-tszıda
determinizmin ontoloji dayağına çevrilir. Konfusi Səmavi İradəni
insanın daxilində görür, insan ürəyinin səsində eşidir, insana ürəyin
qəhrəmanlıq çağırışına etibarı təlqin edir, ürəyin ədalət hissinə
ehtiramı tərbiyə edir. Mo-tszı isə Səmavi İradənin fövqəlbəşəriliyini
bəyan edərək, onu insanın fövqündə axtarır, insanı dünyanın mütləq
mahiyyətindən ayıraraq dəyərsizləşdirir. Konfusinin Səmavi İradəsi
insana qüdrət verən başlanğıc kimi, Mo-tszı Səması isə insana mükafat
və cəza verən başlanğıc kimi qiymətləndirilir.
Mo-tszı Səmavi İradənin deterministik təsvirini verməklə,
əslində konfusiçilik tərəfindən arxa plana sıxışdırılmış icma mənşəli
Di kultunu bərpa edir və yenidən həyata qaytarır. Di, artıq məlum
olduğu kimi, qədim Çin dilində Yer mənasını verir və cəngavər
mədəniyyəti nöqteyi-nəzərindən Yerin ruhu kimi, Yerə canlılıq verən
başlanğıc kimi qavranılır. Cəngavər mədəniyyəti baxımından Yerin
immanent mahiyyəti kimi anlaşılan Di, icma mədəniyyəti baxımından
nəzərdən keçirildikdə isə transsendent xarakter alır, Yerdən kənar və
Yerin fövqündə duran Tanrı mənasını kəsb edir.
Di kultu insana bəndə statusunu verir. Əgər cəngavər Səmavi
İradə kimi dərk etdiyi mahiyyətdən qüdrət aldığına, güc aldığına,
təpər aldığına əmindirsə, bəndə burada Yerin hökmdarı kimi dərk
etdiyi Tanrının himayəsinə sığındığına əmindir. Zadəgan dünyanı
ədələtliləşdirmək və gözəlləşdirmək üçün onu Səmavi İradəyə uyğun
şəkildə qurur, dünyanı Səmavi İradənin mücəssəməsinə çevirir, bəndə
isə Tanrıdan faydalanmaq üçün, onu mərhəmətə gətirməkdən ötrü ona
səcdə edir, əgər belə demək mümkündürsə, qılığına girir. Əgər Tanrı
konfusiçilik üçün Səmavi İradə olmaqla dünyaya və insana ruh, qüdrət
verən, dünyanı və insan həyatını həqiqiləşdirən bir başlanğıcdırsa, Di
icma mədəniyyəti nöqteyi-nəzərindən transsendent Tanrı olmaqla
dünya və insan üzərində hökmranlıq edən bir başlanğıcdır.