Muxtar Kazımoğlu: Kamran Əliyevin romantizmlə bağlı tədqiqatlarından bir detal yadıma düşür. O deyir ki, Abbas Səhhət heç də hər əsəri tərcümə etməyib. Bu əsər yaxşıdır, o əsər yaxşıdır – bu prinsiplə tərcümə etməyib. Abbas Səhhət o əsəri tərcümə edib ki, onun ədəbi məramına, romantizm prinsiplərinə uyğundur. Bu mənada, Qəzənfər müəllimin tərcümə etdiyi əsərlərin də mətləblə, məramla, məsləklə bağlılığı var. Məsələn, Qəzənfər müəllim Dümanın başqa əsərlərini bir tərəfə qoyub, ancaq «Qafqaz səfəri»ni tərcümə edib. Amerika alimi var-Benet, onun Azərbaycanla və bütövlükdə Qafqazla bağlı etnoqrafik etüdlərlə dolu bir kitabını tərcümə edib. Yəni Qəzənfər müəllimin dilçi, folklorşünas, ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyəti bir mərama, bir məcraya yönəlmiş fəaliyyətdir. İstəyirəm, tərcüməçilik işinin nəzəriyyəsi ilə məşğul olan Şahin müəllimə – Şahin Xəlilliyə də qulaq asaq.
Şahin Xəlilli: Mən 11-ci sinifdə oxuyanda seçim qarşısında qalmışdım ki, hansı sahəyə gedim: milli filologiyamıza, yoxsa xarici ədəbiyyata. Hörmətli yazıçılarımızdan biri olan Nəriman Süleymanov dedi ki, xarici dillərə getməyin məsləhətdir. Dedim, orda kim var? Dedi, Qəzənfər müəllim Paşayev var. Mən bu sahəyə getdim və Qəzənfər müəllimin tələbəsi oldum. Mən indi də müəllim kimi «dərsdən qaçıb» gəlmişəm, amma tələbə də olanda bəzən başqa dərslərdən qaçıb Qəzənfər müəllimi mühazirələrinə qulaq asmışam.
Qəzənfər müəllimlə bağlı ürəyimdə yer tutan yaxşı anlar, sözlər var. Bir dəfə mənə dedi ki, filan müdafiyəyə gəlmədin, görmədim səni. İzah vermək istəyəndə dedi, yox, ürəyim səni istəyirdi. Mən də dedim, istəkli olasan, Qəzənfər müəllim.
Qəzənfər müəllim ingilis və Amerika ədəbiyyatının bilicisidir. Mən bunu nəyə görə deyirəm? Çünki o, bizim tərcümə ədəbiyyatında, ingilis dilindən Azərbaycan türkcəsinə tərcümə sahəsində də külüng vuran fədai, cəfakeş alimimizdir. Qəzənfər müəllimin Amerika alimindən tərcümə etdiyi “Necə yaşayasan, yüzü haqlayasan” kitabının rəyçilərindən biri də mən olmuşam. Qəzənfər Paşayev təkcə tərcümələrlə yox, eyni zamanda ingilis və Amerika ədəbiyyatının tədqiqi ilə məşğul olan gənc tədqiqatçıların ən yaxın məsləhətçisi və opponentlərindən biridir. Elə mənim öz seçimimdə də, Oldriclə bağlı mövzunun axtarışında da mən Qəzənfər müəllimin xidmətini xüsusi qeyd etmək istərdim. Təkcə mənim yox, onlarla insanların ədəbiyyata gəlişində, xarici ədəbiyyat sahəsində araşdırmalarında, məncə, böyük xidmətləri olub. Çinlilərin bir sözü var. Deyir, bir balığı yesən, bir günə bəs edər. Amma adam var ki, onunla bircə gün görüşsən, ömrün boyu sənin bəsindir. Qəzənfər müəllimdə də belə bir ecazkarlıq, belə bir tilsim var. Mən bu gün elə ona görə gəlmişəm ki, bir daha Qəzənfər müəllimi ürəkdən təbrik edim.
Paşa Kərimli: Mənim əzizlərim, hörmətli qonaqlar. Sizin hamınızı burda salamlayıram. Mən bilirəm ki, burdakı qonaqların əksəriyyəti Folklor İnstitutundandır, eyni zamanda başqa yerdən gələnləri də, bir sözlə – hamını səmimi qəlbdən salamlayıram. Muxtar müəllimə də demişəm ki, belə gözəl məclislər olanda bizi yaddan çıxartmayın. Belə məclislərdə can-dildən iştirak etməyə hazırıq.
Müxtəlif səbəblərdən bura gələ bilməyən çox adamlar mənə dedilər ki, biz necə edək ki, Qəzənfər müəllimi təbrik edə bilək. Onlardan biri Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu idi. Qəzənfər müəllimə yubleyində təbii bir səmimiyyətlə onu bircə kəlmə sözlə də olsa təbrik etmək istəyən adamların sayı çoxdur. Bu faktın özü Qəzənfər müəllimin şəxsiyyəti haqqında çox söz deməyə imkan verir. Muxtar müəllim sözü başlayanda, haqlı olaraq, Fizuli ilə başladı. Fizulinin belə bir sözü var ki, «Məndə Məcnundan fizun aşiqlik istedadı var, // Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var». Burdakı «aşıqlik isdedadı» ifadəsinə diqqət yönəltmək istəyirəm. «Aşiqlik istedadı» bəlli məsələdir: bizim bütün ədəbiyyatımız, lirikamız bunun üzərində qurulub. Ancaq həyatda bir yaşamaq istedadı da var. İnsanlarla ünsiyyət qurmaq, əlaqə saxlamaq istedadı da var ki, bu istedad Qəzənfər müəllimin boyuna biçilmişdir.
Muxtar müəllim məsələni çox düzgün qoydu ki, hərə Qəzənfər müəllimin çoxyönlü fəaliyyətinin bir tərəfindən danışsın və bununla onun şəxsiyyətinin, yaradıcılığının müxtəlif tərəfləri əhatə olunsun. Mən də çalışıb qısa danışacağam ki, başqaların da söz qalsın.
Qəzənfər müəllimi bir şəxsiyyət kimi belə xarakterizə etmək istərdim: onun səmimiyyəti çox cəlbedicidir. Şəxsən mən özümə görə deyirəm; Muxtar müəllim təklif edəndə ki, gəlin Qəzənfər müəllimin yubileyini keçirək, üzüm güldü. Mən inanıram ki, burda oturanların çoxu, elə burda olmayanlar da hamısı eyni hissləri keçirirlər. Hamı özünə borc hiss edir ki, Qəzənfər müəllimi, heç olmasa, bircə kəlmə xoş sözlə təbrik etsin. Böyük alimlərimiz var. Bəyəm onların hamısını belə səmimiyyətlə təbrik etmək istəyirikmi, onların yubileyləri bizim yadımıza düşürmü? Rəsmi təbriklə səmimi təbrik etməyin arasında bir fərq yoxdurmu? Bu, elə hissiyatdır ki, o dəqiqə bilinir. Təbriki min cür demək olar, amma səsdən başqa adamın üzünün ifadəsi də var. Bu, ancaq böyük adamlara, böyük şəxsiyyətlərə, xoşbəxt adamlara nəsib ola bilər. Mən bu xoşbəxtliyi Qəzənfər müəllimdə görürəm.
Bir də o cəhəti demək istərdim ki, Qəzənfər müəllim həm də bizim çox görkəmli yazıçımızdır. Onun “Altı il Dəclə-Fərat sahillərində” əsərini yadınıza salmaq istəyirəm. Onda biz cavan idik. O vaxt həmin əsər camaat arasında elə bir maraqla qarşılanmışdı ki... İndi məgər belə bir əsər varmı? Ondan sonra Məmməd Aslanın ondan təsirlənərək “Ərzurumun gədiyinə varanda” əsəri çıxdı, amma o ləzzəti vermədi. O əsər, doğrudan da, böyük ədəbiyyat nümunəsi idi. Bizim çoxumuz yazmağı Qəzənfər müəllimdən öyrənmişik. Bütün bunların hamısının yanında bir cəhəti də demək istəyirəm. Bizim gənclərə bir şeyi nümunə gətirmək istəyirəm. Bizdə tez-tez verilmiş plan işlərinin müzakirəsi olur. Birinə başqa istiqamətdən iş verəndə deyir, yox, mən bunu bacarmaram, mən bunu görə bilmərəm. Onda cavanlara Qəzənfər müəllimi nümunə gətirirəm. Deyirəm, sən tutduğun istiqamətdən bir balaca kənara çıxmaq istəmirsən, amma Qəzənfər müəllim ingilis dilini öyrəndi, ingilis dili mütəxəssisi oldu, Azərbaycan klassik ədəbiyyatını öyrəndi, Azərbaycanın folklorunu öyrəndi, tədqiq elədi. Ərəb dilini öyrəndi, bizim ədəbiyyatımızın nəhəng bir qolunu qoşdu bizim ədəbiyyata. Bütün bunların hamısını bir adam elədi. Siz isə bir tədqiqatdan bir balaca kənara çıxmaq istəmirsiniz. Sovet dövründə bir ifadə vardı: “nəsillərə hörmət”. Mən bu ifadəni tam mənası ilə Qəzənfər müəllimə aid edirəm.
Qəzənfər müəllim. Mən inanıram ki, bu qədər məhəbbətdən sonra siz yüz il yaşamasanız, böyük haqsızlıq olar. Çünki siz bizim hamımıza lazımsınız.
Kamran Əliyev: Professor Qəzənfər Paşayevin adı nəinki bizə, bu coğrafiyaya, şübhəsiz ki, bir az da böyük coğrafiyaya – Şərq coğrafiyasına bəlli bir isimdir. Qəzənfər müəllim haqqında danışmaq, əslində, bizim müasir dövrümüzün ən yaxşı, ən zəhmətkeş ziyalısı və şəxsiyyəti haqqında, yaradıcısı haqqında danışmaq deməkdir. Burada Seyfəddin Altaylı professor Abbas Zamanovun adını çəkdi. Mən ilk dəfə Qəzənfər müəllimlə Abbas müəllimin evində görüşmüşəm. Qəzənfər müəllimlə Abbas müəllimin çox yaxşı ünsiyyəti və yaradıcılıq təmasları vardı. Həmin vaxt Abbas müəllim Qəzənfər müəllimi yola salandan sonra mənə bir cümlə söz dedi. Dedi ki, çox işlək adamdır. O söz indi də mənim yaddaşımda qalıb. Qəzənfər müəllim bütün həyatını yalnız və yalnız səmərəli fəaliyyətə yönəldibdir. Yəni onun bütün kitabları faydalı əsərlərdir. Heç biri qırağa qoyulası əsər deyil. Əslində, Qəzənfər müəllim haqqında danışmaq müasir ədəbiyyatın, müasir folklorun problemlərindən danışmaq deməkdir. Məsələn, Qəzənfər müəllim Nəsimidən də yazır, folklor materiallarından da yazır. Folklor və yazılı ədəbiyyat prizmasından Elçinin yaradıcılığı ilə bağlı silsilə məqalələr yazdı. Bunlar çox yaxşı qarşılanır. Yəni Qəzənfər müəllim bu sahədə sözün həqiqi mənasında peşəkar kimi çıxış edir və peşəkar olmaqda bizə nümunədir.
Qəzənfər müəllim həyatı və şəxsiyyəti ilə monolit bir insandır. Məsələn, mən istəyirəm ki, yüngülvarı sizə nümunə gətirəm. Bir neçə il bundan qabaq yayda dincələndə təsadüfən Qəzənfər müəllimlə üz-üzə gəldim. Əhvalımız da yaxşı idi. Mən Qəzənfər müəllimə dedim ki, tək gəlmisiniz? Qəzənfər müəllim o dəqiqə mənə dedi ki, xeyr, mən həyat yoldaşımla gəlmişəm. Bir az da durdum baxdım Qəzənfər müəllimə diqqətnən. O, bir cümlə də əlavə elədi, dedi: “Mən hara gedirəmsə, həyat yoldaşımla gedirəm”. Sonra gördüm ki, məni qınamaq istəyir, dedim ki, mən də həyat yoldaşımla gəlmişəm. Yəni bu şəkildə Qəzənfər müəllim sözün həqiqi mənasında ünsiyyətcil bir insandır. Mən dönə-dönə özümə deyirəm ki, insanlar gərək bir-biriylə ünsiyyətdə olsunlar, bir-birini başa düşə bilsinlər. Əgər, doğrudan da, insanlar bir-birini başa düşə bilsələr, bizim heç bir problemimiz ola bilməz. Bizim problemimiz ədəbiyyatda da, elmdə də, sosial həyatda da bir-birimizi başa düşməyimizdən irəli gələn məsələdir. Əgər biz başa düşsək, heç bir problem çıxmaz. Qəzənfər müəllimin ünsiyyətcil olmağı onun bütün yaradıcılığına axıb gedibdir. Siz danışanda yadıma Qəzənfər müəllimin hansısa məqaləsində bir məktubu yadıma düşdü. Bu, təxminən, səksəninci illərdə olan məktub idi, Mikayıl Azaflıya yazılmış bir məktubdur. Orda çox maraqlı bir məsələyə toxunur. Qəzənfər müəllim yazır ki, biz sənin üçün televiziyadan əlli dəqiqəlik vaxt aldıq (Bunu sevincnən deyir.). Çox gözəl bir veriliş olacaqdır. Sonra əlavə edib deyir ki, Zülfiyyəni və bir də Nizamini də gətirərsiniz. Nizaminin adının qabağında mötərizə arasında yazır: «şəyird». «Şəyird» sözündən mən başa düşdüm ki, Qəzənfər müəllim aşıq sənətinin mahiyyətini düzgün bilir, yəni aşığın özünü onun şəyirdinnən kənarda təsəvvür eləmək olmaz, düzgün deyil. Biz sadəcə olaraq deyirik, amma onun mahiyyətini ortaya qoymuruq. Ustad aşığın gərək şəyirdləri olsun, onları yetişdirə bilsin. Məktubunda mötərizədə yazır ki, şəyirdini də gətirərsən, camaat görsün ki, necə olur bu məsələlər. Bir-iki cümlədən sonra yazır ki, Qurbanı da tapıb gətirərsiz. Bir qədər sonra yenə yazır ki, aşıq İmranla Əkbəri də, qazaxlı Aşıq Hüseyni tapıb gətirərsiz. Yəni Qəzənfər müəllim bir məktubla hamını bir yerə yığmağı bacarır. Bu, böyük bir ürək sahibi deməkdir. Bəzən olur ki, bir insan üçün müəyyən imkan yaranar, o, bu imkandan özü üçün istifadə edər. Amma imkan yaranıbsa, adamlar üçün istifadə etmək böyük ürək tələb edir. Qəzənfər müəllim belə bir ürək sahibidir.
Hamımız Kərkük haqqında danışırıq. Hamımız da yaxşı bilirik ki, o bayatıları, o dünyanı birinci dəfə Qəzənfər müəllim elan elədi. “Altı il Dəclə-Fərat sahillərində”. Biz o dövrdə Sır-Dəryaynan Amu-Dəryanı tanıyırdıq ki, bir yerdən axıb gəlsin, eyni yerə də tökülsün. Qəzənfər müəllimin təqdimatında Azərbaycan ziyalısı, Azərbaycan gəncliyi təzə bir çayı kəşf elədi. Yəni Dəclə və Fəratı kəşf elədi ki, belə bir çay arası var, qədim insan yaşadığı ərazi var, Şumer, Mesopotamiya, Babilistan var. Eyni zamanda o bayatıların ki, natamam misrası var idi, o, qəribliyin simvolu kimi gəldi bizim təsəvvürümüzə.
Mən Qəzənfər müəllimin Kərkükü kəşfini Kolumbun Amerikanı kəşf etməsinə bənzədirəm. Amma Kolumb o kəşfi edəndə təmannalı eləmişdi. Kraldan pul alıb getmişdi ki, mən onu kəşfi edərəm. Amma Qəzənfər müəllim Kərkükü təmannasız kəşf edib bizə gətirdi, adı ilə onları tanıdıb və bu gün də tanıdır.
Mən belə düşünürəm ki, Qəzənfər müəllim xeyirxah bir insandır. İstəyirəm, bir cümlə ilə onu deyim ki, Qəzənfər müəllim Abbas müəllimin qəbirüstü abidəsini, eyni zamanda akademik Məmmədəli Şirəliyevin qəbirüstü abidəsini öz imkanları hesabına düzəltdi. Əlbəttə, Prezidentin fərmanı ilə onlar yenidən düzəldilibdi, amma Qəzənfər müəllim heç kəsin o qəbirlərə yaxın düşmədiyi bir vaxtda səssiz, küysüz o abidələri düzəldib, onların ailəsinə bir töhfə kimi verdi.
Mən bu gün Qəzənfər müəllimi belə təsəvvür edirəm. Qəzənfər müəllim bu gün ziyalılığın klassik nümunəsidir. Yəni klassik bir şəxsiyyət nümunəsidir. Qəzənfər müəllim, bu gün biz sizə minnətdarıq ki, siz 75 yaş yaşayıbsınız və bugünkü bu tədbir baş tutubdur. Allahdan arzu edirik ki, sizə 100-dən yuxarı ömür versin. Sağ olun. Hamınıza təşəkkür edirəm.
Əlirza Xələfli: Baxıram ki, Azərbaycanın elmi elitası Qəzənfər müəllim haqqında necə ürək dolusu, böyük sevgi ilə danışır. İnsanlar hər şeyi bölüşməyə razı ola bilirlər, amma sevgini bölüşməyə çox çətinliklə razı olurlar və yaxud heç razı olmurlar. Ümumiyyətlə, ürəkdən, yəqin ki, heç barışmırlar da. Mən, açığı, əvvəllər elə bilirdim ki, Qəzənfər müəllim bircə məni sevir, mən də Qəzənfər müəllimi sevirəm. Sonra gördüm ki, Qəzənfər müəllim bütün Azərbaycan cəmiyyəti üçün qiymətli insandır. Üzü Kərkükdən bəri mənəvi dünyamızın hər tərəfindən Qəzənfər müəllimə əllər uzanır və Qəzənfər müəllim də o əlləri tutmağı bacarır; buna qüdrəti, gücü çatır, o əlləri çox böyük sevgi ilə sıxır, onları yüksək qiymətləndirir.
Muxtar müəllimin dəyərli bir sözünü yadımda saxladım ki, burda əsas məqsəd odur ki, biz yubilyarın xarakterik cəhətlərini, portretini kifayət qədər cıza bilək. Bir vaxt bu tədbirin xronikası bir yüz ildən sonra, iki yüz ildən sonra hansısa bir rəssamın əlinə düşəndə qoy o, bizim müasirimiz olan klassiki kifayət qədər görə bilsin. Mən, doğrudan da, böyük duyğu ilə deyirəm ki, Qəzənfər müəllimin portreti müxtəlif insanların görüşlərində, obyektivində aydın görünür. Burdakı müəllimlərin bir çoxu ilə yaxından şəxsi tanışlığımız olmasa da, mən bu alimlərin hər birinin təfəkkürünü çox yaxşı bilirəm; kim necə düşünür, o məsələlər mənə çox aydındır. Ən azı, ona görə ki, onlar həm də mənim təmsil etdiyim qəzetin təkcə oxucuları yox, həm də müəllifləridir.
Qəzənfər müəllim, sizin İraqla, Kəlküklə bağlı müntəxabat xarakterli kitablarınızın hamısını oxumuşam. Əslinə qalsa, mənim bu gün ayaq üstə durmağımda, deyərdim ki, əziz müəllimlərimlə birlikdə sizin kitablarınızın da çox böyük rolu və əhəmiyyəti olub. Mən Qəzənfər müəllimə zəng eləyəndə deyirəm ki, eşq olsun Azərbaycan ədəbiyyatının Şərqə körpüsünə. Amma bu gün artıq mən inamla deyə bilərəm ki, Qəzənfər müəllim təkcə Şərqə yox, dünyaya körpüdür, Qərbə körpüdür.
Əlbəttə, biz onun tərcümə əsərlərinin hamısını oxumuşuq. Aleksandr Düma dünyanı gəzən adam idi. Xüsusi ilə Şərqi də, Qafqazı da gəzmişdi. Çox dəyərli bir əsər yazıb və burada çox haqlı vurğulandı ki, Qəzənfər Paşayev nə üçün məxsusi olaraq “Qafqaza səfər” və yaxud da “Necə yaşayasan, yüzü haqlayasan» əsərlərini Azərbaycan dilinə tərcümə edib. “Necə yaşıyasan, yüzü haqlayasan” əsəri nəhəng bir ensiklopediyadır. Bu günün özündə də kifayət qədər tədqiqata cəlb olunmalı bir ensiklopediyadır həmin əsər.
Yeri gəlmişkən, təklif olaraq belə bir fikir də deyirəm ki, müasirlərimiz olan klassiklərin yaradıcılığını öz zamanlarında sistemli şəklidə, akademiya xəttiylə, müxtəlif elmi tədqiqat institutlarının xəttilə tədqiqata cəlb etmək məsələsi, elə bil ki, bir qədər arxa palandadır, ya da çox nadir hallarda bu məsələlər diqqətə çəkilir. Mən səmimiyyətlə deyirəm ki, iki böyük Qəzənfər (yubilyar Q.Paşayev və dilçi prof. Q.Kazımov – tərtibçi) mənim dostlarım, müəllimlərim, ustadlarımdır. Dostluq xatirinə demirəm, Azərbaycanın qüdrətli bir alimini öz sağlığında bir institut səviyyəsində, elmi tədqiqat səviyyəsində araşdırma niyə gecikməlidir, niyə olmamalıdır? Rəhmətlik Çingiz Aytmatov deyirdi ki, biz çox vaxt klassikləri keçmişdə axtarırıq. Mən fəxr eləyirəm ki, bu gün Azərbaycan elminin nəhəglərilə, klassiklərilə bir zəmanədə yaşayıram, bir dövrdə yaşayıram. Onlar mənim müəllimim olub, ustadım olub. İndi bu alimlərin, mənə belə gəlir ki, artıq sistemli şəkildə tədqiqata cəlb olunma vaxtıdır. Mən əsərlərimdə təkrar-təkrar Qəzənfərlərin adını çəkirəm. Orda belə bir beyt də var:
İki Qəzənfərin sözü bir olsa,
Vətənə gün doğar, aydınlıq gələr.
İndi iki Qəzənfərin sözü bir ola bilər. Şaha, şirə və şairə güvənsən, günün alnına doğar. Ən müxtəlif şəkildə Qəzənfər müəllim bizim mənəvi qida mənbəyimizdir, ruhumuzdur.
Qəzənfər müəllim çox böyük humanistdir. Özü də nadir adamlardandır ki, həm siyasi elita dairələrində, həm də elmi və ədəbi aləmdə çox böyük sevgiyə sahibdir. Mən hesab edirəm ki, bu. özü də böyük missiyadır.
Türkün çətinliyi atın belinə qalxanacandır. Qəzənfər müəllim atlı türkdür. Eşq olsun ona.
Muxtar Kazımoğlu: Əziz dostlar, bayaq qeyd elədik ki, Qəzənfər müəllim aşıq musiqisini çox sevir və onun yaradıcılığında aşıq sənəti xüsusi yer tutur. Qəzənfər müəllim yazır ki, Kərkük folklorunda aşıq sənəti öləziməkdədir. Qəzənfər müəllim bunun iki səbəbini göstərir. Səbəblərdən biri, Qəzənfər müəllimin fikrincə, budur ki, Kərkük Azərbaycanla, Azərbaycan türkləri ilə tarixi əlaqələrini itirir, ona görə bu sənət orada yavaş-yavaş öləziməyə başlayır. Qəzənfər müəllimə görə, ikinci səbəb də budur ki, Kərkükdə aşıqlar qəribsəyib yavaş-yavaş şəhərlərdən kəndlərə köçürlər, beləliklə, auditoriya zəifləyir və sənət tədricən zəifləməyə başlayır. Bu modeli biz Azərbaycanın bəzi bölgələrinə də tətbiq edib o cür nəticələr çıxara bilərik. Məsələn, Naxçıvan o silsiliyə daxil olan bölgələrimizdən biridir. Aşıq mühitləri ilə əlaqələr kəsildiyinə, aşıq sənətinə maraq göstərən auditoriya zəiflədiyinə görə Naxçıvan bölgəsində də bu sənət öləziməyə başlayıb. Halbuki otuzuncu illərdə Naxçıvanda aşıqların qurultayı keçirilib.
Qəzənfər müəllim aşıq mühiti ilə bağlı olan konkret coğrafi əraziləri diqqət mərkəzinə çevirir. Məsələn, Tovuzun Bozalqanlı kəndini. Məlumdur ki, o kənddən neçə-neçə nəhəng aşıq çıxıb. O aşıqların, zarafatla desək, ən balacası Aşıq Əkbərdir. Qəzənfər müəllim o kəndi xarakterizə etmək istəyir. Yazır ki, kolxozlaşma, kollektivləşmə dövrüdür. Gəlirlər, adamları kolxoza yazsınlar. O deyir, mən sənətkaram, məni kolxoza yazmaq olmaz, bu deyir, mən sənətkaram, məni kolxoza yazmaq olmaz. Sənətkarlara da böyük hörmət, ehtiram olduğu üçün onları kolxoza yazmırlar. Axırı, deyirlər, bu kənddə kolxoza yazılası bir adam yoxdumu? Deyirlər, burda bir rus var – Fedya, gedin onu yazın kolxoza. Gedirlər Fedyanın yanına. Fedya dərhal deyir, arvad, o sazı gətir bura. Fedya sazı götürüb deyir:
Vurulmuşam telli saza,
Öz adımdı Fedya mənim.
Ustadımdı Aşıq Mirzə,
Şəyirdimdi Nadya mənim.
Qəzənfər müəllim bu məzəli əhvalatla göstərmək istəyir ki, kənd uşaqdan böyüyə bir auditoriyadır. Aşıq orda özünü dəryada balıq kimi hiss edir. O auditoriya yoxdursa, aşıq da yoxdur. Mən istəyərdim ki, sözü Elxan Məmmədli davam elətdirsin. Elxan müəllim aşıq mühitinin canlı şahidi və tədqiqatçısıdır.
Elxan Məmmədi: Əvvəla, qeyd etmək istəyirəm ki, burda çox gözəl məruzə və çıxışlar oldu. İstər Muxtar müəllimin, istər İsrafil müəllimin, Paşa müəllimin, elə dostum Əlirza müəllimin, Kamran müəllimin cıxışları əməlli bir məruzəni xatırladır. Elə bil ki, bir elmi konfransdır. Bu mənada mən təklif edirəm ki, burdakı bu çıxışlar yazıya köçürülsün və “Qəzənfər Paşayev: 75” adlı bir gözəl kitabca hazırlansın, elə bilirəm, alınar. Burda hamı Qəzənfər müəllimi eyni dərəcədə istəyir. Qəzənfər müəllim də fərq qoymadan özünə yaxın bildiyi adamları toplayıb bura və hətta hər bir kəsin ürək sözləri ona qarşı ürək sözləri məhəbbətin çoxluğundan olduqca təbii alınır. Mən çalışacam, Qəzənfər müəllimlə bağlı xoş sözlərimi bir qədər ixtisar edim, reqlamentə əməl edim. O vaxt Qəzənfər müəllimin dissertasiyası bizim şöbədə müzakirə olundu, biz hamımız oxuduq, xüsusən də Bəhlul Abdulla ilə bir yerdə. Bizim üçün bir örnək oldu, gözəl də müdafiə elədi. Ona qədərki işləri məlumdur. “Altı il Dəclə-Fərat sahillərində” əsəri də bir örnək oldu. Biz, demək olar ki, cavanlıqdan, gənclikdən Qəzənfər müəllimdən öyrənə-öyrənə gəlirik və bu gün də təmkinli olmağı, ağır olmağı, hər şeyə reaksiya verməməyi Qəzənfər müəllimdən öyrənməkdə davam edirik.
Bizim onunla aşıq yaradıcılığı ilə bağlı çox sıx əlaqəmiz olubdur. Bayaq adı çəkilən Azaflı Mikayılın külliyatını Qəzənfər müəllim hazırlamışdı. Bir gün zəng elədi ki, Elxan, orada təcnislər var, sənin də bu sahədən yazıların, dissertasiyan var. Mən istəyirəm ki, təcnis yaradıcılığını sən özün oxuyasan, rəyçi olasan. Elə oldu ki, mən kitabı təmiz oxuyası oldum və fikrimi dedim. Dedi, onda səni redaktor qoyuruq. Dedim, o məsuliyyəti mən üzərimə götürmürəm Qəzənfər müəllim. Qoy redaktor başqası olsun, mən rəyçi olaram. Kitab da səkkiz yüz səhifə idi. Qəzənfər müəllimin və onun qardaşı qızı, millət vəkili Qənirə xanımın çoxuna görünməyən tərəfləri var ki, el şairlərinin və aşıqlarının külliyatını nəşr etdirməkdə çox böyük fəallıq göstərirlər. O vaxt mən Sadıxlı İsmayılın külliyatını nəşrə hazırlayanda Qəzənfər müəllimdən məsləhətlər alırdım. Demək istəyirəm ki, itib-batmış insanlara, sahibi olmayan aşıqlara arxa durmağın özü də böyük işdir, böyük insanlıqdır. Qəzənfər müəllim bu xeyirxah işi bu gün də davam etdirir.
Mən bir məqamı istəyirəm diqqətinizə çatdırım. Bəhlul Abdulla ömrünün son günlərini ağır keçirtdi və İrana getmək qərarına gəldi. Mən onda Qəzənfər müəllimin necə xeyirxah bir insan olduğunu bir daha gördüm. İrandakı dostlarıma zəng elədim, Bəhlulu qarşıladılar, bir ay onun nazını çəkdilər və bütün maddi haqq-hesabın əksəriyyətini, mən deyərdim ki, Qəzənfər müəllim ödədi. Yəni xəstəxananın hər bir şeyi, səfirimizlə danışmaq və s. Qəzənfər müəllimin hesabına başa gəldi. Onun ruhu, elə bilirəm ki, həmişə Qəzənfər müəllimə duaçıdır.
Qəzənfər müəllim, dünyadan köçənlərin ruhu duaçı olsun və əl tutduğunuz insanların alqışı həmişə Sizi uca saxlasın. Sağ olun. Borçalı Aşıq Aslanın repertuarı əsasında hazırlanmış bu kitabı sizə hədiyyə edirəm (Kitab təqdim edilir).
Qəzənfər Paşayev: Bəhlul müəllimdən söhbət düşdü. O, yaxşı folklorşünas idi. Təkcə Quzey Azərbaycanın yox, həm də Güney Azərbaycanın folklorunu yaxşı tədqiq eləmişdi. İndi onun bir biblioqrafiyası çıxır. Onu mən təşkil eləmişəm və bir xatirə kimi qalsın. Çoxumuz o məxəzləri bilmirik, onun hamısı həmin biblioqrafiyada var.
Rafiq İmrani: Muxtar müəllim, çox sağ olun ki, bu gün fürsət yaratdınız, biz çox istədiyimiz bir insanın haqqında iki kəlmə də olsa öz ürək sözümüzü deyək. Qəzənfər müəllim haqda saatlarla danışmaq olar, ürək doludur.
Qəzənfər Paşayev – bu ad həm televiziya ekranlarından, həm də elmi ədəbiyyatdan, gündəlik mətbuatdan bütün xalq kütləsinə yaxından tanışdır, bizim cərgədə olan alim dostlarımız üçün bu ad əzizdir və doğmadır. Qəzənfər müəllimin yaradıcılığı haqqında çox ətraflı söhbət oldu və elmin ayrı-ayrı sahələri üzrə Qəzənfər müəllimin gördüyü çox önəmli işlər haqqında müəyyən informasiyalar verildi bizə. Mən isə Qəzənfər müəllimin Kərküklə bağlı bir ideyasını istəyirəm bu gün yoldaşlara çatdıram. Vaxtı ilə, bilirsiniz, sərhədlər bağlı idi, İraq haqqında bizim heç bir məlumatımız yox idi. İraq elinə ilk qapını açan, sözsüz ki, Qəzənfər müəllim oldu. Qəzənfər müəllim oradan qayıdanda biz onda gənc idik, tədqiqata təzə başlayırdıq. Mən də musiqiçi olduğum üçün elə ilk görüşlərimizdə Qəzənfər müəllimdən Kərkük musiqisi, xalq mahnıları, xoyratlar və digər məlumatları almaq istəyirdim. Dəfələrlə bizim Qəzənfər müəllimlə görüşlərimiz oldu. Hər dəfə onun çox mənalı və elmi əsaslı söhbətləri, Bəndəroğlunun yaradıcılığı haqqında dediyi fikirləri biz bir örnək olaraq götürdük. Sonradan mən bu sahəyə baş vuranda gördüm ki, bizim yazdıqlarımız bir qırağa, Qəzənfər müəllimin bizə söylədiyi, bizə anlatdığı məsələlər yeni bir coğrafiyanı açır bizim üçün. Yəni Azərbaycanın qədim musiqi tarixi, o cümlədən etnomusiqişünaslıq sahəsində biz çox işlər görə bilərik. Mən bu gün çox minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, məhz Qəzənfər müəllimlə olan söhbətlərimizin əsasında Azərbaycan musiqi tarixinin dörd cildliyini nəzərdə tutmuşam hazırlıyam. Onun ən qədim dövrləri, bilavasitə şumer mədəniyyəti ilə bağlı olan hissələri məhz sizlə olan söhbətlərimizin əsasında formalaşıb.
Şumer dövrü çox qədimdir. O vaxtlar 80-cı illərdə biz Azərbaycanın Şumerlə bağlılıq məsələlərini ortaya atanda İqrar Əliyev və onun ətrafında olan bəzi yoldaşdar bizə qarşı, necə deyərlər, çox mübarizələr apardılar. Dedilər ki, Bakı hara, İraq hara. Qəzənfər müəllimin böyük köməkliyi onda oldu ki, o qapını açandan sonra, o varlığı bütün xalqa tanıtdırandan sonra biz artıq daha böyük ürəknən bu sahədə işləməyə başladıq. Qəzənfər müəllim, sizin bilavasitə zəhmətinizin hesabınadır ki, biz İraq kərkükləri haqqında müəyyən məlumatları toplayandan sonra mən İsveçdə yaşayan bir kərküklü ilə əlaqə saxladım və o mənə qucaq dolusu iki böyük banderol göndərdi. Həm videolent yazıları, həm də audiodisk yazıları. Kərkük muğamlarına, xalq mahnılarına diqqət yetirəndə gördüm ki, onlar da bizim kimi segahı oxuyanda və yaxud muğamı oxuyanda zildən bir neçə ağız oxuyur, sonra keçir xalq mahnılarının ifasına. Bu, onu göstərdi ki, bu ənənə o xalq tərəfindən də qorunub saxlanılıb. Biz indi sizin o yazıların əsasında Urmiya aşıq sənətini çox dərinliklərini çalışdıq öyrənək. Çünki dağın bir tərəfi kərküklərdirsə, bir tərəfində də Urmiya aşıq mühitidir. Bu da bizə yardımçı oldu ki, öz tədqiqatlarımızda sizin bizim üçün açdıgınız o qapıların izi ilə gedək.
Mən vaxtınızı çox almaq istəmirəm. Bu gün uzun illərdən bəri işlədiyim “Muğam fəlsəfəsi” əsərini istəyirəm disklərlə bir yerdə sizə təqdim edəm. Ürəyiniz istədiyi muğamlar burda var. Onu da qeyd edim ki, burada dilçilik və musiqi dili məsələsi də qoyulub. İnanın ki, bunların hər bir cümləsində sizin bizə göstərdiyiniz yolun izləri vardır (Kitab və disk təqdim edilir).
Dostları ilə paylaş: |