Möhsün Nağısoy: Hörmətli elm adamları, mən də bir ev sahibi kimi sizin hamınızı salamlayıram, «xoş gəlmisiniz» deyirəm. Hamınız bilrsiniz ki, bu bina adi bir bina deyil, burada çox böyük insanların ruhları yaşayır: Hüseyn Cavidin, Məmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin və s. Bu da əlamətdardır ki, Qəzənfər müəllim adi bir adam deyil, böyük bir şəxsiyətdir. Ona görə bizim üçün şərəfdir ki, onun yubileyi məhz bizim binada keçirilir. Bu tədbiri Folklor İnstitutu keçirir və minnətdaram ki, insanın qədrini sağlığında bilmək lazımdır. Bu ənənəni yaşatmaq lazımdır.
Tədbiri Folklor İnstitutunun keçirdiyinə görə bir atalar sözü ilə başlamaq istəyirəm: «İgidin adını eşit, özünü gör». Mən Qəzənfər müəllimin adını eşitmişdim, kitablarını oxumuşdum. Özüm də 10 il Əfqanıstanda tərcüməçi işləmişəm və qürbətdə yaşayan adam vətənin qədrini daha yaxşı bilir. Ona görə o kitabı («Altı ilə Dəcla-Fərat sahillərində» – tərtibçi) oxuyanda sanki mən öz həyatımı yaşadım. Bir də atalar sözü var. Deyirlər: «Filankəsi tanıyırsan? Deyir, yox, onunla yol yoldaşı olmamışam». Qəzənfər müəllimlə biz bir dəfə yol yoldaşı olmuşuq. Mən uzun müddət Naxçıvan Dövlət Universitetinin Müdafiə Şurasının üzvü olmuşam. Bir dəfə Qəzənfər müəllim orada opponent kimi iştirak edirdi. Onda mən gördüm ki, Qəzənfər müəllim həm böyük alimdir, həm də böyük insandır. Atalar deyir: «Alim olmaq asandır, insan olmaq çətindir». Doğrudan da, Qəzənfər müəllim əsl Azərbaycan ziyalısının nümunəsidir.
Siz folklorşünaslar onun fəaliyyətini folklorşünaslıq baxımından hər tərəfdən, hər yöndən işıqlandırdınız. Bizim də institutun əsas istiqaməti mətn hazırlamaqdır, mətnşünaslıqdır. Qəzənfər müəllim həm də mətnşünasdır. İmadəddin Nəsiminin İraq divanının nəşrə hazırlanmağı, elə bil ki, bizim işimizə bir köməkdir, təkandır, həm də bizi ruhlandırır. Qəzənfər müəllimin baxmayaraq ki, maşallah, 75 yaşı var, bu yaxınlarda mən «Ədəbiyyat qəzeti»ndə onun Hindistan səfəri haqqında yazdığını gördüm və bu, sübut edir ki, Qəzənfər müəllim cavanlıq ruhuyla yaşayır və yaşayacaqdır. Doğrudan da, Azərbaycan-Hindistan əlaqələri ayrıca dissertasiya mövzusudur və Qəzənfər müuəllim öz yazısıyla o sahədə də artıq bir cığır açır.
Qəzənfər müəllim, mən çox minnətdaram, sevinirəm və hesab edirəm ki, bu gün həyatımda ən xoş günlərdən biri olacaq. Yaşayın, yaradın və nümunə olun. Sağ olun, var olun.
Qurban Bayramov: Bir az əvvəl qeyd olunduğu kimi, Qəzənfər müəllimin yubileyini tarixi bir yerdə, Azərbaycan dövlətçiliyinin, Azərbaycan millətinin fəxr elədiyi bir binada qeyd edirik. Qəzənfər müəllimin 75 illiyi ilə əlaqədar bu il bir neçə tədbir keçirilib. Mən demək olar ki, onların hamısının iştirakçısı olmuşam. Onların heç birinin səmimiyyətinə, istiliyinə xələl gətirmədən burdakı istiliyin, burdakı elmi atmosferin, burdakı münasibətin, burdakı səmimiyyətin daha yüksək səviyyədə olduğunu qeyd edirəm. Burda çıxış edənlər də Qəzənfər müəllimi müxtəlif parametrlərdə təhlil elədilər. Qəzənfər müəllimin bir kitabı var, onun haqqında yazılan məqalələrin toplusudur. Həmin kitabda onun haqqında olan məqaləmdə belə yazmışam: “Qəzənfər Paşayev fenomeni müasirlərinin gözündə və sözündə”. Bax o ədəbi mühiti mən burda gördüm. Burda elmin sayılan-seçilən imzaları var, şəxsiyyətləri var. Onların hamısının sözü səlahiyyətli sözdür, düzgün sözdür, qüvvətli sözdür. Həm səmimiyyət var, istilik var, həm də elmi dərinlik var.
Qəzənfər müəllim haqqında danışanda nəyə görə həmişə Kərkük yadımıza düşür? Rəhmətlik Bəhlul Abdulla onu “Kərkük pərvanəsi” adlandırmışdı. Sonra oxudum ki, Azərbaycanın 114 ən görkəmli alimi, ən görkəmli şəxsiyyəti, şairi Qəzənfər Paşayev haqqında gözəl sözlər, gözəl məqalələr yazıblar.
Qəzənfər müəllimi mən 70-ci illərdən tanıyıram. Ədəbiyyat İnstitutuna gəlib-gedərdi, Qasım müəllimlə, Abbas müəllimlə, Məmməd Cəfər müəllimlə, Mirzağa müəllimlə dostluq edərdi. Ona qeybdən gələn bir səs kimi baxırdıq. Doğrudan da, Qəzənfər müəllim qeybdən gələn bir səs kimi bizə qeyb olan, bizdən uzaq olan bir məmləkətimizi bizə təqdim elədi, tanıtdı. Rəhmətlik Yaşar Qarayevin məşhur bir sözü var. Deyir ki, Azərbaycan dövləti çox böyük dövlət idi, siyasi sərhədlər parçalandı, doğrandı getdi. Folklor yeganə sahədir ki, Azərbaycan məmləkəti ilə türk dünyasını siyasi sərhədlərsiz birləşdirə bilir. Yəni sərhədlərin ona dəxli yoxdur. Bu mənada Qəzənfər müəllim bizim pozulmuş, məhv olmuş sərhədlərimizi Kərkük müstəvisində birləşdirdi. Folklor elə bir sehrli dünyadır ki, heç bir qəvi düşmən folklorumuzu əlimizdən ala bilməz. Bu mənada Qəzənfər müəllim çox böyük iş görüb.
Bu zalda olan adamların hamısı özünü elmdə təsdiq eləmiş adamlardır. Amma bir də var ki, sözün səlahiyyətini başa düşüb, qeyri-adi mövqeyə yüksələn şəxsiyyətlər. Misal üçün, mən Abbas müəllimi o cür şəxsiyyət kimi qəbul edirəm. KQB-nin, Sovet hökumətinin ciddi məqamlarında o, adicə poçt yolu ilə sərhədləri məhv eləmişdi, bizim ədəbiyyatımızı, bizim kitablarımızı bütün Şərqdə, bütün dünyada yaymışdı. Həmən yolun davamçısı Qəzənfər müəllim oldu. Mən Qəzənfər müəllimi, tutaq ki, Məmməd Arif, Məmməd Cəfər müəllim, Cəfər Cəfərov, Yaşar Qarayev, Abbas Zamanov səviyyəsində, miqyasında duran canlı ensiklopedik, fenomenal bir şəxsiyyət kimi qəbul edirəm. Eşq olsun ona. Onu təbrik edirik, ona can sağlığı arzulayırıq.
Qəzənfər müəllim folklorşünasdır, dilşünasdır, neçə dillər bilir: ingilis dili, fars dili, ərəb dili, rus dili. Lap bu yaxınlarda Hindistan kimi qədim tarixə, mədəniyyətə malik bir ölkədə böyük klassikimiz Nizaminin yaradıcılığını, həyatını ingilis dilində təqdim elədi. O şəxsiyyət ki, Azərbaycan ədəbiyyatını, Azərbaycan mədəniyyətini, Azərbaycan millətini, xalqını bütün səviyyədə təqdim eləməyi bacarır və təqdim edir, o adamın qədrini bilmək lazımdır. Folklor İnstitutu da sağ olsun ki, belə insanları qiymətləndirir, onlara belə tədbirlər həsr edir. Qəzənfər müəllim, öpürəm səni, can sağlığı arzulayıram, uzun ömür arzulayıram.
Vaqif Sultanlı: Hamının yorulduğu vaxtda mən çox danışmaq istəmirəm. Amma belə fikirləşirəm ki, bu cür tədbirlərin keçirilməsi təkcə bir yaradıcı şəxsin həyat yoluna işıq salmaq üçün deyil, bütövlükdə ədəbiyyat haqqında, elm haqqında, sənət haqqında söhbət üçün imkanlar verir. Bu mənada Qəzənfər Paşayevin yaradıcılığı da çox uyğun gəlir. Qəzənfər müəllim elmdə bir ənənə yaradan şəxsdir. Yəni onun fəaliyyəti, alimliyi yalnız elmlə məhdudlaşmır. Bu alimliyin içərisində elmlə yanaşı bir əxlaq, insanlıq, cəsarət, həqiqət, vicdan var. Bu, Qəzənfər Paşayevin yaradıcılığı üçün səciyyəvi olan bir cəhətdir.
XX əsrin elminin ən böyük qüsurlarından biri onun emosiyalardan məhrum edilməsidir. Yəni quru nəzəri mühakimələrə söykənilməsidir. Qəzənfər Paşayevin yaradıcılığında elmlə bədiiyat birləşdirilir. Elm bədii düşüncə ilə hormoniyada təqdim olunur. İkincisi, bizim elmimizin XX əsrdə, xüsusən sovet dövründə ən böyük qüsurlarından biri onun türk dünyasından, türk sevgisindən, türk ruhundan məhrum edilməsi idi. Qəzənfər Paşayevin yazılarında biz bunu görmürük. Onun tədqiqatları türk coğrafiyasını əhatə edir və türk sevgisini gətirir. Türk sevgisi varsa, orda, şübhəsiz ki, bir milliyətçi düşüncə olacaqdır. Mən Qəzənfər Paşayevə böyük və yeni yaradıcılıq uğurları arzulayıram.
Muxtar Kazımoğlu: Vaqif müəllim dedi ki, Qəzənfər müəllim elm ilə bədiiyyatı birləşdirir. Deyirəm, Vaqif müəllimin sözünə qüvvət verib, məclisin ovqatına bir az poeziya qataq. Mən bilmirəm, Adil Cəmil şeir deyəcək, deməyəcək. Arzu edək ki, çıxışının gözünə bir balaca şeir də qatsın.
Adil Cəmil: Mən çox danışmayacam, çünki Qəzənfər müəllim haqqında olan fikirlərimi elə Qəzənfər müəllimin özünə demişəm.. Daha bu camaatı, bu insanları yormaq fikrində də deyiləm. Amma bir misal çəkəcəyəm. Bir nəfər Məşhədə gedir. Bir qapını döyüb deyir ki, Məşədi, burda Məşəd ziyarətgahı hardadı? Bu adam da çıxır deyir ki, ziyarətgah ordadı, amma mən məşədi deyiləm. Deyir, ə, nətəər? Mən gör haralardan gəlmişəm, məşədi olmaq istəyirəm. Burdan bura niyə Məşhədə getməmisən? Deyir, mən ona hələ hazır deyüləm. Mənim amalımla əməlimin arasında bir ziddiyət var. Bu baxımdan, Mən Qəzənfər müəllimlə tanış olduğum gündən, amalıyla əməlinin vəhdətdə olduğunu görmüşəm. Amalıyla əməli bir olan insanlar çox azdır.
İndi mən sizi yormadan Qəzənfər müəllimə həsr olunmuş bir şeirimi oxumaq istəyirəm:
Abu-zəmzəm qaynağı var,
O səhralar qurax deyil.
Düz deyirsən, professor,
İraq bizə iraq deyil
Dağıldı durna qatarı,
Sovuldu xurma qatarı,
Səpildi qırma qatarı,
Yersiz ölüm sınaq deyil.
Dərdimiz var, dağ adlayan,
Ahımız var, qəlb odlayan,
Başımızda bu çatlayan
Kim deyir ki, çanax deyil.
Nələr oldu, Allah, oy dad,
Kimsədən gəlmədi imdad,
Korun-korun yandı Bağdad,
Bu alov çil-çıraq deyil.
Qoparmadıq haray-həşir,
Dedik, dünya fikirləşir.
Sülh məramlı o mürdəşir
Xoş niyyətli qonaq deyil.
Füzulinin qəbri qərib,
Baş daşında qəm göyərib.
Bu dərd bizi yuyub-sərib,
Günümüz kef-damaq deyil.
Dəyişibdi orda həyat,
Qanlı axır Dəclə, Fərat.
Alim qardaş, sən yaz, yarat,
Gələcək gün uzaq deyil.
Muxtar Kazımoğlu: Bu gün Qəzənfər müəllim folklorşünaslıq üzrə Problem Şuranın sədridir. Həmin şuranın sədr müavini Mahmud Allahmanlı söz istəyir.
Mahmud Allahmanlı: Qəzənfər müəllimdən çox adamlar xeyirxahlıq görübdür: onlardan biri də mənəm. Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” əsərində yazırdı ki, elm adamlarını elmlərinin çoxluğu ilə deyil, işlərinin xeyirxahlığı, gördüklərinin faydalılığı ilə ölçün. Qəzənfər müəllimdə də həm elm, həm xeyirxahlıq, həm də faydalılıq birləşibdir. Qəzənfər müəllimi nəinki tanıyanlar, onunla qarşılaşanlar, hətta ondan kənar olanlar da onun adından yararlana biliblər. Qəzənfər müəllim bu cür böyük adamlardandır. Əbdüllətif Bəndəroğlu Qəzənfər müəllimin «İraq-Türkman folkloru» kitabı ilə bağlı belə bir fikiri vurğulayır ki, belə bir kitabı nəinki türkman elm adamları, hətta xarici alimlər də yazmayıbdır. Qəzənfər müəllimin təkcə «İraq-Türkman folkloru» kitabı yox, bütün kitabları bu mənada çox böyükdür. 1968-ci ildə çıxan «Kərkük bayatıları»ndan başlayaraq onun əsərləri və şəxsiyyəti haqqında yazılan yazıların hamısı Qəzənfər müəllimin böyüklüyünü, bir şəxsiyyət kimi nələrə, hansı amallara xidmət etdiyini aydınlıqla göstərir. Qəzənfər müəllim bu mənada bizim üçün, ədəbiyyatımız üçün, ictimai-siyasi mədəni mühitimiz üçün nümunədir. Qəzənfər müəllimin ayrı-ayrı kitabları, yaradıcılığı, onun gördükləri, bir şəxsiyyət kimi elədikləri hamımıza örnəkdir və bizim hamımız ondan lazımınca bəhrələnmişik. Qəzənfər müəllim Azərbaycan elmində, Azərbaycan ədəbiyyatının bugünkü vəziyyətində həm klassik ədəbiyyatımızı, həm folklorumuzu, həm tərcümə məsələlərimizi bütün tərəfləri ilə özündə birləşdirən çox az-az şəxslərdəndir. Bunların üzərinə Qəzənfər müəllimin bir şəxsiyyət kimi xeyirxahlıqlarını gələndə Qəzənfər müəllimin ucalığı, böyüklüyü qeyri-adi dərəcədə görünür. Həm də ictimai-siyasi mühitin bir qədər çətinliklərlə dolu olduğu vaxtlarda belə şəxslərə, belə şəxsiyyətlərə ehtiyac daha çox artır. Qəzənfər müəllim məhz, elə bil, Tanrının bu məqamda Azərbaycan ictimai-siyasi, mədəni mühitinin çətinliklərlə dolu olduğu vaxtlarda nümunə olaraq göndərdiyi şəxslərdəndir. Bu mənada, mən Qəzənfər müəllimi həmişə uca tutmuşam və ona uğurlar arzulayıram. Qəzənfər müəllim o uğurlarını, o böyüklüyünü bizə yaşatsın, bizə daha da görsətsin. Onun uğurlarına daha ətraflı sevinək.
Muxtar Kazımoğlu: Qəzənfər müəllim neçə-neçə həmkarımızın elmi rəhbəri olub. Şəxsən mənim və mənim kimi neçə-neçə adamın opponenti olub. İstəyirəm ki, Qəzənfər müəllimin yetirmələrindən birinə söz verim. Alimlər cərgəsinə Qəzənfər müəllimin elmi rəhbərliyi ilə qoşulan Səkinə Qaybalıyeva.
Səkinə Qaybalıyeva: Burda alimlərimiz Qəzənfər müəllimin zəngin elmi fəaliyyətindən danışdılar. Qəzənfər müəllim Kərküklə bağlı, Bəndəroğlunun təbirincən desək, hər biri bir şah əsər olan tədqiqatların müəllifidir. Qəzənfər müəllim sovet dönəmində, çox ağır bir dönəmdə, «milli» sözünün çox çətinliklə işləndiyi bir dövrdə vətənpərvərlik nümunəsi göstərərək çox böyük işlər görüb.
Mən istər bir insan kimi, istərsə də bir alim kimi çox şadam ki, Qəzənfər müəllimin yetirməsiyəm, onu daha yaxından tanımaq imkanım olubdur. Kiçik bir detala toxunmaq istəyirəm. İnstitutumuz tərəfindən Qarabağ bölgəsində ezamiyyətdə olanda orada qaçqınlarnan görüşmüşdük. Onda Həşim Məmmədli adlı bir insanın da evində olduq və ondan çox gözəl nümunələr topladıq. Həşim dayı biləndə ki, biz Folklor Institutundan gəlmişik, çox maraqlı bir hadisə danışdı. O dedi ki, siz Qəzənfər müəllimi tanıyırsız, Qəzənfər Paşayevi? Mən dedim ki, əlbəttə, tanıyırıq, O dedi ki, biz Abdal Gülablıdan qaçqınıq. (Düzdü, bu insan elm aləmi, tədrislə əlaqəsi olmayan bir insandır, zəhmətkeş bir insandır.) O dedi ki, mənim Abdal Gülablıda çox böyük bir kitabxanam qalıbdır. Sovet dönəmində yeni çıxan kitabları alardım, ancaq kitabxanamda xüsusi yer ayırdığım Qəzənfər müəllimin kitabları idi. Mən çox təəssüf edirəm ki, o kitablar orda qaldı, ancaq mən Bakıya gedib o kitabların hamısını əldə elədim və gətirib kitabxanama qoydum.
Mən demək istəyirəm ki, Azərbaycanda çox tanınan şairlər, yazarlar var. Ancaq Qəzənfər müəllim bir alim kimi, həqiqətən də, böyük bir iş sahibidir, böyük bir elm adamıdır ki, onu bütün ictimaiyyət tanıyır.
Mən Qəzənfər müəllimə can sağlığı arzulayıram, uzun ömür arzulayıram.
İslam Sadıq: Qəzənfər müəllimin bu tədbirində çıxış eləməmiş getsəydim, yəqin ki, bunu ömrüm boyu özümə bağışlamazdım. Qəzənfər müəllimin haqqında hamının ürəyi doludu, hamının deməyə sözü var, özü də hətta hiss edirəm ki, sanki leksikonumuz çatışmır. Adamlar ürəyindəkini ifadə etməyə çətinlik çəkirlər.
Qəzənfər müəllim xoşbəxt bir ulduzun altında doğulub. Ona görə xoşbəxt adamdı. Mən bu günə qədər Qəzənfər Paşayevdən söz düşəndə kiminsə dilindən xoşagəlməz bir söz eşitməmişəm. Belə xoşbəxtlik hamıya nəsib olmur. Qəzənfər müəllim ən işıqlı ulduğun altında doğulub, o ulduzun bütün nuru, işığı Qəzənfər Paşayevin varlığına, ruhuna hopub. Qəzənfər müəllim gecənin zil qaranlığında da olsa, hər yerdən görünəcək, dörd bir ətrafa işıq saçacaq.
Biz uşaq olanda kəndimizin göylərində yazda, bir də payızda durnalar görünərdi. O durnalar yazda gəlirdilər, payızda qayıdırdılar. Böyük adamlar bizə deyirdilər ki, bu durnalar Bağdaddan gəlir, İraqdan gəlir, Kərkükdən gəlir. Payızda da deyirdilər ki, bu durnalar Kərkükə qayıdır, Bağdada qayıdır, İraqa qayıdır. Ancaq o durnaların niyə gəlib-getdikləri haqqında bizə heç nə demirdilər. Bir müddət keçəndən sonra o durnalar yoxa çıxdılar və bunu müxtəlif səbəblərlə yozdular. Ancaq mən bunun səbəbini tapdım. Həmin durnaları Azərbaycandan «küsdürən» Qəzənfər Paşayev oldu.
1986-1987-ci illərdə «Azərnəşr»də Qəzənfər Paşayevin «Kərkük folkloru antologiyası» kitabı çapa hazırlanırdı. Onda Qəzənfər müəllim tez-tez «Azərnəşr»ə gəlirdi. Kərküklə bağlı onu sorğu-suala tutur, maraqla dinləyirdik. Kitabın hələ əlyazmasını oxuyurduq. Ordakı hər bayatıdan, hər atalar sözündən, lətifədən Kərkükün ətri, qoxusu gəlirdi. Doğma bir nəfəs duyulurdu.
Bundan əvvəl Qəzənfər Paşayevin «Alıtı il Dəclə-Fərat sahillərində» kitabı çıxmışdı və əl-əl gəzirdi. O kitab oxuculara Kərkük haqqında nələr söyləmirdi! Bu kitabların hərəsi bir durnaya bənzəyirdi. Onların sayı günbəgün çoxalırdı. Elə o vaxtdan Qəzənfər Paşayevin öz «durnaları» qatar-qatar olub Azərbaycanı gəzdilər, evlərimizə gəldilər, stolüstü kitablarımız oldular. Sən demə, vaxtı ilə o durnalar Kərkükdən bizə xəbər gətirirmişlər. Bax o xəbərləri o durnalardan daha geniş mənada Qəzənfər Paşayev gətirdi və biz onları artıq durna dilində yox, öz dilimizdə oxuduq. O informasiyaları Qəzənfər Paşayevin kitablarından aldıq.
Hər bir söz adamının, yaradıcı adamın bir şah əsəri olur. Qəzənfər Paşayevin də çox əsərləri var, ancaq onun ən böyük, şah əsəri dünyada ən uzun körpü oldu. Dünyada ən uzun körpü: İraqdan Azərbaycana, Kərkükdən Azərbaycana, Azərbaycandan Kərkükə. Bu elə bir körpüdür ki, heç bir təbii fəlakət, heç bir insan gücü onu dağıda bilməz.
Qəzənfər Paşayevə öz durnalarının ömrü qədər ömür arzulayıram və durna haqqında bir şeirimlə fikrimi tamamlamaq istəyirəm:
Əl çatmaz, ün yetməz sanma o yeri,
Babamın qəbri var bilirəm orda.
Gecələr xəyalım gəzib dolaşır,
Səhərlər qayıdıb gəlirəm ordan.
Yaşıyır hələ də tarixim mənim
Durna yaddaşında, durna sözündə.
Bilmirəm, babamı görüb, görməyib,
Babamın əksi var durna gözündə.
Babamın dəftəri o gil lövhələr,
Babamın qələmi durna lələyi.
O gil lövhələrə dəymə, amandı,
Amandı, toxunma, qırma lələyi.
Durnalar – babamın ruhumu görən?!
Hər il gəlib bizə, dəyib qayıdır.
Durna ləhcəsində, durna dilində
Babamın sözünü deyib qayıdır.
Dilim «Kərkük» dedi, «Kərkük» söylədi,
Bu kəlmə ağzımda nə şirin daddı!
Nə bura qürbətdi durnalar üçün,
Nə durnalar bizə yad oğlu yaddır.
Hacı Loğman: Qəzənfər müəllimi gənclik illərindən tanıyırıq, «Altı il Dəclə Fərat sahillərində»n. Mənim düşüncəmə görə, mədəniyyətin ən böyüyü özünü qorumağı bacarmaqdır. Özünü qorumağı bacarmayan insan nə mədəniyyəti qoruya bilər, nə özünü qoruya bilər, nə də ünsiyyəti qoruya bilər. Qəzənfər müəllimin Füzuliyə dair araşdırmalarında, dahi insanları üzə çıxarmaq sahəsindəki tədqiqat işlərində o xətti davam etdirən bir şəxsiyyət olduğunun şahidi oldum. Bunların fonunda çox danışmayacam, bircə şeyi bildirəcəyəm. Mən İlyas müəllimlə çox söhbət eləmişəm. O, əxlaqlı insanlardan danışanda öndə gedən bir insan kimi Qəzənfər müəllimi qeyd edirdi. Bu gün bizdə cəmiyyətin aşınması gedən bir dövrdə bu cür insanların həyatının tədqiq edilməsi, araşdırılması, gəncliyə təbliğ olunması çox önəmli bir şeydir. Əxlaq əldən gedərsə, hər şey əldən gedə bilər. Ona görə də Qəzənfər müəllimin bu əxlaq örnəyi və onun ailəsində, ictimaiyyətdə tutduğu mövqe olduqca önəmlidir. Elm də, ədəbiyyat da – bu şeylər hamısı nisbi şeylərdir, ancaq əxlaq dəyişməyən, əbədi, nə dəbdən düşməyən, nə də dəbə minməyən, nə dəbdən salınmayan, bir ölçüyə qoyulmayan bir şeydir. Öz ölçüsü, nizamı var. Ona görə də böyük bir ağsaqqal kimi Qəzənfər müəllimdən öyrənəcəyimiz çox şeylər var. Qəzənfər müəllim bu mənada əbədiyyəti düşünən, tarixdə kimin xatirində nə cür qalmağı düşünən bir insandır. Qəzənfər müəllim, bu uğurlara görə mən sizi ürəkdən təbrik edirəm.
Mən də Sizə bir neçə şeir həsr etmişəm. Onlardan birini oxumaq istəyirəm:
Qəzənfər Paşayev bir müdrik insan,
Gör neçə ölkələr dolanıb gəlib.
Mosuldan, Ərbildən, Kərkükdən keçib,
Tarixin içinə boylanıb gəlib.
Dərdini gördükcə ağır ellərin,
Taxtı taxt dolanmış fağır ellərin,
Ayrılıq qəlbini sıxıb ellərin,
Dərdini duyduqca içindən talanıb gəlib.
Ömrümün hər anı dönüb mənaya,
Türk eli şam olub o pərvanəyə,
Baş vurub hər yurda, hər bir xanəyə,
Sönmüş ocaqlara qalanıb gəlib.
Dəclədə, Fəratda xəyala dalmış,
İtmiş doğmaların sorağın almış.
Tarixin altında pas atıb qalmış
Neçə həqiqətə yol alıb gəlib.
O sübut etdi ki, Kərbalasında,
Füzuli dəfn olub öz obasında,
Həqiqət uğrunda, söz qovğasında
Türkün tarixinə calanıb gəlib.
Daim cavabdehdi xalqı önündə,
Yandırıb kiminsə şamı sönəndə,
Yas tutub ellərin yaslı günündə,
Toyda qol qaldırıb şadlanıb gəlib.
Böyüyə, kişiyə örnək, ibrətdir,
Ar-namus bilənə namus, qeyrətdir,
Dostluqda tükənməz şeir, ülfətdir,
Loğmanın şerində hallanıb gəlib,
ballanıb gəlib.
Seyfəddin Rzasoy: Professor Qəzənfər Paşayevin – Azərbaycan hümanitar-filoloji fikrinin bü görkəmli nümayəndəsinin ömür yolu bu gün burada bir kitab kimi oxundu. Muxtar müəllim bu kitabı fəsillərə böldü: folklorşünaslıq, ədəbiyyatşünaslıq, dilşünaslıq, tərcüməçilik, mətnşünaslıq, insanşünaslıq və s. Bu fəsillərin hər biri haqqında burada iştirak edən insanlar öz sözlərini dedilər. Və Qəzənfər müəllimin necə bir çoxyönlü, çoxşaxəli fəaliyyətə sahib alim olması burada bir daha canlandı. Təbii ki, bizim hər birimizin məşğul olduğu konkret elm sahəsi var. Biz öz elmi fəaliyyətimizdə sonralar digər oxşar, qovuşuq sahələrə meyllənə bilsək də, bir sahə – əsasında, üzərində, bazasında yetişdiyimiz, formalaşdığımız sahə hər birimiz üçün profil, aparıcı sahə olaraq qalır. Lakin Qəzənfər müəllimin fəaliyyətində humanitar-filoloji elmin bütün əsas sahələri mükəmməl şəkildə ifadə olunub. Bu mənada, Qəzənfər müəllimin bu çoxyönlü fəaliyyətini konkret bir terminlə ifadə etməkdə mən də çətinlik çəkdim. Ancaq prof. İsrafil Abbaslı öz çıxışında Qəzənfər müəllimi «Azərbaycanşünas» adlandırmaqla bu çətinliyi mənim üçün aradan qaldırdı. Azərbaycanşünas olmaq milli elmi düşüncə tariximizdə hər kəsə nəsib olan məqam deyil. Qəzənfər müəllim bu məqama gedən yolun qaranlıq, çətin, dar çığırlarına öz ömrünün illərini yandıraraq işıq salıb, bu zirvəyə qəlbindəki vətən və millət sevgisinin işığı ilə qalxa bilib. Elə bu səbəbdən burada prof. Qəzənfər Paşayevin zəngin və çoxşaxəli fəaliyyətinin filoloji profilli institutlarda elmi şəkildə öyrənilməsi haqqında şair-naşir Əlirza Xələfli tərəfindən səsləndirilmiş təklifi çox faydalı sayıram.
Əlbəttə, Qəzənfər müəllim haqqında burada çox dəyərli sözlər, bənzətmələr, epitetlər dedilər. Təbii ki, bunlar insanların onun haqqında demək istədiklərinin hamısı deyil. Sözlərin çoxu İslam Sadığın bir az əvvəl dediyi kimi, ürəklərdə qaldı. Mənim də ürəyimdə bir sözüm var. Qəzənfər müəllimin hər bir azərbaycanlı kimi mənim də ömür yoluma ilk dəfə «Altı il Dəclə-Fərat sahillərində» kitabı ilə işıq tutan bu fəaliyyətini nə üçünsə arxeoloqun taleyinə bənzədirəm. Arxeoloqlar bütün elmi fəaliyyətləri boyunca hansısa mədəni layı tapmağın ümidi ilə yer qazırlar. Belə bir layı tapan arxeoloqun adı həmin layla birgə elmin tarixinə yazılır. Prof. Qəzənfər Paşayev Azərbaycan milli düşüncə tarixində «Kərkük-Türkman» layını üzə çıxarmış və bununla da milli düşüncəmizin sərhədlərini etnik kamilliyin tarixi hüdudlarına qədər genişləndirmiş alimdir. Bu mənada, onun xidmətləri əvəzsizdir və belə hesab edirəm ki, prof. Qəzənfər Paşayevin alim və insan ömrü Azərbaycan elm tarixində alimliyin və insanlığın nümunəsi kimi əbədi qalacaqdır.
Qəzənfər Paşayev: Mən yetmiş illik yubileyimi keçirmədim. Bir az zəif idim, qorxdum ki, tərifləyələr, ürəyim yatar. Ancaq indi yaxşıyam, özümü yaxşı hiss edirəm. Ona görə dedim, keçirək. Zarafat öz yerində qalsın, mən çox minnətdaram, Muxtar müəllim, sizə, Əlyazmalar institutunun direktoru Paşa Əlioğluna – bizim öz sağlığında və bu gün də sevilən görkəmli şairimizin oğluna. Paşa Əlioğlu özünü cəmiyyət içində ləyaqətlə, çox gözəl mədəniyyətlə, ziyalılıqla göstərir.
Deyim ki, mənim bütün yubileylərimi Folklor İnstitutu keçirib. Yaxşı yadımdadır, hətta akademiyanın o dəyirmi salonunda beynəlxalq konfrans keçirilirdi. Orda yüksək səviyyədə mənim yubileyim qeyd olundu. Ona görə də Folklor İnstitutunu heç vaxt unutmuram. Mən bu institutu çox istəyirəm, yəqin, bu münasibət qarışıqlıdır. Mən burda hiss edirəm ki, mənə münasibət mən istədiyim qədərdir, heç də əksik deyil. Mən sizə təşəkkür edirəm.
Mən bütün çıxış edənlərə o səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. Hafizəmdən çıxmasın deyə mən o sözləri qeyd etdim ki, biblioqrafiyam çıxanda o dəyərli sözləri mütləq verəcəyəm. Həqiqətən də, çox dəyərli sözlər, çox dəyərli fikirlər var ki, mən yeni eşitdim onları. Məsələn, Muxtar müəllim deyəndə ki, Qəzənfər müəllim hər kitabı tərcümə eləmirdi, haqlı idi. Bəli, mən “Axundovun ədəbi tənqidi” adlı kitabı tərcümə eləmişəm. Bu kitabı 1989-cu ildə Yaşar müəllim verdi. Amerikada çıxmış bir kitabdır və möhtəşəm bir kitabdır. Axundovu qaldırıb göylərə ki, o, Şərqdə təkcə dramaturgiyanın əsasını deyil, tənqidin əsasını qoyan bir şəxsdir. Bunu bizdə demirdilər çox vaxt. Bu kişi dedi, mən də onu tərcümə elədim. Muxtar müəllim də bunu vurğuladı. Hamınız gözəl fikirlər dediniz, mən yazmışam. Yəqin ki, bir kitabda çap olunacaq. Mən heç nəyi elə-belə qoymuram qalsın, qalmır, biləsiniz. Mən hamınıza təşəkkür edirəm.
Mənim 60 illik yubiley tədbirlərim Folklor İnstitutunda başladı, o vaxtkı Elm Mərkəzində. Bax, bu cavan oğlan – Nemət burda əyləşib, saz çalırdı, xalq valeh olmuşdu. Bu gün də, yəqin, saz çalacaqsan, Nemət, bu da yubileyimdi mənim.
Mən bir 10 il Bakı Dövlət Universitetində işlədim, oranın professoru oldum. Mənim yubileyim orada da keçirildi. Keçiriləndən sonra xahiş elədim, dedim ki, avtobuslar aşağıda dayanıb, hamımız gedəcəyik Gülüstan sarayına. Allah mənə o qisməti verdi. Mənim həmişə ruzum səmadan gəlir, yəqin, o ulduz mənə o payı da verib, ay İslam Sadıq. Məni sizi onda daha çox istəyəcəyəm ki, hamımız bir yerdə bu saat çıxıb Nizami küçəsiynən gedəcəyik aşağı, orda «Sultan» restoranı var, ora. Kim getməsə, vallah, ürəyimdə niskil olacaq, inciyəcəm. Bax bunu deyirəm sizə. Muxtar müəllim mən sizə çox təşəkkür edirəm, bütün bu diqqətinizə görə, qayğınıza görə, icazə verəsiniz sizi öpüm. Sağ olun.
Muxtar Kazımoğlu: Qəzənfər Paşayevin tərcümə elədiyi əsərlərdən birinin adı belədir: «Necə yaşayasan, yüzü haqlayasan?» Bu başlığı Qəzənfər Paşayevin bizə verdiyi bir sual kimi qəbul etsək, onda gərək həmin suala cavab verək. Və deyək: «Qəzənfər müəllim, bu vaxta qədər necə yaşamısınızsa, elə də yaşayın!»
13 dekabr 2012-ci il
Qəzənfər Paşayev – 75.
Bakı, “Elm və təhsil”, 2013.
Nəşriyyat direktoru:
Nadir Məmmədli
Nəşriyyat redaktoru:
Səbinə İsayeva
Kompyuterdə yığdı:
Səadət Əliyeva
Kompyuter tərtibçisi və
texniki redaktoru:
Ramin Abdullayev
Kağız formatı: 60/84 1/32
Mətbəə kağızı: №1
Həcmi: 90 səh.
Tirajı: 500
Kitab Azərbaycan MEA Folklor İnstitutunun
Redaksiya-nəşr bölməsində yığılmış, səhifələnmiş,
“Elm və təhsil” NPM-də ofset üsulu ilə
hazır deopozitivlərdən çap olunmuşdur.
Dostları ilə paylaş: |