Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ŞİƏLİYİN İRANLILARA AİD EDİLMƏSİ



Yüklə 462,01 Kb.
səhifə20/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

ŞİƏLİYİN İRANLILARA AİD EDİLMƏSİ


Şiəliyin meydana gəlməsi ilə bağlı şərqşünasların ortaya ataraq əhli-sünnə arasında yaydıqları digər bir nəzəriyyə də var. Onlar deyirlər: “Şiə əqidəsi qədim iranlıların ixtirasıdır. Onlar keçmişdə, padşahlar dönəmində xilafətin irsi olduğu qənaətində idilər. Hakimiyyəti atadan oğula ötürürdülər. İslam İrana daxil olduqdan və İranla mərkəzi müsəlman bölgələri arasında iqtisadi, mədəni əlaqələr yarandıqdan sonra bu duşüncə İslam cəmiyyətinə də nüfuz etdi. Ərəblər isə azad düşüncəli idilər və insanlara seçim hüququ verirdilər”.
Bu versiyanı irəli sürənlər

Bəzi şərqşünasların və onların əhli-sünnədən olan tərəfdarlarının Şiəliyin iranlılara aid olması ilə bağlı fikirlərinə nəzər salaq:



  1. Şərqşünas Reinhart Pieter Anne Dozy;

O, yazır: “Şiə məzhəbi farslardan gələn bir çəkişmədir. Çünki ərəblər fikir azadlığı tərəfdarı idilər. Lakin farslar isə padşahlığa, hakimiyyətdə varisliyə meyllidirlər. Onlar heç bir zaman seçim sözünün mənasını başa düşməmişlər. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra onun oğul övladının olmadığını görən farslar bir səslə dedilər: “Ondan sonra xilafətə Əli (ə) layiqdir”. Başqa sözlə desək, xilafətin irsi olması məsələsindəki fars və şiə təfəkkürünün bənzərliyi şiəlik düşüncəsinin iranlılardan alınmasını göstərir”1.

2. Şərqşünas Johannes Van Vloten;

Bu versiyanı dəstəkləyənlərdən biri də şərqşünas Johannes Van Vlotendır. Lakin o, sonda şiəliyin yəhudilərin etiqadlarından təsirləndiyini daha məntiqi hesab etmişdir1..



3. Şərqşünas Edward Granville Browne;

O, yazır: “Xilafətin ilahi haqq olduğuna etiqad fars milləti arasında mühüm bir etiqaddır”. O, sözlərinin sonunda şiələrin bu əqidəni farslardan götürdüklərini vurğulayır2.



4. Əhməd Əmin Misri;

Şərqşünasların şiəliyin meydana gəlməsi ilə bağlı məlum fikirlərini müdafiə edənlərdən biri də Əhməd Əmin Misridir. O, yazır: “Şiələrin Əli (ə) və övladları haqqındakı görüşləri eynilə farsların Sasani padışahları haqqındakı görüşləridir. Fars məcuslar şiələrin su içdiyi qaynaq olmuşlar”3.



5. Əhməd Ətiyyətullah.

Onun fikrincə, şiə etiqadları farslardan Abdullah ibn Səba vasitəsi ilə İslam cəmiyyətinə ötürülmüşdür. O yazır: “İbn əs-Səvad (Abdullah ibn Səba) Mədinəyə gəlib, Yəməndə geniş yayılmış və İslama zidd olan yəhudi və fars etiqadlarını yaymağı başladı, özünü Əlinin (ə) haqqının müdafiəçisi kimi qələmə verdi. Onun iddiasına görə, hər bir peyğəmbərin vəsisi olduğu kimi, Əli (ə) də İslam peyğəmbərinin (s) vəsisidir”4.



Cavab: Birincisi, lazımi yerlərdə sübuta yetirilmişdir ki, şiəliyin əsasını imamətin Allah tərəfindən olmasına, Peyğəmbərdən (s) sonra xəlifənin müqəddəs mətnlərdəki bildirişlərə əsasən təyin edilməsinə inamdır. Bu etiqad Qurana və hər iki məzhəbin qəbul etdiyi səhih rəvayətlərə əsaslanır. Bu nəzəriyyəni irəli sürən Allah-Taala olmuş, Peyğəmbər (s) isə 23 il ərzində bu nəzəriyyəni möhkəmlətməyə çalışmışdır. Peyğəmbər (s) həmin şəxsdir ki, həzrət Əlinin (ə) tərəfdarlarını şiə adlandırır və onları yüksək qiymətləndirirdi.

İkincisi, öncə də qeyd etdik ki, Peyğəmbər (s) dönəmində bir çox səhabələr həzrət Əlinin (ə) Allah tərəfindən təyin edilmiş imam və Peyğəmbərdən (s) sonra xəlifə olduğu qənaətində idilər. Salman Farsidən başqa bu etiqadda olanların hamısı ərəb idilər.

Üçüncüsü, Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Əlinin (ə) imamətinə etiqad bəsləyən ərəb şiələr az deyildi. Onlar sonradan, imamın (ə) hakimiyyətdə olduğu dönəmdə o həzrətlə çiyin-çiyinə bütün döyüşlərdə iştirak etdilər.

Dördüncüsü, İslam, digər millətlər arasında qəbul edildiyi kimi iranlılar tərəfindən də qəbul edildi. Hicrətin ilk əsrində İranın heç bir şəhərində şiə əqidəsi yox idi. Çünki iranlılar İslamı Ömər ibn Xəttabın xilafəti dönəmində (h. q. 17-ci il) qəbul etmişlər. Təbii ki, o dövrdə qəbul etdikləri İslam şiəlik deyil, Ömərin təqdim edərək qəbul etdirdiyi İslam idi.

İrana şiəliyin gəlişi Əşərilər vasitəsilə baş vermişdir. Onlar Kufədən İrana – Quma, Kaşana hicrət edib şiə əqidəsini də özləri ilə gətirdilər. Bu, iranlıların İslamı qəbul etməsindən onillər sonra baş vermişdir. O vaxta qədər İranda şiəlikdən heç bir əsər-əlamət yox idi.

Tarixçilər yazırlar: “Ziyad ibn Əbihin Kufədə hakimiyyətdə olduğu dönəmdə, onun şiəliyin məhv edilməsi üçün atdığı addımlarından biri də əlli min şiənin Kufədən Xorasana sürgün edilməsi idi. Bu şiələr İranın müxtəlif şəhərlərində, xüsusilə Qum və Kaşanda məskunlaşdılar, özləri ilə bərabər etiqadlarını da iranlılar arasında yaydılar. Yerli əhali də onların təsiri altına düşdü1. İranda şiəlik bu şəkildə yayılmışdı. Bu vəziyyət onuncu əsrin əvvəllərində Səfəvilərin hakimiyyətə gəlməsinədək davam etdi. Səfəvilər dönəmində şiəlik bir çox bölgələrdə geniş şəkildə yayılmağa başladı. Hansı ki bu bölgələrdə öncə əhli-sünnə məzhəbinə mənsub idilər. Buna dəlil bir çox əhli-sünnə elm adamlarının, hətta Buxari, İbn Macə, Tirmizi, Nisai və Səcistani kimi “Səhih” və “Müsnəd” əsərlərinin sahiblərinin o dövrün əcəm İran ərazilərində yaşayıb yaratmaları və əhli-sünnə məzhəbinin inkişafında misilsiz rol oynamalarıdır. Digər tərəfdən də şiə öndərləri hamısı ərəb əsilli olmuşlar. On iki imam (ə) Peyğəmbərin (s) Əhli-beyti (ə) olmuşdur. Ali-Əyun, Ali-Həyyan Təğlibi, Ali-Ətiyyə kimi böyük xanədanlar, Əhli-beyt (ə) irsini yaşadan görkəmli rəvayətçilər hamısı ərəb ailələrindən olmuşlar. İmamların səhabələrindən sonra Əhli-beyt (ə) irsini yaşadan nəsil - Şeyx Müfid, Seyid Mürtəza, Əllamə Hilli, İbn Bərrac, Seyid ibn Tavus, İbn İdris, Mühəqqiq Hilli, birinci və ikinci şəhidlər və başqalarının hamısı ərəb əsilli olmuşlar.

Beşincisi, şərqşünas Dozy öz iddiasını əsaslandırmaq üçün yazır: “Şiələrlə iranlıların bəzi etiqadlarının üst-üstə düşməsi şiələrin qədim iranlılardan təsirləndiyini göstərir. Çünki onların ikisi də xilafətdə irsiyyətə etiqad bəsləyirlər”.

Bu əsaslandırma bir neçə baxımdan yanlışdır. Bir tərəfdən, iki millətin və ya məzhəbin fikirlərində oxşar məqamlar varsa, bu onların bir-birindən təsirlənmələri və ya bir əqidədə olmaları demək deyil. Hər birinin özünəməxsus dəlilləri ols bilər. Misal üçün, bəzi İslam hökmlərinin yəhudi ayinləri ilə üst-üstə düşməsi İslamın yəhudilikdən təsirlənməsi demək deyil. Digər tərəfdən də hansı şiə imamət və xilafət məsələsində irsiyyətə etiqad bəsləyir? Şiələrin etiqadına görə, imam insanın şəxsi keyfiyyətlərinə görə Allah tərəfindən təyin olunur və Peyğəmbər (s) tərəfindən də insanlara çatdırılır. Bu keyfiyyətlər yalnız Peyğəmbər (s) övladlarında olduğu üçün Allah hökmü onlara aid olmuşdur. Buna dəlil İmam Həsəndən (ə) sonra onun övladlarına imamət verilməməsidir. Şiələr imaməti çox ağır şərtlərlə qəbul edirlər. Onlara görə imam məsum olmalı, fəzilət baxımından hamıdan üstün olmalı, qeybi bilməli və ilahi biliyə malik olmalıdır. Əgər imamət irsiyyətlə olsaydı, bu şərtlərə ehtiyac olmazdı. Bu məsələlər haqqında imamət bölməsində geniş söhbət açmışıq.

Altıncısı, biz bu iradı, yəni şiə məzhəbi ilə qədim iranlıların sırf etiqadca oxşar olduqları üçün təməl prinsiplərini iranlılardan əxz etdiklərini qəbul etsək, o zaman bu iradı İslam düşmənləri İslama ünvanlaya və bu dinin Peyğəmbərin (s) gətirdiyi din olmadığını iddia edə bilərlər. Çünki Məkkənin fəthindən sonra Qüreyş İslam dinini qəbul etmək məcburiyyətində qaldı. Buna görə də müxtəlif hiylələrlə onu təhrif etməyə, dəyişməyə başladılar. İslam əhkamına nəzər saldıqda bir çox hökmlərin cahiliyyət dönəmindəki adət-ənənələrə çox bənzədiyinin şahidi oluruq. Buna misal olaraq, “zihar” məsələsini göstərmək olar. “Zihar” cahiliyyət dönəmində talağın bir növü idi. İslam fiqhində də həmin talaq kiçik bir fərqlə mövcuddur. Təbii ki, şiəliyə müxalif qüvvələr belə bir iradı qəbul etməzlər. Deməli, bu irad İslama ünvanlandıqda yanlış olduğu kimi, şiəliyə ünvanlandıqda da yanlışdır.

Yeddincisi, tarixi dəlillər göstərir ki, qədim iranlılar öz keçmiş dinlərini, İranın müsəlmanlar tərəfindən fəth olunmasından sonra da qoruyub saxladılar. Onların müsəlmanlaşması tədricən gerçəkləşmişdir1. Bu, onu göstərir ki, onlar İslamı zorla qəbul etməmişlər və bu baxımdan İslama qarşı kinli davranaraq onu təhrif etmələrinə də bir səbəb olmamışdır.

Digər maraqlı məqam budur ki, tarixə görə, iranlılar İslam hakimiyyətində təmsil olunmağa başladıqdan sonra İslama güclü axın olmuşdur. Bu göstərir ki, iranlılar dini öz istəkləri ilə qəbul etmişlər2.

Səkkizincisi, digər maraqlı bir məqam da budur ki, iranlılar ənənəvi hakimiyyətdən və keçmiş dinlərindən bezmişdilər. Buna görə də zülmkar padşahların zülmündən, dinlərindəki mövcud xurafatdan qurtulmaq üçün sığınacaq axtarırdılar. Belə olan halda İslamdan intiqam almaq məqsədi ilə onun xurafla qarışdırılmasının nə mənası var idi?

Doqquzuncusu, antik iranlıların etiqad bəslədiyi Zərdüşt dini bir baxışdan ilahi din idi. Bütün peyğəmbərlərin (ə) gətirdiyi dini təlimlərdə prinsipcə bənzərliklər olmuşdur. Belə olan halda İslamı qəbul etdikdən sonra xəlifələrin zorla hakimiyyətə gəldiklərini görən iranlıların imamın Allah tərəfindən təyin olunması zərurətini xatırlamasında nə anlaşılmazlıq var?

Onuncusu, İran son dövrlərdə şiəliyi qəbul etmişdir. Ondan qabaq isə Əhli-beyt (ə) düşmənlərinin mərkəzi sayılırdı. Tarixi qaynaqlara görə, Ömər ibn Əbd əl-Əziz minbərlərdə Əliyə (ə) lənət oxunmasını yasaq etdikdə belə iranlılar bu adətlərindən əl çəkmədilər. Bu şiəliyin hələ Peyğəmbər (s) dönəmində səhabələr arasında mövcud olduğunu göstərir. Əgər iranlılar bəzilərinin iddia etdiyi kimi İslama zərbə vurmaq üçün şiəlikdən istifadə edirdilərsə, o zaman nə üçün Əhli-beyt (ə) düşməni olub onların özünə zərbə vururdular. Bu məsələyə daha dəqiq yanaşsaq, məlum irad heç də şiəliyə qarşı olanların xeyrinə deyil. Çünki əgər iranlılar İslama zərbə vurmaq, onu məhv etmək məqsədi güdürdülərsə, deməli, şiəliyi həqiqi İslam hesab edir və ona qarşı çıxırdılar.




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə