Həzrət Əli: İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı və ağılsız olduğu bilinməyir



Yüklə 55,75 Kb.
səhifə4/9
tarix16.06.2022
ölçüsü55,75 Kb.
#89620
1   2   3   4   5   6   7   8   9
Mövzu -14 (1)

Cavabvermə

İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digərlərinə ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində “Sizi başa düşdüm”,


“Sualınız mənə aydındır”, “Aydındır”, “Çalışaram, məsələyə aydınlıq gətirəm”, “Sualınıza görə təşəkkür edirəm”, “Bu çox yaxşı və gərəkli sualdır”, “Çox yerində verilən bir sualdır” və s. kimi nəzakətli ifadələr işlədilməlidir. Cavabdan sonra qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa daha yaxşı olar. Bu məqsədlə belə ifadələr işlədilə bilər: “Razı qaldınızmı?”, “Cavabım sizi qane etdimi?”, “Deyilənlərə etirazınız yoxdur ki?”, “Sizi razı sala bildimmi?”, “Deyilənlərlə razısınızmı?”, “Razılaşmırınızsa nə üçün?”, “Bunu nə ilə izah edə bilərsiniz?” və s.

Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Tək-tək olsa da kobud sözlər və ifadələr işlədilir: “Səni başa salmaq çətindir”, “Vaxtımı alırsan”, “Ürəyimi çəkirsən”, “Sən belə şeyləri başa düşməzsən” və s. Verilən sualın əvəzində “Zəhləmi tökmə”, “Başımı ağrıtma”, “Açıl başımdan”, “Mane olma”, “Vaxtımı alma” və s. kimi ifadələri işlədən adamlara, xüsusən müəllim və valideynlərə heç bir halda bəraət qazandırmaq olmaz. Cavab vermək bacarığı insanın əsas keyfiyyətlərindən biridir. Cavab verən təkcə bilik və məlumatını deyil, eyni zamanda, öz mədəni səviyyəsini də nümayiş etdirir. Danışan söhbət boyu dinləyicilərin istək və arzularını gözlərindən oxumalı, cavabları səmimiyyətlə qəbul etməli, bu zaman ifrat tərifə və ya məzəmmətə yol verməməlidir. Natiq suallara aydın, lakonik və müvafiq emosional çalarda cavab verməyi bacarmalıdır. İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli sözlər, ifadələr eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır, məmnunluq duyurlar.




Nitqi dinləmə bacarığına yiyələnmək. “Başqasını dinləməyi bacarmaq böyük məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin nəcib əxlaqın təzahürüdür” (31, 88). Bu keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir” (Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana, istəsən ki, övladın əsl vətənmdaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrət. Nitqi dinləmək bacarığına ictənilən səviyyədə sahib olmayan adamların


başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir, nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-məsəlində deyilir ki, qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər yerinə düşən kəlamdır.


Təxmini statistikaya görə insan bir günlük vaxtının 30%-ni danışmağa, 45%-ni isə eşitməyə, dinləməyə sərf edir. Ünsiyyət zamanı ötürülən informasi-yanın 60%-i eşitmə, dinləmə vərdişlərinin zəifliyi, mövzuun dinləyən üçün maraqsız olması və s. səbəbindən ya yarımçıq, ya da dolaşıq bir şəkildə qavranılır. Bunu nəzərə alıb düzgün danışmaqla yanaşı, nitqi qavrama vərdişlərinə də yiyələnmək lazımdır. Amerikanın məşhur teleaparıcısı Larrı Kinq qeyd edirdi ki, danışmaq qolf oynamaq və ya maşın sürmək kimidir. Bu sahədə nə qədər erkən və müntəzəm iş aparılsa insan ona, eləcə də eşitmə qabiliyyətinə daha mükəmməl şəkildə yiyələnə bilər.


Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul etməməli, o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və ya olmadığını, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin təsirini duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya genişləndirmək və sairədə danışana kömək edir.


Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda müdaxilə edilə bilər:


1. Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı istiqamətləndirirlər.





  1. Məlum olan əşya və hadisə barədə danışıldıqda.




  1. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.




  1. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə

ehtiyac dujyulduqda.





  1. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.


Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət çərçivəsindən kənara çıxmamalıdır. Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı halda başını yelləmək və s. danışanı çaşdıra, fikrindən yayındıra bilər. Danışanın nitqi bunun üçün əlverişli məqamlarda, daha çox müsahibin etdiyi davamlı fasilələr zamanı kəsilə bilər. Nitqə hər hansı bir münasibətlə müdaxilə edildikdə müsahibə “Bağışlayın”, “Üzr istəyirəm”, “İcazə verin”, “bir dəqiqə” və s. kimi nəzakətli söz və ifadələrlə müraciət olunmalıdır. Müsahibin sözünü ağzında qoy-maq, onun nitqini “Düz danışmırsan”, “Səhv edirsən”, “Gah nala, gah da mıxa vurursan”, “Bir şeyi bilmirsən, danışma”, “Vaxtımızı alma”, “Bir az qısa elə” və s. replikalarla kəsmək nəzakətsizlik sayılmalıdır. Dinləmə zamanı əsnəmək, başqaları ilə söhbət etmək, tez-tez saata baxmaq, gözü yol çəkmək və s. kimi hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi qabiliyyətdir. İnsanda bu keyfiyyət onun mədəni səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdəndir.



Yüklə 55,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə