İKİNCİ Kİtab 1917-ci ildə Bİr neçƏ SÖZ



Yüklə 0,99 Mb.
səhifə9/16
tarix29.01.2018
ölçüsü0,99 Mb.
#22922
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

7
Təqribən üç-dörd verstlik bir məsafədən sonra şoseni tərk edib, sağ tərəfə çönməli idi. Şəhər dairəsi bitib kəndlər başlayırdı. Şosenin o tay-bu tayındakı xəndəklər at cəsədləri və sınıb düşmüş arabalarla dolu idi. Rüstəmbəy Məhəmmədi çağırıb, yolun sağ tərəfindəki axına mane olmasını əmr etdi. Süvarilər yavaş-yavaş hücuma başladılar. Yenə söyüş, təhdid və qamçı qüvvəsi ilə yolun sağ tərəfi addım-addım istila olunmağa başladı. Karvan böyük çətinliklə məqsədinə çatdı. Artıq məsələ bitmiş hesab edilə bilərdi. Cənub yolu başlar-başlamaz karvan asanlıqla sağa dönüb, axından qurtardı. Bu yol tamamilə boşdu. Hər kəs Rusiyaya doğru gedən ən yaxın şərq yolunu təqib edirdi.

Asudəliyə çıxaraq, Rüstəmbəy qazalağının sürətini azaltdı və xoş bir təbəssümlə Musyaya baxıb:



  • Musya, - dedi, - çətinlik bitdi; indi heç bir qorxu yoxdur. Yollar olduqca gözəldir, səfalı yerlərdə düşərgə qayırıb istirahət edəcəyik.

Musya Rüstəmbəyin sözlərindən son dərəcə məmnun olaraq gülümsədi və sağ yanağında lətif çökək zühur etdi.

Bir də, son araba karvandan qırılıb geridə qalmış - deyə xəbər gəldi. Rüstəmbəy, Vanya, Boris və bir neçə işçi piyada olaraq, xəndəklə yuxarı diklənməyə başladılar. Arabaya toxunulub, bir təkəri xəndəyə düşmüşdü. Boris üst tərəfə keçib yolla gələnləri qamçı ilə durdurmağa çalışdı. Şoseyə çaxnaşıq düşdü. Bir soldat arabasının qəflətən dayanması qəzaya səbəb oldu, arxadakı avtobus arabaya çarpıb onu xəndəyə sürüklədi. Boris özünü xəndəyin o biri tərəfmdəki bostana atıb canını qurtardı. Bununla məsələ bitmədi, avtobus inersiyaya tabe olaraq, bir təkəri xəndəkdə olan arabanı da aşırdı. Atlar yıxılıb çapalamağa başladı. Hər tərəfdən söyüş və bağırtı qopdu. Vanya ilə Boris köməyə qoşdu. Arxadan Rüstəmbəy gəldi. Cəld atları açıb, bostana keçirdilər. İşçilər qənd və un kisələrini daşımağa başladılar. Nəhayət, oxu sınmış arabanı da böyük zəhmətlə sağ yola çıxara bildilər.

Bu hadisə qadınlar üçün bir əyləncə oldu: hamı iki yolun ayrıcına toplanıb uzaqdan seyr edirdi. İşlərini müvəffəqiyyətlə bitirib geri dönən kişiləri qəhrəmanları qarşılayan kimi qarşıladılar. Rüstəmbəy Musyanın qoluna girib qazalağa mindi. Oxu sınmış arabanı və atları arxa tərəfə bağlayıb, yola düşdülər.

Günəş qalxmış, isti can sıxırdı. Karvan yavaş-yavaş yürüyürdü. Borislə Vanya Rüstəmbəyin qazalağı ilə yan-yana gedərək, söhbət edirdilər.

Vanya deyirdi:


  • Tələsik çəkildik, çox şeylərimiz anbarda qaldı. Yaxındakı kənddə axşamlayıb, yükümüzü yenidən yoxlasaq fəna olmaz.

  • Almanların yaxında olması da mübaliğəli imiş, - deyə Boris əlavə etdi.

Rüstəmbəy:

  • Sınan arabanın yüklərini o birilərə yığdıq, onlar da sına bilər, arabanı da təmir etməlidir.

  • Arabanın birini boşaldıb, anbarda qalan qənd və undan gətirməlidir. Niyə batsın...

Mülahizələr yürüdülərkən kənd də görünməyə başladı.

Kənddən yalnız bağçalı bir ev qalmışdı; yerdə qalanı uçub dağılmışdı. Burada qoca bir polyak ailəsi yaşayırdı. Bir qoca kisi və iki yaşlı qadından ibarətdi. Müharibə başlar-başlamaz bunlar gənc övladlarını Avstriyanın içəri cəhətlərinə göndərmişdilər. Vaxtilə müəllimlik edərmişlər, indi artıq üç-dörd ildən bəri evə gözətçilikdən başqa sənətləri yoxmuş. Otaqların birində özləri qalıb, yerdə qalanı ötüb keçən hərbilərin mənzili olur. Vaxtilə gözəl olan bu ev indi olduqca dağılmış, heç bir təmir də görməmişdi. Bağça da xaraba halda idi.

Karvan evin qarşısında dayandı. Borisi ev sahibinin yanına göndərdilər. Bir az keçməmiş Boris gülə-gülə evdən qayıtdı:


  • Gəlin! - deyə yoldaşlarını çağırdı.

Borisin arxasınca ev sahibi də çıxdı. Başının seyrək tükləri səliqə ılə daranmış, ağ bığları burulub, ucları yuxarı qaldırılmışdı; üzü yenicə qırxılmışdı və qulaqlarında pudra izləri görünürdü. Əynindəki köhnə ağ şalvardan, mod boyunbağıdan vaxtilə səliqə ilə geyinməsi duyulurdu. Nəzakətlə qonaqlara təzim etdi və polyak şivəsi ilə:

  • Xoş gəlmisiniz, əfəndilər! - dedi.

Otaqların biri qadınlara, ikisi də kişilərə təxsis olunub, səfər çarpayılarını və yataqları oraya daşıdılar.

8
Axşam yeməyinə ev sahiblərini də çağırdılar. Kişi qara pencəkli və qarılar da şleyfli, qara atlaz paltarda gəlmişdilər. Əllərində uzun zəncirləri boyunlarına keçmiş lornetləri də vardı. Dörd il davam edən müharibə, qan və vəhşət bu ailənin kübar adətlərini pozmamışdı. Evlərində piano varmış və hər gün sevdikləri kompozitorlardan birər parça çalarmışlar.

Polyak ailəsinin gəlməsi mədəniyyət ətrafında bəhs açılmasına səbəb oldu.

Vanya Avstriya mədəniyyətinin rus mədəniyyətindən yüksək olduğunu etiraf etməklə bərabər bu mədəniyyətin müəyyən sinfə mənsub olmasını irəli sürürdü.


  • Mədəniyyət nə deməkdir? Müəyyən sinfın yaratdığı bir məhsuldur. Avstriyada da mədəniyyət yaradan zadəgan və burjuaziyadır. Əməkçi xalq bundan istifadə edə bilmir. Rusun kəndlisi savada belə möhtac olduğu halda, polyak panları mədəniyyətin hər sahəsini mənimsəmişdilər.

Ev sahibi nəzakətli bir tərzdə sinif məsələsini rədd edərək, mədəniyyəti milli zəkaya isnad etdi:

  • Polyakların əksəriyyəti mədənidir, - dedi, - rusinlər isə mədəniyyəti mənimsəyə bilmirlər. Çox tənbəldirlər. Baxın, zadəgan və burjuaziyası belə polyaklara nisbətən çox geridirlər.

Boris yavaş səslə:

  • Pan, - dedi, - bizim Rusiyada hökumət xalqı qaranlıqda saxlayırdı. Onlara məktəb açmırdı. Mədəni imtiyazlardan yalnız bir qrup istifadə edə bilirdi.

Ev sahibi:

  • Ədalətlə söyləməliyəm Avstriyada qanun qarşısında hər kəs bərabərdi.

İndiyə qədər sakit duran Olesya (Musyanın yoldaşı) birdən dilləndi:

  • Pan, - dedi, - məsələ sizin dediyiniz kimi də deyil; baxın, mən iki ildir cəbhədəyəm. Burada qanunun hər kəsi bərabər tutduğunu görmürəm. Ukraynalılar daim əzilmiş, istismar olunmuş və onları müdafıə edən də olmamış. Hökumətə yaxın olan polyak zadəganı öz millətlərindən başqa kimsənin halına qalmamışdır. Hər şey polyakın, başqasının canı çıxsın! - demişlər. Daha qanun qarşısındakı bərabərlik harda qaldı?

Olesyanın ukraynalı olub milli məfkurə daşıdığı ilk dəfə olaraq meydana çıxdı. Olesya istər polyaklara, istərsə ruslara qarşı bəslədiyi düşmənçiliyi açıqdan-açığa bildirirdi. Polyak və rus gəlmələri əvəzində "lyax" və "moskal" kimi təhqiramiz sözlərdən belə çəkinmirdi. Rus və polyak dillərini bildiyi halda, hər kəslə yalnız ukraynaca danışırdı.

Məclisdə milli məsələnin kəskin bir şəkil alacağını, duyan Rüstəmbəy məclisi pozmağa çalışırdı:



  • Yoldaşlar, münaqişəni buraxın da, gözəl gecədən istifadə edək; gəzmək istəyənlər qalxsınlar, - deyə özü qalxaraq, örnək olmaq istədi. Onu mütəaqibən qadınlar yemək masasını tərk etdilər.

Rüstəmbəy Musyanın qoluna girib, yolun qırağına doğru seyrə çixdı.

9
Axşam qənd, yağ və un üçün iki araba göndərilmişdi. Bunlar sabah erkən dolu gəldi. Rüstəmbəy ot biçdirib, üzərində yatmışdı. Səsə oyandı. Hamı qalxdı; arabaçılar hələ yatırdı. Gecə bunlar müfrizə aptekindən spirt oğurlayıb içmişlərmiş. Oyadılıb töhmətləndirildilər. Sərxoşların sayəsində karvan ancaq günəş qalxan zaman yola düşə bildi. Ev sahibləri ilə səmimi olaraq vidalaşdılar və xoş təsir buraxmaq üçün onlara təqribən iki aylıqlarını təmin edə biləcək miqdarda məkulat verildi.

Yazlavesə qədər yol tanışdı. Ötəki tərəfıni görmədikləri üçün əməkdaşlara maraqlı gəlirdi. Gözəl şoselər, abad qəsəbələr gözə çarpırdı. Lakin hər yerdə də rusin kəndliləri avam və qeyri-mədəni kimi görünürdü.

Bir neçə günlük səyahətdən sonra karvan Kamenets-Podolskiyə çatmadan şərqə dönüb, köhnə Rusiya hüdudunu keçdi. Avstriyanın gözəl şoseləri çınqılla döşənmiş rus şosesi ilə əvəz olundu.

Axşamdan çox keçmiş bir kəndə yetişib, keşişin evində qonaq qaldılar. Keşiş vətəndaşlarına əlindən gələn hörməti etdi, bütün əməkdaşlara ağ çörəklə süd verdi. Vətənpərvər bir hisslə ordunun övzaını sordu və cəbhənin pozulmasından olduqca mütəəssir oldu. Karvan kəndin qəbiristanını düşərgə edərək, orada gecələdi.

Kənddə qəzet olmadığı üçün vəziyyətin nə halda olduğu aydınlaşa bilmədi. Alman haralara hücum etmiş, nə qədər əsir düşmüş, bu məğlubiyyətin daxildəki təsiri necə olmuş... Bu kimi suallara hər kəs cavab arayırdı da, tapa bilmirdi. Bunun üçün mədəni mərkəzə yetişmək əməkdaşlar üçün bir məfkurə təşkil edirdi. Lakin gedəcəkləri Proskurov şəhərinə qədər xəritədə belə bir mərkəz görünmürdü. Yollar həp kəndlərdəndi.

İkinci gün bir zadəgan köşkünü düşərgə etdilər. Ev sahibləri polyak imiş, vaxtila paytaxta köçüb, evə gözətçi olaraq, bir xanım qoymuşdular. Bu xanım zemstvo karvanını düşmənçiliklə qarşıladı Buna baxmayaraq əməkdaşlar köşkün bir hissəsində yerləşdilər. Köşk ikimərtəbəli böyük evdi. Qiymətli mebeli və təfrişatı, muzeyi vardı. Geniş zalı, bilyard otağı, zəngin kitabxanası, həyətində oranjereyası və döl heyvanları vardı. Köşkün ətrafında səliqə ilə bağ salınmışdı.

Köşk olan kənd böyükdü və başdan-başa yeknəsəq komalardan ibarətdi. Hələ kəndə girərkən kaşana ilə yan-yana duran yoxsul damlarını görən Vanya;


  • Baxın, bu onlarca fəqir komalar qazandığını bu parazitlər yeyir, - demişdi. Sonra intiqam hissi ilə titrəyən səslə: - Bunların hamısını sakinləri ilə barabər yıxıb məhv edəcəyik! - deyib əlavə etmişdi.

Olesya da köşkün polyaka mənsub olduğunu duyar-duymaz milli ədavəti coşmuşdu:

  • Bu istismara qarşı Ukrayna milləti laqeyd qala bilərmi? - deyə köksünü ötürmüşdü.



10
Gözətçi qadının etirazına baxmayaraq, həyətin bir guşəsində ocaq qalanıb, yenıcə kəsilmiş qoyunun ətindən xörəklər hazırlanırdı, tüstü həyəti bürümüşdü. O biri tərəfdən Venus heykəlini əhatə edən ciçəklik döşənmiş, əməkdaşlar kefə məşğuldular. Spirtdən yapılmış araq və əlvan məzələr düzülmüşdü. Qadınların başına çiçəklərdən qayırma taclar qoyulmuşdu. Vanya tacı qızıl, Rüstəmbəy bənövşə və Boris də sarı çiçəklərdən yapmışdı. Qızıl - eşq ya inqilab; bənövşə - nəfislik; sarı da - vəfasızlıq manasına idi. Qadınlar öz taclarından olduqca məmnun qalmışdılar. Bilxassə Zina nəşəsindən bayılırdı; Borisin onu Vanyaya qısqanması Zinaya həzzlər verirdi. Qadınını vəfasızlıqla qəbahətləndirən Boris zahirən Olesyanın yanında oturmuşdusa da, bütün varlığı Zinaya bağlı idi. Zinanın Vanyaya qarşı işvəkar davranması onu odlayırdı. Gitaranı bağrına basıb, üfüq bəkarətini hələ üzlərində daşıyan məhcub aya baxaraq, simləri ağladır. Vanya Zinanın boynunu qucaqlayıb, yanıqlı şərqilər söyləyirdi.

Rüstəmbəy qədəhlərin doldurulmasını təklif edib, sağlıq başladı:



  • Yoldaşlar, - dedi, - bu axşam eşq ilahəsi Venusun qonaqlarıyıq. Aydın gecə, nəfıs hava, ətraf çiçək, hamımızın köksündə gənc ürək çarpıntısı... bunlarda böyük bir sirr, dərin bir məna yoxmu? Venusun dodaqlarında həkk olan lətif təbəssümə baxın. Bu təbəssüm eşq ilahəsinin bizdən məmnun olduğunu göstərmirmi? İlahəni daha məmnun etmək üçün onun təmsil etdiyi daimi hissin şərəfınə içəlim. Yaşasın eşq! Yaşasın hisslərimizi tac edərək, başlarında daşıyan qadınlar!.. Hər tərəfdən: - Yaşasın! - deyə, - səslər eşidildi. Rüstəmbəy qədəhini qaldıraraq, qadınları alqışladı və gözləri Musyanın gözlərinə sataşdıqda, bir az dayanıb, sonra coşqun bir halda:

  • Musya, ey təsadüfun tufanından dərilmiş çiçək! Eşq ilahisinin qarşısında and içirəm ki, sizə qarşı ən incə, an nəfis və ən yüksək hisslər bəsləyirəm. Gözəl saçlarınız üzərində iftixarla yerləşən tac solar, ancaq o tacın təmsil etdiyi hisslər solmaz! - deyə nitqinə xitam verdi.

Rüstəmbəy alqışlandı. Zina kinayə ilə:

  • Rüstəmbəy, sairanə mühit və araq sizi də həssas etmiş, - deyə qədəhini onun qədəhinə vurdu.

Məzələr bitib, xörəklər gəldi. Keçirilən qorxu, əziyyət və yorğunluğu unutmaq ehtiyacı hələ də qüvvətli idi. Voronova araq hazırlanması əmr olundu. Sərxoş beyinlər yenidən dumanlanmağa başladı.

Bu dəfə bölük müdiri Kasparyanın təklifı üzrə Rüstəmbəy tamada seçildi. Məclisin indiyə qədər nizamsız getməsinə təəssüf edərək, iştirak edənlərin sağlığına "nizam"la birər-birər içildi. Bölük müdirləri də varlıqlarını bildirməyə başladılar. Kasparyan söz istədi:



  • Yoldaşlar, - dedi, - iş göstərməsə, insanı tanımaq olmazmış. Məsələn, biz Rüstəmbəyi bir taləbkar amir, intizampərvər iş adamı, başqasını işlədən, bəzən sərt və özü də ifrat işləyən bir adam kimi tanıyırdıq. Rüstəmbəy fanatik bir rəhban kimi həyat keçirirdi, həsrətində olan qadınlar ona yanaşmağa belə cəsarət etməzdilər, çünki "iş vaxtı yalnız iş" onun başlıca şüarı idi... Yoldaşlar, ricət qorxuları və yol sarsıntılarından sonra biz Rüstəmbəydə yeni sifətlər kəşf edirik. Rüstəmbəyin böyük məclis adamı və gözəl yoldaş olması meydana çıxır...

Bu həqiqi amirin və səmimi yoldaşın şərəfinə içəlim.

  • Yaşasın Rüstəmbəy! - deyə səslər qopdu.

Boris gitaranı kökləyib çaldı. Vanya da şərqi söylədi.

11
Gənc əməkdaşlar məclisin axırına qədər davam edə bilməyib, bir-bir cərgədən çıxdılar. Bunların bəzisinin qolundan və qıçından yapışıb, otun üzərinə uzandırdılar. İçkidən özlərini qaib etmişdilər. Böyüklərdən Boris, Kasparyan və Zinadan başqa kimsə qalmadı. Zina da içmişdi: lakin mətin və nəşəli idi. Rüstəmbəy:

  • Məclisin sonunu Venusun pərəstişi ilə bitirəlim, - deyə təklif etdi.

Qalxdılar, çiçəklər dərib, eşq ilahəsinin saçlarını, gərdənini və sinəsini bəzədilər. Sonra bir qız, bir oğlan əl-ələ tutaraq Venusun önündə diz çökdülər və sitayiş edər kimi baş əyib, bir-biri ilə öpüşdülər.

Bununla məclisə xitam verib, qoşa-qosa gəzməyə getdilər.

Çiçəklikdən sonra xiyabanlar başlayırdı. Əsgər kimi düzülmüş cinarlar uzun kölgələr salmışdı. Dərin bir sükut ətrafı bürüyərək kainatla həmahəng olmuşdu. Zina Vanyanın, Olesya Kasparyanın, Musya da Rüstəmbəyin qolunda idi. Arxadan əlli addımlıq bir məsafədə Boris onları izləyərək, gitarası ilə dərdləşirdi; simlər gecənin istirahətinə qarşı fəğanlar qoparırdı.

Musyanın incə geyimi hərarət saçırdı. Rüstəmbəy gənc qızın hərarətindən xoşlanıb, sözlə iradə olunmaz həzzlər duyurdu. Musya yapdığı təsiri sövqi-təbii ilə hiss edir və Rüstəmbəyin üzünə həsrətlə baxırdı. Rüstəmbəy bir söz söyləməyib, məst və məsud addımlarla səthi yaldızlanmış gölçəyə doğru yürüyürdü.

Musya dayandı, əlini Rüstəmbəyin qolundan çıxarıb, saçlarını düzəltməyə başladı. Titrədilən saçlardan havaya ətir saçıldı. Saçlarını nizama saldı və arxa tərəfə çönüb, uzun xiyabanı süzdü:


  • Bu xiyabanın adını bilirsinizmi? - dedi.

Rüstəmbəy qızın qarşısında məst bir hal alaraq, cavabdan aciz qaldı. Musya:

  • Xiyabanın adına "Hələ ifadə olunmamış fıkirlər" deyərlər, - deyə öz sualına özü cavab verdi.

Rüstəmbəy gülümsədi; lakin gülümsənməsi ilə Musyanın məramını anlamaması meydana çixdı. Musyanın ürəyi sıxıldı. Məyus bir halda yola davam etdi və bir-iki addım da Rüstəmbəydən irəlidə yürüməyə başladı.

Gölçə ayın sədəf hədiyyələrini köksünə toplayaraq uyuyurdu. Sallama söyüdlər pərişan kölgələri ilə gölçənin bir tərəfini istila etmişdi. Hər şeydə eyni ifadə, eyni təzahür vardı: sükun, dərin sükun... sirr hər yerdə hökmfərma idi.

Kölgəliyə sıxılan bir skamyaya oturdular. Rüstəmbəy qolunun bırini skamyanın söykənəcəyinə buraxıb qaldı, Musya bir az ona meyllənərək, oturub əvvəl sükutu pozmağa cəsarət etmədi.

Kasparyanla Vanya da gəlib gölçənin ötəki tərəfində yerləşdilər. Boris görünmürdü, yalnız yanıqlı şərqisi uzaqlardan eşidilirdi.

Musya üçün Rüstəmbəy bir sirr olmuşdu: yarım saat əvvəl hər kəsı əyləndirən, nəşələndirən bu adam indi qələndəri dərviş kimi zikrə dalmışdı. Musya ərklə əlini onun qoluna salıb, başını çiyninə söykədi:


  • Niyə dinmirsiniz? Bir şeylər söyləyiniz, sizi dinləmək istəyirəm, - dedi, səsində əninlər duyuldu.

Rüstəmbəy diksinib sanki yuxudan ayıldı. Musyanın əlini alaraq:

  • Nə deyim?.. Mənə belə gəlir ki, bu gecənin sükutunu pozmaq böyük günah işləmək deməkdir... hava dalmış, gölçə dalmış, ağaclar yarpaqlarını belə qımıldatmaq istəmir, bunlarda bir sirr var. İnsan da müstəqil həyatından ayrılıb, kainata qoşulmaq istəyir. Danışmaq bu arzuya mane olur.

Musya Rüstəmbəyin mülahizələrini mürşid kəlamı kimi qəbul edib, bir müddət susdu. Lakin Rüstəmbəyin duyduğu batini həzzlərə vara bilmədi.

Rüstəmbəyi dinləmək ehtiyacı ona aman vermədi. Yenə onun qoluna girdi, oxşandı və xəstə baxışla ona tamaşa etməkdən çəkinmədi.

Uzaqdan xoruz banı eşidildi. Bunu mütəaqib bir neçə xoruz da səsləşdi.

Rüstəmbəy əllərini havada fırladaraq:



  • Ah, xain xoruz! Məni ana dənizdən ayırdın, - deyə içini çəkdi.

Musya Rüstəmbəyin sözlərini anlamadı:

  • Siz çox tühafsınız, - dedi, - dəniz nədir? Musyanın safdilliyi Rüstəmbəyə xoş gələrək güldü:

  • Musya, - dedi, - hiss etibarilə kişilərlə qadınlar arasında təbii bir fərq vardır. Qadının hissi vahiddir. Bu hiss əbədi və əzəlidir. Sevmək və sevilmək qadın üçün yeganə bir məfkurədir. Başqası yoxdur. Kişilərin, bilxassə fıkir yürüdən kişilərin hissində ikilik var: sevib-sevilmək məfkurəsi xaricində o, ikinci bir məfkurəyə pərəstiş edir. Bu, mənəvi eşqdir. Burada qadın yoxdur. Ürək beyinlə uzlaşıb barışır. Dəruni bir ahəng vücuda gələrək, insanı maddi aləmdən ayırıb, nisyan istirahətinə daldırır. Dəniz dediyim nisyan istirahətindən ibarətdir. Mən nəyəm?.. Müvəqqəti həyat üçün dənizdən ayrılmış bir damla! Qətrə arabir dənizə qovuşub da qəlbi istirahət bulmalı... Yoxsa maddiyyət çarpışmaları onu üzər...

Rüstəmbəyi heyrətlə dinləyən Musya onun sözlərini kəsib:

  • Sizin də hissinizdə ikilik varmı? - deyə sordu.

  • Təbii.

  • Görmürəm. Nisyan eşqi olduğunu duyuram! O birisini görmürəm.

Musyanın sözləri əvvəl Rüstəmbəyi şaşırtdı, gülümsədi, cavab verə bilmədi. Sonra Musyanın əlini dodaqlarına aparıb:

  • Bəlkə də haqlısan, - deyə öpdü, - ancaq... tanışlığımız çoxmu oldu? Bu vaxt bir adamı öyrənməyə az deyilmi?!

Musya Rüstəmbəyin əlini əlləri arasına alıb oxşadı. Qadınlıq heysiyyəti məmnun kimi gorünürdü.

12
Köç üçün əmr verildi. Hazırlıq başlandı. Bütün əməkdaşlar iş başında idi. Gözətci polyak qadını fırlayıb həyətə çıxdı:

  • Uyğunsuz işlər görürsünüz, vəhşi barbar da sizdən yaxşıdır Gecə atları buraxmışlar, botanik bağçanı korlamış, fıdanlığı alt-üst etmişdir. İşçilər meyvə ağaclarını yolmaqla kifayətlənməyərək, zirzəminin qapısını sındırıb, əlli-altmış illik şərabları oğurlamışlar. Belə olurmu? Almanlar bu vəhşi ölkəni istila etməkdə haqlı deyillərmi? Gəlsələr, bu torpaqda nizam və intizam olar. Bir daha bu axşam yapılan vəhşətə yer qalmaz...

Rüstəmbəy qadının şikayətlərini eşidər-eşitməz haman məsələni tədqiqə başladı xanım tamamilə haqlı imiş. Ən qiymətli ağaclar yolunub tökülmüş, çiçəklər tapdadılmışdı. Köşkün dörd tərəfı nəcisdi. Zirzəmidə qədim sərabı içməkdən başqa, qabları sındırıb yerə atmışdılar. Bir çox yerdə qapı və pəncərələri belə sağ buraxmamışdılar. Xülasə, köşk talan edilmiş yəhudi evlərini andırırdı...

Rüstəmbəylə Vanya bölük müdirlərini çağırıb, məzəmmət etməyə başladılar. Rüstəmbəy:



  • Qaldığımız yerlərdə ən acı təsirlər buraxırıq. Baxın, vaxtilə Rusiyaya ilhaq etmək istəyən rusinəri belə pozulub geri qaçmamızla sevindirdik. Səbəbi göz qarşısında, - deyə Rüstəmbəy əli ilə güllüyü və zirzəmini göstərdi...

Vanya onun sözlərini kəsərək:

  • Biz hakimiyyətin proletariata verilməsini tələb edirik; çünki proletariat hakimiyyətinin əməkçilərə xoşbəxt həyat təmin etməsinə inanırıq. Belə tələbdə bulunduğumuz halda xuliqanlığa yer verməyə haqlıyıqmı? Mən də zülmlə yapılmış bu kaşanələrə düşmənəm. Lakin sizin adamların yapdığı tərzdə deyil. Biz gözəl binalar, bağ-bağçaları, abadanlığı yıxmayacağıq; içindəkilərin hakimiyyətini qırdıqdan sonra mülklər zəhmətkeşlərin olacaq. Bu evlərdə işçilər istirahət edəcəklər. Bu gün-sabah bizə keçəcək abadanlıq pozulurmu? Öz malına qarşı düşmən kəsilmək şüursuzluğumuzu göstərmirmi?..

Boris məzəmmətdən dilgir olaraq:

  • Vanya, - dedi, - bizimkilərin yıxıcı olduğunu yenimi görürsən? Bunlar həmişə belədir. Bunu gözəlcə bilirsən. Yenə əvvəllər cərimələmə ilə qorxudurduq; indi mujik heç bir şeydən qorxmur. Cəzalanmaq üçün qovsan, daha da sevindirərsən; çünki yaxalarını bizdən çoxdan qurtarmaq istəyirlər. Bunları qorxudan başqa bir cəzan varmı? Yoxdur.

Vanya:

  • Onlarda sinfı duygu oyadın! - deyə bağırdı.

Boris:

  • İştə, oyatdıq, - dedi, - zadəganlar düşmənimizdir, deyə belə edirlər.

  • Bu, firqənin xətti-hərəkətini anlamamaq deməkdir, - deyə Vanya əllərini havada oynadıb yanına saldı...

Gözətçi qadının yanında uzun-uzadı münaqişə oldu. Kimsə kimsəni qane edə bilmədi. Nəticədən də bir şey çıxmadı. Yalnız işçilər deyil, əməkdaşların da zaldan bir çox şey "çırpmaları" yolda bəlli oldu.

Bu dəfə Rüstəmbəy əməkdaşlarına qarşı sərzəniş oxları yağdırmağa başladı. Ortalıqda kəskin münaqişə vücuda gəldi. Rüstəmbəy rus düşmənçiliyi ilə belə ittihara olundu. Musya Rüstəmbəyin müdafiəsinə qoşdu.



  • Siz hamınız qərəzlə danışırsınız, - dedi. - Heç kəs qəbahətini etiraf etmək istəmir. Biz mədəni deyilik, vəssalam. Qalitsiyada öz xristian və slav qardaşlarımız bizdən razı qaldılarmı? Qalmadılar. Polyaklar qədimdən bizə düşməndilər; rusinləri də düşmən etdik; çünki bizim vəhşət və yıxıcılığımıza kimsə dözə bilmir..

Əməkdaşlar arasındakı münaqişə və gərginlik yeni düşərgəyə qədər davam etdi.

13
Karvan dayandı, əməkdaşlar arabalardan tökülüb, qəsəbəyə getdilər. Əksəri yəhudi dükançılarından ibarət olan bazar kir və üfunətdə batmışdı. Əməkdaşlar hər şeydən əvvəl qəzet arayıb, böyük maraqla oxudular. Alman hücumunda davam edirmiş. Ordu pozulmuş və bir çox yerdə əsgərlərin zabitləri öldürməsi baş vermişdi. Bunun önünü almaq üçün yenicə baş komandan təyin olunan general Kornilov hürriyyət elanı ilə ləğv olunan ölüm cəzasmı təkrar ehya etmişdi...

Rüstəmbəy bu qərarı təsvib edərək, intizamın bərpa edilməsinə ümid etdi; lakin fikrini kimsəyə açmadı.

Əməkdaşlar qəsəbəni dolaşıb zəruri hesab olunan bəzi şeylər aldılar. Geri dönərkən kirli bir pəncərədən gələn gurultulu çocuq səsləri nəzərlərini cəlb etdi. Qapıdakı səliqəsiz lövhədən buranın yəhudi məktəbi olması meydana çıxdı. Rüstəmbəylə Musya içəri girdilər. Səsdən qulaq tutulurdu. Fəna qoxu ürək bulandırırdı. Xırda, tozlu otaq yan-yana sıxılmış çocuqlarla dolu idi, Birisi ortada durub, əlindəki çubuğu havada oynadır, uşaqlar da çubuğun qorxusundan əllərindəki kitablara baxaraq bağırışırlardı. Başı araqçınlı ravvin yuxarıda oturub, yazı ilə məşğuldu... Rüstəmbəy çocuqluqda oxuduğu mollaxananı xatırladı.

O biri əməkdaşlar küçədə oturub, Rüstəmbəylə Musyanı gözləyirdilər. Bunlar gələr-gəlməz yola davam etdilər. Rüstəmbəy Vanyaya müraciət edərək:



  • Vanya. - dedi. - günəş batmadan karvanı yerləşdirməliyik. Buralar çox murdardır. Bir yaxşı yer axtarmalı.

Vanya:

  • Atı yəhərlədib özüm getməliyəm. Yəqin yaxında köşk var, bunsuz deyil.

Karvanın durduğu yerə dönüb Vanya ilə Voronov atlanıb getdilər.

Yarım saat sonra karvan mütəvaze bir köşkün yanında yerləşdi. Köşk sahibləri rus idilər. Qonaqları məmnuniyyətlə qarşıladılar. Əməkdaşlar evin ikinci mərtəbəsindəki uzun balkonda yerləşdilər. Balkonun önünü sarmaşıq ortmüşdü. Ətraf bağlıqdı. Hər yerdə pintilik və tənbəllik izi gözə çarpırdı. Bağ və xiyabanları alaq basmışdı. Qurumuş ağaclar kəsilməmiş dururdu. Evdəki nökərlər cır-cındır içində idi. Sarısaqqal, alçaq boylu ev sahibinin üzünə sərxoşluq damğası basılmışdı...



Nataşa ilə Voronov yemək tədarükünə düşdülər. Qaynar suda qızdırılmış konserv qutuları açıldı. Əməkdaşlar yuyunub, yeməyə oturdular.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə