İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Qədr gecəsinin və ondan səmərəli istifadənin əhəmiyyəti



Yüklə 1,36 Mb.
səhifə13/23
tarix14.06.2018
ölçüsü1,36 Mb.
#49115
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

Qədr gecəsinin və ondan səmərəli istifadənin əhəmiyyəti

Namazda iştirak edən əziz qardaş və bacıların hamısını sözdə, əməldə, hətta zehində və insana hakim olan hisslərdə təqvaya, əmrləri, qadağaları və ilahi iradəni nəzərə almağa çağırıram. Bu gün ramazan ayının on doqquzudur. Ötən axşam qədr gecəsi olması ehtimal verilən gecələrdən biri idi. Ümumi olaraq çox əziz və mübarək günlərdir. Qədr gecəsi olması ehtimal verilən iki gecə qarşıdadır. Tehran şəhərinin əziz və mömin əhalisi bu mənəvi və ruhani toplantıda öz qəlblərini Həzrət Haqla rabitəyə hazır etsinlər, növbəti qədr gecələrində Allah-Taalanın bu gündüz və gecələrdə möminlərə söz verdiyi ilahi mərhəməti özlərinə yönəltsinlər. İlahi! Qədr gecəsini dərk etmək və onun faydalarından istifadə etmək səadətini bizim hamımıza nəsib et!

Qədr gecəsinin əhəmiyyəti barədə qısa bir cümlə demək istəyirəm. Qurani-kərimin "Qədr gecəsi min aydan xeyirlidir" ayəsindən anlamaq olar ki, ilahi dəyərləndirmə baxımından bir gecə min aydan üstündür. Bundan əlavə, bu günlərin duasında ramazan ayının dörd xüsusiyyəti qeyd olunur: bu ayın gündüz və gecələrinin digər ayların gündüz və gecələrinə üstünlüyü, bu ayda orucun vacib olması, bu ayda Quranın nazil edilməsi və bu ayda qədr gecəsinin olması. Yəni məsumlardan nəql olunmuş bu duada ramazan ayına dəyər verərkən qədr gecəsinin Quranın nazil olması ilə yanaşı qeyd olunduğunu görürük. Buna əsasən, qədr gecəsinin qədrini bilmək, onun saatlarını qənimət saymaq və qədr gecələrində ilahi təqdir qələminin bizim əziz ölkəmiz, mömin və əziz xalqımız üçün layiq olduğu müqəddəratı yazmasına nail olmaq lazımdır.

Tehranın cümə namazı xütbələrindən: 2003.



Fitr bayramı - Allahdan bayram hədiyyəsi almaq fürsəti

Bizim xalqımıza zikr və ibadət ab-havasının hakim olduğu bir ramazan ayını nəsib etdiyi üçün Allaha şükür edirik. Bu, böyük ilahi fürsətlərdən biridir. Siz əziz və mömin xalq ramazan ayını oruc tutmaqla, Quran oxumaqla, ibadət etməklə və gecələr oyaq qalmaqla keçirib Allahın lütfü ilə bayram gününə çatdınız.

Bu gün fitr bayramı, Allah-Taaladan bayram hədiyyəsi almaq günüdür. Bayram namazının qünutunda Allah-Taalanı xatırlayan, Ona təzim edən milyonlarla qəlb Ondan istədi ki, ən yaxşı bəndələrinə verdiyi bütün xeyirləri onlara da versin, tarixin ən üstün və ən böyük insanlarını uzaqlaşdırdığı pisliklərdən onları da uzaq saxlasın. O xeyirlər birinci növbədə Allaha diqqət, Allah bəndəliyi məqamına yüksəlmək, Allahla tanış olmaq və rabitə yaratmaq, həyatın bütün sözlərində, işlərində və anlarında Həzrət Haqdan ilham almaqdır. Şərlərin ən pisi Allaha şərik qoşmaq, qeyri-ilahi və Allaha zidd güclər qarşısında kiçilmək və digərlərinə qul olmaqdır. Ümidvarıq Allah öz lütf və mərhəməti ilə milyonlarla müsəlmanın ürəkdən dilədiyi istəkləri qəbul etsin, müsəlmanları təhlükəsiz bəndəlik vadisinə, Özünün saleh və layiqli bəndələri sırasına daxil etsin!
Vəzifəyə əməl etməyin və ramazan ayının ehtiyatını qorumağın əhəmiyyəti

Bu gün bizim əziz xalqımız bayram etdi. Müsəlman ölkələrində çoxlu müsəlman qardaş və bacılar da dünən bayram etdilər. Ölkəmiz daxilində də bəziləri üçün dünənin bayram olduğu sübuta yetdi. Bəzi təqlid müctəhidləri üçün də dünənki günün fitr bayramı olduğu bilindi və onlar özlərinə sabit olan hökmə əməl etdilər. Bəziləri üçün də sübuta yetmədi, şəriətə uyğun olaraq bu gün onlar üçün bayram sayılır və bu günü bayram edirlər. Hər iki qrup öz vəzifəsinə əməl etdi. Ölkəmizin və dünyanın elm mərkəzlərinin astronomiya üzrə alim və ekspertlərinin proqnozu belə idi ki, bu il ramazan ayı otuz gün olacaq. Amma iyirmi doqquz gündən sonra kimin üçünsə şəvval ayının görünməsi sübuta yetsə, onun dini vəzifəsi həmin günü şəvval ayının biri bilməkdir. Bu məsələlər İslam şəriətində ixtilaf amili deyil. Dünənki günü şəvval ayının biri hesab edənlər öz vəzifələrinə və yəqinlərinə əməl etdilər, Allah-Taala yanında savabları da var. Qumda və Nəcəfdə olan bəzi təqlid müctəhidlərinə güvənən digər insanlar üçün bu, sübuta yetmədi. Bu qrupun da Allah-Taala yanında savabı var. Bizim vəzifəmiz bu idi, onların vəzifəsi də o. Mühüm məsələ vəzifəyə əməl etmək və ramazan ayının ehtiyatını əldən verməməkdir.

Əmirəlmöminin (ə) Nəhcül-bəlağənin bir xütbəsində buyurur ki, bu dünya hazırlaşmaq, sabahkı gün isə tələsmək günüdür.1 Bu dünya hazırlaşmaq və məşq etmək yeridir. Allah görüşünə - qiyamətə hazırlıq olan bu böyük düşərgədə özünüzü ilahi hesaba hazırlayın. Bu gün məşq günü, hazırlaşmaq və özünü islah etmək günüdür. Sabah - yəni qiyamət günü bizim bu dünyada təyin etdiyimiz aqibətə sarı tələsəcəyimiz və yarışacağımız günüdür. Davamında buyurur ki, qiyamətdə qaliblərə cənnət vericələk, geri qalanlara isə cəhənnəm. "Ölümündən öncə səhvlərinə görə tövbə etmək istəyən yoxdurmu?"2 Əmirəlmöminin (ə) xalqı səhv etmişlərsə, səhvlərini düzəldib hidayət yolunu tapmağa və yaxşı yola qədəm qoymağa dəvət edir. Buyurur ki, bədbəxtlik günündən öncə özü üçün işləyib ehtiyat toplamaq istəyən yoxdurmu? Bizim həyatımız azuqə toplamaq üçündür. Bizim ticarətimiz, təhsilimiz, elmi işimiz, siyasi işimiz, ev işlərimiz və həyatımızın bütün sahələri Allah üçün işləmək və sabah üçün çalışmaqdan ötrüdür.

Qardaşlar, bacılar, möminlər və əziz İran xalqı! Öz sabahımız üçün işləyək. Bu iş dünyanı qurmaqdan, ruhu və cismi islah etməkdən ibarətdir. Bu iş öz maddi və mənəvi yüksəlişimiz, müsəlman qardaş və bacılarımızın, ölkəmizin və xalqımızın maddi və mənəvi yüksəlişi üçün çalışmaqdan ibarətdir.

Fitr bayramı namazının xütbələrindən: 2003.

Ramazan ayının fitr bayramı ilə bitməsinin hikməti

Mübarək ramazan ayının fitr bayramı ilə bitməsində hikmətli məna vardır. Yəni ramazan ayı boyu insanların orucunun, ibadətinin, daxili şeytanla və əmmarə nəfslə mübarizəsinin nəticəsi olaraq bir bayram gəlir və onlar bu bayramda Allah-Taalanı yada salmaq, Ona təzim etmək və Onunla ünsiyyət qurmaq üçün bir yerə toplaşırlar.

İslam xalqı ibadətə, özünüislaha və nəfslə mübarizəyə dəvət etsə də, bunu yalnız fərdi bir əməl kimi tövsiyə etmir, Allahla bu əlaqəni, bu ibadəti, zikri, təzimi və təvəssülü dünya işində və gələcəklərini qurmaqda möhkəm bir addım atmalarına vasitə kimi də görür. Bəzi böyüklər buyurmuşlar ki, İslam ümmətinin xoşbəxtliyi üçün tövhid sözü və söz tövhidi (birliyi) iki qəti prinsipdir. Fitr bayramı və bu gün bizim namaz və dualarımız da söz tövhidinin və tövhid sözünün tərənnümüdür. Çünki həm mənəviyyat, həm Allaha təzim etmək və qarşısında kiçilmək, həm qəlbin Allahla əlaqəsinin iman vasitəsi ilə güclənməsi, həm vüqar, aramlıq və insan nəfsinin müxtəlif təlatümlərindən qurtulması, həm də bütün qüvvələri birləşdirmək və fəallaşdırmaqdır. Buna əsasən, bu gün həm bizim xalqımızın, həm də böyük İslam ümmətinin bu böyük və mühüm İslam prinsipinə ciddi ehtiyacı var.

Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2003.



Oruc tutmaq - insanın ilahi əzabdan qorunması

Mübarək ayın ab-havasından bəhrələnmək üçün bu hədisi demək və barəsində bir qədər söhbət etmək istəyirəm. Əziz Peyğəmbərdən (s) nəql olunan səhih hədisdə buyurulur: "Oruc cəhənnəm alovuna sipərdir".1 Eyni məzmun əhli-sünnə kitablarında da müxtəlif sözlərlə nəql olunmuşdur. O cümlədən buyurur: "Oruc qiyamət günü mömin bəndənin sipəridir"2. Yəni siz dünyada öz silahınız və müdafiə vasitənizlə qorunduğunuz kimi, axirətdə də cəhənnəm alovu qarşısında özünüzü oruc vasitəsi ilə müdafiə edəcəksiniz.

Oruc hansı xüsusiyyətə malikdir ki, onun haqqında "cəhənnəm alovuna sipər" ifadəsi işlənmişdir. Cavab budur ki, oruc nəfsi saxlamaq xüsusiyyətinə malikdir: "Nəfsinə istəyini (şəhvəti) qadağan edən..."3 Günah və nəfs qarşısında dözümlülüyün rəmzi orucdur. Odur ki, hədislərdə "Dözümlü olmaq və namaz qılmaqla (Allahdan) kömək diləyin!"4 şərafətli ayəsinin təfsirində dözümlülüyü oruc kimi izah etmişlər. Oruc istəklərə göz yummaq rəmzidir. Orucun zamanı gündə bir neçə saatla və ildə bir neçə günlə məhdud olsa da, simvolik olaraq insan üçün əsaslı bir hərəkətdir. Nə üçün? Çünki nəfsin istəkləri, ehtiras və həvəslər insanı günaha doğru çəkən amillərdir. Nəfsin bütün istəkləri günah deyil, onların bəzisi halaldır, amma insanın nəfsin yolunu açması, öz nəfsini cilovsuz-noxtasız buraxması, onun əsirinə çevrilməsi Əmirəlmömininin (ə) Nəhcül-bəlağədə buyurduğu haldır: onu tərs və dəlisov atın belinə mindirmişlər və atın cilovu öz əlində deyil. Dəlisov at da onu aparıb uçurumdan yuvarladır. Nəfsin istəkləri insanı bu şəkildə günahlara yuvarladır.
Günah - ilahi əzabın dünyəvi surəti

Günah ilahi əzabın dünyəvi surətidir. Şərafətli ayədə buyurulan "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək"1 sözünün mənası budur. Yəni siz yetimin malını yeyəndə məsələnin zahiri cəhəti bir malı yemək və bir haramı öz kisəsinə tökməkdir, amma mənəvi cəhəti öz daxilində alov yaratmaqdır. Bu, sözügedən cəhənnəm alovudur. İnsan burada haramın ləzzətini sınayır. Bu ləzzət məsələnin zahiri surətidir, əsl həqiqət isə həqiqi dünyada aşkar olunacaq - xəyal pərdələrinin insanın gözü önündən çəkildiyi və həqiqətlərin aşkara çıxdığı yerdə; "Orada hər kəs əvvəlcə gördüyü iş barədə xəbər verəcək"2. Həmin gün bu dünya ləzzəti bir cəhənnəm əzabından və işgəncəsindən ibarət olacaq. Həmin gün həqiqətlər aşkara çıxacaq. İnsanın gördüyü işlərin həqiqətləri, məğzi və əsl surəti orada aşkarlanacaq. Bizim ruhumuz və həqiqi varlığımız da orada özünü göstərəcək. Burada yusifləri parçalayıb məzlum insanları ayaq altda tapdayan yırtıcının həqiqi surəti canavardır, insan deyil. Bu surət orada görünəcək və aşkara çıxacaq. Biz qiyaməti unutmamalıyıq. Qiyamət əzəmətli bir hadisədir. Biz həmişə qiyaməti yadda saxlamalı və ondan qorxmalıyıq.


Qiyamət günü insanın Allahın hüzuruna gəlməsi

Şərafətli ayə qiyamət barədə buyurur: "Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə haqq olduğunu bilərək ondan qorxuya düşərlər"3. Qüreyş kafirləri Peyğəmbərə (s) deyirdilər ki, bizi qorxutduğun qiyamət və cəhənnəm haradadır? Quran buyurur: "İnananlar haqq olduğunu bilərək ondan qorxuya düşərlər". İman gətirənlər qiyamətdən qorxurlar. Qiyamət həqiqətən belədir. Qiyamətdən qorxmaq, onu unutmamaq lazımdır. Bu bizim qorunmağımıza zəmanət verir. Qiyamət Allah hüzuruna gəlmək günüdür: "Onlar Rəbbinin hüzuruna cərgə-cərgə gətiriləcəklər"4. İnsan öz həqiqəti, qəlbi, nəfsinin oturuşmuş xarakterləri ilə Allah-Taalanın hüzuruna gələcək. Burada da Allah-Taala bizim daxilimizi görür, amma orada daha heç bir pərdə olmayacaq. Bizim özümüz də anlayacaq, görəcək, özümüz özümüzü qınayacağıq. Həmin gün cəza və cavabdehlik günüdür; sözün həqiqi mənasında cavabdehlik, yersiz boyundan atmağın mümkün olmadığı cavabdehlik. Orada insanın yalançı və əbəs bəhanə gətirməsi ümumiyyətlə mümkün deyil. İnsan Allah-Taalanın qarşısında duracaq və O, insanın yalanını biləcək. Qiyamət güzəştsiz hesab günüdür. Bizim hamımız mühakimə olunacağıq. Qiyamət dilin bağlandığı gündür. Burada mümkün olan dillilik orada mümkün olmayacaq: "Bu (qiyamət) elə bir gündür ki, danışa bilməzlər, onlara üzr istəməyə izin də verilməz"1. Dil bağlanır, insanın xarakterləri və bədən üzvləri danışır. Əgər qəlbimizdə ədavət, paxıllıq, bədbinlik, bədxahlıq, müxtəlif mənəvi xəstəliklər, saleh insanlara qarşı kin-küdurət, günahlara rəğbət və həvəs gizlətmiş olsaq, orada hamısı aşkara çıxacaq. Qiyamət qəribə bir gündür: "Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barədə onların əlləri Bizimlə danışır və ayaqları şəhadət verir"2.


Quranın qiyamət ayələrinə diqqət yetirmək

Qiyamətə aid ayələr çox təsirlidir. Mən təklif edirəm ki, hər birimiz təklikdə qiyamət ayələrinə nəzər salaq. Bizim buna ehtiyacımız var. Quranda qiyamət haqda yüzlərlə ayə var. Qiyamətə dair həm müjdələr var, həm təhdidlər. Onların hər ikisi təsirlidir. Quranın müjdələri də təsirli, gözəl və rəğbət doğurandır, təhdidləri də təsirlidir və insanın qəlbini yumşaldır: "Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar öz oğullarını, həyat yoldaşını, qardaşını, ona sığınacaq verən tayfasını (qohum-əqrəbasını) və Yer üzündə olanların hamısını fəda etmək istərdi – təki özünü (əzabdan) qurtarsın!"3. Günahkar şəxs ilahi əzabın şiddətindən öz övladını fəda edib qurtulmağı arzulayır. Öz əzizlərini və Yer üzünün bütün insanlarını qurban verib əzabdan xilas olmaq istəyir, amma bacarmır. Bu, ilahi əzabdır, zarafat deyil: "Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır. Çağırır (itaətdən) çıxanı, (imandan) üz döndərəni və (mal-dövlət) yığıb saxlayanı!"1


Sirat körpüsü - bəndəlik və təqva körpüsü

İmam Səccad (ə) çox gözəl və mənəvi dua olan Əbu Həmzə duasında qiyamətdən qorxunu izah edir: "Çılpaq, zəlil və çiynimdə ağır əməl yükünü daşıyan halda qəbrimdən çıxmağıma ağlayıram. Əvvəl sağ tərəfimə və sonra sol tərəfimə baxır, məxluqların məndən fərqli halda olduqlarını görürəm.2 "O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! O gün bir çox üzlər parlayacaq, güləcək, sevinəcəkdir"3. Bir qrupun üzü gülür, razıdırlar, sevinirlər, üzüağdırlar. Bunlar kimlərdir? Həqiqəti orada, misalı isə bu dünyada olan Sirat körpüsündən keçə bilmiş şəxslərdir. Bu Sirat körpüsü bəndəlik və təqva körpüsüdür: "Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!"4 Bu dünyanın siratı (yolu) cəhənnəm üzərindəki yol və Siratdır. Peyğəmbərə (s) buyurur ki, sən həqiqətən doğru yoldasan.5 Yaxud buyurur ki, yalnız mənə ibadət edin. Bu, düzgün yoldur.6 Bu, cəhənnəm üzərindəki Siratdır. Əgər buradakı siratdan (yoldan) düzgün, diqqətlə və sürüşmədən keçə bilsək, o biri Siratdan keçmək də çox asan olacaq; möminlərin ildırım sürəti ilə keçdiyi kimi: "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (cəhənnəmin) uğultusunu eşitməyəcəklər"1. Bunlar heç cəhənnəmin uğultusunu da eşitməyəcəklər: "Onlar (cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar. Ən böyük qorxu onları məhzun etməyəcəkdir"2. Ən böyük vahimə bir insan üçün mümkün olan ən güclü qorxudur. Belə fiziki və mənəvi cəhətlərə malik olan möminləri oradakı böyük vahimə qəmləndirmir. Bunlar bu siratdan keçmişlər. Əziz qardaş və bacılar! Bu sirat bizim üçün çox həssas məsələdir. Biz məsuliyyət daşıyırıq. Biz küçə və bazardakı adi adamlarla fərqlənirik. İstər parlament deputatı, istər hökumətin üzvü, istər hansısa hərbi sahənin komandanı, istər məhkəmə orqanlarında çalışan bir məmur kimi bizim işimiz ağırdır. Biz əgər yldan çıxıb səhv etsək və işimizdə qüsur yaransa, zərəri yalnız özümüzə yox, hamıya toxunacaq. Biz əgər zəif işləsək, səhlənkarlıq etsək, ölkə ziyan görəcək. Biz əgər Allah eləməmiş, qərarlarda nəfsimizə itaət göstərsək, dostbazlıq və cinahbazlıq etsək, həqiqi dəyərləri nəzərə almasaq, ölkə ziyan görəcək. Bizim işimiz çətindir. Biz cəhənnəmdən və çətin Siratdan keçmək barədə digərlərindən çox fikirləşməliyik. Bu bir neçə illik vəzifə həmişəlik deyil. Millət vəkilisiniz, hökumətin üzvüsünüz, nazirsiniz, müdirsiniz - bu üç il, dörd il, beş il, on il ötüb keçəcək. Əgər bu bir neçə ildə özünüzü sıxıb pul qazanmaq, qanunsuz gəlirlər əldə etmək, dövlət imkanlarından istifadə etmək və beytülmalı mənimsəmək fikrinə düşməsəniz - bu ki, çox çətin deyil - o zaman "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar";3 "Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər".4 İlahi mələklər təqvalı və mömin şəxslərin yanına gəlib deyəcəklər ki, bu gün sizin gününüzdür. Bu gün peyğəmbərlərin tarix boyu möminlərə söz və müjdə verdiyi gündür. Ləzzət alın, "cənnətə daxil olun".1 Biz digərlərindən çox ehtiyatlı olmalı və cəhənnəmdən qorxmalıyıq. Cəhənnəm odu daha yüksək vəzifəsi olanları daha çox təhdid edir, nəinki çox məhdud və kiçik vəzifəsi olan adi insanları. Bizim vəziyyətimiz daha ağırdır.
Övladlara diqqətin və qayğının zəruriliyi

Burada əlavə etmək istədiyim başqa bir məqam övlad məsələsidir. Övladlarınızın qayğısına qalın: "Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun"2. Bizim övladlarımızı özbaşına buraxmağa haqqımız yoxdur. Onların imanlarını qorumağa çalışın. Elə etməyin ki, gənc övladınızın - tələbə olan, ticarətlə, yaxud başqa bir işlə məşğul olan qız və oğlunuzun imanı zəifləsin. Bəzən insan özünün nəzarətdən xaric dili, əli və yanlış əməlləri ilə öz övladını dindən, dini əsaslardan, etiqad və prinsiplərdən uzaqlaşdırır və onu imansız edir. Bizdə belələri olmuşdur. Bu hər iki yöndən baş verə bilər. Bəzən əbəs tələbkarlıqlarla, - mən əbəs tələbkarlıqları əsla tövsiyə etmirəm - sərt və acı rəftarla uşaqları küsdürürlər. Bəziləri də o biri yöndən - laqeydliklə, biganəliklə, uşaqların ixtiyarına saysız-hesabsız imkanlar buraxmaqla və hər bir səhvlərinə göz yummaqla onları öz əlləri ilə məhv edirlər. Nəticədə uşaq pozulur və zay olur. Uşaqlarla məntiqlə, düzgün və mehriban şəkildə rəftar etmək lazımdır. Övladınızı və həyat yoldaşınızı qoruyun. Bu sizin borcunuzdur. Bu artan təsirə malikdir. Yəni Allah eləməmiş, bir ailədə övladda, yaxud ailənin bir üzvündə mənfi cəhət peyda olduqda, diş üzərindəki qara ləkə kimi həmin nöqtədə dişin minasını tələf etdikdən sonra tədricən öz ətrafına, ata-anasının zehninə də təsir göstərir və beləcə qarşılıqlı təsirlər doğurur. Nəticədə həqiqəti və mənəviyyatı əldən verir.

Bu şərafətli ayə mənim üçün həmişə maraqlı olmuşdur: "İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik"1. Övladlarının imanını qoruya bilən şəxslərə - övladların əməli çox da dəyərli olmasa da, - uca mənəvi dərəcələrdə övladlarını da qoşarıq. Hədisdə deyilir ki, gözlərinin işıqlanmasından ötrü.2 Mömin olan sizlər öz uşağınızı mömin yetişdirmək istəsəniz, Allah-Taala qiyamətdə, cənnətdə və sizi gözləyən çətin yerlərdə bu uşağın çatışmazlıqlarını düzəldər, gözünüzün və qəlbinizin işıqlanmasından ötrü onu sizə qovuşdurar. Allah bir mömin üçün böyük dəyər tanıyır.

Bizim əsas sözümüz bu dediklərimiz idi. Mən və siz öz yolumuzu düzgün getmək və bu ölkənin bizdən faydalanmasını istəyiriksə, öz qəlbimiz, qiyamətimiz, sabahımız və ilahi hesabımız barədə fikirləşməli və bu işdə özümüzə güzəştə getməməliyik.

Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2004.

Qədr gecəsi - ilahi mələklərin və Ruhun enmə zamanı

Namazda iştirak edən bütün qardaş və bacılara və özümə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Cümə namazının birinci xütbəsinin əvvəlindən öz qəlbimizə və ruhumuza təqva ruhu aşılayaq, ramazan ayının orucundan, bu ayın mənəvi ab-havasından və ruhani paklığından istifadə edək. Qoy bizim qəlbimiz böyük təqva xislətinə rəğbət göstərsin və sözün həqiqi mənasında təqvalı olaq.

Bu gün ramazan ayının iyirmi biri və çoxlu ehtimallara görə qədr günüdür. Həm qədr günüdür, həm də Əmirəlmömininin (ə) şəhid olduğu gün. Keçən gecə ilin ən üstün üç gecəsindən - qədr gecəsi olması ehtimal edilən gecələrdən biri idi. İlahi mələklərin və Ruhun enməsi ötən gecə, yaxud o biri iki gecədən birində baş verdi və ya verəcək. İlahi mələklərin enməsi ilə öz ruhlarını mələyə bənzədənlərin xoş halına: "O gecə mələklər və Ruh Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər"1. İlahi mələklərin yer üzünə və bizim aramıza enməsi bizim mələk xislətlərinə yaxınlaşmamıza kömək etməlidir. Şübhəsiz, Allahın bəndələri arasında keçən gecəni yaxşı şəkildə keçirən şəxslər olmuşdur, onların həqiqəti görən gözləri və dərk edən ruhları qədr gecəsinin həqiqətlərini dərk etmişdir. Bəlkə də kimlərsə mələkləri gözləri ilə görmüşlər. Siz əziz xalq da hər yerdə on doqquzuncu və iyirmi birinci gecələri yaxşı keçirdiniz və inşallah iyrimi üçüncü gecəni də belə keçirəcəksiniz. Görürük ki, bizim xalqımız, gənclərimiz, qadın və kişilərimiz bu gecələrdə həqiqətən paklanmaq istəyirlər; ürəklər yumşalır, gözlərdən yaş axır, ruhlar incəlir və oruc da buna kömək edir. Biz ümidvar olmalı, dua etməli və bu gecələrdən öz mənəvi yüksəlişimiz üçün istifadə etməliyik. Namaz möminin meracı və yüksəliş vasitəsidir. Dua da möminin meracıdır, qədr gecəsi də. Gərək yüksəlməyə çalışaq və bütün dünyada çoxlu insanları əsir edən maddi zibillikdən özümüzü bacardıqca uzaqlaşdıraq. Vurğunluqlar, pis xarakterlər, qeyri-insani və antihumanist xüsusiyyətlər, təcavüzkar və tamahkar xislətlər, fəsad, pozğunluq, zülm, insan ruhunun zibillikləridir. Bu gecələr bizi bunlardan daha çox uzaqlaşdırmalı və ayırmalıdır.

Tehranın cümə namazı xütbələrindən: 2004.



Nəhcül-bəlağədə iman məfhumu, onun şərt və xüsusiyyətləri

Gözəl məclis təşkil olunmuşdur. İnşallah ürəklər öncəkindən daha çox bir-biri ilə ünsiyyətdə olsunlar, bu ünsiyyət get-gedə artsın və bir-birindən qorxub qaçmasınlar. Bizim qəlblərimiz həmişə, xüsusən də bu ayın son ongünlüyünün çox faydalı günlərində ixtiyarımızda olan həqiqətlərdən qorxmasın və onlarla ünsiyyətdə olsun.

Ötən illərdə, həm qabaqkı, həm də indiki hökumət zamanı ramazan ayında biz adətən Nəhcül-bəlağədən bir cümlə oxuyub qısa şəkildə izah edirik. Mən bu il də həmçinin Nəhcül-bəlağənin müxtəlif yerlərindən iman haqqında bir neçə cümlə seçmişəm. Əlbəttə, şərafətli Nəhcül-bəlağə kitabında iman barədə daha çox sözlər var, lakin mənim kitabım iki cilddə çap olunmuş dördcildlik kitabdır və mən 30-40 ildir ondan istifadə edirəm. Buna görə, həmin cildlərdən birini seçib gətirməli idim və mən mərhum Əbdühün şərhi ilə çap olunmuş ikinci cildi - əslində üç və dördüncü cildləri gətirmişəm.

Həzrət Əli (ə) buyurur: "İman tam aydın bir yol və ən işıqlı çıraqdır".1 Bu cümlədə danışılan imanda məqsəd dini imandır; yəni Allah-Taalaya, qiyamət gününə, Peyğəmbərə (s) iman və dinlərin insanları dəvət etdiyi iman. Əlbəttə, imanın mütləq əhəmiyyəti bəllidir, çünki iman insanın əməl və hərəkətinin əsasıdır. İnsan bir şeyə könül verib inanmasa, hərəkət etməz. İman elmdən fərqli bir şeydir. İnsanın bəzən nəyəsə elmi olur, amma imanı olmur. Yəni imanda yalnız bilmək və doğruluğuna dair məlumatlı olmaq kifayət etmir, bundan əlavə bir şey lazımdır. Əlbəttə, elmsiz iman da mümkün deyil. İman şəkk və tərəddüdlə olmur, amma elm də təklikdə kifayət etmir. Siz Quranın Musa peyğəmbər (ə) və firondan danışarkən belə buyurduğunu görürsünüz: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər"2. Musa (ə) öz dəvətinə başlayanda fironun adamları onun doğru dediyini və haqq olduğunu bilirdilər. O özünün möhtəşəm möcüzəsini göstərəndə sehrkarların və cadugərlərin özləri – onlar Musanın (ə) işinin də bu tipdən olduğunu düşünürdülər - bu işin fərqli bir iş olduğunu etiraf etdilər, fironun təhdidinə rəğmən, səcdə edib Musaya (ə) iman gətirdilər və ölümü gözə aldılar. Bu zaman Musanın (ə) haqq olduğu hamıya aydın oldu, amma eyni zamanda onu inkar etdilər. Musanın (ə) doğru dediyinə yəqinləri vardı, amma inkar etdilər. Nə üçün? Çünki hegemonluqları, nəfsləri və zülm istəkləri onları təslim olmağa qoymurdu. İman gətirmək bir növ təslim olmaqdır; həqiqi təslim olmaq. Bəzən insan həqiqəti anlayır, amma qəlbini ona təslim etmir və onun qarşısında dayanır. Buna görə, elmin qarşı tərəfində cəhalətin və şəkkin durduğunu görürsünüz. İmanın qarşısında cəhalətdən danışmırlar, küfrdən, yəni həqiqəti örtməkdən danışırlar. İnsan bəzən həqiqəti qəbul edir, amma onu örtür və gizlədir. Örtməyin qarşı tərəfi imandır; yəni könül vermək, inanmaq, özünü ona tapşırmaq, həqiqəti bütün vücudu ilə qəbul etmək və ona təslim olmaq. Siz həqiqət saydığınız hər hansı bir şeyə iman gətirdikdə bu sizin əməlinizin əsası olur. Bu gün görürsünüz ki, bir qrup adam çox hərarətlə hansısa iqtisadi, yaxud ictimai proqramı müdafiə edir və onun üçün pullar xərcləyirlər. Daha aydın misal öz gənclik dövrümüzdə olan marksist təmayüllərdir. Sizin bəziləriniz o dövrü görmüsünüz. Bir qrup adam həmin marksist məfhumlar qarşısında həqiqətən canlarını verməyə hazır idilər. Bunlar könül vermiş və iman gətirmişdilər. Bu iman əməlin mənşəyidir, özü də belə bir çətin bir əməlin; mübarizə aparmaq, öldürmək və öldürülmək. Əgər bir əsasa iman olsa, o insan avtomatik olaraq həmin imanın məqsədlərinə sarı gedir, daim ona tapşırmaq lazım gəlmir. İmanın ardınca əməl gəlir. Sonrakı cümlədə buna toxunacağam.

Dedik ki, burada Əmirəlmömininin (ə) məqsədi dini imandır, batil bir şeyə, bütə və bütpərəstliyə iman deyil; şəriki olmayan Allaha, nübüvvətə, həqiqətə və qiyamətə imandır. Buyurur ki, bu imanın yolu çox aydındır. Əgər insan öz ağlı və fitrəti ilə bu yola qoşulsa, yolun aydın, şəksiz və şübhəsiz olduğunu görər. İnsan imanla saleh əməllərə nail olur. İnsanı dartıb saleh əməllərə sövq edən imandır. Sonra dərhal buyurur: "və saleh əməllər də imana yönəldir".1 Yəni onların arasında qarşılıqlı təsir vardır. Mənim fikrimcə, bu çox mühüm məqamdır. Biz öz imanımızı saleh əməllə gücləndirməliyik; necə ki, saleh əməli də iman vasitəsi ilə tanımalıyıq.

Siz Ühüd döyüşündə baş verən hadisəyə diqqət yetirin. Bu on dörd əsr boyunca bütün müsəlmanların nifrininə və gileyinə düçar olan o əlli nəfər müsəlman idilər, Peyğəmbərin (s) səhabələri idilər, onların çoxusu Bədr döyüşündə iştirak etmişdilər, pis adamlar deyildilər. Amma onlar həmin problemə düçar oldular, yəni qənimət toplamağa görə keçidi tərk etdilər, meydanı düşmənə verdilər və çoxlu pak qanların tökülməsinə səbəb oldular; bu əlli nəfərin səhlənkarlığına görə Həmzə Seyyidüş-şühəda kimi bir insanın qanı töküldü, Peyğəmbər (s) yaralandı, İslam hökuməti və yeni İslam quruluşu zəiflədi. Quran bu əlli nəfər barədə buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi".2 Yəni bunların etdiyi iş bundan öncə etdikləri səhvlərin nəitcəsi idi. Hər bir səhv öz növbəsində insanı başqa səhvlərə məcbur edir. Yəni imanın təməlini zəiflədir və imanın zəifliyi özünün pis təsirini bizim sonrakı əməllərimizdə göstərir. Biz səhvə yol verdikdə bu səhv hissolunmaz şəkildə olsa da, bizim imanımıza təsir edir: "Şeytan onları məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi". Bir nəfər öncə bir yanlış iş görür, sonra bu yanlışlıq onun imanına mənfi təsir göstərir, insanın özünün isə xəbəri olmur; çox zaman insanın bir vəziyyətdən başqa bir vəziyyətə düşdüyü, lakin öz vəziyyətinin dəyişikliyini hiss etmədiyi kimi.

Allah mərhum cənab Xatəmiyə rəhmət eləsin! Mən 1978-ci ildə sürgündən qayıdanda Ərdəkanda onu ziyarət etdim. O zaman təxminən 70 yaşı vardı. Deyirdi ki, mən özümü qoca hiss etmirəm; dilimdə deyirəm qocayam, amma qoca olduğumu əsla hiss etmirəm, özümü 30-35 yaşımdakı kimi təsəvvür edirəm. Mən illər sonra ondan soruşdum ki, siz bir zaman mənə belə bir söz dediniz, indi də elədirmi? Dedi ki, bəli, elədir. İndi bizim özümüz də eləyik. Biz ağsaqqalların və qocaların özümüz haqda təsəvvürümüz otuz il öncəki kimidir. Biz ömrün ötməsini, bütün hissolunan fiziki təsirlərinə rəğmən, baş vermiş böyük dəyişiklikləri dərk etmirik. İman dəyişikliyi də belədir, insan imanın azlığını hiss etmir. Onun hətta hissolunan fiziki təsirləri də yoxdur ki, insan anlasın və dərk etsin. Deməli, o səhv imana təsir göstərdi. İmanın azlığı bizim sonrakı əməllərimizə öz təsirini buraxır. Misal üçün, cihad və imtahan qarşıya çıxdıqda bizim imanımızın azlığı özünü göstərir. Çoxlu imanla hansısa bir yerdə yüksələ bilən, hərəkət edən və böyük iş görən bizlər həmin işin qarşısında qaldıqda əl-ayağımızın titrədiyini görürük. Misal üçün, bir şəxs gənclikdə ikimetrlik bir kanaldan atıla bilirdi, indi isə bacarmır. Əməlin iman və imanın əməl üzərindəki mənfi təsirinin nəticəsi Ühüd döyüşünün məğlubiyyəti olur, müxtəlif geriliklər olur. Nəticə bu olur ki, Peyğəmbərin (s) hicrətindən 60 il və o həzrətin vəfatından 50 il sonra Peyğəmbərin (s) ən əziz adamı və nəvəsi İmam Hüseyn (ə) Peyğəmbər canişininin hökuməti qarşısında dayanır və elə faciəli şəkildə şəhidliyə qovuşur. Mən bir dəfə dedim ki, bunlar tarixin ibrətləridir, dərsdən üstündür.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə