93
Avropa Şurası artıq bu məsələ ilə bilavasitə məşğul olur. Onun məruzəçisi bu məsələlər ilə məşğul olur.
Baxmayaraq ki, Ermənistan tərəfi Avropa Şurasında buna çox böyük müqavimət göstərir.
Bu məsələyə Avropa İttifaqı da böyük diqqət göstərir. Mənim Avropa İttifaqının
rəsmi şəxsləri ilə
keçirdiyim görüşlərdə hiss olunur ki, artıq onlar da bu məsələ ilə bağlı düzgün mövqedədirlər. Burada ATƏT
Parlament Assambleyasının və Avropa İttifaqının nümayəndələri Qoran Lenmarker, Heyke Talvitye və digər
rəsmi şəxslər ilə keçirdiyim görüşlərdə məhz bu məsələ ətrafında söhbət gedibdir. Artıq Avropa İttifaqında
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz ədalətli, beynəlxalq normalara əsaslanmış formada
müzakirə olunur.
Bizim bu məsələdə mövqeyimizi bəzən sərt mövqe kimi qələmə verirlər. Bu ola bilər. Amma bu, ədalətli
mövqedir. Bizim heç kimin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı da heç kimə verən deyilik. Mən
bunu Cenevrədə keçirilmiş görüşdə Ermənistan prezidentinə də dedim, Minsk qrupunun həmsədrlərinə və digər
şəxslərə də dedim.
Azərbaycanın qarşısında duran digər məsələlərdən biri ölkəmizi bundan sonra da iqtisadi cəhətdən inkişaf
etdirməkdən ibarətdir. Son on il ərzində Heydər Əliyev siyasətinin mühüm istiqaməti bundan ibarət idi ki, ölkə
iqtisadiyyatı inkişaf etsin. Bu gün Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə çox dinamik
surətdə inkişaf edir. Bütün iqtisadi göstəricilərə görə – ümumi daxili məhsulun artımı, inflyasiyanın səviyyəsi,
əhalinin
pul gəlirləri, adambaşına düşən xarici sərmayənin həcmi – ölkəmiz MDB məkanında liderlər
sırasındadır. Bu ənənə davam edir.
Bizim məqsədimiz növbəti 5 il ərzində ümumi daxili məhsulu iki dəfə artırmaqdır. Bunun üçün imkanlar,
potensial var, proqramlar var və mən əminəm ki, biz buna nail olacağıq. Yeni iş yerlərinin açılması həm sosial
problemlərin aradan qaldırılmasına xidmət edəcəkdir, eyni zamanda, ölkəmizin iqtisadi inkişafı üçün də mühüm
bir amildir. Düzdür, bəzən hesab edirlər ki, 600 min iş yerinin açılması qeyri-mümkündür və bu rəqəm real
deyildir. Mən elə düşünmürəm. Bəli, bu, böyük rəqəmdir. Amma hesab edirəm ki, biz qarşımıza ancaq böyük
məqsədlər qoyanda uğura nail ola bilərik.
Bizim vəzifəmiz bu siyasəti davam etdirməkdir. Əlbəttə, həyat yerində durmur, qarşımıza yeni tələblər çıxır.
Amma prinsipial istiqamət, ideoloji istiqamət dəyişməz olaraq qalır. Bu,
Heydər Əliyev fəlsəfəsidir, siyasətidir,
ideologiyasıdır, biz hamımız ona sadiqik.
Partiyamız bu illər ərzində güclənibdir. Burada səslənən rəqəmlər aydın şəkildə göstərir ki, Yeni Azərbaycan
Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə
Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyildir. Hətta digər bütün siyasi qüvvələr
birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır.
Partiyamız formalaşıb, yerlərdə möhkəmlənibdir. Partiyanın mövqeyindən çox şey asılıdır. Mən çox şadam
ki, partiyamız ictimai-siyasi həyatda çox fəal rol oynayır. Əlbəttə, partiyanın nümayəndəsi hakimiyyətdədirsə,
bu o deməkdir ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdədir. Bəzi ölkələrdə belə hallarda hansısa bir
arxayınçılıq hissi yaranır. Mən çox şadam ki, bu bizim partiyamıza xas deyildir. Partiyamız ölkəmizdə gedən
bütün proseslərdə çox fəal iştirak edir.
Mən əminəm ki, partiyamızın fəalları qarşımızda duran məsələlərin həllində, qəbul edilmiş regional və sosial
inkişaf proqramlarının yerlərdə həyata keçirilməsində iştirak edəcəklər. İstərdim ki, bu proqramların
həyata
keçirilməsi istiqamətində partiyamız, partiyanın fəalları yerli icra orqanları ilə sıx əlaqədə işləsinlər. Bu həmişə
belə olub, biz həmişə buna çalışmışıq. Amma mən hesab edirəm ki, indiki mərhələdə biz bunu bir daha təsdiq
etməliyik. Hamı görməlidir ki, Heydər Əliyev cismən bizimlə olmasa da, onun ideyaları yaşayır, partiyaya olan
münasibəti davam edir. Partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız
təsəvvür etmirəm. Partiya həmişə mənə dəstək olub və son seçkilər bunu bir daha göstərdi. Baxmayaraq ki,
partiyanın lideri seçkilərə artıq bir neçə ay qalmış ölkədə yox idi, müalicədə idi, onun yaratdığı sistem, yaratdığı
partiya işləyirdi, qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirirdi və yerinə yetirdi. Ona görə əminəm ki,
bu ənənə gələcəkdə daha da güclənəcəkdir. Seçkilərdən sonra özünü bizə rəqib qismində təqdim etməyə çalışan
qüvvələr, demək olar, növbəti dəfə iflasa uğradılar. Əslində, burada təəccüblü heç bir şey yoxdur. Biz hamımız
bunu gözəl bilirdik. Xalqımız da bilirdi ki, bu qüvvələr Azərbaycana xeyir gətirmək üçün iqtidara gəlməyə can
atmırlar,
sadəcə olaraq, onların məqsədi hakimiyyətə gəlmək və bundan istifadə edib öz niyyətlərinə çatmaq idi.
Amma onu da hamımız yaxşı bilirik ki, həmin qüvvələr 12 il bundan əvvəl hakimiyyətdə olarkən
Azərbaycanı hansı bəlalara sürüklədilər. Demək olar ki, Azərbaycan parçalanma ərəfəsində idi. Azərbaycan
dağılırdı, ölkədə qeyri-qanuni silahlı birləşmələr meydan oxuyurdu. Biz oktyabrın 16-da onun zəif formasını bir
daha gördük. Bu o deməkdir ki, təəssüflər olsun, bu qüvvələr bizim cəmiyyətimizdə az da olsa qalıb və
hakimiyyətə gəlmək üçün yenə qanuna zidd üsullardan istifadə etmək niyyətindədir. Amma bizim dövlətimiz
güclüdür.
Heydər Əliyevin siyasəti Azərbaycana sadaladığım digər məsələlərlə yanaşı, sabitlik, əmin-amanlıq
gətiribdir. Bizim dövlətimiz özünü müdafiə etmək iqtidarındadır. Qanunu pozan, kütləvi iğtişaşlar törədən
94
təşkilatlar, şəxslər layiqli cavablarını aldılar və cəmiyyətdən təcrid olundular. Düzdür, indi bundan istifadə
etmək istəyir, bizi hansısa qeyri-demokratik üsullarda ittiham etməyə çalışırlar. Amma bu belə deyildir. Sadəcə
olaraq, hər bir ölkədə olduğu kimi,
Azərbaycanda da qanun-qayda, qanunun aliliyi təmin ediləcəkdir.
Əgər inkişaf etmiş hansısa başqa ölkədə polisə qarşı zorakılıq işlədilirsə, təbii ki, o cinayəti törədən şəxs
cəmiyyətdən təcrid olunur. Bu sahədə Azərbaycan da istisna deyildir. Ona görə bu məsələ ilə bağlı xaricdən
buraya gəlmiş şəxslərə mən öz qəti mövqeyimi bildirmişdim. Azərbaycan müstəqil dövlətdir, özünü qorumağa
qadirdir və biz sabitliyi qorumalıyıq. İmkan verməməliyik ki, sabitlik pozulsun. Çünki əgər sabitlik pozularsa,
bizim bütün planlarımız alt-üst ola bilər.
Mən bilirəm, partiyamızın da mövqeyi bundan ibarətdir ki, biz siyasi mübarizədən çəkinmirik. Çünki
görürük ki, bizə rəqib olmaq iqtidarında olan heç bir qüvvə yoxdur. Mən əminəm ki, qarşıdan gələn bələdiyyə
seçkilərində də partiyamızın namizədləri böyük üstünlüklə qələbə qazanacaqlar.
Şübhə etmirəm ki, 2005-ci ildə keçiriləcək parlament seçkilərində də partiyamızın namizədləri uğurla iştirak
edəcəklər. Bəlkə də bunu demək hələ tezdir, amma biz parlament seçkilərinə də hazırlaşmalıyıq və bu lazımdır.
Çünki seçkilər artıq yeni bir sistem əsasında, mojaritar qaydada keçiriləcəkdir.
Biz gərək hər bir namizədə
diqqətlə baxaq. Partiyamızın namizədlər siyahısı olmalıdır. Biz bəlkə də, indidən bu barədə fikirləşməliyik ki,
partiyanın hansı üzvü öz namizədliyini hansı dairədən verəcəkdir. Mən şübhə etmirəm ki, bizim namizədlərimiz,
onların tam əksəriyyəti şəffaf, ədalətli seçkilər nəticəsində qələbə qazanacaqlar.
Prezident seçkiləri haqqında müxalifət tərəfindən qeyri-dəqiq, qeyri-obyektiv fikirlər ortaya atılır. Düzdür,
müxalifətin bir hissəsi bu məsələyə ədalətli yanaşdı, yəni həqiqəti bildirdi. Amma digər, barışmaz hissəsi guya
bu seçkilərin nəticələrini tanımadı. Bu onların öz işidir. Bizim üçün əsas meyar odur ki, Azərbaycan xalqı bu
seçkilərin nəticələrini tanıdı. Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirdi və Azərbaycanda yaşayan
insanların heç birində seçkilərin real nəticələri şübhə doğurmadı.
Seçkilərə qədər keçirilmiş rəy sorğuları, o cümlədən Amerika Respublikaçılar İnstitutunun rəy sorğusu bütün
siyasi partiyaların rəhbərlərinə təqdim olunmuşdu.
O cümlədən, sizə də, müxalifət partiyalarının
nümayəndələrinə də verilmişdi. Orada hələ seçki kampaniyasına başlamamışdan əvvəl göstərilirdi ki, iqtidar
nümayəndəsinin reytinqi 65 faiz təşkil edir. Əgər biz seçki kampaniyasının gedişini, partiyamızın uğurlu təbliğat
işini nəzərə alsaq və əksinə, müxalifətin vahid namizəd ətrafında birləşə bilməməsini və bir-biri ilə ənənəvi
olaraq mübarizə aparmasını nəzərə alsaq, görərik ki, bu faiz seçki kampaniyası müddəti ərzində artıbdır.
Bu da təbii idi. Ona görə seçkilər bizə imkan verir ki, biz, Yeni Azərbaycan Partiyası, hakimiyyət partiyası
Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi naminə öz siyasətimizi müstəqil şəkildə aparaq.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş layihələr, o cümlədən energetika, nəqliyyat,
kommunikasiya
sektorlarındakı layihələr, xüsusən Bakı–Tbilisi–Ceyhan neft kəməri bir neçə ildən sonra Azərbaycana böyük
faydalar gətirməyə başlayacaqdır.
Təsadüfi deyil ki, biz beynəlxalq konsorsiumun təşəbbüsünü dəstəkləyirik və Bakı–Tbilisi–Ceyhan neft
kəməri artıq Heydər Əliyevin adını daşıyır. Çünki o bu layihənin memarıdır. Əgər onun iradəsi olmasaydı –
mən işin içində olan adam kimi deyirəm – bu, sadəcə, layihə kimi, əfsanə kimi qalacaqdı.
Bir neçə il bundan əvvəl İstanbulda keçirilən beynəlxalq konfransda da bildirilmişdi ki, Bakı–Tbilisi–Ceyhan
əfsanə deyil, gerçəklikdir. Biz həmişə bilirdik ki, bu, həyata keçiriləcəkdir. Bunu həyata keçirmək üçün Heydər
Əliyevin iradəsi müstəsna rol oynadı. İndi digər ölkələr bu layihəyə qoşulmaq istəyirlər. Adlarını çəkmək
istəmirəm, Azərbaycanın daxilində və xaricində bəzi xadimlər bu layihəni öz xidməti kimi təqdim etmək
istəyirlər. Olsun, biz buna, necə deyərlər, qısqanclıqla yanaşmırıq, təki layihə həyata keçirilsin. Ancaq hamı bilir
və bilməlidir ki, bu, Heydər Əliyev diplomatiyasının, onun uğurlu neft strategiyasının nəticəsidir.
Bu layihə ilin sonunda başa çatacaq və Azərbaycanın yeni bir nəqliyyat arteriyası işə düşəcəkdir. Bundan sonra
qaz layihəsi gündəlikdədir. Bu məsələ ilə əlaqədar işlər görülür və 2006-cı ilin sonunda Bakıdan Ərzuruma qədər
yeni qaz kəmərinin tikintisi nəzərdə tutulur. Bu bizə imkan verəcək ki, qaz potensialımızı da işə salaq və
Azərbaycanın təbii qazını Türkiyəyə, ondan sonra Avropa ölkələrinə nəql edə bilək.
Yenə qeyd edirəm, bütün bunlara nail olmaq üçün ictimai-siyasi sabitlik lazımdır. Bu sabitlik var. Əminəm
ki, bizim hamımız, partiyamız, Azərbaycan bu sabitliyi qoruyacaqdır.
Mən çox şadam ki, biz bu gün birlikdəyik. Mən
sizi əmin etmək istəyirəm ki, bütün məsələlərdə, o
cümlədən partiya quruculuğu istiqamətində də Heydər Əliyev siyasətinə sadiq qalacağam. Əminəm ki, biz
hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik.
Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir.
Mənə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Sağ olun.