25
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
biləcəkləri hüquqi qeyri‐müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən
biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral
2007‐ci il tarixli Qərarı).
Eyni zamanda, qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə
prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin
olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da
həyata keçirilməsini nəzərdə tutur.
Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması
imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı
ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci
instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi
imkanlarının tükənməsinə qədər davam etdirilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60‐cı
maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya
hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş
hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir.
Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin
əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi
mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan
məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə
aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının
adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan
və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən
müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun
2008‐ci il tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə,
qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər
çərçivəsində deyil, qeyri‐məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu
illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata”
prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar
edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının
sabitliyinə, davamlılığına xələl gətirir.
Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi)
qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr
1999‐cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi
müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş
iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003‐cü il tarixli Qərarında isə
qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş
işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç
biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş
qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə
instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə
səhvlərini, ədalət mühakiməsinin qeyri‐düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata
keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir
məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı
və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri
çəkilməyə haqq qazandırır.
Avropa Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin
Plenumu xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya
26
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik
və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və
tarazlığını pozmamalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir
ki, Konstitusiyanın 60‐cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ
Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin
qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq
instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç
kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi
prinsipindən irəli gəlir.
Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət,
inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici,
ilk növbədə, pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların
adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun
hesab edilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan,
məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə
səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə
tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının
və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə
düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının
bərpa edilməsidir.
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyindən fərqli olaraq, İnzibati
Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb
olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə
tutulmamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas
prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş
insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və
azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati
prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla
qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.
İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri)
dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yarandığından və bilavasitə dövlət idarəetmə
fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə
yetirilməsi ilə bağlı olduğundan, bu münasibətlərdən yaranan mübahisələrdə iştirakçıların dairəsi
mülki münasibətlərdən fərqli olaraq daha məhdud olur. Bu baxımdan qanunverici inzibati məhkəmə
icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə
maraqlarına toxunan şəxslərin prosessual statusunu müəyyən etməmişdir.
Eyni zamanda, qanunverici Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən fərqli
olaraq, inzibati prosesdə işə baxan məhkəməyə daha geniş səlahiyyət vermişdir. Belə ki, İnzibati
Prosessual Məcəllənin 11‐ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və
məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin
gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və
vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
Həmin Məcəllənin 12.1 və 12.2‐ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının
izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla
kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları
xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya
proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə
tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.