onların ifadə tərzini aşağı səviyyədə olduğunu nümayiş etdirən hər hansı bir hərəkətə yol
verməməlidir. Sadəcə onları hörmətlə dinləməli və atacağı addımın nədən ibarət olmasını, eləcə də
söyləcəyi sözün nədən ibarət olmasını müəyyənləşdirməlidir.
Hərəkətsizlik
Nitqin hərəkətsizlik forması iki hissədən ibarətdir:
1. Dinləmə;
2. Qiymətləndirmə.
Dinləmə
Dinləmə mərhələsi elə bir vacib mərhələdir ki, bu mərhələdə vəkilin əldə etdikləri onun bütün
çıxışını (özünü ifadəni) büsbütün dəyişə, yaxud zənginləşdirə bilər. Bunun üçün vəkildən yalnızca
nitq söyləyənləri (özünü ifadə edənləri) rahat və diqqətli şəkildə dinləmək (Müəllif qeydi: Dahi Höte
(1749‐1832) əski yunan təfəkkürünə əsaslanaraq "Sənətkarın işi danışmaq yox, yaratmaqdır" deyirdi.
Bu, mövqedən çıxış edən Ernest Heminquey (1891‐1966) isə "Yaxşı yazıçı danışmaqdan çox yazmağa
üstünlük verməlidir" ideyasını irəli sürmüşdü. İstər sənətkar, istərsə yazıçı yaradıcı insan təbəqəsinə
aid olduqları üçün təbii ki, onların yaratdıqlarında daha çox fayda var. Lakin vəkil həm yazıçıdan,
həm də sənətkardan bir qədər fərqlənir, bu baxımdan ifadəni bir qədər yumuşaltmaq lazımdır.
Beləliklə, vəkilə gəlincə hesab edirik ki, vəkilin vəzifəsi xidmət göstərməkdən ibarətdir, ona görə də,
vəkil çox danışmaqdansa, çox xidmət göstərməlidir.) tələb olunur. Lakin bu dinləmə müəyyən bir
müddətədək (qiymətləndirməyə başlamaya qədər) davam etməli, əsassız olaraq uzadılmasına imkan
verməməlidir.
Dinləyən zaman, nitq söyləyənin nitqini kəsmək hər hansı bir ifadəni bildirən (göstərən)
hərəkətləri (əl, baş və s.) etmək nitq mədəniyyətindən kənar bir hərəkət olmaqla yanaşı vəkilə qəbul
edilən informasiyanı düzgün və ətraflı qiymətləndirməyə mane olur.
Prosessin digər iştirakçısının nitqini dinlərkən zəruri hesab olunan məlumatları qeyd etməli,
əgər bu məlumatlar tam aydın deyilsə, yaxud natamam verilmişsə o zaman nitq bitəndən sonra
müvafiq suallar verməli, məlumatı dolğunlaşdırmaq və dəqiqləşdirmək zəruridir.
Biz dinləməni sakit ünsiyyət də adlandıra bilərik (Müəllif qeydi: Burada ispan ədibi Xuan
Ximenesin (1881‐1958) “Sükut bülbülün oxumasından da yaxşıdır” ifadəsinin nə dərəcədə düzgün
olmasını irəli sürmək niyyətindəyik.). Əslində sakit ünsiyyət Hüqo Qrotsinin (1583‐1645) təbii hüquq
təliminə əsaslanır. Belə ki, təlimə görə təbii hüququn mənbəyi insan idrakıdır, burada insanın digər
insanlarla sakit ünsiyyətə can atması əsasdır.
Qiymətləndirmə
Nitqin təsirli və cəlbedici olması onun dinləyiciləri özünü dinlətdirmək qabiliyyətinə malik
olması deyil (baxmayaraq ki, bu xüsusi şərtin olması nitq mədəniyyətinin dinləmə mərhələsi üçün
olduqca vacibdir), onun dinləyicini düşündürməyə malik olmasıdır. Çünki düşündürücü nitq ilk öncə
dinləyiciyə fikrini aydınlaşdırmaq, qətiləşdirmək, yaxud meydana gətirmək kimi bir seçimlə üzüzə
qoyur ki, bu bir növ nitq sahibinə öz nitqini rahat şəkildə çatdırmaq üçün bir zəmin yaradır.
Düşündürücü qabiliyyətə malik nitq tək nəzəri cəhətdən nitqin (dilin) forma və qaydalarına
uyğunluqla ifadə olunması ilə bitmir, burada başlıca xüsusiatlardan biri nitqin fikri ifadə olunan
mövzunun sistem şəkilində qanuniləşdirilməsindən (qanun, normativ hüquqi akt və s.) istinadlaın
gətirilməsi və bu istinada şəxsin mövqeyi və bu istinada hazırki nitqin nə dərəcədə əsaslı olub‐
olmaması münasibətidir.
Məhz vəkilin nitqinin düşündürücü amilə malik olması nitqin məntiqi və fəlsəfi əsaslara
əsaslanmasıdır. Bu əsasa görə vəkilliyə qəbulla bağlı keçirilən imtahanda namizəd qanunvericiliklə
yanaşı məntiqdən də test imtahanı verilməsi nəzərdə tutulub. Ümumilikdə belə bir qaydanın
mövcudluğu qənaətbəxş hesab olunan bir hərəkətdir, lakin vəkilliyə namizəd olan şəxsin məntiqi
biliklərilə yanaşı fəlsəfi biliklərinin də yoxlanması daha məqsədəmüvafiqdir. Belə olan halda bizim
qənaətbəxş hesab etdiyimiz hərəkət daha məqsədəmüvafiq hesab olunmaq niyyətindən
yararlanacaqdır.
Təbii ki, qiymətləndirmə üçün məlumatın dəqiq və ətraflı qəbulu vacibdir və bunun üçün sakit
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
22
23
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XII nömrə
ünsiyyət qaçılmazdır. Burada sakitlik başlıca şərtdir. Sakitlik əslində vəkilə fikrini və diqqətini
cəmləməyə, olanları olduğu kimi və düzgün qəbul etməyə, qiymətləndirmək üçün şüura bütöv və
istisnasız ötürməyə yardımçı olur.
Beləliklə, nitqin bir forması olan hərəkətsizlik dinləmə və qiymətləndirmə əsasında
hərəkətdən öncə, yaxud hərəkətdən sonra hərəkətin düzgün olub‐olmamasını qiymətləndirmək,
eləcə də ediləcək hərəkətin nədən ibarət olmasını müəyyən etməklə ifadə olunur.
Vəkil köməkçiləri və vəkilliyə namizəd şəxslərə münasibət
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8‐1‐ci maddəsinin I bəndinə əsasən, ali
hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşı vəkilin köməkçisi ola bilər. Həmçinin
sözügedən maddənin IV bəndinə görə, vəkilin köməkçisi vəkillik sirrini qorumalı, habelə vəkillərin
davranış qaydalarına riayət etməlidir.
Normativ hüquqi aktın sözügedən normasının məzmunundan aydın olur ki, vəkil köməkçisinin
“Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl etməsi onun vəzifəsidir.
Bu səbəbdən hazırki yazıda vəkillə bağlı apardığımız araşdırma və irəli sürdüyümüz münasibət
eyni zamanda vəkil köməkçiləinə də şamil edilməlidir.
Göstərdiklərimiz vəkilliyə namizəd şəxslərə münasibətdə bir qədər fərqli mövqeyə malikdir.
Baxmayaraq ki, vəkilliyə namizəd şəxslər başqa‐başqa vəzifələr daşıyırlar və onlardan
əksəriyyətinin sahəvi etik davranış qaydaları mövcuddur. Onların istəklərinin gələcəkdə vəkillik
sahəsi olması onların azad iradə ifadələri bildirməkləri əsasında müəyyən olunmuşdur. Belə olan
təqdirdə həmin namizədlər vəkilliyə məxsus etik davranış qaydalarından fərqli olaraq xüsusi, məhz
vəkil olmaq üçün keçirilən müsahibədə məhz vəkil üçün müəyyən edilmiş nitq mədəniyyətindən
yüksək səviyyədə istifadə etməlidirlər. Onların bu davranışı gələcəkdə onların vəkil kimi qəbul
olunması, eləcə də bir vəkil kimi formalaşmasına müsbət təsir göstərəcəyi danılmazdır. Hər bir
namizəd unutmamalıdır ki, daşıdıqları vəzifədən və onun məsuliyyətindən asılı olmayaraq onun
vəkil adını qazanmaq üçün yüksək hüquqi biliyə malik olması ilə yanaşı mədəni keyfiyyətlərə
(ünsiyyət və s.) də malik olması mütləqdir.
NİTQ MƏDƏNİYYƏTİ
Nitq mədəniyyəti dedikdə, nitqin mövcudluğu və inkişafı üçün dildən ünsiyyət vasitəsi kimi
müəyyən edilmiş istifadə qaydaları başa düşülür (Müəllif qeydi: Əlavə və ətraflı məlumat üçün bax:
Gülsəda Quluqızı. Nitq mədəniyyəti. Nitqin yığcamlığı üzərində iş. “Təhsil problemləri”. Bakı, 2014;
Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013; Hüseynov S.S. Nitq
mədəniyyəti (dərslik). Bakı, “Yazıçı” nəşriyyatı, 2010.). Bu istifadə qaydalarına düzgün və dəqiq
müraciət nəticəsində şəxs həm nitqi (nitqini), həm mədəniyyətini, həm də nitq mədəniyyətini
nümayiş etdirmiş olur. Təbii ki, burada nitqin bir mədəniyyət forması kimi təbliği başlıca yer tutur,
lakin unutmaq lazım deyil ki, məhz hərəkətin (yaxud hərəkətsizliyin) mədəni bir formaya salınması
müəyyən olunmuş qaydalara riayət etməklə yanaşı, şəxsin zaman və məkan şəraitində mövcud və
ağlabatan davranış formasından müəyyən və istifadə etməsi olduqca mühümdür. Belə bir
mühümlülük nitqin mədəni forma daşımasını vacib məqsəd hesab edərək onun mədəniliyə doğru
irəliləməsi və öz əldə etdiyi mövqeyini möhkəmləndirməsi prosesini əhatə edir.
Vəkilə gəlincə, vəkilin nitq mədəniyyətinin məqsədi aşağıdakı başlıqlardan ibarətdir:
1. Mövcud olma (vəkilə inamın yaranması);
2. Mövcudu qoruma (keyfiyyətli yardım almaya inam, vicdanlılıq nümunəsi olma, hüquqi
yardımın keyfiyyətli olmasına inam, hüquqi yardımın səmərəli olmasına inam, vəkilliyə inamın
möhkəmləndirilməsi, ictimai etimadın qorunması (artırılması);
3. Mövcudu artırma (vəkilin nüfuzunun artırılması, vəkilə etimadın yüksəldilməsi, vəkilin
fəaliyyətində səmərəliyin artırılması, vəkilə hörmətin və diqqətin artırılması).
Göstərilən məqsədlərə çatmaq mühüm şərtdir, lakin “çatmaq” mərhələsinə doğru atılacaq
addımlardan olduqca çox şey asılıdır ki, bütün bunlar yekunda mədəniyyətə xidmət edən nitqə
əsaslanır.