Ҝәнҹ аиләләр үчүн ҝөстәришләр



Yüklə 1,53 Mb.
səhifə3/13
tarix08.10.2017
ölçüsü1,53 Mb.
#3937
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

II fəsil

Qadınla kişi arasındakı fərqlər

Qadın və kişinin vahid xilqəti


Şübhəsiz ki, bəşəri xüsusiyyətlər baxımından qadın və kişi bir-birindən fərqlənmir. Yə`ni onların hər ikisi insandır və vahid insani xüsusiyyətlərə malikdirlər. Onların biri o birindən üstün və ya alçaq deyil. Bə`zi fəlsəfi cərəyanlar, məktəblər və məzhəblər qadını ikinci dərəcəli mövcud sayır. Qur`ani-kərim isə öz aşkar bəyanlarında qadının kişi cinsindən olduğunu və onların hər birinin o biri üçün zinət və aramlıq vasitəsi sayıldığını bildirir. Qur`an qadınla bağlı xurafi əqidələrin üzərindən xətt çəkir.

İslam və Qur`an baxımından qadın və kişi vahid bir xilqətə malikdir.

Tarix boyu qadınların mə`ruz qaldığı və onları bir çox hüquqlardan məhrum etmiş sıxıntıların kökü qadın vücudunun mahiyyəti ilə bağlı yanlış düşüncə tərzidir. Müxtəlif ailə mühitləri və cəmiyyətlərdə rastlaşdığımız bir çox kobud rəftarların və qarşıdurmaların səbəbi həmin yanlış baxışdır. Təəssüf ki, bütün cəmiyyətlərdə bu sayaq yanlış düşüncə və e`tiqadlar kök atmışdır. Yaxın zamanlaradək əksər avropa ölkələrində qadın ən ibtidai hüquqlardan məhrum idi. Müasir mədəniyyət qanunları əsasında qadınların bir çox hüquqları ayaq altına alınmışdı. Bə`zi ideologiyalarda, xüsusi ilə də xristianlıqda qadın insanda şübhə və tərəddüd yaradan şeytani bir mövcud kimi tanıtdırılır, kişilərin süqutunun əsas səbəbkarı kimi təqdim olunur. Bu sayaq düşüncə tərzinə hələ də əksər cəmiyyətlərdə təsadüf olunur. Bizim də əqidə və e`tiqadımızda Qur`an prinsiplərinə zidd olaraq bu sayaq xurafi münasibətlər görünməkdədir. Belə yanlış düşüncələrin zehinlərə yol tapması əməldə xoşagəlməz nəticələrlə sonuclanır.

Əgər kişi qadını vəsvəsəçil, şeytani və şər bir mövcud kimi tanısa, onu cilovlamağı özünə vəzifə biləcək, bu yolda qadını istənilən bir şəkildə sıxıntıya salmağı mümkün sayacaq. Keçmişdə bu sayaq ailə rabitələrinin nümunəsi çox olmuşdur. Həmin ailələrdə kişi ailənin himayəçisi kimi yox, müstəbid hakim kimi tanınırdı. Belə bir kişi üçün arvad-uşaq bir qul kimi idi. İndi də bə`zi ailələrdə bu sayaq münasibətlə rastlaşırıq. Belə ailələrdə yalnız qeyd-şərtsiz itaət dəyər sayılır. Ailədə kişiyə bu sayaq hərtərəfli, korkoranə və qulsayağı itaət mövcud olduqda onu, adətən, “patriarxal” adlandırırlar.


Qadınla müştərək həyatda ilk addım


Qadınla bu sayaq rəftar ilk növbədə ona sitəmkar baxışdan formalaşır. Keçmişdə bu münasibət o qədər sərt olmuşdur ki, hətta qadın özü də özünü dəyərsiz saymış, ər qarşısında hüquqlarını dərk etməmişdir. Qadına ifrat sərt münasibət “feminizm” adlı əks bir cərəyan doğurmuşdur. Bu, qadının kişi ilə tam bərabər olduğunu iddia edən ifrat bir cərəyandır.

Qur`ani-kərim bu sayaq yanlış e`tiqad və adətlərlə mübarizə üçün, harada böyük və pak bir kişidən söz açmışsa onunla yanaşı böyük və pak qadının adını çəkmişdir. Bəli, Qur`anda kişi və qadına münasibətdə tarazlıq gözlənilmiş, qadına mövcud münasibəti aradan qaldırmaq üçün qəhrəmanlıq dastanlarında kişilərlə yanaşı qadınlar da xatırlanmışdır.

Bizim səmavi kitab daim tə`kid edir ki, axirət mükafatı cinsdən yox, iman və əməldən asılıdır.

Demək, kamillik mərhələlərini keçmək üçün qadın kişi ilə eyni imkanlara malikdir. O düzgün tə`lim-tərbiyə aldıqda kamilliyin ali dərəcələrinə çata bilər. İslam tarixində pak və ali məqamlı qadınlar çoxdur.1

Zülm-sitəmdən uzaq, yetərli ailə mədəniyyətinə nail olmaq üçün kişi düzgün düşüncə tərzinə yiyələnməli, bəşər tarixində kök atmış yersiz təəssüblərdən çəkinməlidir. Bu, kişinin qadınla müştərək həyatda atacağı ilk addımdır. Kişi qadını ilahi bir hədiyyə, həyat yoldaşı bilməlidir. Bilməlidir ki, hüquqi baxımdan qadın eynən onun kimidir. Qadını əskik saymaq, ona hakimlik fikrinə düşmək yolverilməzdir.

Qadına münasibətdə təhqiramiz təsəvvürə malik olmaq kişinin özünü üstün sayması ilə nəticələnir və bu ailə rabitələrinə çox mənfi tə`sir göstərir.

Nə qədər ki, bu sayaq düşüncə tərzi formalaşmamış və kişi qadını özü ilə bərabər mövcud saymır, ailə münasibətləri tənzimlənməyəcək. Bu sayaq düşüncə tərzi ailə rabitələrinin sağlamlaşdırılması yolunda kişilərin atacağı ən zəruri addımdır. Yalnız bu yolla Allahın və`d etdiyi mərhəmət və sevgiyə nail olmaq mümkündür. Əgər qadınla kişi arasındakı rabitələr ədalət və bərabərliyə əsaslansa, tərəflərdən biri o birinə həqarətlə baxmasa, onlar aram bir həyat sürəcəkdir. Bu o demək deyil ki, ailədə iş bölgüsü olmasın və hər kəs öz fitri və təbii xüsusiyyətlərinə uyğun məs`uliyyət daşımasın. Uyğun düşüncə tərzi kişinin ailədə müdiriyyət məs`uliyyətini azaltmır. Növbəti söhbətlərimizdə ailədə iş bölgüsü haqqında danışacağıq. Hələ ki, diqqət əsas məsələyə yönəldilməlidir:

Qadınla kişi arasında rabitənin əsasını anlaşma, təvazö, qarşılıqlı ehtiram, bir sözlə, yoldaşlıq təşkil edir.

Aydın məsələdir ki, yoldaşlıq və dostluq münasibətlərində bir tərəfin özünü üstün, qarşı tərəfi əskik sayması mümkün deyil. Dostluq varsa, tərəflər arasında qarşılıqlı ehtiram da var.

Qadınla kişi arasında fərqlər


Xilqət baxımından qadınla kişi bərabər olsa da, onlar arasında müəyyən fərqlərin mövcudluğu göz qabağındadır. Dövrümüzün tanınmış psixoloqları, eləcə də, gündəlik təcrübə bu həqiqəti təsdiqləyir. Bir çox qərb psixoloqları qadınla kişi arasındakı fərqlərin siyahısını hazırlamışlar.1

Tanınmış Amerika psixoloqlarından olan professor Riq qısa bir cümlə ilə uyğun mövzunu belə xülasələşdirir:

«Qadın dünyası kişi dünyasından tamamilə fərqlidir.»

Yə`ni bu iki cins bə`zi məqamlarda fərqli düşünürsə, bunun səbəbi onların fərqli dünyalara malik olmasıdır.

Uyğun fərqlər ikinci dərəcəli xüsusiyyətlərlə bağlı olduğundan cinslərin birini o birindən üstün etmir. Allah bu cinslərdən birinin o birini tamamlaması üçün onları incə bir şəkildə fərqli yaratmışdır. Bu fərqlər yaranışın əsrarəngiz sirlərindəndir və varlıq aləminin idarəsində hikmət dolu bir iradədən danışır. Bütün bunlar göstərir ki, yaranış aləmi məqsədli bir məcmudur.

Hər halda qadında onu kişidən üstün edəcək xüsusiyyətlər var. Kişidə də ona imtiyaz verən xüsusiyyət var. Hər bir tərəfin qarşı tərəfin xüsusiyyətləri ilə tanışlığı sağlam rabitələrin qurulması üçün zəruridir.

Ailə rabitələrindəki bə`zi ixtilafların səbəbi budur ki, kişi həyat yoldaşının onun kimi düşünməsini və ona məxsus maraqlara malik olmasını istəyir.

Başqa sözlə, kişi umur ki, həyat yoldaşı qarşıya çıxan problemlərə onun gözü ilə baxsın. Belə bir istək isə təbii ki, tə`min olunmur. Kişi yaddan çıxarır ki, qadın xilqət baxımından onunla bərabər olsa da, fərqli xüsusiyyətlərə malikdir. Qadının öz baxışı, meyilləri, həssaslıqları vardır. Qadının məsələlərə münasibəti kişidən fərqli də ola bilər. Əgər qarşılıqlı anlaşma məsələsinə qadın da kişi kimi baxarsa, xüsusi ilə ailə həyatının ilk illərində problemlər qaçılmazdır. Çünki həmin dövrdə tərəflərdən heç biri yetərli təcrübəyə malik olmur. Əslində onların məsələlərə fərqli münasibəti eyni bir giləmeyvəni ərəbin “inəb”, farsın “ənqur”, türkün “üzüm” adlandırması kimidir. Yə`ni problemin əsas səbəbi tərəflərin bir-birinin dünyasına yol tapmaması, ayrı-ayrı dildə danışmasıdır.

Qadınla kişi arasındakı fitri və təbii fərqləri nəzərə almadıqda insanda mənfi təsəvvürlər yaranır, ərlə arvad problemlərlə üzləşir. İnsani münasibətlərdə fərdlərin bir-birini tanıması, qarşı tərəfin baxışlarından və meyillərindən xəbərdarlıq mühüm məsələdir. Bu məsələdən xəbərdarlıq mövcud rabitələri xeyli möhkəmləndirir. Ailə münasibətlərində də eyni qayda müşahidə olunur. Tərəflər təkcə bir-birlərinin əxlaq, düşüncə və şəxsiyyətlə bağlı xüsusiyyətləri ilə tanış olmamalı, həm də belə bir həqiqəti qəbul etməlidirlər ki, qadın və kişi psixoloji baxımdan fərqli mövcudlardır. Tərəflərin baxışlarındakı uyğunsuzluqlar ailə rabitələrinə əhəmiyyətli tə`sir göstərir. Uyğunusuzluqları nəzərə almaq, mövcud fərdləri tanımaq üçün yetərli sə`ylər insanın qarşı tərəfdən anlaşılmasına səbəb olur və bir çox problemlər öz həllini tapır.

Deyilənləri nəzərə alaraq söhbətimizin bu hissəsində qadınla kişi arasındakı bə`zi fərqləri ehtiyacımız həddində nəzərdən keçiririk. Uyğun mövzu ilə bağlı ətraflı mə`lumat əldə etmək üçün zəruri katab və mənbələrə müraciət edilməlidir.


Qadın ruhiyyəsinin əsas mehvəri


Qadını kişidən imtiyazlı edən əsas mehvər onun duyumlu və həssas olmasıdır. Duyum və hiss kişidə varsa da, bu xüsusiyyət qadında onu kişidən fərqləndirəcək həddə güclüdür. Qadının bu xüsusiyyətləri onun bir çox digər xüsusiyyətinin də qaynağıdır.

Dərin daxili hisslərə malik olması qadının ruhunda lətafət doğurur və qəlb riqqətinin yüksəlməsinə səbəb olur.

Bu səbəbdən də qadınlar kişilərdən çox tez tə`sirlənirlər. Qadın bir çox məsələlərə mərhəmət prizmasından baxır və bu mərhəmət onun batin dünyasında tə`yinedici rol oynayır.

Qadın yaranış aləmində xüsusi rol oynadığından belə bir daxili sərmayə ilə təchiz olunmuşdur. Bu rol dünyaya övlad gətirmək və insan nəslinin həyatını davam etdirməkdən ibarətdir. Əslində övladın böyüməsi və bu məs`uliyyətli işin öhdəyə götürülməsi eşq və məhəbbət dolu bir ruh istəyir. Övlad dünyaya gətirib onu tərbiyə edən bir varlıq mehriban, fədakar olmalı və bu işdən ləzzət almalıdır. Bəli, riqqət və lətafət xüsusiyyətləri qadın ruhunun imtiyazlarından və varlıq nizamının ona hədiyyələrindəndir. Eləcə də, möhkəmlik və qüvvə, bu iki xüsusiyyətdən qaynaqlanmış şücaət, qətiyyət və idarəçilik kişi vücuduna xas xüsusiyyətlərdəndir. Qadınlar bu xüsusiyyətlərdən kişilər qədər faydalanmırlar.

Qadın kişi şücaətinə sahib olmasa da, belə bir şücaətə vurğundur. O güclü və qüvvətli bir kişinin pənahına sığınmaq istəyindədir. Özünü belə bir kişinin himayəsində hiss edən qadın aramlıq tapır. Xanım Lembrozanın təb`irincə, qadın divar və ya ağaca dolanıb yuxarı qalxan və onu öz çiçəkləri ilə bürüyən sarmaşıq kimidir. (Olsun ki, bu təşbeh kişilərin qadınlardan qüvvətli olmasını önə çəkən Qur`an ayəsinin anlaşılmasına kömək edə.)

Qadınlar, adətən, zəif kişiləri sevmir. Zəif ər qadını daim narahat edir. Ərin polad biləklərini özü və ailəsi ətrafında yenilməz divar tək hiss edən qadın özündə razılıq və iftixar dolu bir rahatlıq duyur. Qadının psixoloji sağlamlığında bu məsələ çox rol oynayır. Qadının qeyri-zəruri məsələlərdə özünü büruzə verən zərif təbiəti bə`zən kişilər üçün anlaşılmaz olur. Qadın ruhunun tez tə`sirlənməsi, ictimai mühitə bağlılığı, başqalarına təqlidçiliyi, başqalarının fikrinə öz fikrindən daha çox üstünlük verməsi, sabit halda qala bilməməsi onun mərhəmət və duyumundan danışır.


Qadının hər şeylə maraqlanması


Əksər qadınlar ətrafdakılarla bağlı ən incə məsələlərə həssasdır. Başqalarının həyatında baş verən ən kiçik dəyişiklik onların nəzərindən qaçmır. Bu xüsusiyyəti doğuran ondakı casusluq, başqalarının işinə müdaxilə hissidir, yoxsa pərdə arxasında başqa bir səbəb var? Hər şeylə maraqlanmaq qadın üçün təbii bir xüsusiyyətdir. Hətta rahatlıq və sakitlik tələb edən qocalıq dövründə belə kişilərin əksinə olaraq qadınlar təkliyə çəkilib sakit yaşaya bilmir. Qadındakı daxili hiss və ya başqalarına münasibətdə istək güclü bir amilə çevrilib onu dörd bir yana sövq edir. O, başqalarının həyatını öz həyatının bir hissəsi sayır. Başqalarının qəminə qəmlənir, şadlığına sevinir. Əlbəttə ki, qadın bu hissi özündə cilovlamadıqda özü və başqaları üçün xeyli problem yaradır.

Bə`zən qadının başqalarına, xüsusi ilə də biganə kişilərə marağı onun ərində şübhələr yaradır. Kişi elə düşünür ki, qadının bu marağı hansısa pis məqsədlərdir. Hansı ki, adətən, belə olmur. Qadın təbiətindəki hər şeylə maraqlanmaq hissi onun həyatında bir növ başqalarının rolunu artırır. Bu hiss qadında o qədər güclənə bilər ki, ətrafdakıların ən kiçik hərəkəti onun gözündən yayınmaz. Qadının başqalarının həyatına yersiz müdaxilələri, həddi aşmış maraqları, şübhəsiz ki, xeyli problem yaradır. Hansı ki, kişilər, adətən, belə olmur. Hər hansı kişi adi şəraitdə başqalarının həyatı haqqında nəsə öyrənməyə sə`y göstərmir. Əslində ətrafdakıların necəliyi onun üçün əhəmiyyətli deyil. Adi bir qadının da başqa kişilərə marağı sadəcə mə`lumat toplamaq xatirinə olur. Əlbəttə ki, qadındakı bu hiss qarşıda dərin problemlər yaratmamaq üçün cilovlanmalıdır. Kişinin biganə qadına baxımı dərhal nəfs baxımından qiymətləndirilir. Hansı ki, qadının bir kişiyə marağı qadınlar arasında nəfs istəyi kimi dəyərləndirilmir. Demək, qadının biganə kişiyə baxışı ilə kişinin biganə qadına baxışı arasında fərq var və bu iki baxış eyni sayılmamalıdır. Qadının biganə kişilərə marağının digər bir səbəbi onun özünü əskik, kişiləri üstün varlıq saymasıdır. Yanlış tərbiyə sayəsində qadında belə bir münasibət yarana bilər.

Belə bir tərbiyəvi nöqtəni qeyd etməliyik ki, ailələr öz qız övladları ilə kiçik yaşından hörmətlə rəftar etməli və onların özlərini əskik varlıq saymasına şərait yaratmamalıdırlar. Gənc bir qızın həyatında uyğun əskiklik hissi mühüm rol oynaya bilər, hətta onu təhlükəli işlərə yönəldər.

Qadınlar üçün söhbət hislərini bölüşmə vasitəsidir.


Xanımlar arasındakı uzun-uzadı söhbətlərin səbəbi kişilərlə qadınlar arasındakı rəftar fərqlərindən doğur. Adi halda hər hansı kişi qadınların uzun-uzadı söhbətlərinin səbəbini anlaya bilməz. Belə söhbətlər kişilərin nəzərində yorucudur. Bitib-tükənməyən qeyri-zəruri telefon söhbətləri, ayrılarkən söhbəti uzatmaq bu mövzunun müxtəlif nümunələridir. Həqiqət isə qadın ruhunun psixologiyası ilə bağlı deyilənlərdir.

Söhbət əgər kişilər üçün mə`lumat mübadiləsidirsə, qadınlar üçün hisslərini bölüşmə vasitəsi, məhəbbətlərini izhar etmə yoludur.1

Deyilənlərdən belə mə`lum olur ki, mərhəmət hissi qadının həyatında necə də geniş yer tutur. Eləcə də, zahirən səthi görünən bu münasibətlərin qadın batinində dərin kökləri var. Bu hisslər sadəcə bir e`tiraz və tövsiyə ilə aradan götürülə bilməz. Kişi dərin düşüncə və ayıq gözlə qadın ruhiyyəsini tanımalı və öz istəklərini tarazlaşdırmalıdır. Digər bir tərəfdən, qadın düzgün tə`lim-tərbiyədən faydalanmaqla öz şəxsiyyətinin zəif və qüvvəli nöqtələrini müəyyənləşdirməli, təbii istəklərinə nəzarət etməlidir. O çalışmalıdır ki, bu istəklər ağıl və məntiq həddini aşmasın və qadın kişi tərəfindən ağılsızlıqda ittiham edilməsin. Nəzərdən keçirilən problemlər, adətən, düzgün tə`lim-tərbiyə görməmiş qadınlarda müxtəlif formalarda təzahür edir və qadın şəxsiyyəti alçalır.

Ağıl və hisslər arasındakı daimi dartışma


Qadının psixoloji xüsusiyyətləri ilə bağlı araşdırılması məsələlərdən biri hiss və ağıl arasındakı rabitədir. Bə`zən qıcıqlanmış hisslər pis fikirlər yaradır.

Şübhəsiz ki, duyumsuz həyat quru və ləzzətsizdir. Həyatın dadı insandakı mərhəmət, sevgi hisslərindən asılıdır. Ali hisslər bə`zən ağıldan yox, insan vücudundakı başqa yönümlərdən qaynaqlanır, insanın ruhuna və qəlbinə səfa verir, onu daha üstün aləmlərlə tanış edir. Amma belə bir nöqtə şübhə doğurmur:

Hisslərlə yanaşı heç bir amil və hərəkət əqlin göstərişləri ziddinə olmamalıdır.

Ağıl bir komandan kimi insan vücudundakı bütün qüvvələri nəzarət altına alır. İnsan ağıla əsaslanmayan heç bir hərəkətə yol verməməlidir. Hiss də insan vücudunda həyatverici çeşmə kimidir. Bu çeşmə məcrasından çıxıb viranəlik yaratmamalıdır. Hiss qüvvəsindən daha üstün şəkildə istifadə etmək üçün o, ağıl tərəfindən istiqamətləndirilməlidir.

Ağıl həqiqətlərin dərkində ayırdetmə qüvvəsidir. Düzü əyridən, xeyiri zərərdən seçmək onun öhdəsindədir. Demək, ağıl insan hisslərinə zidd deyil, həm də hansısa mərhələdə onun üçün möhkəm dayaqdır. Bə`zən deyirlər ki, yalnız ağıla əsaslanan insanlar quru və mərhəmətsiz olur. Diqqətli olmaq lazımdır ki, həyatı quru və sönük edən ağıla əsaslanmaq yox, hisslərdən məhrumluqdur.

Nə ağıl insani hislərin yerini tuta bilər, nə də insani hisslər ağılın yerini tutmalıdır.

Ağıl hissi, hiss isə ağılı əvəz edə bilməz. Çox hissiyyatlı və tez həyəcanlanan insanlar ağıl kimi bir dəyərdən də faydalanmaq imkanına malikdirlər. Əgər onlar öz hisslərini cilovlaya bilməsələr, hisslər ağılın fəaliyyətinə mane olar, ağıl zəifliyi ilə sonuclanar. Yə`ni bu tip insanlarda ağılın hakimiyyəti zəifləyir, onların qərarları ağıla yox, hissə əsaslanır. Bu böyük bir problemdir.

Adətən, hiss şirin olduğundan insan qəlbini özünə çəkir, onun yaratdığı ruhi həyəcanlar ağıl üçün meydanı daraldır. Məhz belə bir məqamda insandakı duyum əqlin yerini tutur.

Yalnız hisslər əsasında hərəkət edən şəxs və ya cəmiyyət ağıl gücündən lazımınca faydalanmır və nəhayətdə viran olub gedir.

Güclü hissə malik insanlar bə`zən ağılı hissə fəda edə bilərlər. Bu zümrədən olan insanların həyatına baxış uyğun müddəanı təsdiq edir. Hisslərlə daha çox ünsiyyətdə olan şairlər, rəssamlar, musiqiçilər, ümumiyyətlə zövq və sənət əhli bu zümrədəndir. Yalnız hissini cilovlaya bilənlər, təfəkkür qüvvəsini gücləndirənlər istisnadır.


Qadının mövqeyi


Qeyd olunduğu kimi, qadın dərin və geniş hissə malik bir varlıqdır. O bu baxımdan kişidən üstündür. (Bu üstünlük şəxsə yox, növə aiddir. Yə`ni orta halda olan qadınlar orta halda olan kişilərdən hiss baxımından üstündür. Amma xüsusi halda bir kişi bir qadından daha hissiyyatlı ola bilər.) Bu xüsusiyyət, şübhəsiz ki, qadın üçün problemlər yaradır. Hissin düşüncəyə qələbə çalması ağıl zəifliyi ilə nəticələnir. Kişilərin bu sahədə bir o qədər də böyük problemi olmur. Demək, kişi ilə qadın arasında iş bölgüsü aparılarkən bu fitri xüsusiyyət nəzərə alınmalıdır. Kişi və qadın arasındakı təbii fərqləri nəzərdən qaçırmaq olmaz. Eşq və məhəbbətlə dolu bir qəlb tələb edən işlərin öhdəsindən, adətən, qadınlar daha yaxşı gəlir. Daha çox fiziki qüvvə tələb edən işlər isə kişilər üçün münasibdir. İqtisadiyyat kimi fiziki güclə yanaşı dəqiqlik və sərtlik tələb edən sahələrdə də kişilər daha müvəffəqdirlər. Uyğun məsələni bəsirət gözü ilə nəzərdən keçirən hər bir insan anlayar ki, idarəçilikdə bu üsul daha möhkəm və e`tibarlıdır.

Qadının göstərməli olduğu hünər


Deyilənlərdən aydın oldu ki, qadın həyatında ən mühüm məsələlərdən biri ağıl və hiss arasında uyğunluq yaratmaqdır. Əgər qadın öz vücudunda bu uyğunluğu yarada bilməsə, təbii olaraq, sırf emosional varlığa çevriləcəkdir. Belə bir hal həyati məsələlərin həll və kamillik yolunda bir çox problemlər yaradır. Beləcə, qadının ailə həyatı sağlam və müvəffəq olmur. Xanımların agahlıq və mücahidə ilə ağıl və hisslərdən paralel şəkildə faydalanması, ağılın yerini hissə, hissin yerini ağıla verməməsi zəruridir.

Qadın və kişinin müştərək həyatında ağıl və məntiq hakim olduqda, hər iki tərəf öz qərarlarını məntiq əsasında çıxardıqda bir çox müvəffəqiyyətlər əldə olunur, eləcə də, ixtilaflara yer qalmır. Hisslərini cilovlamaq təcrübəsinə malik olmayan qadın üçün qeyd olunmuş şərtlərə əməl etmək asan deyil. Ailə rabitələrində, adətən, ixtilaflar o zaman yaranır ki, tərəflər qarşılıqlı qəbul olunmuş me`yarlardan faydalanmır. İxtilafları yaradan, sabit ağıl və məntiq me`yarları əvəzinə hisslərə tabeçilikdir. Ağıl və məntiqi bir kənara qoyub hisslərə tabe olmaqla müsbət bir nəticə əldə etmək olmur. Ağıllı xanımlar müştərək həyatın davamı və xoşbəxtliyi üçün düşüncəyə üstünlük verir, öz hərəkətlərinin zərər-ziyanını müəyyənləşdirir, ailənin məsləhətini nəzərə alır, öz qəlb istəyini ailənin xoşbəxtliyinə fəda edir.

Məntiq və uzaqgörənlik yolunu seçmək tərbiyəli xanımların ən böyük imtiyazıdır.

Məntiq və ağıl əsasında rəftar əksər qadınların rastlaşdığı bir çox problemləri hansısa həddə həll edir. Bu problemlərdən biri də qeyri-sabit, dəyişkən haldır. Hisslərə əsaslanan həyat heç vaxt sabit olmur. Daim dəyişən psixoloji durum qadın həyatının böyük problemidir. Bu hal hisslərini cilovlaya bilməyən əksər adamlarda müşahidə olunur. Əksinə, insanın qərarları imkan həddində ağıl və düşüncəyə əsaslandıqda, hisslər insan həyatına hakim kəsilmədikdə bir çox dəyişkənliklər aradan qalxır, insan yersiz emosiyalardan azad olur.


Bir tənqid


Bu bəhsin sonunda öz diqqətsizliyi ilə həyat yoldaşına əziyyət verən bə`zi kişiləri tənqid etməli oluruq. Belələri öz həyat yoldaşlarına bəyənilməmiş və təhqiramiz sifətlər aid etməklə onu geri qalmış, zatən nöqsanlı bir varlıq kimi təqdim edirlər. Onlar başqalarının yanında birbaşa və ya dolayısı ilə zövcələrini təhqir edirlər. Bu gün adiləşmiş “ağıldan zəif” məzəmməti həmin təhqirlərə misal ola bilər. Hər birimiz qadınlara ünvanlanmış bu sayaq təhqirlərlə rastlaşmışıq. Bu sayaq təhqiramiz rəftar nəinki şər`i me`yarlara sığmır, həm də axirət əzabına səbəb olur. Belə münasibət ən ibtidai əxlaq və insanlıq üsullarına ziddir. Azca insani tərbiyəyə malik olan hər bir kəs qadınla bu sayaq rəftara yol vermir. Bu sayaq rəftarın əsas səbəbi, adətən, kişilərin özünü üstün bilməsi olur. Onlar bu yolla ailədə qadına münasibətdəki çəkilərini ağırlaşdırdıqlarını zənn edirlər. Kişilərə bu sayaq eyibləri aşkar bildirildikdə dözümsüzlük göstərir, ciddi e`tiraz edirlər. Necə olur ki, onlar qadınların əskikliyini öz məclislərində şirin mövzuya çevirir, yanlış rəftarlarından çəkinmirlər? Adətən, insanda eqoistlik gücləndikdə, addım-addım onun qəlbini əhatə edir. Bu halda insanın özünü dəyərləndirməsinə macal qalmır. Bu halda insan başqalarının kiçik eyiblərini böyüdür, öz böyük eyiblərini görüb qəbul etmək istəmir. Çox genişlənmiş bu münasibət eqoistlik caynağında giriftardır. Sə`dinin tə`birincə:
Xalqın eybini gəzmək

Uzaqdır kişilikdən.

Özünə bir nəzər sal–

Günahda batmısan sən.
Hər halda qadınlara münasibətdə bu sayaq rəftar böyük insanlarda müşahidə olunmur. Bundan əlavə bir bu qədər təhqir edib alçaltdığımız kəs bizimlə səmimi münasibətdə ola bilərmi?! Bu sayaq qeyri-əxlaqi rəftarlar qadın və qızlarda əskiklik hissi doğurur, onlar tə`sirə əsk tə`sirlə cavab verərək kişiləri bə`zi xüsusiyyətlərinə görə ittiham edirlər. Bə`zən qadınlardakı qürur hissi uyğun təhqirlərə cavab olur. Onlar bu yolla bir növ özlərini müdafiə edirlər. Əvəzində isə ailə mühiti savaş meydanına çevrilir, hər iki tərəf münasib fürsət olan kimi qarşı tərəfə zərbə endirirlər. E`lan olunmamış bu müharibə kişi tərəfindən başlayır və qadın özü də istəmədən bu savaşa qatılır. Təəsüf ki, bu günki modern ailələrdə qadın bu sahədə kişinin birinciliyini əlindən almışdır!

Şübhəsiz ki, qarşı tərəfin hörmətini saxlamaq insani münasibətlərdə ilk addımdır. Utanıb çəkinmədən başqalarının hörmətini ayaq altına atanlar, insan haqlarına heç bir ehtiram göstərməyənlər ya qürur badəsinin məstliyindən bu yola düşmüşlər, ya da ağıl azlığından əziyyət çəkirlər. Əlbəttə ki, bu da böyük bir dərddir.

Qeyd etmək yerinə düşər ki, əxlaq və insanlıq baxımından iki böyük bəla mövcuddur. Bütün digər bəlalar bu iki bəladan doğur. Həmin bəlalar bütün digər problemlərin və çətinliklərin anasıdır. Onlardan biri eqoistlik, digəri düşüncəsizlikdir. İnsanın insanı düçar etdiyi bəla və əziyyətləri nəzərdən keçirsək, bu iki amildən birinin izini görərik. Bə`zən də hər iki iz müşahidə olunur.

Diqqət yetirməliyik ki, ailə üstünlüyün sübutu üçün meydan deyil. Hətta həqiqətən də tərəflərdən biri o birindən üstün olsa bu barədə danışmaq, qarşı tərəfi ittiham etmək bəyənilməmiş işlərdəndir. İnsanlıq əxlaqından xəbəri olan kəs bu həddə tənəzzül etmir. Heç bir üstünlük olmadığı halda, yeri gəldi gəlmədi qarşı tərəfi təhqir etmək isə, şübhəsiz ki, daha pisdir.


Qadın və kişinin bir-birinə ikili münasibəti


Qadın və kişi arasındakı fərqlərə səbəb olan əsas zəmin onların bir-birinə qarşı hissləridir. Yə`ni kişinin qadına qarşı hissləri qadının kişiyə qarşı hisslərindən fərqlənir. Ailə haqqında danışarkən bu məsələyə diqqət çox mühümdür. Müştərək ailə qurmaq fikrində olan qadın və kişi bu sahəyə lazımınca diqqət yetirməlidirlər ki, xoşbəxt həyat qura bilsinlər. Xüsusi ilə kişi bilməlidir ki, müştərək həyat qurmaq istədiyi kəs onunla rabitəyə öz prizmasından baxır və fərqli hisslərə malikdir. Əgər arada qarşılıqlı anlaşma olmasa, ailənin xoşbəxtliyi yolunda böyük maneələr yaranacaq. Bu məsələdən xəbərsizlik və ya ona diqqətsizlik bir çox problemlərin qaynağıdır.

Həmən problemlərdən biri budur ki, qadına münasibətdə kişinin hissləri tələbli və ehtiyaclıdır. Həmin bu səbəbdən kişi fiziki cəhətdən üstünlüyünə baxmayaraq, daim həyat yoldaşı sorağında olmuş, var-dövlətini, imkanlarını qadının ixtiyarına vermişdir.

Kişi məhz bu fitri hisslərin hesabına qadına elçi düşmüş və öz ehtiyacını aşkarlamaqda əskiklik görməmişdir. Amma qadının bu sahədəki təbii hissləri fərqlidir. O, kişinin sorağınca getməyi, rabitə üçün ilk addım atıb ehtiyacını açıqlamağı özü üçün əskiklik sayır. Qadın o zaman ruhi aramlıq tapır ki, “istəyən” yox, “istənilən” olsun.

Qadının kişiyə münasibəti “istəmək” yox, “istənilmək” hissləri üzərində qurulmuşdur.

Kişi “istəyin”, qadın isə “istənilməyin” zühur məhəllidir. Bu səbəbdən də qadının ən böyük hünəri o olmuşdur ki, həyat yoldaşının qəlbini ram etsin, onu özünə heyran qoysun. Təbiət də kişini öz məhəbbətinə əsir etmək üçün qadına fiziki və psixoloji imkanlar vermişdir. O zərif gedişləri ilə kişinin qəlbinə nüfuz edir, onu öz xidmətində saxlayır. Bə`zən isə kişinin şücaətlərinə səbəbkar olur. Qadını kişi qarşısında bu qədər güclü etmək yaranışın mahir tədbirlərindəndir.

Kişi dünyanı, qadınsa kişini fəth edə bilir.

Əgər qadında onu kişidən fərqləndirən xüsusiyyətlər olmasaydı, şübhəsiz ki, onu özünə heyran qoya bilməzdi. Bu səbəbdən də kişilər kişiyə oxşar qadınları sevmirlər.

Tarix şahiddir ki, bir çox amansız hakimlər qadın qarşısında aciz qalmışlar. Dünyanı qılıncdan keçirən bu fatehlər qadın qarşısında boyun əyib, öz heçliklərini e`tiraf etmişlər.

Qadın bu sayaq hisslərə malik olduğundan yalnız özünə vurğun kişi ilə birlikdə olduqda xoşbəxtliyi dadır. Kişi isə belə deyil. O yalnız sevdiyi qadını tapdığı vaxt ləzzət duyur.

Kişi sevmək, qadın isə sevilmək sorağındadır


Demək, qadın üçün gerçək və təbii eşq kişi tərəfindən başlanılmış eşqdir. Yalnız belə bir eşq qadın üçün heç zaman soyumur. Qadın tərəfindən başlanılmış eşq isə kövrək və davamsızdır. (Daha geniş mə`lumat almaq üçün “İslamda qadın haqları” kitabına müraciət edin)

Qadınla kişi arasındakı münasibətlərdə qadın üçün fiziki yaxınlıq ləzzəti yox, kişinin qəlbini ram etmək ləzzəti önəmlidir. Başqa sözlə, qadın fiziki ləzzətlərdən daha çox ruhani ləzzətlərdən həzz alır. Kişidə isə əksinədir. Kişidə fiziki ləzzət ruhani ləzzəti üstələyir. Bu səbəbdən də deyirlər ki, kişi qadının cismi, qadın isə kişinin qəlbi sorağındadır. Ər-arvad münasibətlərində əsas nöqtə budur.

Qadında özününümayiş, dilrübalıq, ram etmə hissinin izharı üçün ideal fitri zəmin var. Qadın bu yolla kişi qəlbini fəth edib onu öz ardınca çəkir.

Beləcə, anlamaq olur ki, qüdrət təkcə qol gücü demək deyil. Kişi qadından nə qədər güclü olsa da, qadın əsrarəngiz qüvvəsi ilə onu öz qarşısında diz çökdürür, qəlbini özünə əsir edir. Həzrət Əlidən (ə) nəql olunmuş məşhur bir rəvayətdə deyilir: “Qadın qəhrəman yox, ətirli güldür.”1 Yə`ni qadın fiziki baxımdan kişi qədər güclü olmasa da, ətirli, zərif, gözəl bir güldür və bu səbəbdən də kişini öz məhəbbət toruna sala bilir. Bütün bunları nəzərə almaqla qadından kişi kimi hərəkət etməsi tələb olunmamalıdır.


Qadın ruhunda şadlıq və təravət


Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, əri tərəfindən sevilən, bu sevgidən arxayın olan qadın qəm-qüssədən uzaqdır. Belə bir arxayınlıq qadına daxili bir rahatlıq verir. Ərində özünə qarşı biganəlik görən, onun başqa kəslərə və başqa şeylərə maraq göstərdiyinə şahid olan, ərinin qəlbini ram etməkdə acizlik hiss edən qadın isə günbəgün pərişanlaşır, ruhi təravətini əldən verir. Qarşı tərəfin biganəliyi qadın ruhiyyəsinə o qədər mənfi tə`sir göstərir ki, o hətta övladlarına qarşı biganələşir. Yə`ni hətta analıq hissləri də ərin münasibəti ilə müəyyənləşir. Kişinin himayə və mehribanlığı qadın üçün o qədər dəyərlidir ki, bu hisslər olmadıqda ailə həyatı qadın üçün dözülməz olur. Belə bir izdivac heç vaxt xoşbəxtliyə aparmır.

Beləcə, mə`lum olur ki, ərin öz arvadına münasibətdə həssaslığı ailə həyatının xoşbəxtliyində misilsiz rola malikdir.

Belə bir nöqtəni də nəzərdən qaçırmaq olmaz: Qadın kişinin soyuqluğunu onun nəzərinə çatdıra bilmir! Ona elə gəlir ki, bu onun mənliyinə xələl gətirir. Amma bu biganəlik davamlı şəkil aldıqda qadının rəftarlarında onun mənfi təzahürləri özünü büruzə verir. Məsələ gündən-günə çətinləşir.

Qadın dərin daxili hisslərə malik olduğundan təbii bir şəraitdə əri yolunda böyük fədakarlıqlar göstərib, məhrumiyyətlərə dözə bilər. Amma bütün bu fədakarlıqlar yalnız o zaman baş verir ki, qadın əri ilə münasibətdə ruhən tə`min olunsun və özünü alçaldılmış görməsin. Başqa sözlə, ailə rabitələrində e`timad, həyat yoldaşının diqqəti və mehribanlığı qadına güc verir ki, çətinlikləri adlasın, ərinə münasibətdə böyük fədakarlıqlar göstərsin. Hətta belə bir vəziyyətdə qadın öz məhrumiyyətlərindən ləzzət alır. Amma qadının sevgisi və fədakarlığı qiymətləndirilmədikdə onun ruhiyyəsi günbəgün zəifləyir, hansısa fədakarlığa yer qalmır. Beləcə, ixtilaf və qarşıdurmaların bünövrəsi qoyulur.

Bir çox ailə ixtilaflarının kökü budur ki, qadın əsil istəyinə çatmır, ərinin qəlbini və məhəbbətini qazana bilmədiyini düşünür, amma bunu açıqlamır, bu hisslərin tə`siri altında qadın özündən asılı olmayaraq uyğunsuzluq və e`tiraz yolunu seçir.

Təəssüf ki, bir çox kişilər qadın ruhiyyəsindən xəbərsiz olduqlarından onun qanuni istəklərinə biganəlik göstərirlər. Onlar öz rəftarlarının nə ilə nəticələnəcəyindən xəbərsiz həyat yoldaşlarına məhəbbətlərini əsirgəyir, onu iztirab aləmində tənha buraxırlar. Qadın öz ailə həyatında məğlubiyyət hiss edib eşq sərmayəsini hədərə verdiyini düşündükdə özünü ailə həyatına necə həsr edə bilər?! Bu sayaq düşüncələrlə qəlbin pak hisslərini səxavətlə paylaşmaq, həyat nihalına eşq və məhəbbətlə qulluq etmək mümkündürmü?!


Ərin ən mühüm mə`nəvi vəzifəsi


Deyilənlərdən belə mə`lum olur ki, ərin ilk mə`nəvi vəzifəsi həyat yoldaşını öz məhəbbətindən arxayınlaşdırmaqdır. Diqqətsizlik və biganəlik qoxusu gələn istənilən bir işdən çəkinmək lazımdır. Ər çalışmalıdır ki, öz məhəbbəti ilə ailə nihalını sirab etsin. Əlbəttə ki, bütün sahələrdə olduğu kimi məhəbbət sahəsində də ifrata varmaq düzgün deyil. Heç bir halda tarazlığı pozub orta həddi aşmaq olmaz. Təcrübə göstərir ki, ailə həyatının ilk dönəmində əsas məhəbbət hisslərdən qaynaqlanır və qısa bir zamanda biganəliyə çevrilir. (Hisslərə əsaslanan qəlb bağlılığı ifrata vardıqda nəticələr həm qadının, həm də kişinin zərərinə olur. Bə`zi gənc xanımlar ailə həyatının ilk dövründə qarşı tərəfə ifrat məhəbbətlə yanaşırlar. Bu səbəbdən onlar qarşı tərəfdən də eyni məhəbbətin intizarında olurlar. Amma qadının bu intizarını doğrultmaq, adətən, kişilər üçün çətin və yorucu olur. Bu zümrədən olanlar məsələyə agahlıqla yanaşıb münasibətləri tənzimləməli, ifratçılığa yol verməməklə mümkün problemlərin qarşısını almalıdırlar.)

Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə buyurulur: “Kişinin öz həyat yoldaşına sevirəm” deməsi heç vaxt onun yaddaşından silinmir.” Bu hədis qadının öz həyat yoldaşına bağlılığını göstərir və öncə dediklərimizi təsdiqləyir. Bu əsas nöqtəyə diqqətli olmaq kişi üçün zəruridir. Bu diqqət kişinin bir çox əxlaqi vəzifələrini müəyyənləşdirir. (Qadının rahatlığını əlindən alan amillərdən biri onun ərinin başqa qadınlara diqqət yetirməsidir. Bu məsələ qadında belə bir fikir formalaşdırır ki, o, ərinin diqqətini özünə cəlb edə bilməmişdir. Kişinin başqalarına diqqət yetirməsi xoşagəlməz sonluqla nəticələndiyindən dini tə`limlərdə belə bir diqqət və baxışa icazə verilməmişdir. Bir qadınla ailə təşkil etmiş kişi bütün diqqətini ona yönəltməli və başqa qadınlardan gözünü çəkməlidir. Bu əhdə vəfa şərtidir və ailə bağlarını möhkəmləndirir.) Məsələn, kişinin aldığı kiçik bir hədiyyə onun yoldaşı üçün misilsiz olur. Çünki bu hədiyyə ərin öz arvadına diqqətini və onu yaddan çıxarmadığını göstərir. İş yerindən və ya şəhərin hansısa bir nöqtəsindən ərin sadəcə telefonla öz həyat yoldaşı ilə danışması qadını xeyli rahatlaşdırır. Bə`zi kişilərin öz həyat yoldaşlarına biganəliyinin necə böyük qəflət və cəfakarlıq olduğu göz qabağındadır. Hətta belə olur ki, ərindən inciyən qadın ər evini tərk edib ata evinə üz tutur. Belə bir hərəkət düzgün olmasa da, ər yenə də evlənmədən əvvəldə olduğu kimi arvadının arxasınca getməli, müxtəlif hədiyyələrlə onun diqqətini cəlb etməlidir. Ərdən incimiş qadına bu sayaq diqqət onun qəm-qüssəyə qərq olmuş qəlbini dirildib, müştərək həyata yenidən ruhlandırır. Kişi belə hallarda içindəki vəsvəsələrə təslim olmamalı və düşünməməlidir ki, onun qabağa addım atması qadın üçün pis örnək ola bilər. Ailə həyatında bu sayaq tərəddüdlərə yer yoxdur və kişi qadına məhəbbət göstərməyi özü üçün təhqir saymamalıdır. Məgər ailə qurmamışdan öncə tam təvazö ilə qadının qapısına gedib ona öz eşqini e’lan edən həmin ər deyildimi?! Axı bir vaxt təhqir sayılmayan iş nə üçün küsüşmədən sonra təhqir sayılmalıdır?! Kişinin irəli addım atıb məhəbbətini izhar etməsi qadının gözündən yayınmır və ailə həyatını möhkəmliyində öz tə`sirini göstərir. Qadınlar da ərin təvazökarlıqla ona yaxınlaşmasına müsbət cavab verməli, onun məhəbbətini düzgün qiymətləndirməlidirlər. Burada Qur`ani-kərimdən bir ayəni xatırlamaq yerinə düşərdi: “Yaxşılığın yaxşılıqdan başqa əvəzi varmı?”1


Ərlərə xəbərdarlıq


Deyildiyi kimi, qadın üçün ərin ona diqqətindən mühüm bir şey yoxdur. Bu sahədə qadın çox həssasdır. Bu səbəbdən də ərin başqalarını, xüsusi ilə hansısa qadınları və ya öz ana-bacısını tə`rif etməsi qadın üçün dözülməzdir.

Qadın bu istəkdədir ki, ərinin qəlbini öz inhisarında saxlasın və bu qəlbdə kimsə onun yerini tutmasın. Ər öz həyat yoldaşının bu hisslərindən agah olmalıdır. O, yol verməməlidir ki, qadında onun sevgisi ilə bağlı narahatlıqlar yaransın. Ana-bacını, qardaşı, dostları sevmək o demək deyil ki, həyat yoldaşının yanında daim onlardan danışasan. Məsələn, həyat yoldaşı ilə ikilikdə səfərə çıxdıqda yeri gəldi gəlmədi başqa yaxınları xatırlayıb, onların olmamasına təəssüflənmək qadında iztirab yaradır. Həyat yoldaşına başqalarının bişirdiyi xörəkləri tə`rifləmək, əl işlərindən həvəslə danışmaq zərərlidir. Kişi bu şərtlərə riayət etməsə, daim öz həyat yoldaşına başqalarını tə`rifləsə, qadın elə düşünə bilər ki, ər onun yanında da olsa, fikri başqa yerdədir. Belə bir hiss onun üçün dözülməzdir və onda əxlaqi nöqsan olan həsəd yaradır. (Deyilənlər anaya da aiddir. Yə`ni insan öz anasının hüzurunda ardıcıl şəkildə həyat yoldaşını tə`rifləyib, başqalarına biganə qalması ilə bağlı şübhələr yaratmamalıdır. Ruhdakı həsəd xüsusiyyəti qıcıqlandıqda bir çox problemlər yaradır və həmin sifətdən asanlıqla yaxa qurtarmaq olmur. Məhz bu məqamlarda kişinin müdiriyyət rolu aydın olur.) Təkrar-təkrar qeyd etdik ki, ər öz danışıq və rəftarları ilə həyat yoldaşını öz sevgisinə inandırmalıdır. Qadın əmin olmalıdır ki, ərin qəlbində onun yerini başqa biri tuta bilməz. Qadın belə bir arxayınlıq olduqda müştərək həyatını sağlam və enerjili davam etdirir.

Bə`zən qadın öz ərini onun sevdiyi hər şeyə, hətta heyvana, əşyaya, idman və ya əyləncəyə də qısqanır. Ərinin ona yox, digər şeylərə maraq göstərdiyini gördükdə nifrəti həmin şeylərə ünvanlanır. Ətrafda bu nümunələrlə rastlaşmaq çətin deyil. Əlbəttə ki, belə bir münasibət qadının öz hisslərində ifrata vardığını göstərir. Amma hər halda ər öz həyat yoldaşının bu hisslərindən xəbərdar olmalıdır. Kişi tədbir və bəsirətlə elə rəftar etməlidir ki, qadındakı bu hisslər qıcıqlanmasın. Əgər buna nail olsa, bir çox problemlərin qarşısı alınar, qadının psixoloji aramlığı tə`min edilər.

Məhəbbət intizarında ifrata varmayaq


Qadınlara belə bir nöqtəni də xatırlatmaq lazım gəlir ki, uyğun intizar eşq və məhəbbət göstəricisi olsa da, ifrata varıb məntiqsiz tələblər irəli sürmək olmaz. Qəbul etmək lazımdır ki, ər öz həyat yoldaşından əlavə başqaları ilə də münasibət qurmalıdır. Bu hər bir insanın aşkar haqqıdır. Ana, bacı, qardaş, dostlar insanın sevgisindən bəhrələnmək haqqına malikdir. Bu səbəbdən də, ərin qəlbini inhisarda saxlamaq olmaz. Belə bir istək əslində yerinə yetəsi deyil. Müştərək həyatın ilk dönəmlərində qadın və kişi bir-birlərini dəlicəsinə sevsələr də, sonrakı dövrlərdə həmin sevgi odunu qorumaq mümkünsüz olur. Demək, bu sevgidə də ifrata varmayıb orta həddi gözləmək lazımdır.

Başqalarına xoş münasibət həyat yoldaşını sevməmək deyil.

Əgər ər öz ana-bacısını sevirsə, bu çox təbii bir bağlılıqdır. Bir insan illər uzunu ana ağuşunda ömür sürüb boya başa çatdıqdan sonra ondan üz çevirərsə, onun məhəbbətini e`tibarlı saymaq olarmı? Olsun ki, qısa bir müddətdən sonra o öz həyat yoldaşını da bu sayaq unudar və qəlbindən onun məhəbbətini çıxarar.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə