Yəhya bəy Dilqəmin nəsil-soy



Yüklə 68,27 Kb.
tarix12.10.2018
ölçüsü68,27 Kb.

Yəhya bəy Dilqəmin nəsil-soy

şəcərəsi və cazibədar poeziyası
Mən yarım əsrdən artıq olar ki, Yəhya bəy Dilqəmin həyatını, poetik irsini öyrənməklə məşğulam. Ona görə ki, Dilqəmin poeziyasının cazibəsi məni özünə məftun etmişdir. Mənə görə, Yəhya bəy Dilqəmin şeirləri Azərbaycan aşıq şeiri çəmənzarında nadir seçilən çiçəklər kimi sanki insana göz vurur, onu özünə tərəf çəkir. İstər orta məktəbdə, istər ali məktəbdə daha çox əzbərimdə yaşayan Yəhya bəy Dilqəmin həzin, melodik qoşmaları olmuşdur:
Belin nazik, qəddin uca, üzün gül,

Məlahəti sən cananda görmüşəm.

Gülüstani-Rəmdə nə Şahpəridə,

Nə mələkdə, nə insanda görmüşəm.


Və ya:

Az bilirsən camalının qədrini,

Görsə hilal eylər ayın bədrini,

Necə deyim, o zülfünün ətrini,

Nə bənövşə, nə reyhanda görmüşəm.
Yəhya bəy Dilqəmin həyatını və ədəbi irsini dərindən öyrənmək üçün onun doğulduğu Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndinə getdim. Orada kəndin ən qocaman ağsaqqalı Məşədi Rüstəmlə görüşdüm. Söhbət zamanı aydın oldu ki, Dilqəmin atasının adı Böyükağa imiş. İndi də onların nəvə-nəticəsi Böyükağa nəsli adını daşıyır. Böyükağanın iki oğlu (Yəhya bəy və Əhmədağa), bir qızı (Hüsniyyə) var imiş. Əhmədağanın isə Cəfər adlı bir oğlu olub. Cəfər bəyin 60 yaşlı oğlu Hacı Rəhim, 85 yaşlı qızı Fatmaxanım bu yaxınlara qədər sağ idilər. 1

Əldə etdiyim dəyərli faktlar əsasında “Şair Dilqəm” adlı geniş bir məqalə yazdım. Məqaləni Şəmkir rayonununda çıxan “Ulduz” qəzetində çap etdirdim.2

Az keçməmiş Yəhya bəy Dilqəm haqqında bir məqalə ilə çıxış etdim3. Bu yazı məni təmin etmədi. Mən bununla kifayətlənməyib Dilqəm haqqında axtarışlarımı davam etdirdim, “Yəhya bəy Dilqəmə el-oba məhəbbəti” adlı 105 səhifəlik monoqrafik bir elmi əsər yazdım4. Kitab 600 nüsxə çap olundu və oxucuların hüsnü-rəğbətini qazandı.

Sonra ali məktəb üçün yazdığım “XIX əsr Azərbaycan aşıq yaradıcılığı” adlı dərs vəsaitinə “Yəhya bəy Dilqəm” elmi oçerkimi daxil etdim.5

Yəhya bəy Dilqəmin nəsli əvvəl Qaranüy adlanan yerdə məskunlaşmışdı. Bu yer Kürə çox yaxındı. Həmin yerdə olan bir bulaq Dilqəmin adı ilə bu gün də yaşayır. Qaranüy kəndinin sakinləri köçüb həmin yerdən xeyli yuxarıda yerləşən indiki Dəllər-Cırdaxan kəndində məskunlaşmışlar. Mən müxtəlif vaxtlarda qəribə rəvayətlərə və tarixi faktlara rast gəldim. Yəhya bəyin bir zamanlar Moskvada təhsil alması haqqında, malakan-dixaborun 1841-1844-cü illər arasında Gədəbəyin Düzyurduna köçüb gəlmələri barədə və Dilqəmə məxsus torpaq sahələrinin əldən çıxması haqqında “Dağlar” şeirini yazması deyilənlərə əyani sübutdur.

Dilqəm ah-nalə çəkərək malakan-dixaborun gəlməsi ilə əlaqədar dağlardan uzaq düşməsi, dağların ona yad olması haqqında misralarını səsləndirir. “Bir yanda Yaylardır, Keçili, Dəllər” deyə fəryad edir və yenə də dağların füsunkar, cazibədar təbiətindən doymur, bir rəssam kimi seçmə sözlərin qüdrəti ilə rəngarəng lövhələr yaradır.


Ziynəti nərgizdən, tər bənövşədən,

Al-yaşıl geyinib şad olan dağlar.

Ruhu təzələyir gülab suları,

Dəhanda ləzzəti dad olan dağlar.


Nədənsə özündə maddeyi-tarixi yaşadan “Dağlar” şeirinin möhürbəndini əksər çaplarda dəyişmişlər. Xalq tarixi hadisə ilə bağlı olan “Dağlar” şeirini öz sinəsində olduğu kimi yaşatmışdır. Həmin şeirin möhürbəndinin əsli budur:
Yeridi dixabor, gəldi malakan,

Əlində fərmanı, fəxfuru-xaqan,

Heyf soldu gülün, Dilqəm ağlar qan,

Aqibət əməli bəd olan dağlar.6


Bir daha onu da qeyd etmək yerinə düşər ki, malakanın, dixaborun gəlməsi ilə əlaqədar Dilqəmin adını çəkdiyi ona məxsus yerlər dağlar, yaylaqlar birdəfəlik onun əlindən çıxır.

Yəhya bəy Dilqəm Dəllər-Cırdaxandan Tovuzun Çeşməli kəndinə gedir və onun Güvəndək tirəsindən (coğasından) olan Güvəndikli şair Əhmədlə dost olur və bu gəliş-gediş zamanı Güvəndikdə Ocaqlı nəslindən olan Nəsib bəyin qızı Dostu xanıma (Dilqəm onu şeirlərində Telli xanım adlandırır) vurulur. Çox maraqlıdır ki, Nəsib bəyin mənsub olduğu Ocaqlı nəslinin bir qanadı hazırda Şəmkirin mərkəzində yaşayır. Tanınmış el ağsaqqalı, ət idarəsinin sabiq müdiri Əli kişinin də nəsli Ocaqlı nəslinə mənsubdur. Bu faktın özü də tədqiqata möhtacdır.

Yəhya bəy Dilqəmin nəsil-soyuna bağlı şairlər, aşıqlar kimlərdir? Onun yaradıcılığı hansı qaynaqlardan su içir? Axı, əsası, kökü olmadan Yəhya bəy Dilqəmin insanları heyrətdə qoyan bu cür şeir nümunələri birdən-birə yarana bilməzdi. Yəhya bəy Dilqəmin özü, əvəzsiz şeir inciləri, həyat macəraları haqqında müxtəlif əfsanə və rəvayətlər mövcuddur. Doğrudur, əfsanə tarix deyil, lakin tarixsiz də deyil. Onda həqiqətin özü, izi və hər hansı bir əlaməti yaşayır.

Məhz bu səbəbdən əfsanə və rəvayətlər müəyyən dərəcədə əlimizdən tutsa da, həmişə tədqiqatlar tarixi məxəzlərə, mənbələrə söykənir. Bu səbəbdən Y.B.Dilqəmin həyatını və yaradıcılıq qaynaqlarını dürüst şəkildə tarixi mənbələr- yəni yazılı mənbələr əsasında öyrənməyə çalışmışam.

Nəhayət ki, mən sevindirici hal kimi yazılı bir mənbəyə ulaşa bildim. Bu çətin ayaqda da ədəbiyyatşünas, salnaməçi Salman Mümtaz əlimizdən tutdu. Bir yazısı ilə o Yəhya bəy Dilqəmin nəsil-soy-şəcərəsini, eyni zamanda şairlik şəcərəsini tam aydınlaşdırmışdır. Salman Mümtaz yazır: “Vidadinin Vaqif ilə qohum, həm də quda olduğunu qeyd etmişdim. İndi onu da mövcud vəsiqələrlə təsbit edəlim. Mərhum Abbas ağa Nazir vaxtilə mənə demişdir ki, Vaqifin iki qızı var imiş, böyüyünün adı Pəri-Soltan, kiçiyinin adı isə Mələk-Cahan, Vidadinin böyük oğlu Məmmədağa Pəri-Soltan, Ömər isə Mələk Cahan ilə evlənmişdi”.8

Fikrini davam etdirərək S.Mümtaz bizim arzu etdiyimiz həqiqi mətləb üzərinə gəlir. S.Mümtaz yazır: “Pəri-Soltandan Yəhya bəy dünyaya gəlmişdir ki, şairdir. Bu məlumat Qazağın ağsaqqal kişilərindən olan Əliağa Şıxlinski tərəfindən də təsdiq olunmaqdadır”.9

Salman Mümtaz öz axtarışlarını dayandırmamış, öz fikirlərini əsaslandırmaq üçün daha tutarlı mənbələrə söykənməyə çalışmışdır. Salman Mümtaz yazır: “Hicri 1257-ci ildə (miladi 1840-cı ildə) təqribən yüz il əvvəl” Kazım Ağa Salik bu nöqtəni Yəhya bəyin qəbir daşına yazmış olduğu maddeyi-tarixi ilə aydınlaşdırmışdır. Bu məzarın sahibi Yəhya bəy rövşən zəmir, şairi-konüsüxən, hüsnü kəlami binəzir ol Vidadi xəstənin fərzəndinin fərzəndidir.

Bu məlumatlardan sonra S.Mümtaz: “Nov axirət Yəhya bəyin vəfat tarixidir. Əbcəd hesabı ilə hesab edildikdə 1257-ilə düşür ki, bu da miladi tarixi ilə 1840-cı il olduğu anlaşılır. Həmçinin Salikə görə Vidadi Nazirin ana babasıdır. Nazir bu xüsusda yazır:

Ana cəddim mənim Vidadidir,

Nəzm və şeirin o ustadıdır.


Firuddin bəy Köçərli öz yazılarında Salikin Vaqifin qohumu olduğunu dönə-dönə qeyd edir və Salikin şeirlərindən nümunələr verir.

Vidadinin qəbri Qazağın Şıxlı kəndində, Gəmiqayası adlı qəbristanlıqda bu gün də mövcud olduğu qeyd olunur.

Məlum olduğu kimi Vaqif Şuşada, Qarabağ xanlığında yaşamışdır. Lakin, Vidadinin nə üçün Qarabağ xanlığına getmədiyi bir müəmma olaraq qalır. Ancaq Vidadinin adı Gülüstan xanlığı ilə əlaqələndirilir. Bu fakt da bu günə kimi aydınlaşdırılmamışdır.Yurdumuzda- Murov dağının vadisində, İncə çayının sahilində Gülüstan qalası bu gün də mövcuddur. İkinci Gülüstan qalası isə Şirvandadır. Müəyyən işarələrdən aydın olur ki, Vidadi Şəki xanı şair Hüseynqulu xanla möhkəm dost olmuş, hətta onun ölümü münasibətilə çoxbəndli “Müsibətnamə”sini yazmışdır.

Belə anlaşılır ki, Hüseynqulu xanla Şirvandakı Gülüstan xənadanlığı ilə, (hərçənd bunu Gülüstan xanlığı adlandırırlar) Vidadinin möhkəm əlaqəsi olmuşdur. Bu faktın özü də tarixi sənədlər əsasında araşdırılmalıdır.

Bizcə bu əlaqələrin araşdırılmasında Salikin şeirləri və F.B.Köçərlinin yazıları bizə işıq tuta biləcəkdir.

Nəticədə də onu da deyə bilərik ki, Qazaxda saz mühitində yetişən Vaqif Qarabağda yazılı ədəbiyyata, qəzəlxanlığa qovuşduqdan sonra hər iki mühitdən təsir alaraq, yazılı ədəbiyyatla aşıq yaradıcılığını bir xətdə birləşdirmişdir. O, aşıq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında körpü yaratmış, müasirlərinin və ondan sonra sənət meydanına gələn sənətkarların bənzərsiz, bitkin və yetgin əsərlər yaratmasına geniş meydan vermişdir. Vaqif Qarabağda saz-söz yaradıcılarını- aşıqları xanəndələrlə bir yerdə eyni məhəbbətlə bağrına basmışdır.

Yəhya bəy Dilqəmin nəsil-soy-şəcərəsini, şairlik şəcərəsini uzun müddət axtarmağımıza səbəb onun ürəklərə yol tapan misraları, gözəl ifadələrlə zinətlənmiş şeirləridir. İnsan dağ çeşmələrinin gözündən içir, susuzluğu keçir və ondan feyziyyab olur. Lakin Yəhya bəy Dilqəm çeşməsinin gözündən dönə-dönə içsən doymursan. Dilqəm poeziyasının təşnəsi qəlbini alovlandırır, Dilqəmin şeirlərini süsləndirən çəmənzarı, buz bulaqlı dağları, bir də gəzmək istəyirsən. Dilqəmin şeir gülzarından axan bulaqların gözündən bir də içmək istəyirsən. Dilqəm poeziyasının cazibə qüvvəsinin heyrəti, bax, bundadır. İnsan onun əlçatmaz, ecazkar poeziyasından doymadığı kimi, “Dilqəm və Telli xanım” dastanından da doymur, belə müqəddəs axtarışdan da doymur. İnanıram ki, bu axtarış nəhayət monumental bir elmi monoqrafiyanın dünyaya gəlməsinə səbəb olacaqdır.

Folklorşünas Əhliman Axundov “Yəhya bəy Dilqəm və Dostuxanım” dastanını 1983-cü ildə “Yazıçı” nəşriyyatında işıq üzü görən kitabında nəşr etdirmişdir.

Folklorçu Hümmət Əlizadəyə və folklorşünas Əhliman Axundova görə, Dilqəm və Dostuxanım Ocaqlı nəslindəndir, həm də əmioğlu-əmiqızıdır. Hər ikisi qeyd edirlər ki, Dostuxanımı əmisi oğlu Bağır bəy də sevir.

Ə.Axundov variantında Dilqəmlə Dostuxanımın bir-birindən ayrılmasına Bağır bəyin bir qarını ələ alması, “nəs gündə kəsilmiş kəbinin geri oxunması” səbəb olmuşdur. Dastanda yersiz görünən Dilqəmlə Telli xanımın oğulluğa götürdükləri Məhəmmədin Dostuxanıma elçi getməsi olduqca məntiqsiz, dastana uyuşmayan bir haldır. Necə ola bilərdi ki, oğulluğa götürdükləri Məhəmməd- həddi-büluğa çatmış (və yenidən Dostuxanıma bənd olan adamlar meydana çıxır) övladları olduğu halda yenidən övlad sevdasına düşürlər. Dastanda Morul mahalındakı Divan bəyinin də elçi sifətində göstərilməsi ağlabatan deyildir.

“Dilqəm və Telli xanım” dastanının topladığımız yeni variantını kitablarda hissə-hissə çap etmişik. Bizim topladığımız dastan gerçək və tarixi hadisələrə əsaslanır.

Haşiyə...1961-ci ilin sentyabr ayında aşıq Şəmşir məni Ağdabanın Çayqovuşan yurdundakı qəbristanlığa apardı. O burada Dostuxanımla (Telli xanımla) yanaşı Molla Əmirin qəbirlərini göstərdi. Kəbini dəyişən Molla onu Bağır bəyə verməmiş, özüylə götürüb Ağdabanın Çayqovuşanına gətirmiş, ömürlərini bir yerdə başa vurmuşlar. 1966-cı ildə Molla Əmirlə Tellinin oğul nəvəsi Qəzənfər Tərtər rayonunda baytar həkimi işləyirdi. Mən onunla görüşüb söhbət etdim.

2001-ci ildə Dəllər-Cırdaxan kəndində Dilqəmin heykəli qoyularkən kənd ağsaqqalları qəribə bir rəvayət danışdılar. Telli xanım yaşlı çağında Dilqəmin görüşünə gəlir və onlar bir bulağın başında görüşürlər. Bu zaman Bağır bəy də yaxınlıqdakı qayadan bu mənzərəni seyr edir. Dilqəm tüfəngi götürüb Bağır bəyi nişan alır. Lakin güllə Bağır bəyə deyil, bir qartala dəyir. Bu mənzərəni seyr edən Dilqəm yanında olan bulağın başında can verir.10

Qazax-Şəmkir və Qarabağ mühitində aşıq sənətinin inkişafında böyük xidmətləri olan M.V.Vidadinin, M.P.Vaqifin, Kazım ağa Salikin, Ağqız oğlu Pirinin qohumluqları, yazışmaları hər an tədqiqatçının harayına çatır. Biz Ağqız oğlu Pirinin M.P.Vaqiflə, M.V.Vidadi ilə, hətta Q.B.Zakirlə əlaqəsi barədə mətbuatda öz sözümüzü demişik.

S.Mümtaz yazır ki, Vaqifin anasının adı Ağqızdır. Piri M.P.Vaqifin anasının adını özünə təxəllüs seçmişdir.11

Hətta, M.V.Vidadi Ağqızoğlu Pirini Vaqifin ən yaxın qohumu kimi qiymətləndirir. Lakin M.V.Vidadi ilə, M.P.Vaqiflə Kazımağa Salikin daha böyük qohumluq əlaqələri olduğunu diqqət mərkəzinə çəkir. M.V.Vidadinin, Yəhya bəy Dilqəmin qəbirlərinin yerini bilən də, onların yaradıcılığından bəhs edən də, onlar haqqında maddeyi-tarixlər qoyub gedən də Kazım ağa Salikdir. Hətta K.A.Salikin şeirləri Dilqəmin şeirlərini yada salır. Elə bil ki, bu şeirlər eyni qaynaqdan axıb gəlir. K.A.Salikin dördbəndlik qoşmasının bircə bəndini nümunə verməklə fikrimizi əyaniləşdirə bilərik:
Bir tuba baxışın yıxdı aləmi,

Xumar gözün yenə qiyamət eylər.

Kəbəyi-kuyunu görəndən bəri,

Haçan Qibləni bir ziyarət eylər.12


Adını yuxarıda çəkdiyim şəxslər bir-birilə qohum, yaradıcılıq əlaqələri olan şəxslər kimi tarixdə məşhurdurlar.

Qazax-Şəmkir mühitinin ən böyük şair-aşığı olan Şəmkirli Aşıq Hüseyn M.P.Vaqifin bacısı Tükəzbanın oğludur. Şəmkirli Hüseyn 17 il Şərqdə yüksək təhsil almışdır. Belə deyirlər ki, o məclislərə gedərkən bir çiynindən saz, bir çiynindən tüfəng asarmış. Bunun səbəbi nə imiş? Başlıca səbəb Şuşada Ağa Məhəmməd şah Qacarın öldürülməsi olmuşdur. Bu səbəbdən Qacarın ölümündən sonra qorxusundan qohumları onu özlərinə qohum çıxmamışlar.

Şəmkirli Hüseynin ata nəsli Qazax bölgəsinin Dağkəsəmən kəndindəki Sarılar nəslinə mənsub idi. Şəmkirli Hüseynin ailəsi Dağkəsəməndə qala bilməmiş, əvvəlcə Şəmkirin Qapanlı kəndinə gəlmiş, orada da qohumu Zeynalabdinin İsa və Musa tərəfindən öldürüldüyü üçün həmin bölgənin Qaracəmirli kəndinə köçüb gəlmişdir. Şəmkirli Hüseyn toy günü öldürülmüş Zeynalabdinin ölümü münasibətilə “ Zeynalabdin Dubeytisi” (ikinci adı “Qazax dubeytisi”dir) havasını aşağıdakı gəraylı əsasında bəstələmişdir:
Tülək-tərlan quş balası,

Heyif sənə, Zeynalabdin.

Qoç igidin qoç balası,

Heyif sənə, Zeynalabdin.

1961-ci və 1968-ci illərdə Hallavar-Pəmbəkdə, Maymaq dağında, Qazağın yaylaq qəbristanlığında Sarılar nəslinə məxsus çox sayda məzar daşlarına rast gəldik. Aşıq Hüseynin Naxçıvana Ağkeşişin yox, Ağ Aşığın qızı Reyhanın görüşünə getməsi, gözəl dilimizin zərzivər sözləri ilə deyişmələri kimi məsələlər Azərbaycan folklorunda, onun aşıq yaradıcılığı qolunda bizə işıq tutmağa çağırır.

Yəhya bəy Dilqəmin nəinki həyatı, poeziyası öyrənilməmişdir, hətta, “Dilqəm və Dostuxanım” və ya “Dilqəm və Telli xanım” adlı dastanın özü, eləcə də, variantları təhlilə cəlb olunmamışdır. Çap olunmuş “Dilqəm və Dostuxanım” dastanından kağızda qalmış elə məqamlar var ki, onları bilmədən Yəhya bəyin həyatını və yaradıcılığını dəqiq öyrənmək olmaz. O elə məqamlardır ki, onlar Yəhya bəyin həyat və yaradıcılığına işıq tutur.

Yəhya bəylə Telli xanımın aralanmalarına təsadüfi bir hadisə səbəb olur.

Yəhya bəyin camışı doğur, onun balağını (balasını) tikanlı çəpərin içərisinə salırlar. Naxırdan qayıdan camış balasına cumur, tikanlar camışın bədənini al qana qatır. Bu mənzərəni müşahidə edən Yəhya bəy deyir: “A Telli, a Telli, camış gör balasından ötrü nə etdi? Bala necə şirin şey imiş”. Əslində Yəhya bəydən uşaq olmurdu. Bunu Telli də bilirdi.

Telli xanım dilləndi:


  • Yəhya bəy, övladsızlığı mən də bu andan qəbul etməyəcəyəm.

Bundan sonra Telli xanım küsüb gedir. Bu ayrılıq, bu həsrət ən çox Yəhya bəyin atına təsir edir. At göz yaşını saxlaya bilmir. Yəhya bəy bu atın adını Dilqəm qoymuşdu. Həmin gündən etibarən atın adını özünə təxəllüs qəbul etmişdir.
O qızılgülləri dərməyən Dilqəm,

Dərib pünhan yerə sərməyən Dilqəm.

Bu dünyada yarı görməyən Dilqəm,

Yarəb o dünyada görüşərmola.


Bu qəmi, kədəri yerə-göyə sığmayan qoşması ilə bağlı Yəhya bəy “Dilqəmi” saz havasını yaradır.

Bəziləri belə deyirlər ki, Dilqəm aşıqlıq etməmişdir. Onun bu “Dilqəmi” havası da başqaları tərəfindən bəstələnmişdir. Saza, sazın kök və pərdələrinə, səs qatarına bələd olmayan bir sənətkar belə mükəmməl, melodik saz havası yarada bilməzdi. Dilqəm nəinki, kədərli saz havası yaratmış, hətta, “Kərəmi” havalarından daha kədərli, motivə bağlı, sazda şeirin formasını müəyyənləşdirən, sazın qolunda Dilqəmi pərdəsi, sazın melodik məzmununu ifadə edən Dilqəmi kökünü müəyyənləşdirə bilməzdi. Sazda yeddi danışan pərdədən biri sazın qolunda Dilqəmi pərdəsidir. Sazdakı altı saz kökündən biri Dilqəmi köküdür. “Dilqəmi” saz havası çalınanda bu melodiya Dilqəmi pərdəsiylə Dilqəmi kökü əlaqəli şəkildə və vəhdətdə bu melodiyanın emosiyasını, məzmununu, ahəngini meydana çıxarır. Sazda pərdə formanı, kök isə məzmunu ifadə edir.

“Dilqəmi” havasının ikinci adı “Doşanquluoğlu” adlanır. Çünki bu havanı Şəmkirdə öyrənən Borçalı aşığı “Dilqəmi” havasını özünəməxsus bir şəkildə ifa etmişdir. Bu gün də Borçalıda Doşanquluoğlunun çaldığı “Dilqəmi”ni çal deyirlər.

Yazılı mənbələrdən aydın olduğu kimi Tovuz Çeşməlisinin Güvəndik tayfasına məxsus, burada yaşayıb-yaratmış Güvəndikli Əhməd Yəhya bəy Dilqəmlə möhkəm dost olmuş və onunla yaradıcılıq əlaqəsi saxlamışdır.13 Onların eyni dövrdə yaranmış “Dağlar” şeirləri aşıqların dilinin əzbəridir. Düşmənlər tərəfindən Güvəndikli Əhməd öldürülmüş, lakin, onun nişanlısı Yamən xanım pusquda dayanaraq, Əhmədin qatillərini məhv etmişdir. Əhmədin anası Yəhya bəy Dilqəmi məcbur etmişdir ki, “Güvəndikli Əhməd və Yamən xanım” adlı bir dastan yaratsın. Bu dastanı Şəmkirin Alabaşlı kəndindən olan aşıq Hümbət bilirdi. Aşıq Hümbət onu da qeyd edirdi ki, Azərbaycanda, xüsusilə Borçalıda “Güvəndikli Əhməd və Yamən xanım” adlı dastanla bağlı yaranmış “Əhmədi-Kərəm” havası mövcuddur. Nə üçün bu hava “Əhmədi-Kərəm” adlanır? Ona görə ki, Kərəmi havaları ilə “Dilqəmi” havası eyni qaynaqdan, qəm-kədər çeşməsindən su içmişlər. Dilqəmin və Güvəndikli Əhmədin havalarını bir-birindən fərqləndirmək üçün bu havanı musiqi melodiyasına uyğun olaraq “Əhmədi-Kərəm” adlandırmışlar. Lakin Dilqəmin şeirləri “Dilqəmi” üstündə kökləndiyi kimi, Güvəndikli Əhmədin şeirləri də “Əhmədi-Kərəm” havası üstündə köklənmişdir. Heyif ki, Güvəndikli Əhmədin şeirlərini və dastanını toplayıb küll halında çap etdirə bilməmişik.

Təxminən, on il bundan əvvəl istedadlı el şairi Alqayıtın dilindən bu dastanı eşitmişəm. Lakin, Alqayıtın yazılı şəkildə və ya yaddaşında bu dastanı yaşadıb-yaşatmadığını bilmirəm.

Yəhya bəy Dilqəmlə Güvəndikli Əhmədin poetik və melodik yaradıcılıqlarını bir-birindən ayırmaq olmaz. Biz burada bir məsələni də xüsusi vurğulamalıyıq. İndiyə kimi Yəhya bəy Dilqəmə və onun “Dilqəmi” saz havasına həsr olunmuş yüzə yaxın aşığın və el şairlərinin şeirlərini yazıya almışam. Yəqin ki, həmin şeirlər Dilqəmə, onun “Dilqəmi” saz havasına, şair-aşığa həsr olunmuş monoqrafiyada xüsusi bölmədə işıq üzü görəcəkdir. Xalq şairi Hüseyn Arif də Dilqəmə, onun saz havasına ayrıca bir poema həsr etmişdir.

“Dilqəmi” saz havasını “Ədalətin sazında” adlı şeirində Bəhmən Vətənoğlu poetik bir dillə qələmə almışdır. Hər bir “Dilqəmi” havası aşıq poeziyasında və musiqisində bir obraza çevrilmişdir. Adlarını çəkdiyimiz və çəkmədiyimiz şairlərdən əvvəl, Dilqəmin qardaşının nəvəsi Əli Qaraoğlu 1924-cü ildə anadan olmuş, Politexnik İnstitutunun axırıncı kursunda oxuyarkən Krasnodara təcrübəyə getmiş və suda boğulub ölmüşdür. O ölümündən əvvəl, 1950-ci ildə “Dilqəm” adlı qoşmasını yazmışdır. Əli Xəzanı təxəllüsü ilə ədəbiyyatda tanıanan bu istedadlı şair həmin şeirinin son iki bəndində deyir:
Şirinsiz Fərhadtək üz üstə çökdü,

Leylini itirdi, Məcnuna döndü.

Gecələr alışdı, gündüzlər söndü,

Hey, cövrü-cəfadan dəm alan, Dilqəm.


Əli Xəzaniyəm, Dilqəmə zamın,

Doğma əmisidir ana babamın.

Əl üzdü dünyadan, unutdu kamın,

Dövrü-bivəfadan qəm alan Dilqəm.


“Dilqəmi” saz havasına bağlı şeirlərin hər birində bir mənaya, bir mətləbə toxunulur. Şairə Səfurə xanım Pirsultanlı da Dilqəmə beşbəndlik şeir həsr etmişdir. Həmin şeirdə deyilir:
Telli burdan gedib Kür yaxasından,

Tökülüb bulağa dürr yaxasından.

Heç tutan olmayub bir yaxasından,

Dedilər, bu bulaq Dilqəmdən qalıb.


Səfurə, dolaşdım, gəzdim ormanı,

Bir də vərəqlədim qəmli dastanı.

Bu “Dilqəm bulağı”, bəs yurdu hanı?

Dedilər, bu bulaq Dilqəmdən qalıb.


Dilqəmin həmyerlisi Musa Məsimli ona həsr etdiyi bir şeirində yazır:
Bu dünyada arzusuna yetməyən,

Bülbül kimi yuvasında ötməyən.

Yazıb-yaratsa da dərdi bitməyən,

Məsimli, Yəhya bəy yanar ocaqda.


Şəmkirli şair Həbib Abbasov Dilqəm yaradıcılığına xüsusi məhəbbətlə yanaşmış və ona olan sevgisini bir şeirində belə ifadə etmişdir:
Dilqəm öz sazında “Dilqəmi” çaldı,

Ruhumu oxşadı, lərzəyə saldı.

O özü ölsə də tarixdə qaldı,

Həbibi ağlatdı, ağladı Dilqəm.


Təbrizli aşıq-şair qardaşımız Rəhim Nəzəri “Dilqəmi” saz havasına öz münasibətini belə bildirir:
Bir ahəngdi Yəhya bəydən yadigar,

Dərdin-qəmin qardaşıdı “Dilqəmi”.

Saf sevgidən, məhəbbətdən söz açar,

Demək olmaz göz yaşıdı “Dilqəmi”.


Şairə qızımız Süsən Tağıyeva isə Dilqəmə həsr etdiyi şeirində yazır:
Öz “Dilqəmi”si ilə qoşadı Dilqəm,

Məcnuna, Sənana oxşadı Dilqəm.

Bir pərvanə ömrü yaşadı Dilqəm,

Dilqəm çalıb, “Dilqəmi”ni, ay aşıq,

İnsaf eylə, “Dilqəmi”ni bir də çal!
Yəqin ki, yaxın zamanlarda Dilqəmə və “Dilqəmi”yə həsr olunmuş şeirlər toplusunu nəşr etdirəcəyik. Orada əlvan-əlvan, rəngarəng, zəngin poetik çalarlara malik fikirlərə rast gələcəyik. Bu bir həqiqətdir ki, Yəhya bəy Dilqəmə el-oba məhəbbəti nə qədər güclüdür.

Yəhya bəy Dilqəm həqiqətən Moskvada təhsil almış, rus qızı Nataşaya bənd olmuş, Nataşanın knyaz atası qızının Yəhya bəyə ərə getməsinə icazə verməmişdir. Qız 1804-cü ildə Bakı-Gəncə dəmiryolunun çəkilməsinə başçılıq etmiş, Yəhya bəy Nataşanı faytona bənzər karetada gəzdirmişdir. Yəhya bəy Nataşadan ayrıldıqdan sonra Telli xanımla evlənsə də onun övladı olmamışdır. Yəhya bəy Moskvanın Nataşa adlı gözəlinə neçə variantda şeir yazmışdır. Həmin şeirlər bu gün də Gəncəbasar aşıqlarının ifasında yaşamaqdadır.



Aşıqların ifasında nəinki Dilqəmin həyatı, hətta, şeirləri belə bir-birinə bənzəməz şəkildə dildə-ağızda gəzir. Qazaxda, Borçalıda, Tovuzda, Şəmkirdə aylarla-günlərlə gəzməliyik, yazılı mənbələrə baş vurmalıyıq, bu yolla Dilqəmin həyat və yaradıcılığını öyrənməliyik. Dilqəmin həzin və möhtəşəm poeziyası sayılan, seçilən, bənzərsiz, yüksək mövqeyə malik, zəngin ədəbi bir irsdir. Yəhya bəy Dilqəmin bu füsunkar poeziyasına biganə qalmaq olmaz.

Sədnik Paşa Pirsultanlı,

Filologiya elmləri doktoru,

Gəncə Dövlət Universitetinin professoru.


1 Onlarla son görüşümüz 1968-ci ildə iyul ayının 23-də olmuşdur.

2 “Ulduz” qəzeti, 23 iyun 1968-cı il.

3 Sədnik Paşayev, “Aşıq Dilqəm”, “Elm və həyat” jurnalı №2, 1969, səh.14

4 S.P.Pirsultanlı “Yəhya bəy Dilqəmə el-oba məhəbbəti”. Bakı, “Agah”, 2001.


5 Sədnik Paşayev, “XIX əsr Azərbaycan Aşıq Yaradıcılığı”, Bakı-1990.

6 S.P.Pirsultanlı, “Yəhya bəy Dilqəmə el-oba məhəbbəti”, Bakı, “Agah” 2001, səh.14.

8 Səlman Mümtaz, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “Yazıçı”, 1986, səh.425.

9 Yenə orada, səhifə 425.

10 Sədnik Paşayev, “Ağqızoğlu Piri”, “Elm və həyat” jurnalı, 1984, №11

11 S.P.Pirsultanlı “Yəhya bəy Dilqəmə el-oba məhəbbəti”, Bakı, “Agah”, 2001. səh. 78-81..

12 S.Mümtaz, El şairləri, 1927-ci il, səh. 75.

13 Sədnik Paşa Pirsultanlı. “Güvəndikli Əhməd”, “Mədəni-maarif işi”, №3, 1990-cı il, səh.38-43.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə