adət sosial səbəblərlə izah olunur. Bədəvi ailəsində döyüşçü ola bilməyəcək qızın
doğuluşu bədbəxtlik sayılırdı. Onu yedizdirmək lazım idi. Ərəbistanda ağır həyat isə
kasıb köçəri ərəb ailəsi üçün bunu böyük bir problemə çevirmişdi. Münasibətlər inkişaf
edib qərarlaşdıqca uşaqları öldürmək zərurəti də yavaş-yavaş yox oldu. Cəmiyyətin
gələcək anaların dünyaya gətirəcəyi döyüşçülərə ehtiyacı vardı. Bu ehtiyacı müxtəlif
tayfaların ardı-arası kəsilməyən basqınları yaratmışdı. «…İmkansızlıqdan öz
uşaqlarınızı öldürməyin» (6,152). Amma bununla belə Quranın nüfuzuna baxmayaraq,
qızın doğulması bədbəxtlik olunurdu. XII əsrin böyük Azərbaycan şairi Xaqani bunu öz
şerində çox gözəl ifadə edib.
O yazır:
Qızım doğulanda, başımı yerə saldım,
Gedəndə, başımı yuxan qaldırdım.
Mən onu bədbəxtlik adlandırmaq istəyirdim,
Gedəndə xoşbəxtlik adlandırdım.
Yeni doğulmuş qızın ölümü həm onun özü, həm də yaxınları üçün ən yaxşı
qurtuluş idi. Qız doğulmasını pisləyən çoxlu ata sözü və deyim var. Hamilə qadının
qohumları və yaxınları müqəddəs yerləri ziyarət edərək qız doğulmasın deyə dua
etməyi özlərinə borc bilərdi. Onlar bununçun hətta sehrə-caduya əl atardılar.
Qız doğulmasına mənfi münasibət təsadüfi deyildi. Bunun əsasında sosial
əhəmiyyətli səbəblər dayanırdı. Patriarxal ailədə oğul ailə mülkiyyətinin artmasına,
başqa ailələr qarşısında onun maraqlarını qorumaq üçün daha önəmli rol oynayırdı. Qız
isə ailənin təsərrüfat-iqtisadi həyatında ən əhəmiyyətsiz rol oynayırdı. Qeyd edək ki,
xüsusi mülkiyyətin meydana çıxdığı dövrdə demək olar ki, dünyanın bütün xalqları
bənzər olayları yaşayıblar. Bütün bunlar müsəlman dininin çoxarvadlılığa icazə
verməsiylə nəticələnir. Bəzi alimlərin iddiasına görə, müsəlmanların dini qadın ləyaqətini
alçaldan ən kobud formaları -çoxarvadlılıq və hərəmxananı qanunlaşdırdı. Bu
doğrudanmı belədir?
Quranda və islamın başqa mənbələrində Allahın qanuna çevrilmiş çoxarvadlılıq
öz başlanğıcını əsrlərin dərinliyindən götürür. Dünyanın bir çox yerində bizim dövrədək
qorunub saxlanmış abidələr sübutdur ki, çoxarvadlılıq müxtəlif şəkillərdə əslində
dünyanın hər yerində mövcud olub. Quran çoxarvadlılığı qaydaya saldı. Arvadların
sayını dördədək azaltdı. Bundan başqa bu 4 qadının hər birini həyat üçün vacib hər
şeylə təmin etmək lazım idi. Rəsmi arvadların sayının azalması sosial səbəblərlə izah
olunur. Yeni ictimai münasibətlər bütün əmlakın irsən keçəcəyi varisin, ata nəslinin
davamçısının dəqiq müəyyən edilməsini tələb edirdi(4, 27).
Çoxarvadlılığın bu cür məhdudlaşdırılması zəngin kişilərin xeyrinə idi. Çünki onlar
var-dövlətlərini bölüşdürməkdə yox, qorumaq və artırmaqda maraqlı idilər. L.İ.Şaydullina
çoxarvadlılığın məhdudlaşdırılmasında başqa bir sosial səbəbin də rolundan söz açır.
Belə ki, məlumdur ki, islam elan olunan vaxt ərəb tayfalarının birləşməsi prosesi gedirdi.
Bir tərəfdən daha güclü tayfalar zəifləri özlərində əridir, bəzən də tayfalar arasında
dostluq ittifaqları yaranırdı. Orta əsrlərin əvvəllərində tayfalar arasında siyasi birlik tez-
tez nigah telləriylə də möhkəmləndirilirdi. Çox güman ki, hakim Qüreyşilər sülaləsi
Quranın bənzər qanunlarıyla çoxarvadlılığı məhdudlaşdırmağa və bununla da bir
ittifaqda birləşmiş ailələrin sayını minimuma endirməyə çalışmışdı
"Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə)
ədalətlə
rəftar edə
bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan 2, 3 və 4
nəfərlə nigah bağlayın! Əgər (onunla) ədalətli dolanmağa əmin deyilsəniz, o halda təkcə
bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin! Bu, ədalətli olmağa
(ədalətdən kənara çıxmamağa) daha yaxındır (4, 3).
Çoxarvadlılıq, bir qayda olaraq, imkanlı kişilər arasında yayılmışdı. Eyni zamanda
bir neçə qadınla nigah zəngin olmağın göstəricisi idi. Bu mənada F. Engelsin
mülahizəsini misal gətirmək yerinə düşərdi: "... Əslində çoxarvadlılıq köləliyin nəticəsi idi
və yalnız ayrı-ayrı şəxslərə aid idi. Bu şəxslər isə cəmiyyətdə xüsusi mövqe sahibi idilər.
Semit patriarxal ailədə ancaq patriarxın özü və onun böyük və bir-iki başqa oğulları
çoxarvadlı ola bilər. Patriarxın başqa oğulları tək bir arvadla kifayətlənirdi. Hal-hazırda
da bütün Şərqdə vəziyyət elə belədir; çoxarvadlılıq zəngin və məşhurların imtiyazıdır,
onlar əsasən kəniz satın almaqla çoxarvadlı olurlar. Əhalinin çoxu monoqamiyada
yaşayır".
İndi də nikah məsələlərinə nəzər salaq. Qız nikaha girmək üçün hansı yaşa
çatmalıdır?
Deyilənə görə, peyğəmbər məscidin minbərindən bu xüsusda belə, deyib: "Ey
müsəlmanlar! Sizin qızlarınız ağacda dəymiş meyvəyə bənzərlər. Məhsulu onun ən
yaxşı dövründə toplamaq lazımdır. Əks halda günəş və ya başqa qüvvələr onu çürüdər
və ya xarab edər. Siz də öz qızlarınızı onların yetişdiyi vaxt - nə gec, nə də tez - ərə
verməlisiniz. Əgər onlar vaxtında ərə getməsə, uzun müddət evdə qalarlarsa, onlar
mütləq yolunu azacaq və bunda günahkar siz olacaqsınız. Onlar insandır və onların
insani tələbatları ödənməlidir. Quranda bu xüsusda deyilir: "Vaxtı çatmamış nikaha
girməyə qərar verməyin" (2,23). Qız 9, oğlan isə 15 yaşına çatmışsa, bu, onların nikaha
girməsi üçün kifayət
hesab edilirdi.
Qurana görə, nikah ittifaq haqqında müqavilədir və o, qadının razılığını tələb edir.
İslam əsası düzgün qoyulmayan nikahların doğura biləcəyi bütün pis nəticələrə diqqət
yetirib. O, ailəni var-dövlət, ehtiras, yaxud da xarici gözəllik və ya başqa maddi şeylər
üzərində deyil, inam və yaxşılıq, ismət və təmizlik, kişi və qadının möminliyi üzərində
qurur. Peyğəmbər bu xüsusda belə deyib: "Kim ki qadınla yalnız onun gözəlliyi
səbəbinə evlənir, onda axtardığını tapa bilməyəcək. Kim ki qadınla onun var-dövləti
səbəbinə ailə qurursa, Allah onu tərk edəcək. Ona görə də elə arvad axtarın ki, onun
gözəlliyi inam gözəlliyi, zənginliyi isə həyatın təmizliyidir". Peyğəmbərdən soruşurlar:
"Ya peyğəmbər! Durğun gölməçə yanında bitmiş çiçək nə deməkdir?" O isə belə cavab
verir: Qüsurlu ailədə tərbiyə alıb, tərbiyənin ciddiyyətini ınlamamış gözəl qadın".
Çox vaxt həyatda qızın razılığı əvəzinə valideynlərə, böyüklərə tabe olması tələb
edilirdi. Onlar da bu prosesi alqı-satqıya çevirirdilər. Bu zaman kişi alıcı, qadın isə
əmtəə kimi çıxış edirdi. Kişi arvad almaq (4,3) üçün, istər gəlin müsəlman, istər xristian,
istərsə yəhudi (5,7) olsun, pul (məxr, başlıq, süd pulu, kalım) sərf edirsə, qadınla da
buna uyğun davranır. Ya onu həddindən artıq qoruyur, ya da ona etina etmirlər.
Yuxarıda qeyd olunduğu kimi kişi nikaha girmək üçün kalım ödəməliydi.
Sonradan Quranda qanunlaşdırılmış bu adətin yaranması haqda bir neçə kəlmə.
Kalım patriarxal cəmiyyətin irsidir. Burda işlək əllər əldə etmək üçün maddi
kompensasiya tələb edilirdi. Başqa bir fikrə görə, bu ödəniş həm də ona görə
qanunlaşdırılıb ki, qız uşaqlarının doğulub tərbiyə almasına yardım etsin. Yuxarıda qeyd
etdiyimiz kimi, islama qədər qız uşaqları tam yararsız hesab olunurdu.
Bəy nikah müqaviləsi bağlanan kimi başlıq-məxri ödəməliydi. Şəriətə görə, nikah
müqaviləsindən sonra qadın məxri geri ərinə qaytara bilərdi. Yəni qadın məxrlə ürəyi
istəyən kimi davrana bilərdi. Şiələr iddia edir ki, mülkiyyət predmeti olan istənilən şey
ölçüsündən asılı olmayaraq məxr ola bilər. Şiələrin təliminə görə bir iş, misal üçün
qadına müəyyən peşə öyrədilməsi də məxr ola bilər. Ancaq Quran və şəriətin
qanunlaşdırdığı və əslində qarşılıqlı yardım və şəfqət ifadəsi olan bu qayda zamanla
qadınları istismar alətinə, nikah isə alqı-satqı prosesinə çevrildi. Bəyin yaxınları gəlinin
yaxınlarına onların müəyyən etdiyi məbləği ödəməliydi. Bu, pul, sürü, ərzaq ola bilərdi.
Bəzən bəy gəlinin atasının sahəsində illərlə işləməli olurdu. Böyük Azərbaycan
maarifçisi və tarixçisi V.Xuluflu ilkin mənbələri ətraflı araşdıraraq belə nəticəyə gəlir ki,
bu proses daha çox əmtəə alqı-satqısına bənzəyir.
İslamın Quranda öz əksini tapmış ilkin ideyaları bəzən bir-biri inkar edəcək
dərəcədə aydın deyil. Hətta islam ilahiyyatçıları özləri Quranda 200-dən çox ziddiyyət