Mahrux İsmayılova
GİHAB-ın tərcüməçisi
FEMİNİZM VƏ POSTMODERNİZM
Feminizm yarananandan da indiyədək bütün əsas siyasi və sosial nəzəriyyələrlə
diskussiya aparıb. Tarixi baxımdan liberalizm və marksizmə feminizmin ideya
partnyorları kimi baxmaq olar. Müasir feminist nəzəriyyə bir çox münasibətlərdə
postmodernizmlə bağlıdır. Bu, yeni fenomen deyil. Feministlər və postmodernistlər
arasında diskussiyalar praktik olaraq heç vaxt ara verməyib və onların münasibəti
mövzüsu feministlərin əsərlərində yenə də əsas yerlərdən birini tutur.
Həm feminizm, həm də postmodernizm posthegel subyektiv-tənqidi təfəkkürə
malikdirlər və universal subyekti tənqiddə üst-üstə düşürlər. Amma bir çox məsələlərə
münasibətdə onların mövqeyi ayrılır və əslində feministlərin postmodernistlərlə bu cür
uzun sürən polemikası feminizmin müstəqil nəzəriyyəsinin təsdiqi cəhdidir.
Ümumiyyətlə, feminizm bir nəzəriyyə olaraq başqa nəzəriyyələrə münasibətdə
simvolik olaraq, kişi başlanğıca münasibətdə qadın başlanğıc kimi çıxış edir. Buna görə
də Lakanın sözləriylə desək, simvolik və real olan səviyyəsində «qadın yoxdursa, onda
feminizm anlayışı da mövcud sosio-mədəni paradiqma çərçivəsində ifadə edilə bilməz.
Bu, qadın hərəkatı və feminizmin bütün tarixi boyu onun ideya mənbələrinin və
hüquqlarının inkarıyla bağlıdır. Cinslərin münasibətlərinə sosial problem statusu verən
məsələlər təkzib olunur və bu münasibətlər sadəcə təbii, yəni siyasi olmayan
münasibətlər kimi nəzərdən keçirilir
Feminizm və postmodernizmin qarşılıqlı münasibətlərinə gəlincə, bu
münasibətləri postmodernistlər adətən postmodernizmin feminist məsələlərə
«yaxşılışdırılmış liberalizm», «yaxşılaşdırılmış sosializm», «yaxşılaşdırılmış
postmodernizm» kimi təsirindən danışırlar. Amma feminizm nəzəriyyəsinin kişilərin
dominant olduğu nəzəriyyələrə əks təsirindən söz açılmır.
Korneliya Klinqer «Liberalizm-Marksizm-Postmodernizm» də postmodernizm və
feminizm arasında 3 əsas uyğunluğa diqqət yetirir:
l) Həm postmodernizm, həm də feminizm postmetafizika ənənələrinə, məhz
posthegel subyektiv-tənqidi təfəkkürə aiddirlər. Buna görə də onlar universal subyekti
tənqiddə üst-üstə düşür. Hər iki yanaşmaya görə, bu subyektin partikulyar əlamətləri,
vətəndaş, avropalı, ağ irq adamıdır. Bunlar da cins, sinif, irq, mədəniyyət və tarix kimi
parametrlərlə konkretləşdirilir. Postmodernizm və feminizm baxımından bu, subyektiv
varlığın və təbiətin hansısa universal quruluşunda meydana çıxıb və ilkin essensial
deyil, spesifik sosial münasibətlərin məhsulu və konstruktudur. Postmodernist və
feminist nəzəriyyələrin antiuniversalizmi və antiessensializmi sıx bağlıdır.
2) Subyektin essensiallığı və universallığı sadəcə həqiqətin nəzəri, epistemoloji
təhrifi deyil, həm də onların bunda maraqlı olmalarının ifadəsidir. Həm postmodernizm,
həm də feminizmin hakimiyyət və hakimiyyətsizliyin mexanizmlərinin anlaşılmasında
rolu olub.
3) Nəhayət, postmodernizm və feminizm essensial, universal anlayışlara
əsaslanan nəzəriyyələrdə maarifçilik irsinə əsaslanaraq tənqid edir.
Feminizm və postmodernizm hakimiyyəti onda günahlandırır ki, maarifçilik
proyekti qərarlaşmış hakimiyyət münasibətlərinə qarşı yönəlib və fərdi azad etməyə
çalışır. Onlar mövqe və müxalifətin sadə yerdəyişməsinə binar və dixotomik strukturlar
kimi baxırlar.
Feminizm epistemologiyadan nə tələb edir? Bu sualla feminist fəlsəfədə aşkar
yenilik dərk özünü bəlli edir. Bu sual onu ifadə edir ki, epistemalogiyada feminist
dəyərlər nəzəri olaraq ciddi fəlsəfi tələbləri qabaqlayır. Yetərincə arqument var ki, qeyri-
elmi normalar sosial-siyasi maraqlara olduğu qədər fəlsəfi maraqlara da nüfuz edir. Biz
postmodernizmsiz də bilirik ki, fəlsəfə sosial vakuumda ola bilməz və ənənəvi metafizik
məsələlərdə şübhəli dəyərləri araşdırmaq üçün feminist tədqiqata ehtıyac var.
Mətləb Mahmudov
fəls.c.n.
CİHAB-ın İdarə heyətinin üzvü
İNZİBATÇILIQDA QENDER MÜNASİBƏTLƏRİNİN FEMİNİST TƏHLİLİ
Qərb ölkələrində, xüsusilə ABŞ-da qadınların sosial-siyasi rollarının inkişafı ilə
əlaqədar 70-ci illərin əvvəllərindən S.Fayerstoun, C.Mitçell, T.Q.Etkinson, C.Qrir və
başqaları tərəfindən geniş tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar, mahiyyət etibarı ilə
fəlsəfi-ideoloji (azad insan, azad vətəndaş və s.), siyasi (demokratiyanın təntənəsi, aktiv
seçici və s.) və provakasiya (antikommunizm, antisovetizm və s.) xarakterli idilər. Qeyd
etmək lazımdır ki, bu tədqiqatların bu cür geniş spektrdə aparılmasına səbəb ABŞ-da
feminist hərəkatının güclənməsi də böyük təsir göstərmişdir. Fərdi alim və mütəxəssislər
tərəfindən başlanan bu tədqiqatlar, sonradan peşəkar tədqiqat sahəsinə transformasiya
olunaraq sabit elmi status zirvəsinə kimi yüksəlir. Böyük sürətlə həm sosial-etik, həm də
epistemoloji-metafizik problemləri əhatə edən fəlsəfi feminizm inkişaf etməyə başlayır ki,
bunların da mənbəyində əsasən kişi tədqiqatçılarından ibarət bir qrup dayanırdı. Bunlar
S.Fayerstounla yanaşı N.Hartson, E.Caqqar, V.Held, H.Hortman, D.Qriminad, S.Oukin,
K.Killigen, S.Xordinq və b. olmuşlar. Bu dövrlərdə kişilərin feminist tədqiqatlara
qoşulması, neqativ obraz yaratmış olun radikal feminizmin bu imicinin dəyişməsinə
səbəb oldu.
Qadınlar isə cavablarında bunu qadınların öz hüquqları uğrunda mübarizəyə
qalxmaq üçün təşkilatlanmaları kimi qiymətləndirirlər.
Müasir dövrün ən böyük tendensiyası, insanların öz həyatlarına qiymətli bir
hadisə, bir sərvət kimi yanaşmaları, özü üçün yaşamaq, mənalı ömür sürmək üçün
təminatlı bir şərait uğrunda mübarizə aparmalarıdır. Sovet dövründə bu halı eqoistləşmə
kimi dəyərləndirirdilər. Yəni insanlar fərdiləşir, öz problemlərinə qərq olaraq cəmiyyətin
ümumi problemlərindən özlərini təcrid edirdilər. Lakin müasir dövrdə bir çox
mütəxəssislərin fikrinə əsasən, insanların özünü realizəsi üçün fərdiləşməsi çox nadir
hallarda eqoizmə səbəb olur. Əksər hallarda, bu humanist xarakter alır və ümumbəşəri
bir dəyərə çevrilir. Cəmiyyətdən özünü dərk edərək təcrid edə bilməyən şəxs hökmən
ümumtoplum psixologiyasına çox asanlıqla cəlb olunur və çox asanlıqla müəyyən
ümumtoplum ideoloji dəyərlərini qəbul edərək psixiki manipulyasiyaya məruz qala
bilərlər. Bu da hamin adamın çox asanlıqla istənilən provakasiyalara uyaraq
ekstremizmə yuvarlanmasına səbəb ola bilər. Ancaq, özünü dərk edərək, cəmiyyətdən
təcrid edən şəxs öz əməllərinin nəticəsinə məsuliyyətli olur, adətən ekstremizmə
qurşanmır.
Yuxarıda qeyd olunan halları nəzərə alaraq müasir dövrün bir neçə xüsusiyyətini
təsvir edə bilərik. Bu da qender meyarlarının çox ölçülü olmasını bir daha sübut edir.
İlkin olaraq, nəzərə çatdırmaq lazımdır ki, müasir dövrün iqtisadi və mədəni
spektri çoxlu sayda iş yerlərinin yaradılmasına səbəb olur. Bu iş yerlərinin böyük bir
qismi qadınların fəaliyyət göstərməsinə yararlı olduğu üçün, mütəxəssislərin dili ilə
desək, feministləşir.
Növbəti xüsusiyyət hüquqi normativ və qanunlardan asılı olaraq, hamının imkan,
qabiliyyət müsabiqəsində iştirak etmək hüququna malik olmasıdır. Burada qadınlar
məhdudiyyətsiz olaraq bu proseslərdə iştirak edərək öz qabiliyyət və bacarıqlarına
adekvat bir sənətə və ya vəzifəyə sahib ola bilərlər.