Kommunikasiya və onun formalari. Verbal və qeyri-verbal kommunikasiYA



Yüklə 32,75 Kb.
səhifə3/6
tarix13.03.2023
ölçüsü32,75 Kb.
#102373
1   2   3   4   5   6
Kommunikasiya v onun formalari. Verbal v qeyri-verbal kommunik (1)

Poliloji nitq. Poli”- yunanca çox mənasını ifadə edir. Poliloji nitq dedikdə, ikidən çox adamın söhbəti, danışığı nəzərdə tutulur. Dialoji və poliloji nitqin ümumi xüsusiyyətləri çoxdur. Dialoji nitq kimi poliloji nitqin də diskussiya və müzakirə kimi növləri vardır. Monoloji nitqə nisbətən dialoji və poliloji nitq daha çox yayılmış, gündəlik danışıqda, ailədə, işdə, ictimai yerlərdə, televiziya və radio verilişlərində, teledebatlarda və s. yerlərdə geniş istifadə olunur.
Dialoji və poliloji nitq sosial əhəmiyyət daşıyır. Bu nitqlərdən mübahisəli məsələlərin həllində, nüfuzlu adamların apardıqları danışıqlar zamanı istifadə olunur. Bu cür hallarda danışıq aparan şəxslərdən böyük natiqlik məharəti, nitq mədəniyyəti tələb olunur.
QEYRİ-VERBAL KOMMUNİKASİYA
İnsanlar ünsiyyət prosesində heç də həmişə verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çox vaxt onlar verbal yolla çatdırdıqları məlumatları gücləndirmək və ya öz hisslərini, fikir və arzularını, əhval-ruhiyyələrini bildirmək üçün verbal (sözlü) nitqlə yanaşı, qeyri-verbal vasitələrdən də istifadə edirlər. Qeyri–verbal kommunikasiya vasitələrinə mimikanı, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülüşü və s. aid etmək olar. Qeyri-verbal vasitələrə paralinqvistik vasitələr də deyilir.
Kommunikasiya prosesində xüsusi rol oynayan qeyri-verbal ünsiyyət vasitələri ilə tanış olaq:
Mimika. Danışanın üz əzələlərinin mənalı hərəkətinə mimika deyilir. Mimika – üz hərəkətləri vasitəsilə (göz, qaş, alın, ağız, dodaqla) verilən mesajlardır. Mimika, üz hərəkətləri insan hisslərinin başlıca göstəricisidir. Alimlər mimikanın bir çox növünün olduğunu qeyd edirlər. Məs: sevinc, xoşbəxtlik, təəccüb, qorxu, hirs, nifrət və s.
Mimika deyilmiş sözü daha ifadəli edir. Məsələn:
yuxarı qalxmış qaşlar, geniş açılmış gözlər, yarıaçılmış ağız- təəccübü;
çatılmış qaşlar, qırışdırılmış alın, qıyılmış gözlər, qapanmış dodaqlar, sıxılmış dişlər qəzəbi;
gözlərin parlaması, dodaqların kənarlarının qalxması, üzdə təbəssümün yaranması- sevinci, xoşbəxtliyi bildirir.
Üzün ən ifadəli əlaməti gözlərdə əks olunur. Belə bir məsəl var, “gözlər qəlbin aynasıdır”. Doğrudan da, bəzən insanın bir baxışı min sözü əvəz edir. Gözlər ünsiyyətə girməyə şərait yaradır. Danışan baxışı ilə səmimiyyətini, öz mövqeyinə əmin olduğunu, inamını göstərir, həmsöhbətinin ürəyinə sanki körpü salır. Həmsöhbətimizin bizə qarşı münasibətini, səmimiliyini, söhbəti dinləyib-dinləmədiyini də onun gözlərinə baxaraq anlamaq mümkündür. Ümumiyyətlə, göz təması, baxış natiqlik sənətində danışan və dinləyən arasında əsas anlaşma vasitəsi olub, uğurlu nitqin başlanğıcı hesab olunur.
Mimikalar həmişə vahid şəkildə, eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, yaponlar söhbət edərkən bir-birinin gözünün içinə baxmazlar, bu, mədəniyyətsizlik hesab olunur. Bizdə isə ünsiyyət zamanı həmsöhbətlər bir-birinin gözlərinin içinə baxırlar. Əgər həmsöhbət gözünü yayındırır, yaxud yerə baxırsa, bu qarşı tərəfdə ona inamsızlıq yaradır.
Tərəf müqabili ilə söhbət edən hər kəs həmsöhbətinin mimikasını “anlamağı” və “oxumağı” bacarmalıdır. Eyni zamanda bilməlidir ki, özü mimikalarını idarə etməyi nə qədər bacarır və onlar nə qədər ifadəlidir. Bu baxımdan üzdəki mimikaların ifadəli olması üçün güzgü qarşısında bəzən məşq də etmək lazım gəlir. Bunun üçün müxtəlif emosionallıqda olan ifadələri (gülməli, şən, kədərli, faciəli və s.) tələffüz etmək lazımdır. Bu zaman mimikanın emosiyaya uyğun olub-olmadığı müəyyənləşdirilir. Təcrübəli natiqlər və aktyorlar bu üsuldan məharətlə istifadə edirlər.

Yüklə 32,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə