1
KƏNDİMİZDƏ BİR GÖZƏL VAR...
NOVELLALAR ROMANI
Sevimli qızım Leylaya ithaf edirəm.
P R O L O Q
Adı Leyladır onun. Həyatı bəxtəvərliklə, qəlbi istəklərlə doludur.
Dodaqlarındakı gülüşlə, gözlərindəki sevinc əkiz yaranmışdır. Ömründən keçən on
səkkiz ildə ata-ana həmişə bu yeganə qızcığazın nazını çəkmiş, üstündə əsmiş, onu
ehtiyacın üzünü görməyə, xiffətin nə olduğunu bilməyə qoymamışdır.
Baharda açılan qönçə kimi növrəstə bir xilqətin xoşbəxtliyi üçün bunlar
kifayət deyildimi? Bəs bu axşam ürəyini anlaşılmaz, çılğın hisslərlə döyündürən,
ona gah asudəlik, gah da narahatlıq verən məstedici sevgi haradan gəldi? Leylanı
necə tapdı?!
O, universitetdə oxuduğu gündən Göydəniz adlı bir oğlana vurulmuşdu.
Məhəbbətin hökmü qarşısında aciz qalan qız, bu gözəgörünməz, oğrun hissi
boğmağa, öldürməyə çalışsa da, bacarmırdı, iqtidarı çatmırdı. Həmişə Göydənizlə
qarşılaşmağa, səsini dinləməyə zəruri bir ehtiyac duyurdu.
Neçə vaxt idi ki, Leyla, özlüyündə dönə-dönə götür-qoy eləsə də, bir
məsələni anlaya bilmirdi. Anlaya bilmirdi ki, universitetdə yüzlərlə başqa oğlan
olduğu halda, o, nə üçün məhz Göydənizi düşünür, onun xəyalı ilə yaşayır, onun
adını əzizləyirdi.
Əgər bu məhəbbət deyildisə, bəs nə idi?
İnsafsız oğlan isə hər dəfə Leyla ilə üz-üzə gələndə, ancaq salamlaşmaqla
kifayətlənir və bununla da borcunu bitmiş hesab edirdi. Tez-tez təkrarlanan bu
ötəri, ani görüşlərdə o, ağlını çaşdırıb, özünü itirsə də, Göydəniz heç nə itirmirdi.
Lakin dünən gözlənilməz bir təsadüf qızı yenidən sarsıtdı, köksündəki məhəbbət
qığılcımlarını alovlandırdı, şölələndirdi... Leyla çox intizarında olduğu xoş
dəqiqələrin vüsalına çatdı; Göydənizlə ilk görüşə getdi.
Onlar səhərdən axşamadək yorulmadan şəhərin küçələrini ayaqdan salıb
gəzdilər, danışdılar, dərdləşdilər. Leyla heç nə görmədi. Elə gözlərini Göydənizə
zilləyib ona baxdı, ona baxdı...
Bəli, o görüşdən sonra qız birdən-birə sanki qanad açdı, fərəhdən ayaqları
yerdən üzüldü, pərvazlandı, göyərçin təki səmalara uçdu...
downloaded from KitabYurdu.org
2
Qəribə, məsud anlar başlandı Leylanın həyatında. Sən demə, indiyəcən o,
ağlıkəsməz bir uşaq imiş, gəncliyin şövqünü, yaşamağın mənasını bütünlüklə
duymurmuş.
Həmişə hər şeyi çəkinmədən evdə valideynlərinə danışan Leyla, bu sirrini
əsla deyə bilmədi. Ürəyində özünə təzəcə yuva qurmuş məhəbbət, kibrit qutusuna
salınmış kəpənək kimi bütün gecəni çırpındı, ona əziyyət qarışıq ləzzət də verdi.
Qız gözlərini yumdu − Göydənizi gördü, gözlərini açdı − Göydənizi gördü.
Dodaqları hey onun adını pıçıldadı.
Səhər, hələ günəş pəncərəsindən salama gəlməmiş Leyla yerindən qalxıb əl-
üzünü yudu, saçalrını daradı, tualet stolunun qarşısına keçdi. Çərçivəsi oymalı
bədənnüma aynada iki Leyla bir-birinə baxdı. Ağ geyimdə olan ucaboylu,
nazikbədənli, xurmayı saçlı leylalar; qaşları qaranquş qanadı kimi gərilmiş göy,
aydın gözlü əkiz bacılar. Leylalar utandı, dodaqlarını dişləyib tez-tez kirpik çaldı...
sonra fərəhdənmi, nədənsə əllərini sinəsinin üstünə qoyaraq güldülər...
Qız, bir az da aynaya yaxınlaşıb gözlərinə diqqət yetirəndə, qəfildən
diksinən təki oldu. Beynində qəribə fikirlər cövlan elədi. Sanki yuxudan indi
ayıldı.
− Ana, oyaqsanmı? − deyə bir uşaq sövq-təbiiliyi ilə səsləndi. Əndəruni
otaqdan Günəşin cavabı gəldi:
− Nə var, qızım? Bu gün sənə nə olub, belə tezdən durmusan?
Leyla cəld ara qapını açıb hövlnak içəri atıldı. Əvvəlcə anasını bağrına
basaraq, bərk-bərk öpdü, sonra atasının çarpayısına yan alıb, onun boynuna sarıldı.
Fikrət qızın bu anlaşılmaz hərəkətlərinə mat-məəttəl qaldı.
− Sizdən bir şey soruşacağam, düzgün cavab verməsəniz, ikinizdən də
inciyəcəyəm, − deyə Leyla həyəcanla dil-dil ötməyə başladı. – Anamın gözləri
qara, atamın gözləri qara... bəs mənimkilər niyə göydür?!.
Qızın səsi titrədi. O, bu sualı zarafatlamı, yoxsa ciddimi verirdi – bilmək
çətin idi.
Otağa sükut ələndi. Günəş, boğazında qurğuşun parçası qalmış kimi əzabla
udqundu; qızdan xəlvəti ərinə tərəf dönərək, başının cüzi hərəkəti ilə ona
anlaşılması çox çətin bir işarə vurdu. Lakin danışmadı. Fikrət köksünü ötürdü,
yerinin içində dikəlib mənalı tərzdə Leylaya baxdı və özünü zorla ələ alaraq
gülümsədi.
− Yəqin göy dənizə çox baxmısan, onun üçün gözlərin göydür, − dedi.
Qızı sanki ildırım vurdu. Təlaş içində bir addım dala sıçrayıb, divara
söykəndi. Yanaqlarından başlayan istilik sürətlə bütün bədəninə sirayət etdi; saçları
sifətinə dağıldı:
downloaded from KitabYurdu.org
3
“Aman! Atam məni Göydənizlə bir yerdə görmüşdür?!” – deyə keçən
axşamkı gəzintini xatırladı və daha burada dayana bilməyib, öz otağına qaçdı;
üzüqoylu çarpayıya yıxılaraq ağladı Leyla.
Fikrəti də, Günəşi də fikir götürdü: “Anamın gözləri qara, atamın gözləri
qara... bəs mənimkilər niyə göydür?!. Olmaya on səkkiz il gizli qalan müdhiş bir
sirri indi Leyla kimdənsə öyrənmişdi?..”
Soltanovların sakit ailəsində narahatlıq başlandı.
BİRİNCİ NOVELLA
İllər qanadlıdır, nədir?
Gənclik necə də tez ötüb, keçdi!
Elə bil lap srağagün idi: Fikrət dəniz sahilində xiyaban boyu Günəşlə yanaşı
yeridikcə həyəcan keçirirdi. İlk dəfə qəlbən məhəbbət bəslədiyi bir qıza sirrini
açmaq, ona “sevirəm” demək sizə asanmı gəlir? Bu bircə kəlməni dilə gətirmək
üçün adamdan ikiqat cəsarət tələb olunur. Gəncliyin bundan da qorxulu imtahanı,
bundan da çətin sınaq dəqiqələri varmı?
Hər şeydən xəbərsiz Günəş isə şirin söhbətində idi. Arxada qalan məktəb
illərinin xoş xatirələrindən danışırdı.
Fikrət, qızın gözlərinə baxmaqdan ehtiyat edirmiş kimi, başını aşağı
dikmişdi. Günəşin asfalt səkidə asta-asta, ahənglə addımlayan ayaqlarını gördü.
Dolubiçimli, qəşəng, mərmər ayaqlarını. O, hündürdaban, zərif ağ çəkmə
geymişdi. Corabsız idi. Fikrət, ancaq indi fikir verdi: Günəşin nə balaca ayaqları
vardı!
Zövqlü qızlar saçlarını necə daramağı, hansı parçanın, hansı rəngin özlərinə
yaraşdığını yaxşı bilirlər. Bu gün Günəş də ağ çəkmələrlə ətəkləri qırçınlı qırmızı
paltarı nahaqdan geyməmişdi ki. Girdə ağ sifət, qara qaş-göz, qırmızı paltar, ağ
çəkmə... İnsafən, elə bunlarsız da o, Fikrət üçün gözəl idi. Təkcə təmiz ürəyi,
mülayim xasiyyəti dünyalara dəyərdi!
− Yorulmusunuzsa, əyləşək, − deyə qız, tənha söyüdün çətiri altda qoyulmuş
skamyanı görəndə ayaq saxladı.
Fikrət düşüncədən ayrılıb, dayandı.
− Xətriniz necə istəyir...
O, yaylığını çıxarıb qız üçün skamyanın üstünə sərəndə, yerə əzik, göyümtül
bir kağız düşdü; Günəş əyildi, onu götürüb Fikrətə uzatdı:
− Kino biletidir, deyəsən.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |